Modern.az

Bərbərxananı emalatxanaya çevirən sumqayıtlı rəssam: “Bizim insanlar incəsənət ruhlu deyillər” - REPORTAJ

Bərbərxananı emalatxanaya çevirən sumqayıtlı rəssam: “Bizim insanlar incəsənət ruhlu deyillər” - REPORTAJ

29 Sentyabr 2015, 14:24

Çoxumuzun hər gün yanından ötüb keçdiyi bu balaca məkan Şənər Cəbrayılovun “çörək ocağı”, iş yeridir. Bu balaca emalatxana “Nizami” metrostansiyasından azca aralıda - “Cəfər Cabbarlı 33” ünvanında yerləşir. 

46 yaşlı, hündürboy, ağbəniz, olduqca mülayim görkəmli və sakit təbiətli bu insan əli fırçaya öyrəşdiyi ilk gündən bu yana rəssamlıqla məşğuldur. Uşaqlıqdan rəsmə böyük marağı olan Şənər Cəbrayılov müxtəlif dərnəklərə üzv olaraq öz qabiliyyətini inkişaf elətdirib. Əzim Əzimzadə adına rəsm məktəbini bitirdikdən sonra, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alıb. Həmin fakültəni də uğurla bitirdikdən sonra uzun illər sevdiyi peşəsi ilə “ömür-gün yoldaşı” olub.



Artıq  4 ilə yaxındır ki, bu emalatxanada fəaliyyət göstərir. Əvvəllər bu  məkan dediyinə görə, bərbərxana olub. Sonradan əməli saleh qohumlardan birinin köməyi ilə buranı emalatxanaya döndərən Şənər müəllim bu kiçik məkanda öz böyük dünyasını qurub. Özünün dediyinə görə, məkan üçün icarə haqqı vermir. Əks halda, burada gəlib işləyə bilməzdi. Onu da qeyd etmək lazımdır ki, Şənər Cəbrayılov Sumqayıt şəhərində yaşayır. Hər gün mütamadi  olaraq Sumqayıt şəhərindən Bakıya “çörəkpulu” qazanmağa  gəlir.

Bu bilgilərimizi sizlərə onun haqqında ilkin təsəvvür yaratmaq üçün bölüşdük. İndi isə gəlin, Şənər Cəbrayılovun sehrli dünyası ilə daha yaxından tanış olaq.  

-Necə oldu rəssamlığa həvəsiniz yarandı və belə istedadınızın olduğunun fərqinə vardınız?
 
-Məndən böyük qardaşım Hünər rəsmə gedirdi. Mən də ona baxıb həvəslənmişdim. Tədricən rəsmi sevməyə başladım. O da rəssamlıqla məşğuldur hazırda.

- Neçə müddətdir bu emalatxanada fəaliyyət göstərirsiniz? Necə oldu ki, belə bir yer tutub rəsmlərin satışını təşkil etmək qərarına gəldiniz?

 -3-4 ildir burada fəaliyyət göstərirəm. Əvvəllər burada ancaq rəsm tabloları satırdım, tədricən maraq olduğunu gördükdə rəsm dərsləri də deməyə başladım. Artıq bura həm emalataxana, həm kurs kimi fəaliyyət göstərir.

Rəssamın ümumiyyətlə, ayrıca işləməyi üçün emalatxanaya ehtiyacı olur. Düşündüm ki, həm də yoldan ötənlər gələr baxar, satış da olar, gəlir əldə edərəm.


-Kurs barədə məlumat verərdiniz..

 - Əsasən 18-20 yaş aralığında gənclər müraciət edir. Aralarında bu sahə üzrə oxuyan da var, həvəskar kimi  məşğul olmaq istəyənlər də. Kurs həftədə 1 dəfə tədris olunanda 50 manat ödəniş verilir, iki dəfə isə 80 manatdır.

-Aya neçə tələbəniz olur?

 -Ay ərzində ortalama 6 tələbəm olur. Amma 10 tələbəm olduğu aylar da olub. Daha çox həvəskar rəssamlar müraciət edir. 10 yaşdan yuxarı tələbələrə müəllimlik edirəm. Yağlı boya, sulu boya, karandaşla çəkməyi öyrənirlər.

-Bəs sizin müəlliminiz kim olub?

-Müəllimim dayım olub. Universitetdə də müəllimlərim olub, amma ilk müəllimim dayım olub.

-Neçə övladınız var? Onların arasında da bu sahəyə marağı olan varmı?

- 2 oğlum, 1 qızım var. Kiçik oğlumun rəssamlığa həvəsi var. Böyüdükcə necə olacaq, bilmirəm.

-Ümumiyyətlə övladlarınızın sizin sahəni davam etdirməsinə razısınızmı?
 
-İstəsələr, mane olmaram.

- Deyirlər ki, rəssamlıqda gəlir az olur. Bunu  adətən, incəsənətin digər sahələrinə də aid edirlər. Bununla bağlı fikriniz nədir? Sirr deyilsə, gəliriniz nə qədərdir?

- O satışa baxır. Elə tablo var ki, qiyməti 50 manatdır, eləsi var ki, 200 manat. Eyni zamanda tələbələri də hazırlaşdırıram. Hər ay onlardan da gəlir gəlir.



-200 manata tablonu alan olur?

-Baxır alıcıya. Pulu olan alıcı alır. Burda ümumiyyətlə çox işlərimi satmıram. Çəkirəm, verirəm rəsm satışı ilə məşğul olan yerlərə. İndinin özündə də var rəsmlərim qalereyada. Bir də gördünüz burdakı rəsmlərdən hanısa satılmayanda aparıb verirəm hansısa qalereyaya. Emalatxanadır bura. Sadəcə satış da var.

-Məcburiyyətdənmi  gəlib burda oturursunuz,  yoxsa peşənizi həqiqətən sevdiyiniz üçün hər gün Sumqayıtdan Bakıya ayaq döyürsünüz?

- Mənə emalatxana onsuz da lazım idi. Bura da əvvəllər bərbərxana olub. Bir qohum var, o verib ki, gəlib işləyim. İcarə haqqı vermirəm. Bura pullu yer olsaydı, heç mən gəlib burda işləyə bilməzdim bəlkə də. Həm ordan bura gəl, həm icarə haqqı ver... Çatdırmaq olmazdı.



-Bəs 3 ildən qabaq,  bura açılmazdan əvvəl nə işlə məşğul idiniz?

-Elə rəssamlıqla məşğul idim. Amma evdə çəkirdim, satırdım. Elə olurdu 1000 manata sifariş götürürdürm.

-Rəsm sizin üçün nə ifadə edir?

 - Şair yazar, rəssam da çəkər...

-İşinizi sevirsiniz?

-Bəli sevirəm. Satılanda lap çox sevirəm. (gülür)



-Nə vaxtsa şəxsi
sərginiz olubmu heç ?

 -Ayrıca sərgim olmayıb, amma qardaşım Hünər Cəbrayılovla  birgə sərgi təşkil etmişik. Hardasa 90-cı illərin ikinci yarısında, Sumqayıt şəhərində, Tarix muzeyində baş tutub.

-Nə maneə olub ki şəxsi sərginizi təşkil edə bilməmisiniz?

-  İşlərimi yığıb saxlamamışam. Gərək əsərlərini yığıb, saxlayasan axı..

-Ən çox sevdiyiniz rəsm əsəriniz varmı?

- Var, amma burda deyil. Az olur ki, elə çox bəyənim. Gərək bəyəndiyin işləri saxlayasan. Mən birini saxlamışam evdə. Əzim Əzimzadədə oxuduğum vaxtlarda  çəkdiklərim də  var idi,  indi də qalır,  evimdədir.

- Əsərlərinizin mövzusu nədir? Ən çox nə çəkirsiniz?

-Ən çox təbiətin rəsmini çəkirəm. Gülləri, çiçəkləri... Təbiəti sevirəm.

-Ən çox hansı təbiətin hansı fəslini çəkməyi sevirsiniz? Hansı rəng fırçanızla tez-tez yoldaşlıq edir?

-Mən bütün fəsilləri sevirəm. Amma rəssam üçün ən gözəl fəsil payızdır fikrimcə. Ən sevdiyim rəng də sarı rəngdir. Çünki sarı günəşdir, payızdır...



-Deyəsən indi çəkdiyiniz də payız rəsmidir. Sifarişlə çəkirsiniz, ya öz  arzunuzla?

-Yox özüm üçün çəkirəm bunu.

-Nə zamana tamamlamağı düşünürsünüz?

-Tamamlamaq  işin gedişindən asılıdır. Elə rəsm olub ki, işləyib yarımçıq atıram. Bir də 3 aydan sonra tamamlayıram. Baxır da indi..

-Portret də çəkirsiniz deyəsən..Tez-tez olur, gəlib qarşınızda əyləşərək öz portretini çəkdirmək arzusunda olanlar?

-Portret çəkirəm, amma açığı bir o qədər də xoşlamıram. Əsasən, təbiəti, gülləri çəkməyi sevirəm.
Olub bəli, naturadan. Düzdü, çəkilən üçün bir az çətindir. Vaxt lazımdır. 2 saata hardasa çəkib qurtarıram.



- Sizcə, rəssam sifarişlə işləməlidir, ya sərbəst olmalıdır?

- Baxır da.. Elə məqamlar var ki, məcburiyyətdən çəkməlisən. (gülür)

-Bir rəsm sifarişində nə qədər xərciniz çıxır? Nə qədər madiyyət tələb olunur- boyası, kağızı, fırçaları..

- 20-30 manat xərc. Baxır boyanın keyfiyyətinə, kağıza..

-Sumqayıtdan durub gəlməyinizə dəyirmi?

-Hər halda evdə oturmaqdansa, gəlib burda işləmək daha sərfəlidir də, fikrimcə.

-Heç nə vaxtsa gəliriniz olmayanda və ya az olanda  düşünmüsünüz ki, başını buraxım bu işin  gedim başqa işlə məğul olum?

-Fikirləşmişəm, elə də olub. Amma başqa iş də bacarmıram axı. Ümumiyyətlə, incəsənət adamı belədir ki, artıq bir dəfə bu işə baş qoydusa, başqa iş görə bilmir. Həm də burda sərbəstsən, heç kəsin əlinin altında işləmirsən. Öz işin, öz başın.



-Ümumiyyətlə, belə bir bacarığınız olmasaydı, nə ilə məşğul olardınız?

- Dəqiq deyə bilmərəm, amma mən çox yaxşı oxuyurdum. Və inanıram ki,  başqa sahədə də yaxşı olardım. Riyaziyyatı yaxşı oxuyurdum məsələn, riyaziyyatçı ola bilərdim..

-Şənər müəllim, inanırsınız ki, rəsmlik istedadı ancaq gendən gəlməlidir, yəni sonradan  bu bacarığı qazanmaq mümkün deyil?

-Ola bilər, niyə olmur ki... Hər halda  rəssamlıq da incəsənətin bir qoludur. Ən azından gendə incəsənətə maraq, məşğul olan olubsa, sonradan rəssamlıq biliklərinə yiyələnmək də mümkündür məncə.

-Tez-tez olurmi ki, yoldan keçənlərdən  içəri dünyanıza pənah gətirələr? İçəri daxil olub, daha çox maraq üçün baxırlar, ya almaq məqsədilə?

-Daxil olanlar var. Düzdür elə də tez-tez girib  baxmırlar. Amma maraqlananlar olur. Hər adam da içəri girmir axı. İncəsənətə maraqlı insanlar daha çox girib nəyəsə baxırlar. Alıcı da ki, təbii ki, azdır.



-Ümumiyyətlə, insanlarımızın rəsmə, incəsənətə maraq səviyyəsi sizi qane edirmi? İncəsənət ruhludurmu bizim insanlar?

-Yox. Bizim insanlar ümumiyyətlə rəsmə, incəsənətə bir o qədər də meylli olmurlar. Bizim cəmiyyətimizdə incəsənətə maraq azdır. Bəkə düşünürəm öz milli sənət sahəmiz deyil, bəlkə pulsuz sahədir ona görə. (gülür)

-Ölkəmizdə rəssamlara göstərilən qayğı  sizcə, hansı səviyyədədir?
 
-Hamıya necedirsə, bizə də elədir. (gülür)

Sovet dövründə belə idi ki, rəssamlara fərdi iş üçün emalatxana tikib verirdilər. İndi də olsa, pis olmazdı. Hər halda bu dövlətin imkanından asılıdır. Amma belə bir qərar, tikib rəssamların ixtiyarına burxamaq var idi, səhv etmirəmsə. Bu faktı dəqiq demirəm,mən də  rəssamlardan eşitmişəm.

Eyni zamanda Sovet dövründə həm də müəyyən tələblər var idi, rəssam o tələblərlə işləməli idi. Kəndliləri, zəhmetkeşləri çəkməli idin. Hətta  gedib pambıqçıları, zavodları çəkirdik. Amma  indi nə istəsən çəkə bilərsən.

-Ümumiyyətlə, ölkədə rəssamlığın daha da inkişaf etməsi üçün nələri arzu edərdiniz?

-Çətin sualdır nə deyim vallah... Sərgilər daha çox olsun.



-Bəs gənc nəsildən bu sahəyə marağı olan, rəssamlığa gəlmək istəyənlərə nələr arzulayırsınız, nələr məsləhət görürsünüz?

-Öz üzərilərində çox işləsinlər.Etüdlər eləsinlər. Madiyyata fikir verməsinlər çox. Gördüyü işi sevərək etsinlər. Əgər gəliri düşünürlərsə, gərək ümumiyyətlə gəlməsinlər. Gəlir olmaya da bilər. Təkcə rəssamlıqda yox, istənilən sahədə bu halla rastlaşmaq mümkündür.

-Şənər müəllim, insanlar adətən əsəblərini sakitləşdirmək üçün rəsm çəkərlər.Bəs siz rəssamlar  çəkdiyiniz rəsmdə nəsə düz olmayanda, əsəbiləşəndə nə edirsiniz? Necə sakitləşdirisiniz özünüzü?

Rəsmin digər üzünü çevirirəm. Rəsmə baxmıram, bir dənə də siqarət çəkirəm, dincəlirəm. Vəssalam...

Leyla Əfqan
Nəzrin Cavid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub