Modern.az

“İkinci Qarabağ müharibəsi hər an başlaya bilər”

“İkinci Qarabağ müharibəsi hər an başlaya bilər”

Aktual

3 Oktyabr 2015, 14:21

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son zaman baş verən insidentlər intensiv xarakter alıb.

Sutka ərzində atəşkəsin mütəmadi olaraq pozulması cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhalinin də həyatını təhlükə altına atıb.

Həmçinin, 2014-cü ilin avqust hadisələrindən sonra hər an müharibə təhlükəsinin olacağı istisna edilmir.   

Bir sözlə, cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. Son iki həftədə Azərbaycan tərəfi 4 şəhid verib. Hətta, vəziyyət o həddə çatıb ki, cəbhədə artilleriya silahlarından istifadə olunur.

Belə ki, Azərbaycan ordusu düşmən təxribatlarına cavab olaraq işğal altındakı Ağdərə rayonunda yerləşdirilən erməni hərbi hissələrini raket-artilleriya zərbələri ilə atəşə tutub.

Bütün bunlar ikinci Qarabağ savaşının başlanmasına gətirib çıxara bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında bunun mümkünlüyünü istisna etməyib.

“İkinci Qarabağ savaşı istənilən an başlaya bilər və bunu heç kəs unutmamalıdır. Çünki torpaqlar işğal altındadır. Danışıqlar prosesində də Azərbaycan sonsuzluğa qədər dözmək fikrində deyil. Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib. Ermənistan tərəfi də bunu çox yaxşı anlayır.

Nə qədər ki, Dağlıq Qarabağ problemi öz həllini tapmayıb istənilən an genişmiqyaslı hərbi əməliyyatların başlanması mümkündür və labüddür. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə edəcək və bu, heç kimə sirr deyil. Azərbaycanın siyasi və hərbi rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ermənistan tərəfi hər vəchlə son vaxtlar təxribatların miqyasını genişləndirir. Əvvəllər avtomat və pulemyotlardan atəş açılırdısa, indi artilleriyadan da atəş açılır”.

Amma hərbi ekspert lap yaxın zamanlarda hansısa genişmiqyaslı əməliyyatların başlanmasını düşünmür.

“Bəlkə də lokal xarakterli, qısamüddətli ola bilər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişinə əsasən, qərar qəbul edəndən sonra artıq Ermənistan çıxılmaz vəziyyətini görüb Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur olacaq. Azərbaycan dövləti isə ya danışıqlar yolu ilə, ya da bu vəziyyəti axıra çatdırmaq üçün digər varianta əl atacaq. Əslində bizə bir-iki gün kifayətdir ki, ərazi bütövlüyümüzü bərpa edək”.

Üzeyir Cəfərov deyir ki, Ermənistanda vəziyyət qarışıb və ölkə rəhbərliyi daxili problemlərdən diqqəti yayındırmağa çalışır:

“Ermənistan prezidenti Sərkisyana Nyu-Yorkda BMT tribunasından haqlı olduğumuz halda bizi günahlandırmaq üçün hay-küy qoparmaq lazım idi. Ermənistanın canfəşanlığını başa düşmək olar. Çünki Ermənistanda gərgin vəziyyət yaranıb. Etiraz aksiyaları başlayıb. Ona görə də diqqəti daxili problemlərdən yayındırıb cəbhə bölgəsinə yönəldiblər. Bunun da xeyri yoxdur. Azərbaycan müstəqil dövlətdir. Bütün dünya dövlətləri bunu çox yaxşı başa düşür. Hətta Ermənistanın havadarları da bunu bilir”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!