Modern.az

MTN bir qrup Türkiyə vətəndaşını həbs edib

MTN bir qrup Türkiyə vətəndaşını həbs edib

Təhsil

1 Noyabr 2010, 17:07

 Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzinin məlumatına görə, dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər zərərsizləşdirilib.

Məlumatda bildirilib ki, Türkiyə vətəndaşları - Kaplan Onur Tahsin oğlu, Kitiş Suat Osman oğlu və qeyriləri cinayət əlaqəsinə girərək, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər.

Məlum olub ki, 2010-cu ilin aprel ayında Onur Kaplan, Suat Kitiş və qeyriləri "Azercell Telecom" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon da­nışıq­ları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz bey­nəl­xalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqə­sinə giriblər. Bundan sonra, adları çəkilən şəxslər və qeyriləri xaricdə istehsal olun­­muş müxtəlif markalı GSM kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə edərək, 2010-cu il oktyabr ayının əvvəlində Bakı şəhərinin Nərimanov rayo­nun­da kirayə götürdükləri mənzildə quraşdırıb qanunsuz fəaliyyət göstərməyə başlayıblar.

Bu hüquqazidd əməllərini davam etdirən Onur Kaplan, Suat Kitiş və qeyriləri "Azercell Telecom" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 32 ədəd GSM mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra internetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvana baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub. Müəyyən edilib ki, Onur Kaplan, Suat Kitiş və qeyrilərinin qanunsuz təşkil etdikləri beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qısa müddət ərzində 18 min 345 manatdan artıq ziyan vurulub.

Həyata keçirilmiş bu əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti ifşa edilməklə yanaşı, eyni zamanda, həmin rabitə şəbəkəsindən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınıb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanılıb. Onur Kaplan və Suat Kitiş təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!