Modern.az

"Arı vuran pətəkdən qorxmaz" - “Bal kimi yarmarka”dan bal kimi REPORTAJ

"Arı vuran pətəkdən qorxmaz" - “Bal kimi yarmarka”dan bal kimi  REPORTAJ

15 Oktyabr 2015, 10:22

Bal qədim zamanlardan ən faydalı və əvəzsiz məhsullardan biri sayılır. Müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Bir çox xəstəliklərin - qan-damar sistemi, mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.

Məhz bu zəngin tərkibinə görə bal əsl "min bir dərdin dərmanı"dır.

Oktyabr ayının 10-dan etibarən  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının Nizami küçəsi 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb. Artıq 5-ci gündür ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışı davam edir.

Modern.az  saytının əməkdaşıBal yarmarkası”nda olaraq reportaj hazırlayıb.

Yarmkarka alıcı ilə dolu idi. Belə desək, adam əlindən tərpənmək mümkün deyildi. Hətta əcnəbi vətəndaşlara da rast gəldik. Alan kim, satan kim, gəlib elə beləcə maraqlanan kim...
Arıçılar  böyük şövqlə piştaxtaya yaxınlaşan alıcılara öz məhsullarını təqdim etməyə çalışırdılar. Təqdim etmək bir yana, mütləq bir qaşıq bal udmağa da məcbur edirdilər..
Burada hər bölgənin balına rast gəlmək mümkündür. İsmayıllı, Quba, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Lerik, Astara, Naxçıvan, Balakən, Şəki, Göygöl... İstədyin cür, çeşidbəçeşid  bal növlərini görə bildik. Cökə, pətək, çiçək, beçə...

Üzərində “İsmayıllı” sözü yazılmış  piştaxtalardan birinə yaxınlaşdıq. Bu piştaxtanın sahibi Mahir Qurbanov söhbət əsnasında satdığı balların qiyməti, keyfiyyəti haqda məlumat verdi.


- İşiniz avand olsun. Satış necə gedir?

-Çox sağ ol, qızım. Yaxşıdır, şükürlər olsun...

- Çoxmu bal satmısınız?
- Şükür, qabımız dolu olubdu, indi boşalıb. Satmışıq.

-Bəs bu üstdəki nədir?

- O da balın üzünün qaymağıdır. Bal çəkiləndə üzünün qaymağını götürürsən, əridirsən belə mum əmələ gəlir.

-Yeməlidir bu?

- Yox, bu, müalicə üçündür. Üzə krem düzəldirlər, yanıqlar üçün dərman düzəldirlər.

-Özünüz hazırlamısınız bunu?

- Bu arının istehsal elədiyi məhsuldur. Arının orqanizmindən mum ifraz olunur. Arı istehsalıdır. Təbii məhsullardır. Biz isə onu günəş vannasında əridirik, bu şəklə salırııq.

-Neçə ildir bu işlə, arıçılıqla məşğulsunuz?

- 35 ildir arıçıyam. Məndən başqa heç kəs bu bazarda bu məhsulu yaxşı istehsal edə bilməz. Hər adam onu bacarmır. “Arıçıyam” deməklə deyil. Gərək arıçılıqda arının da sirlərini, onunla davranmağı biləsən. Yaşlı arıçıyam. İşimdə öyünmək kimi olmasın, peşəkaram.



-Mahir dayı, ailənizdə bu sənətlə sizdən başqa da məşğul olan varmı?

- Oğlumu öyrədirəm. Əgər o da öyrənsə... (gülür)

-Neçə yaşı var ki, oğlunuzun?

- 35 yaşı..

-Sənətinizin yaşı qədər yaşı var oğlunuzun...

- Ay sağ ol, qızım. Çətin işdir. Arı vuranda bəzi adamlar narahat olur. Bizdə əsasən ona görə arıçılığın  inkişafı zəifdir ki, arı vurur deyə qorxurlar və bu işlə məşğul olmaq istəmirlər. Amma onun da özünün sirri var, elə davranarsan ki, arı səni vurmaz.

-Bu piştaxtada hansı qiymət aralığında ballar var?

- Bax burda 50-25 manatlıq ballar var. Məndəki ballar 100 faiz təbiidir. Buna mən şəxsən cavabdehəm. Bu gün təbii balın real qiyməti 25-30 manatdır. 10-15 manata bal yoxdur. İnsanlar özləri özlərini aldadırlar imkansızlıqdan. İmkansızlıqdır deyə gəlib 10 manatlıq bal alırlar. Halbuki, 10 manata təbii bal yüz il qala olmaz. Çünki onun istehsalı həddən artıq çətindir.
İqlim şəaraiti çox pisdir, quraqlıq keçir, arıların məhsul toplaması çətin olur. Bəzən yağış olur, bəzən aylarla quraqlıq olur. Keçən il məsələn bal toplamaq mümkün olmadı.
Çətin peşədir.



-Mahir dayı, tam səmimi deyin, alıcılar özlərini aldadır, ya bal satanlar aldadır onları, ucuz qiymətə bal verirlər?

- Vallah, mən deyə bilmərəm kim kimi aldadır. Bu gün bazarda təbii balın satışı 25-30 manatdır. Mən balı 25-50 manata satıram. Onun istehsalı həddən artıq çətin olduğundan, arı təbii balı topladığı üçün əsl qiyməti odur.

-Məslən bu bal nə vaxt araya-ərsəyə gəlib?

- Bu bal bütün sezon hazırlanıb. Elə hesab elə ki, aprel  ayından başlayıb, bir də avqustun 15-dək.

-15 manatlıq balla, 20 manatlıq bal arasında nə fərq olur?

- Fərqi odur ki, 15 manatlıq qoca arının balı olur, 20 manatlıq bal cavan arının məhsuludur.

- Heç ballarda bölgədən bölgəyə fərq olurmu? Məsələn sizin satdığınız İsmayıllı balı ilə qonşu piştaxtadakı Kəlbəcər balı arasında nə fərq var?

- Fərq olur, mütləq. Çünki o bölgələrin iqlimi də fərqli olur. Müəyyən gül-çiçək var ki, məsələn Kəlbəcərdə yetişir, İsmayıllıda yetişmir və yaxud əksinə.

-Keyfiyyətində fərq olurmu?

- Ümumiyyətlə bir söz deyim, bizdə dağ rayonlarının iqlimi şıltaq olmasa, arıçılıq üçün çox əlverişlidir. Orda dərman bitkiləri həddən ziyadə çoxdur. Arı da əgər dağdadırsa, təbii qidalanması varsa, onun balı qiymətlidir, keyfiyyətlidir. Bir var rayon daxilində arı saxlayasan, bir var dağ yerində. Rayon yerində arıçı deyir, mən arıya heç nə verməmişəm, mənim balım təmizdir. Amma arı idarəolunmaz heyvandır, çıxdı yuvadan, uçdu getdi, ona lazım olan şeyi gedib təbiətdən tapıb gətirir. Əgər təbii bal satdığını deyən arıçı lovğalanırsa, onu yaşayış məntəqəsindən ən azı 10 kilometr  uzaqda saxlamalıdır. Çünki arı məcbur olub təbii təbii bulaq suyu götürməli, təbii gül-çiçəkdən şirə çəkməlidir.



-Yəni dağ balları Aran ballarından daha keyfiyyətli olur deyirsiniz?

- Təbii. Əgər dağ şəraitində arı təbii gül-çiçəkdən şirə çəkirsə, təbi bulaq suyu götürürsə, o bal əsl baldır. Təbii ki, əgər arıçı işində qəlplik eləmirsə... (gülür)

Beləcə, Mahir  dayı ilə bir qədər söhbətdən sonra  xoş təəssüratlarla sağollaşıb ondan ayrıldıq.

Digər piştaxtada Daşkəsən balları satılırdı. Burada da qiymətlər 15, 18, 20, 30, 50  manat arası dəyişirdi. Eləcə də Naxçıvan, Göygöl, Quba, Gədəbəy, Lerik ballarının qiyməti demək olardı ki, eynən bu rəqəmlər arasında enib-qalxırdı.

Yarmarkada azca gəzişdikdən sonra alıcılarla da söhbətləşdik. Onlardan daha çox hansı bölgənin balına önəm verdiklərini, hansı qiymətdə bal aldıqlarını xəbər aldıq. Məlum oldu ki, alıcılar daha çox 15 manatlıq bala üstünlük verirlər. Belə desək, onlar üçün bal baldır. Bölgənin də heç bir fərqi yoxdur. Təki ucuz olsun.

Elə demək olar ki, satıcıların çoxu da daha çox ondan şikayət edirdilər ki, əsl balı alan yoxdur, hamı imkansızlıqdan 15 manatlıq bala qaçır. Alıcılar bildirirdilər ki, “ biz balı 15 manta alırıq. Daha keyfiyyətli olacaq, olmayacaq, satıcıların  öz vicdanına qalıb”.

Astara rayonundan gəlmiş satıcıya yaxınlaşdıq. Onun piştaxtasında baldan hazırlanmış əl işi  marağımızı cəlb elədi. Məlum oldu ki, bu işin müəllifi astaralı Bəhrəm İbrahimov Mədəniyyət və İncəsənt Universitetinin rəssamlıq fakültəsini bitirməsinə rəğmən, 15 ildir arıçılıqla məşğul olur. Söhbət əsnasında rəssamlıqda pul olmadığından arıçılıqla məşğul olduğunu və gördüyü  işindən də zövq aldığını vurğuladı.



Beləcə, biz də bir qədər gəzdikdən sonra xoş təəssüratlarla səs-küylü, adamla qaynaşan yarmarkadan ayrılmaq qərarına gəldik. Bal satanlar isə yarızarafat-yarıgerçək  “əsl bal budur!”, “gəlin, Daşkəsən balının dadına baxın!”, “qalmadı, Quba balından qalmadı!” deyə qışqıraraq satışa davam edirdilər.





















Leyla Əfqan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir