Modern.az

“Avropaya gedən yol Azərbaycan universitetlərindən keçir” ®

“Avropaya gedən yol Azərbaycan universitetlərindən keçir”  ®

Təhsil

2 Noyabr 2010, 19:41

Asim Mollazadə: «Biz möcüzələri təhsilimizi artıraraq, özümüzü inkişaf etdirərək, əməyə daha çox bağlanaraq, istedadlı, millətin gələcəyini düşünən insanlara dəstək verərək, bir-birimizin dostu olaraq yarada bilərik»

 

 


Demokratik İslahatlar Partiyasının sədri, «Demokratiya» bloku tərəfindən 22 saylı Nəsimi 2-ci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asim Mollazadə «Dostluq» kinoteatrında seçki kampaniyası çərçivəsində növbəti kütləvi görüşünü keçirib. Görüşdə ölkəmizin Avroatlantik inteqrasiya perspektivlərindən danışan namizəd deyib:  «Azərbaycanda hər zaman iqtidarla müxalifətin ortaq məxrəcə gəldiyi bir nöqtə var ki, bu da ölkəmizin Avroatlantik məkana inteqrasiyası ilə bağlıdır. Biz hesab edirik ki, Azərbaycanın Avropaya inteqrasiyası ilk növbədə mədəni dəyərlərin uzlaşdırılmasından keçməlidir. Avroatlantik məkana inteqrasiya yolunda mədəniyyət vacib amillərdəndir. Bura həm siyasi mədəniyyət, həm idarəetmə mədəniyyəti, incəsənət, hətta adi məişət mədəniyyəti daxildir. Biz bu gün Azərbaycanda hələ də qalmaqda olan sovet kolxozunun təfəkkürünü dəyişərək Avropanın mədəni dəyərləri istiqamətində inkişaf etməyin yollarını axtarmalıyıq».

 

Namizədin fikrincə, Avrointeqrasiya sahəsində ən böyük maneə bəzi insanların hansısa mücərrəd dəyərlərdən danışması, inkişaf etməmək istəyini mentalitet, milli-mənəvi dəyərlər adı altında pərdələməyə çalışmasıdır. «Əsası Avropa və Rusiyanın qabaqcıl universitetlərində təhsil almış H.Zərdabi, M.F.Axundov, Ü.Hacıbəyov, Ə.Topçubaşov, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə kimi mütəfəkkirlər tərəfindən qoyulmuş azərbaycançılıq ideyasına söykənərək, Azərbaycan, Şərqdə ilk dünyəvi, demokratik cümhuriyyətin qurulmasına nail olub. Bir çoxları Şərqlə Qərb arasında çoxlu problemlər olduğunu, onların heç vaxt görüşməyəcəyi fikrini təkrarlamağı xoşlayırlar. Amma Azərbaycan çox vaxt bu iki sivilizasiyasının görüşmə, əməkdaşlıq yeri olub, Şərqdəki bir çox mədəni proseslərin önündə gedib. Vaxtilə Avropa Şərqdən bütün sahələrdə, hətta ən adi məişət səviyyəsində belə geridə idi. Qərbin dönüş nöqtəsi iki amillə bağlı oldu: 1-cisi İohan Qutenberqin çap maşınını ixtira etməsiylə, 2-cisi də Sarbonna, Boloniya kimi universitetlərin yaranması ilə. Avropada bu cür universitetlər yaranandan sonra təhsil, elm geniş xalq kütlələri arasında yayılmağa başladı. Orta təbəqə savadlandı. Məhz bu islahatlar nəticəsində Qərb Şərqi arxada qoydu. “İnsan azadlığına sayğı və tolerantlıq” Qərbi irəli aparan amillər oldu. Bizim məqsədimiz də məhz bu dəyərlərə yiyələnmək, onları analiz edərək çıxış yolları tapmaqdır. İnanırıq ki, Avroatlantik inteqrasiyaya yol Azərbaycan universitetlərindən və mədəniyyətimizin inkişafından keçir», - deyə DİP sədri əlavə edib. Seçiciləri populist çıxışlara aldanmamağa çağıran namizəd, mövcud problemlərin təkcə tənqidlə həll olunmayacağını ifadə edib: «Problemlər danışmaqla və ya onları ört-basdır etməklə həll olunmur. Hər bir tənqid müvafiq təkliflə müşayiət olunmalıdır. Problemlərdən sistemli islahatlar aparılmadan, müvafiq qanunvericilik bazası yaradaraq onları işlədən mexanizmin qurulmasına nail olmadan yaxa qurtarmaq olmaz. Biz azərbaycanlılar bir-birimizə düşmən münasibəti bəsləyərək problemlərdən qurtara bilmərik. Biz əl-ələ verərək mövcud çətinliklərdən qurtara bilərik. Bu gün bizi birləşdirəcək başlıca amil torpaqlarımızın işğal altında olmasıdır. Bu hər bir azərbaycanlını qarabağlı etməli olan məsələdir. Mən bu mənada nə iqtidaram, nə də müxalifət, mən qarabağlıyam”.

 

A.Mollazadə növbəti dəfə parlamentə seçilərsə, heç bir möcüzə yaratmayacağını dilə gətirib. «Möcüzə baş verməyəcək. Biz möcüzələri təhsilimizi artıraraq, özümüzü inkişaf etdirərək, əməyə daha çox bağlanaraq və nəhayət istedadlı, millətin gələcəyini düşünən insanlara dəstək verərək, bir-birimizin dostu olaraq yarada bilərik. Mənim arxam, dayağım xalqımdır, seçicilərimdir. Mən onlardan güc alıram və biliyimi, bacarığımı, enerjimi onlara xərcləməkdən məmnunam. Həmişə olduğu kimi, yenə də ölkənin taleyi üçün vacib olan qanunları dəstəkləyəcəyəm. İnsanlarımızın rifahı, sosial müdafiəsi uğrunda mübarizə aparacağam. Və ən əsası, seçicilərlə məmurlar arasında körpü olacağam və deputat mandatından məhz seçicilərin mənafeyi naminə istifadə edəcəyəm».

 

Sonra seçicilər öz fikirlərini bölüşüblər. Milli qəhrəman Kamil Mehdiyev deyib: «Heç kəs Asim Mollazadəni rüşvət almaqda, korrupsiyaya yol verməkdə, kasıbın cibinə girməkdə günahlandıra bilməz. Onun fəaliyyəti hər kəsə şəffafdır və o, istər həkim, istər ictimai xadim, istərsə də siyasətçi kimi həmişə xalqın tərəfində olub və Azərbaycanın səsinin dünyada eşitdirilməsində əvəzsiz xidmətlər göstərib. Mən bu xidmətlərinə görə Asim Mollazadəyə səs verəcəyəm və Nəsimi sakinlərini də onların səsini dünyaya eşitdirməyi bacaran adama səs verməyə çağırıram». 

 

Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi