Modern.az

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” - LAYİHƏ

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” - LAYİHƏ

26 Sentyabr 2015, 14:06

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir. 

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin təəssüratları təqim edilir. Bakıya kimlər gəlməyib?

Bu dəfə Rusiyanın və SSRİ-nin məşhur kino və teatr aktyoru, teatrşunas, SSRİ xalq artisti, milliyətcə erməni Armen Ciqarxanyanın Bakı səfərlərindən danışacağıq.

Rusiya Federasiyasının ətrafında 15 respublika bir vaxtlar SSRİ adı altında vahid dövlətdə birləşmişdilər. SSRİ sakinləri, eyni zamanda aktyorlar, müğənnilər, müxtəlif sənət adamları bu respublikalara rəsmi səfərlərə, qastrollara gedir və ya istirahətə yollanırdılar. Sovet ideologiyası elə qurulmuşdu ki, ölkələrin qarşılıqlı inteqrasiyası, mədəni əlaqələri önə çəkilirdi.

Həmin vaxtlarda İrəvan teatr xadimləri də Bakıya gəlib-gedirdilər. Belə qastrollardan birində bu günün məşhur aktyoru Armen Ciqarxanyan da Bakıya gəlmişdi. Söhbət 60-70-ci illərdən gedir. Hələ o axtlar Azərbaycan-Ermənistan davası yox idi və xalqlar bir-birinin ölkəsinə maneəsiz keçə bilirdilər.

Armen Ciqarxanyan İrəvan Milli Dram Teatrı və İrəvan Rus Dram Teatrının tərkibində Bakıda dəfələrlə qastrol səfərində olub.

Armen Ciqarxanyan 1935-ci il oktyabrın 3-də İrəvanda anadan olub, əslən Tiflis ermənilərindəndir. Məktəb illərindən teatr və kino ilə maraqlanan Armen sonralar Moskvaya gedərək Rusiya Teatr İncəsənəti Universitetinə daxil olmaq istəyib, amma onun bu cəhdi uğursuz olub. Yenidən İrəvana qayıdıb və “Ermənifilm” kinostudiyasında operatorun köməkçisi vəzifəsinə işə düzəlib. O ilk dəfə səhnəyə 1955-ci ildə çıxıb,  K.S.Stanislavskova adına Rus Dram Teatrında V.M.Qusyevin “İvan Rıbakov” pyesi əsasında hazırlanan tamaşada oynayıb. İlk dəfə isə kino aktyoru kimi 1960-cı ildə “Çöküş” filmində çəkilib.

1996-cı ildə Armen Ciqarxanyanın rəhbərliyi altında Moskva Dram Teatrı açılıb və teatr qısa zamanda Moskavda tamaşaçı auditoriyası toplayıb.
Fəaliyyəti boyunca A.Ciqarxanyan kinoda 327 rola çəkilib, elə o qədər də teatr səhnələrində oynayıb. Oynadığı rolların çoxluğuna görə Armen Ciqarxanyan Ginnesin Rekordlar Kitabına düşüb.

Aktyor uzun illər Tatyana Vlasova ilə evli olub. Amma hazırda o, 33 yaşlı Vitalinoy Tsimbalyuk-Romanovskiy ilə evlidir. Armen sonuncu sevgilisi ilə uzun illər eşq yaşasa da, 2015-ci ildə 72 yaşlı arvadından boşanıb, sevgilisi ilə əlaqələrini rəsmiləşdirib.

Erməni aktyor dəfələrlə Azərbaycana qastrollara gəlib. Bunu hər dəfə Azərbaycan haqqında danışarkən o, özü də vurğulayıb. Müsahibələrin birində bu haqda belə deyib: “Böyük məmnuniyyətlə Bakıya yenidən gedərdim. Mən teatrla Bakıya gedərdim. Bakıda çox olmuşam. İrəvan Rus Teatrı ilə qastrollara gedirdik. Bakını sevirəm. Bundan əlavə, Bakı yüksək teatr mədəniyyəti olan böyük Avropa paytaxtıdır. Bu kompliment deyil, həqiqətən belədir”.

Erməni aktyorun o zamanlar Azərbaycana teatr truppasının tərkibində səfəri coşqu ilə qarşılanırmış. Hər halda o zaman gələcəkdə olacaqlardan xəbərsiz azərbaycanlılar aktyorun şəxsiyyətindən çox, onun oyunana heyranlıqla baxırdılar. Bunu rejissor Əbdül Mahmudov da təsdiqləyir.



“Azərbaycanın müstəqilliyindən sonra olan hadisələr ermənilərə qarşı bizim fikirlərimizi döndərdi. O zamanlar mən Armeni yaxşı tanıyırdım və görüşlərimiz olurdu. Əgər sonrakı hadisələrdə onların belə edəcəyini bilsəydim Armenin yaxasından tutardım.
O zamanlar tamamilə başqa mühit var idi, Azərbaycan-erməni münasibətləri pis deyildi, respublikaların mədəniyyət işçiləri bir-birlərinin ölkələrinə gedib-gəlirdi. Armen Ciqarxanyan da Moskvada Komsomolskiy Teatrın aparıcı aktyorlarından biri idi və o teatrın tərkibində Bakıya qastrol səfərinə gəlmişdi. O dövr teatr, kino mühitində azərbaycanlılar da daxil olmaqla Armen Ciqarxanyana böyük maraq var idi”.

Erməni aktyorun Azərbaycana digərlərilə müqayisədə o qədər də çox gəlmədiyini vurğulayan Ə.Mahmudov onun növbəti səfərinin kino çəkilişi ilə əlaqədar olduğunu deyib.

“Növbəti dəfə Azərbaycana o, kino çəkilişi ilə bağlı gəlmişdi. Yadımdan çıxıb hansısa filmdə çəkilirdi və biz onunla “İnturist” otelində rastlaşdıq. Moskavadan gələn qonaqlarla birlikdə oturmuşdu, salamlaşdıq onunla. Onda onlara konyak və meyvə göndərmişdik, onlar da bizim yanımıza gəlib təşəkkür etmiş və köhnə xatirələri xatırlamışdıq. Moskavada oxuyarkən Armenlə “Kino evi”ndə çox rastlaşırdıq. Bura teatr, kino xadimləri, peşəkarlar, təzə başlayanlar gəlirdi, səhərə qədər söhbət edirdik, Armenlə də bir qafqazlı kimi görüşürdük”.

Əbdül Mahmudov onun Azərbaycan-erməni davası zamanı iki müshaibəsini də xatırlatmağı unutmur.

“Erməni ermənidir, necə deyərlər ilanın ağına da lənət, qarasına da. Amma müharibə zamanı onun onun iki müsahibəsi yadımdadır. “Pravda” və “Sovetskiy kultra” qəzetlərinə müsahibəsində deyirdi ki, iki yazıq millət qalıb ortada, onların başında siyasi oyunlar oynayırlar. Müsahibəsində “mən Azərbaycan, erməni xalqına səslənirəm ki, qonşu xalqlarsınız, bir-birinizi qırmayın” deyə çağırış edirdi. Obyektiv müsahibə idi”.

Oktyabrın 3-də 80 yaşını qeyd edəcək erməni aktyor elə sonrakı dövrlərdə də Azərbaycan mediasına verdiyi müsahibələrdə Bakı səfərlərini xatırladıb.

“... Mən İrəvanda Erməni Rus Teatrında işləyəndə böyük qastrol səfərlərimiz Naxçıvana, Dağlıq Qarabağa olurdu. Hər il ora gedirdik....
...Mənim doğma şəhərim İrəvana Rus Dram Teatrı və Opera və Balet Teatrının aktyorları, müğənniləri qastrol səfərlərə gəlirdi. Eyni zamanda Bakıya erməni müğənniləri, aktyorları gedirdi.  İsti, gözəl, möhtəşəm Bakıya səfərlərimi çox yaxşı xatırlayıram”.

Armen Ciqarxanyan həmin dövrlər əlaqədə olduğu azərbaycanlı mədəniyyət işçilərini də xatırlayır.

“Bir vaxtlar dahi Azərbaycan rəssamı Tahir Salahovla, dramaturq və rejissor Rüstəm İbrahimbəyovla yaxşı əlaqələrimiz olub. Eyni zamanda mən rejissor Əjdər İbrahimovun bir neçə filmində çəkilmişən. Bu, möhtəşəm insanların hər biri ilı tanışlığı yüksək qiymətləndirirəm”.

Müharibənin əvvəlində olduğu kimi, sonrakı dövrlərdə də verdiyi müsahibələrində o öz dəyişməz mövqeyini qoruyub.
“Mənə çox qəribə gəlir ki, biz bu problemlə məşğuluq. Azərbaycanla Ermənistanın ən böyük problemi “Neftçı” – “Ararat” oyunu olub.  Teatrla Bakıya qastrol səfərlərimizi heç vaxt unuda bilmərəm. Çünki Bakıya səfərimiz bizim üçün böyük bayram olurdu. Bu gün dəvət eləsələr, Bakıya yenə də gedərəm. Eyni ilə Zeynəb Xanlarova İrəvana qastrola gələndə bayram olurdu. Bunları necə unutmaq olar?! Bizim həmin vaxtlara ehtiyacımız var. Kimlərsə bizim aramazı vurdu. Kimlərəsə bizim belə münasibətdə olmağımız sərf edir. Allahdan hər zaman dua etmişəm və edirəm ki, Azərbaycan - Ermənistan konflikti yenidən başlanmasın. Biz hər zaman dost olmuşuq. Bir yerdə yaşamışıq. Düşmənçilik bizə yaraşmır. Bu gün yenə dostluğumuzu bərpa etməliyik”.

Aytən ZƏHRA

****

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
//modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
//modern.az/articles/84688/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu