Modern.az

Jalə Əliyeva seçicilərinə növbəti müraciət ünvanlayıb ®

Jalə Əliyeva seçicilərinə növbəti müraciət ünvanlayıb  ®

31 Oktyabr 2010, 23:25

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Jalə Əliyevanın seçicilərlə görüşləri davam edir.

Oktyabrın 31-dək Zərdab rayonunun Əlvənd, Otmanoba, Şahhüseynli, Şəftəhal, Qaravəlli, Çallı, Məlikumudlu, Alıcanlı, Bəyimli, Gödəkqobu, Məmmədqasımlı, Yarməmmədbağı, Gəlmə, Əlibəyli, Salahlı, Allahqulubağı, Hüseynxanlı, Xanməmmədli, Qoruqbağı, Sarıqaya, Pərvanlı, Körpükənd, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Böyük Dəkkə, Yuxarı Seyidlər, Sileyli, Bıçaqçı, Ucar rayonunun Lək, Xələc, Bərgüşad kəndlərinin seçiciləriylə 20-yə yaxın görüş keçirən Jalə Əliyevanın seçki marafonu uğurla davam edir.

Bu görüşlərin hər birində iştirak edən və aralarında bütün təbəqələrdən - ağsaqqalların, gənclərin, qadınların, ziyalıların, sadə kəndlilərin olduğu - yüzlərlə seçici birmənalı olaraq tək seçimlərinin Jalə Əliyeva olduğunu qeyd ediblər. Onlar Jalə Əliyevanı dəstəklədilərini qətiyyətlə bildiriblər.

Jalə Əliyeva seçiciləriylə görüşlərində çox maraqlı texnologiyadan istifadə edib. Belə ki, ötən beş il ərzində Milli Məclisin plenar iclaslarında dilə gətirdiyi və bir-başa seçildiyi dairənin mövcud problemləri, həllini gözləyən məsələlər, seçicilərinin müraciətləri, onların ərizə və şikayətləriylə bağlı olan çıxışlarından bir qismini əhatə edən sənədli lenti nümayış etdirib. Bu lentdə onun eyni zamanda hər birimizi narahat edən bir çox milli-mənəvi məsələlər, o cümlədən hamımız üçün şərəf məsələsi olan Dağlıq Qarabağla bağlı çıxışlarından da bir hissə yer alıb. Yəni hazırki deputat və deputatlığa namizəd, seçiciləriylə rəsmi sənədlərin, tarixi sənədlərin dili ilə danışıb. Qeyd edək ki, bu lentin nümayişi həqiqətən böyük marağa və məmnunluğa səbəb olub. Lenti izlədikdən sonra çıxış edən seçicilər bildiriblər ki, seçicilər çox vaxt seçdikləri deputatlarının nə işlə məşğul olduqlarından, onların problemləriylə nə dərəcədə maraqlandığından   xəbərsiz olurlar. Televiziya ekranlarında Milli Məclisin iclasları haqqında süjetlər getsə də, dövlət televiziyasında parlament iclasları hər bazar günü işıqlandırılsa da, bu proqramlar seçicinin öz deputatının fəaliyyətini yaxından izləməsinə imkan vermir. Lakin belə bir sənədli lentin nümayiş etdirilməsi beş il ərzində deputatının fəaliyyətindən razı qalan seçicinin daha dolğun informasiya olaraq fikrinın daha da güclənməsinə, seçicinin narazı hissəsində isə obyektiv fikrin yaranmasına və onların düzgün qərar verməsinə yardımçı olur. Seçicilər sənədli lentdə ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı, hörmətli  Mehriban Əliyevanın bundan bir-neçə il əvvəl rayonlarına gəlişlərinin əks edildiyi görüntüləri görərkən zalda xüsusi bir coşqunluq yaranmış və bu görüntüləri ayaq üstdə alqışlarla qarşılamışlar.         

Jalə Əliyeva önümüzdəki həftə rayonun Ağabağı, Şıxbağı, Kəndəbil, Nəzəralılı, Məlikli, Burunlu, Təzəkənd, Qoşaoba kəndlərində seçicilərinin görüşünə gedəcək, rayon mərkəzində rayonun idarə və müəssisələrinin, Təhsil Şöbəsi, Mərkəzi Xəstəxana, Mədəniyyət və Turazm Şöbəsi, Suvarma Sistemləri İdarəsinin kollektivləri, şəhərin ağsaqqalları, ilə bəzi kənd nümayəndələri ilə geniş görüşlər keçirəcəkdir.

Jalə ƏLiyevanın görüşlərdə toxunduğu məsələlərdən bəzilərini təqdim edirik.

Xoş gördük, hörmətli seçicilər!

Əvvəla hamınızı salamlayıram. Sağ olun ki, bizi sayıb görüşümüzə gəlmisiniz. Sizinlə ilk görüşümüzdən beş il keçib. Lakin qəbul edərsiniz ki, biz bir-birimizi lap çoxdan tanıyırıq. Bu tanışlığın kökü beş il, on il əvvələ deyil, yüzillərə bağlıdır.  Siz mənim babalarımın ruhunun dolaşdığı torpağın bir parçasısınız.  Mən sizinlə ta uşaqlığımdan bəri həmişə fəxr etmişəm. Sizə daha yaxın olmaq istəmişəm.

Və illər əvvəl də qarşınıza elə bu arzuyla çıxdım. İlk gündən aramızda güclü bir körpü yarandı. Bu körpünün təməlində torpağa sonsuz məhəbbətimiz, dövlətə tükənməz  sədaqətimiz dururdu.  Görüşlərimizdə deyirdim ki, vətənim mənim üçün müqəddəsdir. Deyirdim ki, dövlətimizin əbədiliyi, torpaqlarmızın bütövlüyü mənim şərəfimdir. Deyirdim ki, gündən günə böyüyən və inkişaf edən  Azərbaycan qürur mənbəyimdir. Deyirdim ki, doğma Zərdabımızın da bu inkişafdan bəhrələnməsini  istəyirəm.  Deyirdim ki, hər biriniz mənim üçün əzizsiniz və mən sizin daha yaxşı yaşamağınızı arzulayıram. Deyirdim ki, bu arzunun həyata keçməsi üçün, məndən asılı olan nə varsa edəcəyəm, qüvvəmi əsirgəməyəcəyəm,  yorulmadan çalışacaq, sizin səsinizin, sözünüzün tribunası olacağam.

Siz məni diqqətlə dinləyirdiniz. Əslində görüşlərdə təkcə mən deyil, sizlər də danışırdınız. Ürəyinizdən keçənləri, istəklərinizi dilə gətirirdiniz.  Mən də sizi diqqətlə dinləyirdim və çox çətin, çətin olduğu qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər ləyaqətli   bir yolun başlanğıcında olduğumu dərk edirdim.

Bu görüşlər onunla nəticələndi ki, biz bir-birimizə inandıq.  Siz mənə etimad göstərdiniz. Mənim qələbəmi təmin etdiniz. Bu etimad, bu qələbə  məni durmadan çalışmağa səsləyirdi.  Səni, onu, digərini  məyus etməmək üçün, bu inamın  və etimadın mənə verdiyi güclə gecə-gündüz səy göstərməliydim.

İndi aradan beş il keçib.

Əlbəttə ki, ikinci dəfə seçicinin qarşısına çıxmaq cəsarət istəyir. İkinci dəfə seçicinin etimadını qazanmaq fərasət istəyir. Çünki ilk dəfə səs verən seçici sənə, sənin  verdiyin sözlərə ümid bağlayaraq,  inanaraq səs verir. İkinci dəfə isə artq sən onların qarşısına hesabat vermək üçün çıxırsan. İkinci dəfə mübarizə meydanına atılanda sənin yerınə sənin əməllərin danışır.

Bu illər ərzində mən də çalışdım ki, qarşınıza bir daha çıxanda deməyə sözüm, baxmağa üzüm olsun. Buna nə qədər nail olmuşam? Hamınızı razı sala bilmişəmmi? Aranızda  məndən inciyənləriniz, yanıldığını düşünənləriniz  varmı?  Bu sualları özümə çox verirəm. Və gəldiyim nəticə bundan ibarət olur ki,  atdığım hər addımla, gördüyüm hər bir işlə  ayrılıqda sadəcə birinizin və ya bir-neçənizin deyil, hamınızın  ümumi maraqlarını qorumağa çalışarkən ən ali məqsədim sizlərə ədalətlə və mərhəmətlə xidmət, ən yüksək amalım vətənə, torpağa məhəbbət, dövlətə, prezidentimizə  sədaqət  olub. Əlbəttə ki, ara-sıra çətinliklərlə də qarşılaşmışam.  Amma  bu çətinlikləri dəf etməkdə mənə getdiyim yolun haqq yolu, tutduğum əməllərin haqq əməlləri olduğuna  inamım və inancım yardımçı olub. Bu çətinlikləri dəf etməkdə Azərbaycanımızın möhkəmliyi, insanlarımızın xoşbəxtliyi, torpaqlarımızın bütünlüyü uğrunda yorulmadan çalışan və mübarizə aparan ölkə prezidenti cənab  İlham Əliyevin dönməz iradəsi  və əqidəsi  yolgöstərənim olub.    

Bu gün yenidən görüşürük. Görüşürük ki, keçilən beş illik yola nəzər salaraq, qarşıdakı beş il üçün də  seçiminizi edəsiniz, qərarınızı verəsiniz.

Keçilən yol haqqında ekranda  gördüyünüz sənədli materiallar danışdı. Çıxış edən hörmətli vəkillərim sizə geniş məlumat verdilər. Amma bir halda ki, siz yenidən seçim etmək üçün  yığışmısınız, istəyirəm ki, sizin üçün gördüyüm və görəcəyim işləri bir daha mənim öz dilimdən eşidəsiniz.

Əziz seçicilər,

Beş il bundan əvvvəl qarşınızda öhdəlik götürərək açıqladığım proqram, xatırlayırsınızsa daha çox iqtisadi problemlərlə bağlı, yəni, rayonun infrastruktrunu yaxşılaşdırmaq, sadə dillə desək, yol, qaz, su, işıq çəkilməsi, məktəb, xəstəxana, ev, stadion və s. tikilməsinə köməklik göstərməklə bağlı vədlər idi. Və qətiyyətlə deyə bilərəm ki,  bunların  böyük hissəsinə əməl etmişəm. Bütün bunlar qeyd edildi. Lakin mən vaxtınızı alsam da, bir məsələni mütləq vurğulamalıyam. Bilirsiniz ki, mən sizinlə həmişə səmimi olmuşam, məni sizə birləşdirən, məni qəbul etməyinizə səbəb olan ən əsas keyfiyyət də məncə elə bu səmimilik olub. Ona görə də bu gün sizinlə yenə də bir təmsilçiniz kimi deyil, bir qızınız, bir yaxınınız kimi danışmaq istəyirəm.

Mənim çox dəyərli həmyerlilərim,

Ölkədə sadəcə bu günümüzü deyil, yaxın onillikləri hədəf alan çox uğurlu, düşünülmüş dövlət siyasəti həyata keçirilir. Bu uğurlu siyasət nəticəsində Azərbaycan durmadan inkişaf edir və nəinki regionun lider dövlətinə çevrilir, hətta cəsarətlə deyə bilərəm ki, dünyada əhəmiyyətli bir yer tutur. Bu gün gözlərimiz önündə həyata keçirilən nəhəng layihələr hər bir azərbaycanlı üçün qürur  və uğur qaynağıdır. Təkcə paytaxtın və böyük şəhərlərin deyil, bölgələrin də inkişaf etdirilməsi üçün bir başa ölkə prezidentinin tapşırığı və rəhbərliyi ilə dövlət proqramları hazırlanır. Və bu proqramlar təbii ki, digər rayonlar kimi, təmsilçisi olduğum Zərdab və Ucar rayonlarını da əhatə edir. Ötən illər ərzində bütün Azərbaycan kimi, bu hər iki rayonun da görkəmi çox dəyişib. Yollar yenidən qurulub, kəndlərə fasiləsiz elektrik enerjisi verilib, suvarma sistemləri bərpa olunub, içməli su problemi demək olar həllini tapıb, kəndlərin qazlaşdırılması prosesi başlayıb və davam etdirilir, məktəblər ən müasir standartlarla yenidən inşa edilib. Yeri gəlmişkən bu işdə böyük əməyi olan ölkənin birinci xanımı, hörmətli  Mehriban Əliyevaya təşəkkür etmək istəyirəm.

Qarabağ veteranları və şəhid ailələri  üçün binalar inşa edilib, bu gün də onlar üçün fərdi evlər inşa edilməkdədir. Mən elə buradaca haşiyə çıxaraq demək istəyirəm ki, Zərdab rayonunda bir-neşə il əvvəl inşa edilən və tam hazır olan, lakin istismara verilməsində problem yaranan şəhid ailələri və müharibə veteranları üçün nəzərdə tutulmuş 16 mənzilli binanın istismara verilməsində yaranan çətinliyin qısa müddətdə aradan qaldırılması və torpaqlarımız uğrunda canından keçən, sağlamlığını itirən insanların rahat şəraitinin təmin edilməsi üçün bütün imkanlarımı səfərbər edəcəyəm.

Sözümə davam edirəm, hər iki rayonda mədəniyyət və sənət abidələri dirçəldilib, özəl sektor-sahibkarlıq inkişaf etdirilib, yeni iş yerləri açılıb və s.

Görülən işlər həqiqətən çoxdur və mən əslində televiziya ilə çıxışımda bütün bu məsələlər haqqında görüşlərdə geniş danışacağıq demişdim, indi görürəm ki, heç bu geniş iclaslar  da görülən işləri geniş, yerli-yataqlı müzakirə etməyə imkan vermir. Amma bir fikrimi sizə mütləq çatdırmalıyam.

Birmənalı olaraq bilməyinizi istəyirəm ki, bütün görülən işlərin arxasında məhz ölkə prezidenti cənab İlham Əliyevin iradəsi  dayanır. Bütün bu işlərin altında məhz cənab prezidentin imzası durur. Məhz onun göstəriş və tapşırığı ilə hökümət üzvləri, icra orqanları, müxtəlif qurumlar,  məmurlar yerlərdə fəaliyyət göstərirlər. Onun imzaladığı sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirirlər. Məhz cənab prezidentin arzusuyla, istəyiylə ölkədə insan amili, insan kapitalı ön plana çəkilir. Bilirsiniz ki, cənab prezident çıxışlarında dəfələlə qeyd edir ki,  görülən bütün işlər insanlarımıza layiqli həyat səviyyəsini təmin etmək üçündür.

Biz haməməz müstəqilliyimizi və deməli xoşbəxtliyimizi borclu olduğumuz Azərbaycanın milli lideri, əfsanəvi insan, çox güclü şəxsiyyət Heydər Əliyevin işıqlı yoluyla dönmədən irəliləyən, ölkəsinin və xalqının rifahı və əmin-amanlığı üçün durmadan çalışan prezidentimizə minnətdarıq.

 Sual verə bilərsiniz ki, bəs millət vəkili kimdir? Onun səlahiyyətləri nədir?

Millət vəkili seçicilərinə həmin layiqli həyat səviyyəsinin təmin edilməsi yönündə atılan addımlarda xalqla dövlət arasında bir körpüdür.

Millət vəkili, yuxarıda söz etdiyimiz layihələrdən və proqramlardan öz seçicilərinə, öz rayonuna daha çox pay almağa, onlara daha şox pay düşməsinə çalışan şəxsdir,

Millət vəkili ölkə həyatı və seçiciləri üçün əhəmiyyətli olan qanunların hazırlanmasında, qəbul edilməsində öz sözünü deyən, bu yöndə durmadan çalışan bir şəxsdir.

Millət vəkili sizin problemlərinizin həlli üçün yuxarı təşkilatlar qarşısında təşəbbüs qaldıran, təkliflər irəli sürən şəxsdir.

Millət vəkili sizlərin səsini, sözünü ali tribunalardan səsləndirən şəxsdir.

Millət vəkili sadəcə seçildiyi rayonun problemlərinin deyil, ümumilikdə hər bir Azərbaycanlını düşündürən və istər millilik, istər tarixilik, istərsə də mənəviyyat baxımından hamımızı narahat edən və artıq qloballaşan məsələlərin həllinə səy göstərən, xalqının haqlı səsini beynəlxalq təşkilatlara çatdıran şəxsdir.

Millət vəkili ölkəsi üçün taleyüklü məsələlərin həllində, torpaqların bütünlüyü uğrunda mübarizədə prezidentinin yanında olan, ona hər zaman dəstək verən şəxsdir.

Əziz seçicilər,

Deputatlığa namizəd olan hər hansı bir şəxsin öz proqramında qeyd etdiyi yol, qaz, su, işıq çəkilməsi, məktəb, xəstəxana, ev, muzey, kitabxana inşa edilməsi ilə bağlı vədləri, həmin namizədin şəxsən gəlib torpaq qazacağı, yol çəkəcəyi, məktəb tikəcəyi anlamına gəlməməlidir.

Deputatlığa namizədin maaşların, pensiyaların artırılması, insanlarımızın həyat şəraitinin yüksəldilməsi ilə bağlı vədləri də həmin namizədin bu məsələləri şəxsi vəsaitiylə tənzimləyəcəyi anlamına gəlməməlidir.

Çünki ən xırda məhəlli problemlərinizdən tutmuş, ən böyük məsələlərə qədər  bütün bu işləri həyata keçirməkdə məsul olan təşkilatlar və şəxslər var. Çox vaxt Azərbaycan seçicisi qanunverici orqanla icraedici orqanı qarışdırır. Yəni yenə də sadə dillə desək, seçici deputatla mənzil istismar sahəsinin, deputatla qaz idarəsi, işıq idarəsi, səhiyyə təşkilatı, təhsil şöbəsi müdiri, bələdiyyə sədrini, icra hakimiyyətinin başçısını, nazirləri, höküməti qarışıq salır. Bütün bu təşkilatların görəcəyi və görməli olduğu işi deputatdan gözləyir. Düşünürəm ki, bu yanlış təsəvvürün yaranmasında bir əhəmiyyətli amil də elə bəzi namizədlərin özlərinə xal toplamaq məqsədiylə seçicilərinə uca dağlar vəd etməsindən qaynaqlanır.

Hakimiyyətin ikinci qanadı olan parlament, bir az əvvəl də dedim, vətəndaşların rifah halının yüksəlməsinə, hər bir vətəndaşın hüquqlarının qorunmasına, ölkənin davamlı inkişafına, dünyanın bərabər hüquqlu üzvünə çevrilməsinə xidmət edən qanunları hazırlamaq və qəbul etməklə məşğuldur. Bu qanunların icrası isə yerlərdəki məmurların öhdəsinə düşür. Təəssüf ki, onların bəzən öz vəzifələrini düzgün başa düşməməsi və ya əməl etməməsi ucbatından müəyyən problemlər yaranır, ölkədə aparılan böyük quruculuq işlərinə kölgə düşür.

Əziz seçicilər,

Bir az əvvəl sizə mənim təbliğat vərəqəm paylandı.  Bu vərəqədə önümüzdəki 5 il üçün nəzərdə tutduğum işlər göstərilib. Vərəqəylə yaxından tanış olarkən görəcəksiniz ki, mən rayonda iqtisadi sahəylə bağlı olaraq ötən beş ildə həyata keçirilməsinə səy göstərdiyim işləri yenə davam etdirəcəyəm. Bu işlərdən bir qismi artıq tam həllini tapıb, bir qisminin  həllinə başlanılıb, bəziləri isə hələlik nəticəsiz qalıb. Bunlar haqqında sizə genış məlumat verildi. Mən təkrar danışıb vaxtınızı almaq istəmirəm. Təşviqat vərəqəm sizə paylanıb. Seçki platformam, məni düşündürən məsələlər haqqında orada ətraflı qeyd edilib. Bircə onu demək istəyirəm ki,  başlanılan işlər sürətlə davam etdirilməsinə çalışacağam. Çalışacağam ki, hələlik həllini tapmamış məsələlər tezliklə həll edilsin. Çünki bu məsələlər məni həqiqətən çox narahat edir.

Amma eyni zamanda bir qadın, bir ana kimi də məni narahat edən bəzi məsələlər var ki, mən onların da həllinə səy göstərəcəyəm. Onlardan bəzilərini nəzərinizə çatdırıram.

-Cəmiyyətdə qadınların rolunun artırılmasında, onlara qarşı hər cür zorakılıq hallarının aradan qaldırılmasında əhəmiyyətli olan mövcud qanunların təkmilləşdirilməsi və yenilərinin qəbulu,

-Əhalinin mənzil probleminin həlli üçün dövlət səviyyəsində proqramların həyata keçirilməsi və müvafiq qanunların qəbul edilməsi, 

-Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədiylə müvafıq qanunların təkmilləşdirilməsi və yeni qanunların qəbul edilməsi, 

-Şəhid ailələrinin, Qarabağ veteranları və onların ailə üzvlərinin xüsusi qayğıyla əhatə olunması, onların dövlətin himayəsinə alınması,  rahat həyat şəraiti ilə təmin edilməsi məqsədiylə fərdi evlərin və mənzillərin  tikilməsi,

-Gələcəyimiz olan gənclərin hərtərəfli inkişafı naminə kompleks tədbirlər çərçivəsində təhsilin, elmin, mədəniyyətin və yeni texnologiyaların inkişaf etdirilməsi,

-Gənclərimiz arasında artıq unudulmaqda olan mütaliə vərdişlərinin artırılması və onların  daha dərin biliklərə, hərtərəfli dünyagörüşünə sahib olmaları üçün xüsusi proqramların həyata keşirilməsi,

-Gənclərimizə hərbi-vətənpərvərlik  hisslərinin aşılanmasını, dövlət atributlarımız olan Azərbaycan bayrağına, gerbinə və himninə hörmətlə yanaşmağı, onları ürəkdən sevməyi öyrədən televiziya proqramlarının hazırlanması,

-Azərbaycan dilinin saflığının qorunması, zəngin ədəbi-mədəni irsimizin mühafizə edilməsi,

-Milli-mənəvi sərvətlərin, adət və ənənələrin qorunub saxlanması, gələcək nəsillərə layiqincə ötürülməsi və onların aşınmaya məruz qalmasının qarşısının alınması,

-Televiziya kanallarında və mətbuat səhifələrində əxlaqi dəyərlərimizə yad olan ənənələrin təbliğinin qarşısının alınması  üçün mənə verilən səlahiyyətlər çərçivəsində var gücümlə çalışacaq, imkan və bacarığımı əsirgəməyəcəyəm.

Yəni gördüyünüz kimi, proqramımda milli-mənəvi məsələlərə böyük yer ayırmışam. Çünki övladlarımızın, gəncliyimizin  isti, işıqlı evlərdə yaşamağı, təmiz həyətlərdə oynamağı, asfaltlı yollarla dərsə, işə getməyi, müasir məktəblərdə oxumağı nə qədər vacibdirsə, böyüyə hörmət, kiçiyə mərhəmət, dünyaya canlı gətirən qadına ehtiram, ailələrin möhkəmliyi, mənəviyyatımızın mühafizəsi, milli dəyərlərimizin qorunması, dilimizin  aşınmalardan xilası da bir o qədər vacibdir.   

Siz böyük Zərdabinin ana yurdunun çırağını yandıranlarsınız. O deyirdi ki, maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur.  O bütün həyatını xalqının qəflət yuxusundan oyanmasına, savadlanmasına, tərəqqisinə, mədəniləşməsinə həsr etdi. İstəyinə çatmaq üçün böyük məhrumiyyətlər bahasına çətinliklərə sinə gərdi. İstəyi isə  elini-obasını, insanlarını mənən saf, daxilən zəngin, dərin dünyagörüşlü görmək idi.    

Düşünürəm ki, məhz siz, Həsən bəy Zərdabini yetişdirən torpağın insanları da hər zaman yaxşını pisdən, haqqı nahaqdan ayıra bilmisiniz. Bu həssaslığınızı dəfələrlə sübut etmisiniz. Ölkədə keçirilən ən əhəmiyyətli proseslərdə, seçkilərdə həmişə öz sözünüzü, həm də haqlı sözünüzü demisiniz. İnanıram ki, bu səfər də belə olacaq.

İnanıram ki, sizin qayğılarınızla yaşayan, sizinlə hər zaman dürüst  və səmimi olan bir namizədə səs verəcəksiniz.

İnanıram ki, vədlərə yox, əmələ, görülən işlərə səs verəcəksiniz.

 

 

 

 

 

 

 

 

 

 

 


Namizədin seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir