Modern.az

Rəbiyyət Aslanova deputatlığa namizəd rəqibini böhtançılıqda suçladı ®

Rəbiyyət Aslanova deputatlığa namizəd rəqibini böhtançılıqda suçladı  ®

27 Oktyabr 2010, 16:35

Deputatlığa namizəd: «Azərbaycanda mili qarşıdurma yaratmaq istəyənlər erməni dəyirmanına su tökməklə məşğuldurlar»

«Mən fəxr edirəm ki, Azərbaycanın etnik-milli baxımdan zirvəsi sayılan bu bölgəsini, azərbaycançılığın məkanı sayılan Balakəni uzun illərdir ali qanunverici orqanda təmsil edirəm. Eyni zamanda mənim üçün fərəhli haldır ki, Dördüncü çağırış parlament seçkilərində də hakim partiyanın vahid namizədi kimi bu dairədən namizədliyim irəli sürülüb. Mən bütün beynəlxalq qurumlarda, o cümlədən ATƏT-in Parlament Assambleyasında hər zaman fəxrlə  bildirmişəm ki, təmsil olunduğum bölgə unikal bölgədir, onun tayı-bərabəri yoxdur. Çünki yuxarıda qeyd etdiyim kimi, bu bölgədə 27 millətin nümayəndəsi uzun illərdir birgə yaşayır, Azərbaycan xalqının və dövlətinin mənafeyi uğrunda birlikdə, əzmlə mübarizə aparırlar. İndiyənə qədər burada yaşayan insanlar biri-birindən sən avarsanmı, sən ləzgisənmi, sən azərbaycanlısanmı, sən saxursanmı və s. deyə soruşmayıblar. Biz vahid, tamıq. Bunun da kökündə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bizə sərvət, miras qalan azərbaycançılıq ideyası dayanır».

Bu fikirləri oktyabrın 27-də 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova Balakən rayonunun Talalar kəndinin seçiciləri ilə görüşündə dilə gətirib. Deputatlığa namizədin sözlərinə görə, Azərbaycan 22 ildən bu yana Ermənistanın təcavüzünə məruz qalıb, torpaqlarımız işğal olunub, insanlarımız öz yurd-yuvalarından qaçqın-köçün salınıb, minlərcə insanımız torpaqlarımızın azadlığı uğrunda şəhid olub, yaralanıb, əlil düşüblər:
«Bunlar azmış kimi xalqımız, dövlətimiz həm də bu illər ərzində ermənilərin və onların havadarlarının informasiya savaşı təxribatı ilə üz-üzə qalıb. Azəbaycana qarşı hər zaman qəddar, düşmən mövqeyi ilə seçilən erməni kütləvi informasiya vasitələrindən biri də panorama.am saytıdır. Bu saytda hər zaman ölkəmiz haqqında olmazın böhtanlar, təhqirlər, əksini tapır. Yadınızdadırsa, milli qəhrəmanımız, şəhid Mübariz İbrahimovun meyitinin erməni cinayətkarları tərəfindən çox pis hala salınması bu saytla yayımlanmışdı. Çox təəssüflər olsun ki, bugünlərdə bu saytda Azərbaycanda milli qarşıdurma yaratmağa cəhd göstərən daha bir yazı işıq üzü görüb. Yenə çox təəssüflər olsun ki, Azərbaycan əleyhinə yönəlmiş bu yazıdakı məlumatlar buradan,

Balakəndən deputatlığa namizədlərdən biri - Məhəmməd Nooyev tərəfindən ötürülüb. Orada göstərilir ki, guya, bu bölgədə əhalinin böyük əksəriyyətini dağıstandillilər təşkil etsə də, həmişə azsaylı Azərbaycan türklərini təmsil edən namizədlər qeydə alınır və parlamentə deputat seçilir. Eyni zamanda iddia olunur ki, deputatlığa namizədlərdən biri olan R.Aslanova milliyətcə formal avardır. Onun atası avar olsa da özü Kəlbəcər rayonunda anadan olub. Mən bu gün bir daha bu tribunadan istifadə edərək bildirmək istəyirəm ki, milliyyətcə avaram, eyni zamanda, çuxovlar nəslinin nümayəndəsiyəm və onların bir çoxu Azərbaycanda vaxtilə rəhbər vəzifələrdə işləyiblər. Mənim atam da çuxovlar nəslinin nümayəndəsi kimi vaxtilə Kəlbəcər rayonunda hərbi komissar vəzfəsində işləyib. Və mən də həmin vaxt Kəlbəcərdə anadan olmuşam. Bununla da qürur hissi keçirirəm. Məgər atanın qanını daşımaq həmin millətin nümayəndəsi olmaq demək deyilmi? Atanın qanını daşıyıb başqa millətin nümayəndəsi ola bilərsənmi? Çox təəssüflər olsun ki, Ermənistan mətbuatı və ermənilər tərəfindən ciddi-cəhdlə müdafiə olunan Məhəmməd Nooyev kimi insanlar Azərbaycanda milli zəmində qarşıdurma yaratmaq istəyirlər. Ancaq həmin adamlar bilsinlər ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanda indiyə qədər heç zaman milli-etnik, eyni zamanda dini zəmində qarşıdurma olmayıb və bundan sonra da olmayacaq. Bu yaxınlarda mənə Macarıstandan, hazırda orada həbsdə olan vətənpərvər övladımız Ramil Səfərov zəng etmişdi. O mənə bildirdi ki, Rəbiyyət xanım mənim adımdan seçicilərinizə deyin ki, sizə səs versinlər. Siz, çox qiymətli insansınız, Azərbaycan xalqı və dövləti üçün çox böyük işlər görmüsünüz, onun dünyada tanınması üçün əlinizdən gələni əsirgəməmisiniz. Ona görə Balakən seçiciləri sizə səs versinlər. Mən isə dedim ki, Ramil,  Allah qoysa həbsdən azad olub gələrsən, bu sözləri özün seçicilərə deyərsən. Demək istəyirəm ki, fəaliyyətim boyu hər zaman Azərbaycanın, azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda çalışmışam. Xalqıma, dövlətimə təmənnasız xidmət etmişəm. Özünüz də yaxşı bilirsiniz ki, şəhid Mübariz  İbrahimovun nəşinin qaytarılması üçün Azərbaycan dövləti hansı addımları atır, bizim bu işdə nə qədər əziyyət çəkdiyimizi, hansı ağrılar, acılar yaşadığımızı bir Allah bilir. Biz bu məsələni təmsil olnuduğumuz beynəlxalq qurumlarda da dilə gətirmişik və tələb etmişik ki, onlar da öz növbəsində Mübariz İbrahimovun nəşinin Azərbaycana qaytarılmasına köməklik etsinlər. İndi bütün bunlardan sonra Məhəmməd Nooyev kimi adamların Ermənistan mətbuatında ciddi-cəhdlə müdafiə olunması, onun kimilərin düşmən ölkəyə Azərbaycan əleyhinə yönələn təxribat xarakterli məlumatlar ötürməsi, bir sözlə, Azərbaycanda milli etnik zəmində qarşıdurma yaratmaq cəhdləri yolverilməzdir. Nəinki yolverilməzdir, bu cür cəhdlərə səy göstərənləri heç cür bağışlamaq olmaz. Mənim fəaliyyətim sizin gözünüz qarşısındadır. Mən heç kəsdən, heç nədən çəkinməmişəm, çəkinmirəm və bundan sonra da çəkinməyəcəyəm. Mən söz verməyi də xoşlayan insan deyiləm. Ancaq çalışmışam ki, fəaliyətim boyu xalqıma, dövlətimə, seçicilərimə ləyaqətlə, şərəflə xidmət edim. Nə etmişəmsə də bu mənim borcumdur. Mənim kimdənsə gizlədiləsi heç nəyim yoxdur. Mən bu günə kimi xalqım, dövlətim, seçicilərim üçün nə etmişəmsə çalışacağam ki, bundan sonra da əlimdən gələni xalqım, dövlətim, millətim, seçicilərim üçün əsirgəməyim».

M.Nooyev 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd olan beş şəxsdən biridir. O, bir müddət öncə namizədliyini hakim Yeni Azərbaycan Partiyasının (YAP) icazəsi olmadan irəli sürdüyünə görə, partiya sıralarından xaric olunub.

Seçki qərargahı

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı