Modern.az

Türkiyə siyasətini çalxalayan şəxs - O, kimdir: Merkel, yoxsa cin? - MÜƏMMA

Türkiyə siyasətini çalxalayan şəxs - O, kimdir: Merkel, yoxsa cin? - MÜƏMMA

Aktual

28 Sentyabr 2015, 16:19

Mürəkkəb konfiqurasiyalı proseslər, sərhədsiz fantaziyaların məhsulu olan və iplərin kimin əlində olduğu bilinməyən ağrılı siyasi gedişatlar müxtəlif ideoloji çalarlarla silahlanmış Türkiyə cəmiyyəti üçün artıq təəccüblü sayılmır. Sürətlə siyasiləşən və siyasətdə baş verən hər şeyə reaksiya verən Türkiyə xalqının hər bir nümayəndəsi demək olar ki, potensial ideoloji bazanı təcəssüm etdirən obrazdır.

Solçu, sağçı, millətçi, ümmətçi, radikal-ekstremist dini kəsim, terroru dəstəkləyən bir qrup vətəndaş və s. Qəribədir deyilmi? Çünki böyük dövlətçilik və müstəqillik tarixi olan Türkiyə əhalisi hələ də vahid ideoloji çətir altında nəinki birləşməyib, hətta bu fərqliliklər bəzən qan tökülməsinə qədər gətirib çıxarır.

Cəmiyyətin siyasi palitrasındakı rəngarəngliyin qəribəliyi içərisində sanki bir ekzotiklik, ecazkarlıq da var. Bəli, nəticə ortadadır: Türkiyədə siyasi baxışlarda ideoloji vakuum yoxdur, bu isə alternativ fikirlərin inkişafı, tərəqqi üçün açılan yeni cığırlar deməkdir. Təbii ki, söhbət əsasən normal məntiqə, rasional ağıla və terror, ayrı-seçkiliyə söykənməyən siyasi fikir axınlarından gedir. Türkiyə rəhbərliyi isə zaman-zaman cəmiyyətin kaprizli və müxtəlif anlarda döyünən siyasi nəbzini tutmağa çalışır, bununla da xalqı idarə edir.

Halbuki, elə ölkənin siyasi elitasında da müxtəlif ideoloji fərqlər mövcuddur. Bəlkə də bu fərqlərə görədir ki, hökumətdəki bəzi dairələrin terrorçuları, dindarları (əsasən, Fətullah Gülənin lideri olduğu nurçu camaatı) himayə etdiyi iddia olunur. Siyasi fiqurlar, partiya liderləri, dövlət rəhbərliyi zaman-zaman öz dilləri ilə açıq şəkildə tezis ortaya atırlar. Bu, həm də onların siyasi portretlərini ortaya qoyur.

Bununla paralel, onlar müasir dövrün texnoloji yeniliklərindən, sosial şəbəkələrdən istifadə edərək öz adları ilə mesajlarını çatdırırlar. Ancaq hər ölkədə olduğu kimi, Türkiyədə də saxta adlarla Twitter, Facebook hesabı açıb, rəqiblərə qarşı istifadə edilir.

Onlardan biri isə Türkiyə siyasi həyatını çalxalayır, yəni monitorun arxasında oturan bu qəhrəman Türkiyə siyasi atmosferində burulğanlar yaradır, ortaya sensasion iddialar qoyur...

Şok məlumatlarla siyasətin çarxını döndərən adam

Onun klaviaturasından çıxan hər bir informasiya böyük əks-səda yaradır, hətta hökumət səviyyəsində onun kimliyi barəsində aydın təsəvvürlər verilmir. Söhbət Twitter-də Fuat Avni adı ilə qeydiyyatdan keçən və şok məlumatlarla çıxış edən şəxsdən gedir.

Türkiyədə 2013-cü ilin dekabr ayında ABŞ-da yaşayan nurçu camaatın lideri Fətullah Gülənə məxsus paralel hökumətin həyata keçirdiyi böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra Rəcəb Tayyib Ərdoğanın ( o zaman baş nazir idi) keçmiş müttəfiqi ilə mübarizəsi düşmənçilik müstəvisinə sürükləndi.

Bu məsələdə Ərdoğanın Güləni ittiham etməsi, daha sonra ikincinin dini leksikonla etdiyi qarğışlar suları bir az bulandırdı.

Belə bir gərgin məqamda, 2014-cü ilin fevral ayında Fuat Avni adlı Twitter fenomeninin atdığı “tvitlər” diqqətdən yayına bilməzdi. Bəs bu yazılar niyə belə həssaslıqla qarşılanırdı?

Versiyalara görə, Fuat Avni kod adlı şəxs hakim Ədalət və İnkişaf Partiyasının (AKP) içərisində olan və hökumətdəki proseslərə bələd biridir.

Məhz buna görə də, onun hər yazdığı maraqla qarşılanır, ölkə siyasətində bomba effekti yaradır.

Ərdoğan əsəbiləşir



Məlumatlara görə, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Twitter-də meydan oxuyan Fuat Avni kod adlı insanın kim olduğunu müəyyənləşdirib. Bildirilib ki, Fuat Avni Almaniyada yaşayan türk jurnalist Emre Usludur. Lakin Emre Uslu sonradan bu iddianın kökündən yanlış olduğunu sübut edən dəlillər ortaya qoyandan sonra “Avni” faktoru daha da düyünləndi.

Hələ üstəlik, Fuat Avni yenə də klaviaturası ilə dövləti, cəmiyyəti şoka salan, ictimai rəydə çaşqınlıq yaradan “tvitlər”lə gündəmə gəldi.

Bu ilin fevral ayında Fuat Avninin Cümuhriyyət Xalq Partiyası (CHP) ilə təmasa keçərək  prezident Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğana qarşı necə sui-qəsd hazırlanacağının detalları barədə apardığı yazışmalar mətbuatın əlinə keçdi.

Məlumatlara görə, Fuat Avni Fətullah Gülənin Süməyya Ərdoğanın ölüm əmrini verdiyini bildirirdi.

Lakin AKP-yə yaxın media orqanları bunu dövlət içərisində paralel hökumət qurmaqdan təqsirləndirilən Fətullah Gülən şəbəkəsinin ortaya atdığını vurğulayırdı.

Guya, əsas hədəf Rəcəb Tayyib Ərdoğanın dövlətə nəzarətini zəiflətmək məqsədi daşıyır.

Bir müddət sonra Ərdoğan çıxışlarının birində Fuat Avniyə səslənərək “dəliqanlısan, çıx ortaya” deməklə hiddətini gizlətmədi.

Bəs Twitter qəhrəmanına və bəzilərinin qəlbinin dərinliklərində az qala kino obrazına çevrilən Fuat Avni kimdir?

Bu yerdə fikirlər haçalanır, çeşidli mülahizələrə yol açılır, mühakimələrin yaratdığı paradoksal məqamlar siyasi üfüqlərdə bərq vurur.

Hətta bundan əvvəlki hökumətdə baş nazirin müavini vəzifəsində çalışan və Fətullah Gülənə simpatiyası ilə seçilən Bülənt Arınç jurnalistlərə açıqlamasında Fuat Avnini peyğəmbərlərin obrazları ilə belə müqayisə edib: “Onun kim olduğunu bilmirəm. Bilsəm, onun cəzasını verib-verməyəcəyimi də bilmirəm. Adam sanki övliyadır... Xızır peyğəmbərdir, yoxsa İlyas peyğəmbər, bilinmir. Allah eşqinə, bunu məşhur etməyək. Kimdirsə kimdir...”.

Təəcüblü görünsə də, Fuat Avninin məhz Bülənt Arınç olduğu versiyasını ağlabatan sayanlar az deyil.

Çünki,  AKP mətbəxini dərindən bilən Bülənt Arınç Ərdoğanın daxili siyasətini sərt tənqid edənlərdən biridir, üstəgəl, Gülən camaatına olan simpatiyasını da gizlətmir. Məhz bu səbəbdən onun məxfi-virtual şəraitdə işə keçərək, hökumət daxilindəki intriqaları, problemli məsələləri qabartdığı iddia edilə bilər.

Lakin bu, sadəcə varinatlardan biridir.

Bəzi iddialarda göstərilir ki, Fuat Avni Türkiyənin ana müxalifəti CHP-dir. CHP-nin Fətullah Gülənlə və onun tabeliyində olan paralel yapılanma ilə əlaqədə olması fikirlərinin meydana çıxmasından sonra bu iddia ortaya atılıb.

Bununla yanaşı, Fuat Avninin Türkiyənin 11-ci prezidenti Abdullah Gül, ya da onun arvadı Hayrunnisa Gül olduğu da yayılan məlumatlar arasındadır.

Siyahıda digər adlar da çəkilir. Məsələn, Fuat Avninin Fətullah Gülən olduğu da söylənilir. Hətta iş o yerə çatıb ki, sosial şəbəkə ilə fırtına yaradanın baş nazir Əhməd Davudoğlu, ya da prezident Ərdoğan özü olması haqqında da söhbətlər gəzməkdədir.

Ya bəlkə də Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidana məxsus haker qrupları ölkə ictimaiyyətinin nəbzini tutmaq üçün dəqiqliyi şübhə doğuran informasiyalar yayırlar?! Kim bilir!

Türkiyə daxilində bir şey tapa bilməyənlər isə az qala kəşfiyyat-informasiya mənbəyi rolunu oynayan Fuat Avni fiqurunu xaricdə axtarırlar.

Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkillərindən olan Lütfü Türkan nə qədər əcaib səslənsə də, Fuat Avninin Almaniya kansleri Angela Merkel olduğunu bildirib.



Bəlkə də, Fuat Avni bunların heç biri deyil, sadə bir vətəndaşdır.

O, özünün hökumətdə yüksək vəzifəli müşavir olmasına işarə edən ifadələr də işlədir. Bu, hədəf yayındırmaq kimi görünsə də, həqiqətən də müşavirlərin xüsusi iclaslarından qısa məlumatlar verməsi ağıllarda dumanlı təsəvvürlər yaradır.

Fuat Avni düyününün açılmaması mifik təxəyyülü də canlandırır. Yəqin elə buna görədir ki, onun cin, ya da şeytan olması qənaətində olanlar da az da olsa tapılır...

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!