Modern.az

Jurnalist Aqil Aslan: “Rəqiblərim seçicilərlə görüşdən imtina edirlər...”

Jurnalist Aqil Aslan: “Rəqiblərim seçicilərlə görüşdən imtina edirlər...”

2 Noyabr 2010, 16:55

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd Aqil Aslan Modern.az-ın suallarını cavablandır.


Aqil Aslan 1979-cu il yanvarın 25-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Ali təhsillidir, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Hal-hazırda 2-ci ali təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq  fakültəsində davam etdirir. Heç bir siyasi partiyanın üzvü deyil. 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olub. 1999-cu ildən mətbuatda çalışır. Bir neçə qəzetdə köşə yazıları ilə çıxış edib. 2000-ci ildən “Ekspress” qəzetinin əməkdaşıdır, həmin qəzetin Milli Məclisdə akkreditə olunmuş müxbiridir. 2005-ci ildən Parlament Jurnalistləri Birliyi sədrinin birinci müavinidir.

- Aqil müəllim, hansı səbəbdən millət vəkili olmaq istəyinə düşdünüz?

- Mən uzun müddətdir jurnalistikadayam, bu günədək jurnalist kimi millətimə, dövlətimə qələmimlə, sözümlə xidmət etmişəm. Mən təkcə siyasi mövzuda deyil, insan hüquqları, vətəndaşlarımızın qarşılaşdıqları probelemlərlə bağlı da yazıların müəllifiyəm. Çalışmışam ki, hər zaman insanların qarşılaşdıqları çətinliklər öz həllini tapsın, onların pozulan hüquqları bərpa olunsun. Bilirsiniz ki, jurnalistin yazı yazmaqdan, bu məsələni ictimailəşdirməkdən başqa səlahiyyəti yoxdur. Millət vəkilinin isə geniş səlayhiyyətləri var. İstəyirəm millət vəkili seçilim, fəaliyyətim genişlənsin, səlahiyyətlərim artsın və seçicilərimə, dövlətimə xidmət edim.

Bilirsiniz, mən neçə ildir parlament jurnalisti kimi də fəaliyyət göstərirəm. Mən seçicilərinə söz verib əməldə bunu göstərməyən çox deputat görmüşəm. Onların böyük bir hissəsi parlamentdə passivlik göstərirlər. Onlar nəinki seçilərinin, problemlərinə, həm də ölkəmizin taleyüklü məsələlərinə də biganə yanaşırlar. Hətta Milli Məclisdə elə deputatlar var ki, bir kəlmə də danışmayıblar. Bizə belə deputatlar lazım deyil. Əgər sən ağzına su alıb oturacaqsansa, seçicilərinlə maraqlanmayacaqsansa, niyə deputat seçilirsən ki?
Ümumiyyətlə Milli Məclis artistlərin, müğənnilərin, idmançıların, kommersantların yeri deyil. Milli Məclisdə siyasətçilər, hüquqşünaslar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, iqtisadçılar olmalıdır.

- Bəzi mandat sahibləri deyirlər ki, deputat olmaq çox çətindir…

- Çətindirsə, dur kənara, qoy layiqli birisi seçilsin. Bu sözü deyən deputatların əksəriyyəti öz biznesini, vəzifəsini qorumaq üçün parlamentə düşür. Bu ilki seçkilərdə də bu amalla deputat olmaq istəyənlər var.

- Deputat seçilmək şansınızı necə dəyərləndirirsiz?

- Şansım çox yüksəkdir. Bu dairədə çox güclü elektorata sahibəm. Seçicilərimlə görüşlərim, onların bu görüşlərə meylliliyi yüksəkdir və bütün bunlar sübut edir ki, mən Gülçöhrə Məmmədovadan güclüyəm və qalib gəlmək şansım da çox yüksəkdir. Mən yerli adamam, bu dairəyə çox yaxşı bələdəm. Müsbət imicim var, əvvəllər deputat seçilib xalqı aldatmamışam, rüşvətxor məmur və ya rektor olmamışam.

Mən 97-ci dairəyə çox bağlıyam. Bu bağlılıq təkcə Goranboyda anadan olmağımla,  qohum-əqrabamın, dost-tanışlarımın bu dairədə yaşamısı ilə bağlı deyil. Mən həm də 11 illik jurnalistilik fəaliyyətimdə bu rayonlarla, xüsusilə Goranboy və Tərtərlə bağlı silsilə yazılar hazırlamışam. Ağdamlı məcburi köçkünlərin problemlərinə toxunmuşam, çoxlu sayda reportajların müəllifi olmuşam, nəticə etibarı ilə vətənlaşların çoxlu sayda probelmlərinin həllinə yardımçı olmuşam. Hətta hökumətdəki və parlamentdəki dost-tanışlarımın vasitəsilə bir kənd üçün qlobal əhəmiyyət kəsb edən məsələnin həllinə nail olmuşam. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev mənim xahişimi nəzərə alaraq Xanqərvərdə qaz çəkilişnə köməklik göstərdi. Nəticə etibarı ilə 2 ildir ki, bu kənddə mavi qaz yanır, insanlar çox rahatlıq tapıblar. Bilirsiniz, mən istəsəm dostlarımla münasibətdən şəxsi mənafeyim üçün yararlanardım. Amma mən həmişə dövlətimi, vətənimi, millətimi  hər şeydən öndə tutmuşam. Mənim bir şüarım var: Vətənimin səadəti mənim səadətimdir! İnsanları xoşbəxt görmək istəyirəm, hər zaman onlara kömək etməyə çalışıram. İndi də deputat seçilmək istəmirəm ki, biznes qurum, rahat kreslom olsun. Mənim istəyim, amalım, seçcilərimi, millətimi, dövlətimi, Bütöv Azərbaycanı, Turk dünyasını layiqincə təmsil etməkdir.

- Görüşləriniz necə keçir?

- Yeri gəlmişkən mənim rəqiblərimdən ikisi ümumiyyətlə seçicilərlə görüşmür. Gülçöhrə Məmmədova isə Goranboyun bir neçə kəndində görüşlər keçirərək Bakıya qayıdıb. O, Tərtər və Ağdam rayonundan olan seçicilərlə görüşdən imtina edib. Seçicilərim elə bu faktdan bir nəticə çıxarmalıdırlar. Mən isə Goranboyun və Tərtərin 97-ci dairəyə aid olan bütün kəndlərində və ağdamlı məcburi köçkünlərin məskunlaşdıqları rayonlarda görüşlər keçirirəm. Və mənim görüşlərimə insanlar məcburən gətirilmir. Onlar könüllü olaraq görüşümə gəlirlər, məni dinləyir və dərdlərini mənə danışırlar. Onlar bu seçkidə səslərini mənə verəcəklərini bildirirlər.

- Özünüz doğulduğunuz rayondan namizədsiz. Sizcə goranboylular bu gün daha çox nədən əziyyət çəkirlər?

-    Mən təkcə Goranboyun deyil, Tərtərin və Ağdamdan olan məcburi köçkünlərin problemlərinə də yaxından bələdəm. Çünki 2 həftədir seçicilərimlə görüşlər keçirirəm və onların probelməri ilə daha yaxından tanış olmuşam.

Təmsil etdiyim dairə kənd təsərrüfatı rayonlarıdır. Təəsüf ki, bu gün kənd təsərrüfatımız bərbad vəziyyətdədir. Mən bunun səbəbini kənd təsərrüfatı naziri İsmət Abbasovda görürəm. Çünki İsmət Abbasovun yarıtmaz aqrar siyasəti kəndliləri torpağı atıb şəhərlərə üz tutmağa məcbur edib. Bu gün Goranboyun, Tərtərin əksər kəndləri susuzluqadan əziyyət çəkir. İnsanlar torpaqları əkib-becərə bilmirlər. İsmət Abbasov açıqlama verir ki, bu il taxıl yığımı iqlimlə əlaqədar az olub.
İsmət Abbasov, siz bilirsinizmi ki, taxılın az olmasının səbəblərindən biri də kənd rayonlarında su çatışmazlığıdır? Su olmadığından torpaqların bir hissəsi əkilmir, əkilən torpaqlarda isə vaxtlı-vaxtında suvarma olmadığı üçün məhsuldarlıq az olur, keyfiyyət aşağı olur. Elə Fövqəladə Hallar Nazirliyinə həvalə edilən Taxıl Fondu keyfiyyətin aşağı olmasına görə camaatdan taxıl qəbul etmirdi də. Hökumətin kənd təsərrüfatı strategiyası, taxıl strategiyası olmalıdır. Amma bu sahəyə baxan nazir ortaya bir proqram qoymaq istəmir.

Mən təklif edirəm ki, Goranboy, Ağdam və Tərtərin su probleminin həll edilməsi məqsədilə yeni su kanalları çəkilsin, subartezian quyuları qazılsın və suvarılmada istifadə olunan nasosların fasiləsiz işləməsini təmin etmək üçün lazımi qədər elektrik enerjisi ayrılsın ki, kənd təsərrüfatında canlanma baş versin.
İspaniyanın futbol üzrə milli komandasına 1 milyon dollar verib Azərbaycana gətirdilər, onlar da 6 top vurub qapımızı aşsüzənə döndərdilər. O 1 milyona 30-40 artezian quyusu qazdırmaq olardı.

Bu gün bəzi kəndlərdə içməli su problemləri də mövcuddur. Yevlaxın Kövər kəndində orta məktəbdə məskunlaşan, Aran qəsəbəsində qaçqın düşərgəsində yaşayan agdamlı seçicilərimin problemləri çoxdur. Onlar üçün Yevlax şəhərində 5 mərtəbəli binalar tikilib. Bu camaatı o binalara köçürmək istəyirlər. Mən “Dövlətqaçqınkom”dan soruşmaq istəyirəm, axı bu camaata iş verməyəcəksənsə, niyə onları moxmərtəbəli binaya köçürürsünüz? Bu camaat binada toyuq-cücə, mal-heyvan saxlayacaq? Bu insanlara Yevlaxla Tərtərin arasındakı torpaq sahələrində yer ayırıb ev tikmək olardı, 3-5 sot həyəti də olardı ki, orda toyuq-cücə saxlasınlar, göy-göyərti əksinlər.

Tərtərin cəbhə xəttindəki Borsunlu kəndinin yolu bərbad vəziyyətdədir. Tərtərin rayon mərkəzindən Goranboya daha tez getmək olar, nəinki Sarov kəndindən Borsunluya. Goranboyun mərkəzindən 73 kilometr uzaq məsafədə olan ucqar Todan kəndi müharibədən böyük əziyyət çəkmiş kənddir. Mən gedib o kəndin vəziyyətini gördüm, kəndin yollarında adam dizə qədər palçığa batır. Orada qaz yoxdur, camaat deyir ki, meşədən odun qırmağa da imkan vermirlər. Bir maşın odunun qiyməti 200 manatdır. 85 manat təqaüd alan insan 200 manata odun ala bilərmi? Dağ kəndidir, işsizlikdir. Ona görə də mən təklif edirəm ki, cəbhə xəttindəki kəndlərdə, Tərtərin Borsunlu, Goranboyun Tapqaraqoyunlu kəndlərində, Ağcakənd bölgəsində, ucqar dağ kəndlərində - Todanda, Erkəcdə, Buzluqda, Rus Borisində işsizliyi və qazın olmamasını nəzərə alaraq bu kəndlərdə hər bir evə pulsuz olaraq müəyyən kilovat elektrik enerjisi verilsin. O kəndlərə qaz çəkilənə qədər meşədən odun qırmalarına icazə verilsin. Goranboyun Ağcakənd bölgəsində turizm üçün əlverişli şərait var. Mən platformamda da göstərmişəm ki, bu bölgədə turizmin inkişafı üçün çalışacam ki, orada yaşayan işsizlər mövsümi də olsa işlə təmin olsunlar.   

- İctimai Televiziyada çıxışınızda müdafiə naziri Səfər Əbiyevi Qarabağ döyüşçülərinə veteran statusu verməməkdə ittiham etdiniz. Bu problemin həllini necə görürsünüz?

- Goranboyun kəndlərində - Xanqərvənddə, Ağcakənd bölgəsində, Qızılhacılıda, Tapqaraqoyunluda, Tatarlıda, Səfikürddə, Tərtərin Sarov və Borsunlu kəndlərində, Yevlax, Tərtər, Ağdaş rayonları ərazisində yaşayan ağdamlı secicilərim arasında 15 ildir ki, veteran statusu ala bilməyən seçicilərim var. Hətta qəhrəman Tapqaraqoyunluda mənə bildirdilər ki, tapqaraqoyunlulardan ibarət bölüyün 70-dən çox döyüşçüsü  indiyə kimi veteran statusu ala bilməyib. Bu insanlar vətən uğrunda ən odlu-alovlu mövqelərdə döyüşüblər, hətta aralarında güllə, qəlpə yarası olanlar da var. Amma müdafiə naziri Səfər Əbiyevin yerlərdəki hərbi komissarları arxivlərin yanmasını bəhanə edərək o insanların veteran vəsiqələrini hələ də verməyib. Mən həmin hərbi komissarlardan, Səfər Əbiyevdən soruşuram, bəs necə olur ki, müharibədə döyüşməyən, qaçıb orda-burda gizlənənlər - onların arasında icra nümayəndəsi, bələdiyyə sədri, məktəb müəllimi, vəzifəli şəxslər də var -  ciblərində veteran vəsiqəsi gəzdirir, dövlətdən aylıq müavinat alır? Bilirsiniz, o veteranlar mənə nə dedilər? Onlar deyir ki, “yenidən müharibə başlasa, biz döyüşə getməyəcəyik. Görürsünüzmü ki, Səfər Əbiyevin təyin etdiyi komissarlar onlarda dövlətə necə inamsızlıq yaradıb, necə ruh düşkünlüyü yaradıb? Mən həmin döyüşçülırə söz verirəm ki, deputat seçiləndən sonra ən birinci görəcəyim iş sizin hüquqlarınızı bərpa etmək olacaq. Əgər arxiv yanıbsa, bu məsələni hərbi məhkəmədə şahid ifadələri ilə, eyni zamanda icra hakimiyyətinin sərəncamı ilə də həll etmək mümkündür. 

- Deyirlər ki, rəqibiniz Gülçöhrə Məmmədova Goranboyda görüşlərdə xalça üstündə durub çıxış edirmiş…

- Elədir. Xanqərvənd, Yeniyol və Aşağı Ağcakənddə Gülçöhrə Məmmədovanın  görüşlərində bələdiyyə sərdləri və icra nümayəndələri onun ayağının altına xalça səriblər. Əsl deputatlığa namizəd seciləri ilə görüşdə xalça üstündə çıxış etməz. Yadınızdadırsa, mərhum prezidentmiz Heydər Əliyev Şəmkirdə səfərdə olarkən icra başçısı onun ayaqlarının altına xalça sərmişdi. Amma, rəhmətlik o xalçalının üzrəinə çıxmadı, «onu yığışdırın» dedi. 
Bu gün də prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva insanlarla görüşdə xalça üzərində dayanmırlar. Onlar özlərini xalqdan seçmirlər. Amma bu günləri hansısa deputatlığa namizədin ayaqları altına xalça atılır. Bu, bir biabırçılıqdır. O xalça sərənlər də, xalçanın üstünə çıxanlar da böyüklərimizə xəyanət edənlərdi. Mən isə böyüklərimizin  getdiyi yolla gedirəm. Todan, Rus Borisi, Erkəç camaatı gördü ki, o yağışda-palçıqda, yollar təhlükəli də olsa, onların görüşünə getdim və palçığın içində onlarla bir yerdə dayanıb dərdlərini dinlədim. Çünki seçicinin səsini almaq istəyən şəxs millətin içində olmalıdır.

- Deputat seçilsəniz Milli Məclisdə ilk təklifiniz nə olacaq?

- Təklif edəcəm ki, Milli Məclisin iclasları televiziya ilə canlı yayımlansın. Qoy millət görsün ki, seçdiyi deputatlar onları necə təmsil edir.

- Seçki günü aktivlik gözləyirsinizmi? İnsanlarda seçkiyə bir ümidsizlik var...


- Belə ümidsizliklər var. Amma onların hamısını səsvermə günü məntəqələrə gəlməyə çağırıram. Çünki seçkiyə getməyəndə boş qalan bülletenləri asanlıqla saxtalaşdırmaq mümkün olur. Mən bütün məntəqələrə müşahidəçi təyin edəcəm ki, baş verə biləcək qanunsuzluqlar qeydə alınsın. Yeri gəlmişkən, mən məntəqə seçki komissiyalarını, Dairə Seçki Komissiyasını ədalətli seçki keçirməyə çağırıram. Əks təqdirdə onlar Seçki Məcəlləsinin tələblərinə əsasən məsuliyyət daşıyacaqlar.
Bu dairədə seçicilər də, rayon rəhbərləri də bilir ki, bu seçkinin qalibi mən olacam.  Mən bəyan edirəm, əgər seçkinin nəticəsinə ciddi təsir edəcək saxtakarlıq baş verəcəksə, bu zaman MSK-ya, məhkəməyə, Avropa Məhkəməsinə kimi şikayət edəcəm. Bununla belə inanıram ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində ədalətli, demokratik seçki keçiriləcək. Hesab edirəm ki, mənim millət vəkili seçilməyim həm seçicilərim, həm də dövlətimiz üçün uğurlu olar. Odur ki, mən seçicilərimə səslənirəm, noyabrın 7-də hamınız seçkiyə gəlin, iradənizi ortaya qoyun, öz həmyerlinizə, öz içinizdən biri olana səs verin. Səs verin ki, səsiniz yüksək tribunadan eşidilsin! Səs verin ki, sizin millət vəkiliniz görüşlərinizdə xalça üstündə dayanaraq çıxış edən şəxs yox, sizlərlə birgə palçıq içindən çıxaraq həyatını özü qazanmış şəxs olsun.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir