Modern.az

“Təsadüf nəticəsində Türkiyəyə gəldim” - Qardaş ölkədə çalışan azərbaycanlı xanım dekanla SÖHBƏT

“Təsadüf nəticəsində Türkiyəyə gəldim”  - Qardaş ölkədə çalışan azərbaycanlı xanım dekanla SÖHBƏT

21 Oktyabr 2015, 13:29

“İllərlə bütün “Novruz bayramı”larında buradakı hər kəsə milli şirniyyatlarımızı paylayırdım”


Azərbaycandan Türkiyəyə gəldiyim zaman buradaki azərbaycanlı müəllimlərlə müsahibələr edəcəyimi planlaşdırmışdım. Gəldiyimiz ilk həftədə otaq yoldaşım mənə dedi ki, Rüfanə, bizim bölümün dekanı azərbaycanlı xanımdır. Sevindim, həm də çox. Getdim və ondan müsahibə almaq istədiyimi dedim. Çox sağ olsun ki, razılaşdı. Və bugün onun iş masasının arxasında qarşılıqlı oturub söhbətimizə başladıq. Beləliklə, müsahibim Səlçuk Universitetinin Kimya Mühəndisliyi bölümünün dekanı, professor-doktor Gülnarə Əhmədlidir. Modern.az saytı onunla söhbəti təqdim edir:

Gülnarə Əhmədli kimdir?

- Mən 1964-cü ildə Sumqayıt şəhərində doğulmuşam. Bütün təhsilimi Azərbaycanda almışam. Orta məktəbi qızıl medalla bitirmişəm. Bakı Dövlət Universitetinin məzunuyam. Universiteti bitirir-bitirməz aspiranturaya daxil  oldum. 1997-ci ildən Türkiyədə yaşayıram. Ailəliyəm. Bir oğlum və bir qızım var. 

Necə oldu buraya gəldiniz?

- Təsadüf nəticəsində Türkiyəyə gəlmişəm. Anamla atam da kimyaçıdır. İlk olaraq onlar Türkiyəyə gəlmişdilər.Bir neçə aylıq seminarlar vermək üçün. Daha sonra onların işləri burada çox bəyənildi. Səlçuk Universitetindən onlara burada qalıb çalışmaq üçün təklif gəldi. Onlar da bir il çalışdıqdan sonra bizə də dedilər ki, siz də gəlin. Burda çalışın, fərqli ab-hava görün. 

O zaman Bakıda çalışırdınız?

- Bəli. Araşdırma İnistutlarında çalışırdım. Əvvəl Bakıda işləmişəm. Azərbaycandaki son iş yerim Sumqayıtdaki Polimer Materialları İnstitutu olub. Qardaşım da ailəsi ilə burdadır və həkimdir. İki ailə təsadüfən gəldik və bu qədər uzun qalacağımızı düşünmürdük. 5-6 il qalıb fərqli mühitdə çalışmaq istəyirdik. Türkiyədə də sərhədlər yeni açılmışdı. Maraq var idi. Bir az da maraq bizi buraya gətirdi. Bir də baxdıq ki, artıq 20 ilə yaxın müddətdir buradayıq.

Universitetdə müəllim olaraq başladınız?

- Öncə Çevrə mühəndisliyi bölümündə dərs dedim. 7 il dərs dedikdən sonra 2004-cü ildən Kimya mühəndisliyi bölümünə keçdim. 

İndi isə dekansız. Dekan seçilməyinizdən danışaq.

- 2004-cü ildən burdayam. İl yarımdan bir az uzun müddətdir ki, dekanam. Burda 3 ildən bir dekan seçkiləri keçirilir. Bölüm kurulunun qərarı ilə bu işə başladım.



Həm Azərbaycan, həm də Türkiyə təhsilini görən biri üçün iki ölkənin təhsilindəki fərq nədən ibarətdir?

- Mənim 80-ci illərdə gördüyüm təhsil tamamən fərqli idi. 20 ildir ki, vətəndən uzaqdayam. Ona görə də buradakı təhsillə Azərbaycandakı təhsili qarşılaşdıra bilmərəm. Buradakı təhsil sistemində çox uğurulu, elmə həvəsli tələbələr var. Burada müəllimlər daha sərbəstdir. Müəllim dərs proqramını seçməkdə sərbəstdir. Bu, çox xoşuma gəlir. Böyük ehtimalla Azərbaycanda da elədir ki, tələbələrlə müəllim arasında daha yoldaşcasına münasibətlər var. Bizim zamanımızda müəllimlərə salam verməyə qorxardıq. Türkiyədə müəllimlə tələbə arasında sərhəd yoxdur. Tələbə istədiyi zaman otağıma gələ, həm dərs, həm şəxsi problemləri ilə bağlı söhbət edə bilir.

Azərbaycana gedirsinizmi?

- Təbii ki, gedirik. Orda qohumlarımız var. Uşaqlarımın ordan bağını qoparmasını heç vaxt istəmərəm.

Azərbaycanın ən çox nəyi üçün darıxırsınız?

- Vətənin hər şeyi üçün darıxıram. Bizim millətin qohumcanlılığı üçün darıxıram. Düzdür, qohumlarımız da tez-tez gəlib-gedir. Həm də indi ilk gəldiyimiz illərdəki kimi internet, kompüter problemi yoxdur. O zaman daha çox darıxırdıq. İndi internet üzərində görüntülü danışırıq. İnternet məsafələri azaldır. Səhər yuxudan oyanan kimi Azərbaycan kanallarını açıram, səsi gəlir. Bəzən unuduram Türkiyədə olduğumu.

Burada bir azərbaycanlı xanımın dekan olduğunu biləndə necə qarşılayırlar?

- Burada artıq məni tanıyırlar. Uzun müddətdir çalışıram. Təəccüblənmirlər. Bəlkə Azərbaycanda bunu desəm, maraqlı gələr. Bu mövqeyə necə gəldiyimi soruşarlar. Məncə insanların qarşısında bir hədəf olmalıdır. Düşünürəm ki, həyatda istədiyim hədəflərin hamısına çatmışam. Ona görə də özümü xoşbəxt hesab edirəm. 

Türkiyədən təhsilinin müsbətlərini dediniz, bəs düzəlməsini istədiyiniz mənfi nüanslar varmı?

- Hər yerdə təhsil sistemində mənfi nüanslar ola bilər. Amma mən hələ ki, mənfi nüanslar və ciddi qüsurlarla qarşılaşmamışam.

Bayaq söhbət edəndə dediniz ki, “anamla eyni otaqda oturmuşam, çalışmışam”. Necə hissdir?

- Anam da buranın professorudur. Kimya mühəndisliyi qurulanda buranın ilk müəllimlərindən biri olub. Artıq təqaüdçüdür. Fərqli duyğudur, ana və qız eyni bölümdə və eyni otaqda olmaq. Anam Azərbaycanda da tanınan bir bilgi insanı idi. 90-cı illərdə Azərbaycan bir kitab nəşr olundu “Azərbaycanın ən məşhur 500 qadını”. Orada anam Rəfiqə Qurbanova haqqında da yazılıb. Anamdan da çox şey öyrənmişəm. İntizamlı olmağı, məsuliyyətli olmağı. Anam çox məsuliyyətli xanımdır. Professorların burda iş saatları daha rahatdır. Amma anam eynilə sovet qayda-qanununa riayət edirdi. Saat 8-də burda olurdu, saat 5-dən də tez çıxmırdı.

Burada müəllim olan insanın həyatı necə keçir?

- Çox gərgin keçir. İndi uşaqlarım böyüyüb, İstanbulda yaşayırlar. Ona görə yüküm yarıbayarı azalıb. Amma uşaqlar balaca olanda işim daha çox olurdu. Həm də cavan olanda insan hər işin öhdəsindən gəlir, hər şeyə enerjisi yetir. İndi isə bir yoldaşım və bir də mənəm. Amma dekan olduğum üçün universitetdə işim çox olur.

Milli bayramlarımızı qeyd edirsinizmi?

- Əlbəttə. İllərlə bütün Novruz bayramılarında buradakı hər kəsə milli şirniyyatlarımızı paylayırdım. Bir ona üzülürəm ki, bütün türk  cümhuriyyətlərinin hamısında bu bayram qeyd olunsa da, təkcə Türkiyə bu bayramı rəsmi olaraq qəbul etməyib. Bir də “Yeni il”i çox sevirəm. O da Türkiyənin bəzi yerlərində keçirilir, Konyada keçirilmir. O da uşaqlıqdan qalan bir şeydir, hər dəfə o illərə geri dönürəm.  

Bəs necə düşünürsünüz, uşaq tərbiyə etmək, milli-mənəvi dəyərləri qorumaq üçün Azərbaycanda, yoxsa Türkiyədə yaşamaq daha yaxşıdır?

- O ailəyə bağlı bir şeydir.Uşaq tərbiyəni ailədə alır.

Böyük uğrurlar əldə etmiş birisiniz, bundan sonrakı planlarınız nədir?

- Ola bilər. Amma burada özümü sübut etmək çətinliklər oldu. Dediyim kimi,  anamdan keçən bir şey var. İsətdiyimə nail oluram. Burada ən yüksək mərtəbə professorluqdur. Onu da almışam. Bundan sonra daha sakit yaşamaq istəyirəm. Bölüm mənə dekanlığı layiq görüb. Mən də onu həyata keçirməyə çalışıram. Mən avtoritar rejimə, basqıya çox qarşıyam. Qarşındakı kim olursa olsun, o mənimlə istədiyi fikri bölüşə bilər. Haqlıdırsa da ona kömək edirəm.

Gülnarə xanım tələbələrə nə məsləhət görür?

- Tələbələrimə birinci məsləhətim insan olmaqdır. Kim olursa olsun, insan olmadıqdan sonra mənim gözümdə heç bir dəyəri yoxdur. İnsan olacaq, bütün insanlara, ayrıcalıq etmədən dəyər verəcəksən. Tələbələrimə bunu aşılamaq istəyirəm. Xüsusilə tələbələrə məsləhətim tərbiyəli olmaq, müəllimlərinə hörmət etməkdir. Eyni qarşılığı da mən onlara verirəm.Bir də yaxşı vətəndaş olmalısan, millətini, vətənini, bayrağını sevən.







Rüfanə GÜNƏŞ,
Səlçuk Universiteti Qəzetçilik bölümünün magistrı

Fotolar: Vusal Mansurov, Səlçuk Universiteti Beynəlxalq Əlaqələr bölümünün magistrı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir