Modern.az

Şəhidlər xiyabanındakı Türkiyə bayraqları niyə yığışdırılıb?

Şəhidlər xiyabanındakı Türkiyə bayraqları niyə yığışdırılıb?

Ölkə

16 Oktyabr 2009, 17:23

Oktyabrın 15-16-da Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin şərəfinə ucaldılan abidə ətrafındakı Türkiyə bayraqları yığışdırılıb. Şəhidlər Xiyabanının nəzarətçilərindən biri Mediaforum-a Türkiyə bayraqlarının yığışdırılması barədə bunları deyib: “Bunun səbəbi bizə məlum deyil. Oktyabrın 15-də Səbail Rayon İcra Hakimiyyətindən gəlib dedilər ki, bayraqlar yığışdırılacaq". Nəzarətçinin sözlərinə görə, gələnlər bayraqların yığışdırılması barədə qərarın olduğunu deyiblər. Onun sözlərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları oktyabrın 15-də və 16-da Şəhidlər Xiyabanında olublar, Səbail Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə danışıqlar aparıblar: “Türkiyə səfirliyinin hərbi attaşesi də burda olub”. Nəzarətçi deyib ki, abidə ətrafındakı bayraqlar burdan çıxarılandan sonra Türkiyə səfirliyinin əməkdaşlarına təhvil verilib. Abidə 1999-cu ildə qoyulub. Ətrafında Türkiyənin 12 bayrağı olub. 2008-ci il aprelin 25-də ölkə başçısı tərəfindən  “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Qanunu imzalayıb. Qanuna görə, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları bu yerlərdə qaldırıla bilər: xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları üzərində, habelə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərlərinin iqamətgahları üzərində; xarici dövlətin və ya beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri zamanı protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə; xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış gəmilər Azərbaycanın daxili sularında üzərkən və ya Azərbaycanın limanlarında dayanarkən həmin gəmilərdə; Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə. Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin iş otaqlarında; Azərbaycana səfər edən xarici dövlətin dövlət və ya hökumət başçısının, dövlət nümayəndə heyəti rəhbərinin, beynəlxalq təşkilatın nümayəndə heyəti rəhbərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilə bilər. Bu qanunda, habelə beynəlxalq hüquq normalarında və diplomatik protokol qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının Azərbaycanda qaldırılması və ya yerləşdirilməsi qadağandır. “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2008-ci il mayın 7-də isə imzaladığı fərmana əsasən, qanunun icrasına nəzarəti həyata keçirmək səlahiyyəti Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub