Modern.az

Türkiyənin iki yolu var: ya böyük güc olduğunu nümayiş etdirməli, ya da...

Türkiyənin iki yolu var: ya böyük güc olduğunu nümayiş etdirməli, ya da...

15 Oktyabr 2009, 20:44

M

illi Məclisin deputatı, ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev Modern.az-ın suallarına cavab verir

- Azay müəllim, artıq Türkiyə ilə Ermənistan arasında razılaşma protokolu imzalanıb. Buna baxmayaraq, baş nazir Ərdoğan Qarabağ münaqişəsi nizama salınmayana qədər protokolun Türkiyənin Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunmayacağını bildirib. Sizin bu məsələ barədə fikirləriniz necədir? - İndiyədək Türkiyə tərəfi Azərbaycana çox ciddi vədlər verdi. Hətta Ermənistan - Türkiyə yaxınlaşmasına aid protokolların imzalanması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel olaraq həyata keçiriləcəyi bildirilirdi. Lakin bildiyiniz kimi bu olmadı, protokollar imzalandı. Soyuqqanlı şəkildə, iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini bir kənara qoyaraq bu məsəlyə konkret  cavab versək, deyə bilərik ki, Türkiyə hələki Azərbaycana yalnız söz verməklə kifayətlənir, Ermənistana isə konkret addımlar atır. Türkiyə ilə Ermənistan arasında keçirilən futbol matçı zamanı baş verənlər isə  bu baxımdan  da bir sıra məsələlərə aydınlıq gətirdi.  Türkiyə tərəfi Ermənistan prezidentinə çox aşırı şəkildə dostluq və qonaqpərvərlik nümayiş etdirdi. Sarkisyanın şərəfinə xüsusi ziyafətlər ifrat dərəcədə təşkil edildi. Düzdü, Türkiyə Sarkisyanı müəyyən protokol çərçivəsində qarşılayıb yola salmalı idi. Lakin bu  qədər sıcaq münasibətə ehtiyac yox  idi. Sanki əli Azərbaycan türklərinin qanına bulaşmış Sarkisyanın ən yaxın dost kimi qarşılanması çoxdan arzulanan bir hadisə idi. Bundan başqa Bursada bizim bayrağımıza hörmətsizlik edilməsi indiyə kimi görünməmiş bir rəzalət oldu. Təəssüf ki, bütün bunların qardaş bir ölkədə baş  verməsi bizi çox üzür və  Qarabağla bağlı verilən bəyanatlara kölgə salır. - Bayraq məsələsi ilə baglı ciddi qarşıdurmalar oldu. - Futbol oyunu zamanı ciddi bir bayraq krizi yaşandı. Daha sonra FİFA-nın Azərbaycan bayrağının stadiona aparılmasını qadağa edən qərar çıxardığı bildirildi. Qənaətimcə, bu məsələ şübhə doğurur. Çünki bir neçə gün öncə Bursa şəhərinin valisi Azərbaycan bayrağının stadiona aparılmasını qadağan etmişdi. Lakin sonradan ciddi təzyiqə məruz qalan Bursa valisi fikrini dəyişərək bayraqların stadiona buraxılmasına icazə verdiyini bildirdi. Ancaq oyuna bir neçə saat qalmış FİFA-nın bununla bağlı qərarını açıqlaması sanki, əvvəlcədən razılaşdırılmış bir ssenari idi. Sadəcə, bu məsələ FİFA-nın əli ilə rəsmiləşdirildi. Bu, sadəcə qardaş ölkənin bayrağımıza hörmətsizliyi kimi, eyni zamanda bir siyasi məsələ kimi qiymətləndirilməlidr. Bayraq bizim dövlət rəmzimizdir, Azərbaycanın kimliyidir. Bu nədir? Türkiyənin bizə, kimliyimizə münasibətidirmi? Bunu teleffüz etmək belə istəməzdim. Birdə ki,  FİFA-nın hansısa ölkənin bayrağının stadiona gətirilməsinə qadağa qoyması təcrübəsi yoxdur. Azərbaycan - Rusiya oyununda Türkiya bayrağı dalğalanırdı, biz isə bundan qürur duyurduq. Zənnimcə, bayrağımıza qarşı bu davranış bizimçün mənəvi bir məsələ oldu. Nəyə görə, FİFA qondarma rejim olan Dağlıq Qarabağın bayrağının İrəvanda keçirilən oyunda dalğalanmasına şərait yaratdı? Heç Türkiyə rəsmiləri də buna reaksiya göstərmədi, etiraz etmədi. Hesab edirəm ki, Türkiyə hökuməti Azərbaycan bayrağına qarşı belə hörmətsizlik etməməli idi. - Türkiyə mətbuatının bu məsələ barədə mövqeyini necə şərh edərdiniz? - Bir məqamı deyəcəm, Türkiyənin dövlət kanalı olan TRT 2-də dünən Bakı vaxtı ilə saat 22.00 radələrində bir debat keçirilirdi. Bu debata dəvət olunmuş professorlardan biri Azərbaycana qarşı açıq-aşkar hörmətsizlik etdi, hətta böhtanlardan belə çəkinmədi. O, dedi ki, Dağlıq Qarabağ ərazisi Azərbaycana məxsus olmayıb. Onun fikrincə, 1921-ci ildə Stalin bu torpaqları Ermənistandan alıb Azərbaycana verib. Bu tamamilə yalandır və gerçək tarixin saxtalaşdırılmasıdır.  Professorun qənaətincə, o zaman Qarabağda yaşayanların 75, hazırda isə 99 faizi ermənilərdir. O, ermənilərin xalqımıza qarşı nə bir işğal faktına, nə bir etnik təmizləmə siyasətinə, nə də bir genosid siyasətinə toxundu. Onun dediyindən belə anlaşıldı ki,  Qarabağ özəl bir ərazidir və guya Azərbaycan ora müstəqillik hüququ vermədiyi üçün problem həll olunmamış qalır. Bu cür təbliğatla  Azərbaycanın qeyri-konstruktiv mövqe tutduğunu, Dağlıq Qarabağın işğal olunmadığını göstərmək istəyirlər. Dövlət televiziyasından bunun nümayiş etdirilməsi də düşündürücü və çox üzücüdür. Bəlkə də bu, qorxunc bir ssenarinin tərkib hissəsidir. Olar bilər ki, bu yolla həm  Türkiyə, həm də dünya mətbuatının yanlış istiqamətə yönləndirilməsi məqsədi güdülür və sınır qapılarının açılmasına ictimai rəy hazırlanılır . Bü hadisələrin bir-birinin ardınca baş verməsi gələcəkdə bizi çətin sınaqların gözləyəcəyinə işarə edir. - Türkiyə cəmiyyətinin bu məsələdə fəaliyyətinə necə baxırsınız? - Öncədən Türkiyə xalqına öz minnətdarlığımı bildirirəm. Çünki onlar hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadılar. Bunu əmələrilə sübut edirlər. İnanmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla Türkiyə arasında imzalanmış protokollar ratifikasiya edilməyəcək. Türk milləti və dövləti Azərbaycanı yarı yolda buraxmayacaq və bizləri üzəcək bir addım atmayacaq. Çünki, bunun əksi olarsa bu təkcə Türkiyə- Azərbaycan qardaşlığına deyil, bütün türk dünyasına  çox böyük bir zərbə olar. Tarix və millət  isə bunu heç zaman əfv etməz. - Bundan sonra mümkün ssenari necə ola  bilər? - Türkiyənin iki yolu var: ya böyük güc olduğunu nümayiş etdirərək, Azərbaycanın yanında olması ilə bağlı siyasətini davam etdirəcək, yəni torpaqlarımız işğaldan azad olunana kimi düşmən dövlətlə hər-hansı bir əlaqə qurmayacaq. Ya da Türkiyə böyük  güclərin əlində alət olaraq Dağlık Qarabağ konflikti həll olunmadan Ermənistanla imzalanmış protokolu təsdiqləyəcək və bununla tarixi bir xətaya imza atacaq. Ancaq birinci yol türk dövlətinə yaraşan bir şərəfli yoldur. İnanıram ki, Türkiyə məhz elə birinci yolu seçərək, qardaşlarını və öz maraqlarını ayaqlar altına atmayacaq. Bundan başqa o da bir həqiqətdir ki, əgər Dağlıq Qarabağ problemi olmasaydı, Türkiyəyə qarşı ermənilərin uydurduğu genosid və əsassız torpaq iddiası məsələsi protokollarda yer almayınca Ermənistan bu protokola imza atmayacaqdı. Deməli, bu gün Ermənistan Türkiyə ilə  bir bazarlıq edir. Yəni protokollarda Türkiyə Dağlıq Qarabağdan danışmır, Ermənistan isə öz növbəsində genosid  və ərazi iddiasına toxunmur. Bu baxımdan inanırıq ki, Türkiyə öz ermənilərlə dostluq münasibətlərini azərbaycan qardaşlarının  faciələri üzərində qurmayacaqdır. Onsuzda bir çox qüvvələr  iki ölkə arasında münasibətlərin  pozulmasına çalışır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə ictimaiyyəti iki ölkə arasında münasibətlərin pozulmasına imkan verməməlidir. - Türkiyə Böyük Millət Məclisindən nə gözləyirsiniz? - Protokolun heç nə olmamış kimi təsiq olunması asan məsələ deyil. Biz türkiyəli həmkarlarımızla ciddi şəkildə birgə iş aparmalıyıq. Bu məsələdə bir çox AKP üzvləri də Azərbaycanın tərəfindədir. Məsələyə aparıcı müxalifətin mövqeyi birmənalıdır. Bu protokolun təsdiqlənməsi asan məsələ olmayacaq. Eyni zamanda Türkiyə əhalisi də buna kəskin etirazını bildirməlidir. Etiraz həm də böyük dövlətlərə, protokolun imzalanması zamanı masanın arxasında duran ABŞ, Fransa, Rusiya, AB və digərlərinə  qarşı yönəlməlidir. Çünki bu dövlətlər Ermənistanın  işğalçılıq siyasətinə son qoyulması prosesinə ciddi və səmimi dəstək vermək əvəzinə, işğalçıya  yeni nəfəs vermək məqsədilə Türkiyəni belə bir oyuna sövq edirlər. Protokolun qəbul edilməsində Türkiyəyə təziyiq edən ölkələr, eyni zamanda Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməlidir. Ona görə də bu ölkələr bilməlidir ki, Azərbaycanı kənarda qoyaraq hər hansı bir layihənin həyata keçirilməsini qardaş ölkənin ictimaiyyəti qəbul etməyəcək.  Əgər iki toplum bunu rədd edəcəksə, istər-istəməz Ermənistanla Türkiyə arasında razılaşma iflasa uğrayacaq. Türkiyə rəsmiləri  ictimaiyyətin rəyinin əleyhinə addım atması inandırıcı deyil. - Azay müəllim, Ermənistanın eyni zamanda Türkiyəyə qarşı da ərazi iddiası var. Bu protokolun imzalanmasından sonra Ermənistan qanunlarında müəyyən dəyişikliklər etməlidrmi? - Ermənistan Türkiyəyə qarşı ərazi iddiasını öz konstitusiyalarında qeyd ediblər. Hətta Ermənistan Futbol Fedarasiyasının rəmzi məhz Ağrı dağının rəmzidir. Türkiyə Ermənistan oyununda bu rəmzi müvəqqəti olaraq çıxartdılar, lakin matç başa çatdıqdan sonra onu yenidən bərpa etdilər. Məhz bu, erməni siyasətinn siyasəti və iç üzüdür. Ona görə Ermənistana inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Ermənistanın ağası Rusiyadır. Ermənistan Rusiya ilə ABŞ, eləcə də Fransa arasında bir vasitədir. Təəssüf ki, bu vasitədən hər zaman mənfi rolda istifadə edilıb. Ermənistan regionda hər zaman şeytan rolunda çıxış edib. Bu üzdən Türkiyə aldanmamalı və məsələni açıq şəkildə qoymalıdır. Təəssüf ki, hazırda Türkiyənin aldanmaq ehtimalı güclənməkdədir. Güman etmirəm ki, türk siyasətşiləri  bunu görmür. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Kimsə protokolun  qüvvəyə minəcəyi təqdirdə Türkiyə ilə Avropa Birliyi arasında münasibətlərin düzələcəyini fikirləşirsə, yanılır. Çünki Kipr məsələsində Türkiyə bir neçə dəfə buna bənzər protokolları imzalayaraq müəyyən güzəştlər etdi, amma Avropa Birliyinə üzvlük məsələsində onların heç bir nəticəsi olmadı. Bütün bunlar yaxın tarixin nəticələridir.

Aqil LƏTIFOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir