Modern.az

Komitə sədri ŞƏRH ETDİ: “Gələn ilin büdcəsi sosialyönümlüdür” - MÜSAHİBƏ

Komitə sədri ŞƏRH ETDİ: “Gələn ilin büdcəsi sosialyönümlüdür” - MÜSAHİBƏ

2 Oktyabr 2015, 11:47

Hadı Rəsəbli: “Büdcəmiz sosial yönümlüdür”


2016-ci ilin dövlət büdcəsinin müzakirələrinə artıq Milli Məclisin komitələrində baxılır. Müzakirələr bitdikdən sonra büdcə parlamentin plenar iclasına çıxarılıb səsə qoyulacaq. Modern.az saytı 2016-cı ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Hadi Rəcəblidən müsahibə götürüb.

- Hadi müəllim, artıq 2016-cı ilin büdcə zərfi əlinizdədir və siz onunla tanış olmusunuz. Büdcə zərfi barədə ilkin fikirlərinizi öyrənmək istərdik.

- Öncə qeyd edim ki, 2016-c il büdcəmizi sosial yönümlü büdcə adlandırardım. Büdcəmizin gəlirlərinin 46.5%-ni qeyri-neft sektoru təşkil edir. Və büdcənin 36, 1 %-i sosial məqsədlərə yönəlib. Sosial məqsədlərə göstəricilər büdcənin azalmasına  nisbətdə faiz olaraq çoxalıb. 2016-cı ilin büdcəsi 2014-cü ilin büdcəsindən 4,9 milyard , yəni 25,1 faiz azdır. Azalmanın birinci əsas səbəbi neftin qiymətləri ilə bağlıdır.

Dünyada neftin qiyməti demək olar ki, 2 dəfə azalıb və biz gələn ilin büdcəsində neftin qiymətini 50 dollardan götürmüşük. İkinci səbəb ondan ibarətdir ki, Azərbaycanın neft istehsalı azalıb. Bununla yanaşı, qeyri-neft sektorunda göstəricilər kifayət qədər artıb. Məsələn, 2014-cü ildə qeyri neft sektorunun gəlirlərinin dövlət büdcəsində payı 34 %  idisə, 2016-cı ildə bu 46,5 % planlaşdırılır.

Növbəti ilin büdcəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların xüsusi çəkisi 2015-ci ilin proqnoz göstəricilərinə görə 11,8 faiz, 2014-cü ilin faktiki göstəricilərinə görə isə 12,5 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 milyard 602 milyon manat planlaşdırılır. Cəmi gəlirlərin 8 milyard 504 milyon manat olması gözlənilir. Neft fondundan da 6 milyard manat transfer nəzərdə tutulub. Əgər 2008-ci ildə Dövlət Neft Fondundan transfert 1 milyard 100 milyon, 2013-cü ildə  11 milyard idisə, gələn ilin büdcəsində bu rəqəm 6 milyard nəzərdə tutulub.

- Gələn ilin büdcəsinin sosial yönümlü olmasını necə izah edə bilərsiniz?

-Maraqlı olan məsələ odur ki, sosial məqsədlərə ayırmalar bütövlükdə bütün bölmələr üzrə azalmayıb. Ünvanlı yardım, sosial ipotekaya ayrılan vəsait azalmır. Sosial yönümlü xərclərin keçən ilin büdcəsi ilə müqayisədə faiz olaraq 8,6, cari ilin proqnoz göstəricilərinə nisbətən isə miqdar olaraq 0,7 % artımı gözlənilir.

Büdcədə 2015-ci illə müqayisədə elm, təhsil, idman, sosial təminat, mədəniyyət tədbirlərinə 2015-ci illə müqayisədə 2,2 faiz artım nəzərdə tutulub.  Qeyd etdiyim kimi, sosial yönümlü xərclər büdcədə 36,1 faiz təşkil edir, 2015 ci ildə isə bu rəqəm 27,6 faiz idi. Bütövlükdə büdcədən sosial xərclər üçün 5 milyard 867 milyon manat nəzərdə tutulub ki, bu da cari ildəkindən 42 milyon manat çoxdur.

Yaşayış minumu təxminən 136 manat götürülüb, 2015 ci ildə bu rəqəm 131 manat idi. Ehtiyac meyarının məbləği isə dəyişməyib. Nəzərə alsaq ki, 2007-ci ildə ehtiyac meyarı 35 manat idisə, 2016-ci ildə bu rəqəm 105 manat nəzərdə tutulub.

Maraqlı məsələlərdən biri odur ki, ölkəmizdə 5 rayon artıq dotasiyasız işləyir. Yəni özü-özünü dolandırır. Bunlar Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan və İmişlidir. Bu rayonların gəlirləri- çıxarı özünü bağlayır. Qalan rayonlar isə dövlətdən həmişə olduğu kimi yenə də dotasiya alır.

Sosial müdafiə xərclərinə ötən il büdcənin 10,5% nəzərdə tutmuşdusa, bu il 11% nəzərdə  tutulub. Keçən il qaçqın və məcburi köçkünlər üçün büdcə tərkibində 1,2 % vəsait nəzərdə tutulubsa, bu il ümumi büdcənin 1,5%-i ayrılıb, bu da 224,4 milyon manat nəzərdə tutulub. Göstəricilərimiz əsasən bunlardır. Bütövlükdə  götürəndə büdcədə vəsait azalıb. Təsəvvür edin büdcədə 24-25 faiz azalma var, amma sosial məqsədlərə vəsait azalmır, demək olar ki, hətta bəzi istiqamətlərdə artıb.

Sosial Müdafiə Fondunun büdcəsinin rəqəmlərində də artım var.  Fondun 2016-cı il büdcəsinin gəlirlərinin 3 milyard 78 milyon 570 min manatı və ya 98 faizini əhaliyə birbaşa ödənişlər təşkil edəcək. Sosial Müdafiə Fondunun  bir hissəsi dövlət büdcəsindən ayırmalar hesabına olur. Gələn il dövlətin  1 milyard 100 milyon manatı büdcədən  Sosial Müdafiə Fonduna  ayrılacaq.

- Sosial siayət komitəsinin sədri kimi büdcəmizi necə qiymətləndirirsiniz?

- Büdcə vəsaitləri  içərisində 36,1 faiz sosial məqsədlərə yönəldiyini dedik. Bu o deməkdir ki, dövlət büdcəsinin ümumi gəlirlərinin azalmağına baxmayaraq bütövlükdə sosial sahəyə diqqət həmişə olduğu kimi yüksəkdir. Hesab edirəm ki, bu Azərbaycan vətəndaşı büdcənin rəqəm azalmasını hiss etməyəcək. Büdcə bütövlükdə həcm olaraq azalacaq, amma Azərbaycan vətəndaşı onu öz çiyinlərində hiss etməyəcək.

Azalmalarla bağlı prezidentimiz İlham Əliyev cənabları bu yaxınlarda keçirdiyi müşavirədə də qeyd etdi ki, vaxtilə körpülər, məktəb binaları və s. iri obyektlər tikilib və investisiya qoyuluşları o məqsədlərə yönəlib.  İndi yeni bir ciddi tikinti və s. bu tipli böyük vəsait tələb edən məsələlər  yoxdur ki, o məqsədlərə yenidən çoxlu vəsait xərcləyək. Ona görə büdcədə bilvasitə qeyri-sosial yönümlü investisiya qoyuluşu məslələrində azalmalar olacaq. Amma Azərbaycan vətəndaşı pensiya, əmək haqqısında, uşaqlarin sağlamliğinda bunu hiss etməyəcək. Biz birmənalı deyirik ki, gələn ilin büdcəsi sosial yönümlüdür.

Büdcə azalmalarını da cənab prezident vurğulamışdı ki, bizdən asılı olan məsələ deyil. Bu dünyada gedən prosesdir, neftin qiymətinin ucuzlaşmasıdır. Neft istehsalının ölkələrdə və əsasən bizdə azalmasıdır. Ölkəmizdə buna rəğmən qeyri-neft sektoru artıb. O tendensiya gələn il də davam edəcək.

Prezidentimiz iki məsələni həmin müşavirədə xüsusi vurğulayıb. Birinci məsələdə o bildirib ki, vəsaitləri qənaetlə xərcləyək. Bütövlükdə o addımlar atılmalıdır ki vəsaiti səmərəli xərcləyək. Bu gün dünyanın əksər ölkələrində belədir. İkincisi isə özəl biznesi, kiçik sahibkarlığı inkişaf etdirmək. Prezidentimiz dedi ki, sosial müdafiəni gücləndirməyin ən vacib qolu kiçik sahibkarlığın inkişaf etdirilməsidir. Kiçik və orta sahibkarlıq inkişaf edərsə, onda deməli sosial müdafiə olar. Bu məqsədlər üçün də ayrımalar nəzərdə tutulub. Kiçik sahibkarlara dəstək lazımdır ki, sosial müdafiə güclənsin.

Bəs, əmək haqlarında artım gözlənilirmi?

- Əmək haqlarının artımı əsasən gözlənilmir. Əmək haqqı fondları təxminən yerində qalmaqdadır, burada azalma yoxdur. Bazarda real gəlirlərin artması, qiymətlərin aşağı düşməsi istiqamətində işlərin aparılması getməsi nəzərdə tutulur. Biz daha çox öz istehsalımız olan malları ortaya qoymalıyıq. Bunun da hesabına bazar qiymətlərini qismən ucuzlaşdıraq.Yəni əmək haqqının artması tendensiyası yox, real gəlirlərin artması tendensiyasını həyata keçirək. Bütövlükdə büdcənin kəmiyyətinin azalması Azərbaycan xalqının rifahında özünü göstərməyəcək. Əhali hiss etməyəcək ki, ölkənin büdcəsi azalıb, əsas məqsəd budur. Ola bilər bəzi sosial sahələrdə yaxşılaşmalar da olsun, bütövlükdə pisləşmə, azalma elementləri yoxdur və olmayacaq.


Aytən Zəhra
Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir