Modern.az

Nadir Şah Əfşarin Türk birliyi ideyasi - II Yazı

Nadir Şah Əfşarin Türk birliyi ideyasi - II Yazı

7 Oktyabr 2015, 10:07

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi

Bu gün Nadir şah Əfşarla, onun qurduğu Əfşarlar dövlətiylə bağlı bilmədiyimiz, yaxud da yanlış öyrədilən çox məsələlər var. Onlar arasında ən önəmliləri aşağıdakılardır: 1. Səfəvilərin süqutu və Əfşarlar sülaləsinin qurulması; 2.  Əfşarlar dövlətində dövlət dili və yazısı; 3. Qızılbaşlıq ideologiyasının tənəzzülü fonunda sünni və şiə məzhəbinin aradan qaldırılması ideyası; 4. Nadir şahın Azərbaycan vilayətini qurması, bunun nəticələri; 5. Nadir şahın öldürülməsi və Əfşarların islahatlarının sonrakı aqibəti.

Şübhəsiz, bunların arasında Nadir şahın Səfəvilərin taxtına necə oturması, bunun hansı durumda baş verməsi çox önəmlidir. Əslində Səfəvilərin sonununun gəlməsi Nadir şahın ortaya çıxmasından öncə başlamışdır. Artıq dövlətin Qızılbaşlıq ideologiyası tənəzzülə uğrayırdı ki, bunun fonunda hərbi gücdən də məhrum olan Səfəvilərin son hökmdarı 2-ci Şah Təhmasib faktiki olaraq ölkəni idarə etməkdə çətinlik çəkirdi. Belə bir zamanda İranda, Xorasanda, Azərbaycanda, İraqda ən güclü türk tayfası olan Əfşarlardan Nadirqulu xan ortaya çıxaraq az bir zaman kəsiyində Səfəvilərin bütün torpaqlarında hakimiyyəti bərpa etdi. Amma bu artıq Səfəvi hökmdarı 2. Şah Təhmasibin deyil, Əfşar Nadirqulu xanın adıyla bağlı idi. Özəlliklə, 1732-ci ildə 2. Şah Təhmasibin Osmanlı və çar Rusiyası üzərində uğursuz hərbi əməliyatları Səfəvilərin birmənalı şəkildə sonunu gətirdi. Əslində 1732-ci ildən Səfəvilər taxtına oturan Nadir şah 1736-cı ildə Muğan qurultayında bunu rəsmiləşdirdi.


Əfşarlar dövlətində önəmli vəzifə tutmuş Mirzə Mehdi xan fars dilində Nadir şaha həsr etdiyi əsərində yazır ki, onun taxta çıxması xalqın istəyilə baş vermişdir. Yəni Nadir şah Səfəvilərin taxtına heç də oturmaq istəmirdi. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Mirzə Mehdi xan yazır ki, Nadir şahın Səfəvi taxtında oturmaqdan boyun qaçırması Cəfər xan, Rza xan, Məhəmməd xan və başqa xanların gözü önündə baş vermişdi.  Əfşarların tarixini yazan Mirzə Mehdi xanın fikrincə, Nadir şahın səltənəti Səfəvi nəslinin əlindən zor güc ilə alması barədə yazılanların heç bir əsası yoxdur.

19-cu əsr tarixçisi Mirzə Adıgözəl bəy də “Qarabağnamə”də yazır ki, Nadir şah 1736-cı ildə Muğanda keçirilən qurultayda öncə Səfəvilərin taxtına oturmaqdan imtina etmişdir: “...xaraba qalmış  İran məmləkətini düşmənlərin təcavüzündən xilas etmişəm.  Səfəvi Şah Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının  günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram”. Türk tarixçisi Mir Mehdi Xəzani “Kitabi-Tarixi-Qarabağ” da yazır ki, Nadir şahın bu sözlərindən sonra Qurultay nümayəndələri tək sözlə dedilər: “Çün bizim can və malımızı, namus əyalımızı müxaliflər cəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyud və məhbus və biəmr ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vüzudi-məsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmati-cahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”. Deməli, Nadir şah xalqın istəyilə Əfşarlar dövlətini qurmağa qərar vermişdir.

Bu gün Əfşarların dövründə dövlət dilinin və yazısının farsca və ya türkcə olmasıyla bağlı da fikirlər səslənməkdədir. Şübhəsiz, Əfşarlar türk tayfasından idilər və sarayda türkcə danışırdılar. Hər halda dövləti idarə edən xanlar da tamamilə türk idilər. Belə olduğu təqdirdə dövlətin rəsmi dilinin türkcə olması mübahisəzidir. Eyni zamanda Nadir şahın Osmanlı sultanıyla apardığı yazışmalar da türk dilində olmuşdu. Ancaq dövlətin adından yayılan bəzi buyruqların Türk diliylə yanaşı Fars dilində olması da təbiidir. Çünki Əfşarlar dövlətində say etibarilə Türk millətindən sonra farsdilli tayfalar ikinci yerdə idilər. Bu anlamda Əfşarların dövlət dilinin Türk dili olmasıyla yanaşı, bəzi buyruqlar, ya da əsərlər Fars dilində yazılmışdır.

Bu gün müstəqil Azərbaycanın rus-köləbaşlı tarixçiləri yazırlar: "Mənşəcə azərbaycanlı (türk deməyə cəsarətləri və obyektiv olmaları çatmır) olan Əfşar tayfasının nümayəndəsi Nadir Qulu xan İran dövlətini təmsil etsə də rəsmi ziyafətlərdə Azərbaycan dilində (Türk dili yazmağa yenə de cəsarət etmirlər) danışarmış". Onlar da bunu yazarkən 18 əsr erməni tarixçisi Abram Kretasiyə əsaslanırlar. Kreatsi yazır ki, Nadir şah ermənilərlə Türk dilində (Azərbaycan türkcəsi) danışırmış. Yəni bütün bunlar ona işarədir ki, Əfşarlar dövlətinin əsas dili Türk dili olmuşdur.

Nadir şahın ən önəmli addımlarından biri Qızılbaşlıq ideologiyasının tənəzzülü fonunda sünni və şiə məzhəbinin aradan qaldırılması ideyasıdır. Doğrudur, günümüzdə Nadir şahın bu addımını müxtəlif yöndən dəyərləndirənlər var. Hətta, Nadir şahın bu xidmətini də İranın, buna parelel olaraq da farsların adına yazırlar. Guya, Nadir şah məzhəb davasını aradan qaldırmaqla İranı, farsları düşünmüşdür. Maraqlıdır ki, hətta Səfəvilərin Qızılbaşlıq ideologiyasını da İran, Fars ideologiyası kimi qələmə verirlər. Əlbəttə, “İran” və “Qızılbaşlıq” məsələsi mübahisəlidir. Buna səbəb də hər iki anlayışın farslaşdırılmasıyla bağlıdır. Bu anlayışların farslaşdırılmasında türklərin də suçu az deyildir.

Ancaq ən sadə dildə desək, “İran” və “Qızılbaşlıq” nə qədər farslara aiddirsə, bir o qədər də türklərə xasdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, əgər “İran”da ən azı min il Türk sülalələr (Səlcuqlar, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar) hakim idilərsə “İran”da Türk  İran idi. Bu min il ərzində əsasən, “İran”da Türkün sözü keçerli idi. Artıq burada dövlət dili, rəsmi yazı və s. nə qədər önəmli olursa olsun, yenə də bizlər İranda hakim idik. Bir türk sülaləsi zamanı gələndə digər türk sülaləsinin devirərək iranda hakim olurdu. Artıq türk olmayan digər millətlər, etnoslar bunu təbii bir hal kimi qəbullanmışdılar, ta ki 1925-ci ilə qədər. Hər halda on illərlə aparılan ideologiyanın nəticəsi olaraq 1925-ci ildə Qacarları devirərək Pəhləviləri hakimiyyətət gətirən İngilis-Rus-Yəhidi üçlüyü, bununla da Türk İranının Fars İranının çevrilməsi prosesini əsasən yekunlaşdırdılar. Beləliklə, 1925-ci ildən sonra türklər üçün də “Türk İran” deyil, “Fars İran” anlayışı  şüurlarda yer tapmağa başladı. İran türkləri, özəlliklə Azərbaycan türkləri bundan çıxış yolu kimi “Fars İran”a qarşı, “Türk Azərbaycanı” gördülər. Yəni “Türk İranı” itirməyimizin nəticəsi olaraq təskinliyimizi, daha sonra da xilasımızı “Türk Azərbaycan”da aramağa başladıq. Çünki türk ulusu olaraq özümüzü toparlayaraq yenidən “Fars İranı” “Türk İrana” çevirə biləcək inamımız xeyli dərcədə azalmışdır.

Bu anlamda Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara və onların apardğı islahatlara “Türk İranı” çərçivəsində deyil, “Türk Azərbaycanı” yönündən yanaşırıq. Bu zaman “Türk Azərbaycanı” müdafiə etmək naminə də “Türk İranı”nı asanlıqla “Fars İranı” olaraq görür, “Fars İranı” da “Türk Azərbaycanın”a düşmən kimi qələmə veririk. Halbuki Nadir şah Əfşar, Ağa Məhəmməd çah Qacar üçün Azərbaycan qədər, bəlkə ondan da çox İran önəmli və dəyərli idi. Çünki bu iki dövlət başçısı “Türk İranı”na hökmdarlıq edir, türkün varlığını yalnız Azərbaycanda deyil, bütün İranda (Xorasanda, İraqda, Kərkükdə, Bağdadda, Astarabadda, Mazandaranda, Qaşqayda vəs.) bərqərar edirdilər.

Bu anlamda Nadir şahın məzhəb davasının aradan qaldırılması ideyası, ilk növbədə iki Türk dövlətinin – Osmanlı və İranın ittifaqına söykənirdi. Bizcə, bunu Nəriman Nərimanov “Nadir şah” əsərində Nadir şahın dövrünün tarixçisi Mirzə Mehdi xanın dilindən çox yaxşı ifadə etmişdir: “İki məzhəbin birləşməyi həqiqət gözəl, bir fikirdir. Çünki ədavət bilmərrə aradan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. Mollalara məvacib kəsmk də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və və aşkara millətin, vətənin dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər. O gün (Nadir şah) mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən  ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm... Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. Bəli, fikir etdikcə görürsən insafən ağlllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur”.

Deməli, Nadir şah iki Türk dövlətinin birliyi üçün öncə, məzhəblərarası savaşa son verilməsini, eyni zamanda mollaların dövlət işinə qarışmamasına çox önəm vermişdir. Əslində Nadir şahın Türk birliyi ideyasının gerçəkləşməməsində hər iki tərəfin İngilis-Rus-Yəhudi qüvvələri tərəfindın ələ alınmış din xadimləri mühüm rol oynamışlar. Yoxsa, burada iddia etmək ki, Nadir şah qızılbaşlıq ideologiyasını müdafiə etmişdir, ya da “Fars İrana” xidmət etmişdir, bunlar heş cürə gerçəyi əks etdirmir. Özəlliklə, Nadir şah birmənalı şəkildə öz mahiyyətindən uzaqlaşan “qızılbaşlığı” dəstəkləməmiş, bunun nəticəsi olaraq da məzhəb davalarına son verməyə çalışmış, ən əsası dini dövlətdən uzaqlaşdırmağa qərar vermişdir. Bunu, Nərimanov Nadir şahın dilindən belə yazır: “Bəli...hər bir padşah iki düşməndən xilas deyil: vətən, millət qeyrəti çəkməyən, gününü eyş-işrətdə keçirib milləti daima zülmlərə düçar edən padşah əcəlini millətdən gözləsin... Millətin və dövlətin tərəqqisinə çalışan, bu yolda təzə qanunlar qoyan, vətənini zülmdən xilas etmək istəyən padşah əvvəlinci gülləni öz müqqərib adamlarından gözləsin..”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir