Modern.az

Ucqar kəndin müəllimi: “Yağış yağanda müəllimlər məktəbə çətinliklə gəlir” - MÜSAHİBƏ

Ucqar kəndin müəllimi: “Yağış yağanda müəllimlər məktəbə çətinliklə gəlir” - MÜSAHİBƏ

Müsahibə

26 Oktyabr 2015, 13:51

Azərbaycanın bəzi gəncləri müəllim kimi peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Gözdən-könüldən uzaqda olan kənd müəllimləri şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi…

Modern.az saytının budəfəki müsahibi pedaqoji fəaliyyətinə Kürdəmir rayon Mollakənd kənd orta məktəbində başlayan Araz Vəliyevdir.

-Əvvəlcə sizi tanıyaq...

-1988-ci ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuşam. 2005-ci ildə orta məktəbi bitirmişəm. Həmin il Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum,  universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdə olduğum 21 ay ərzində cəbhə bölgəsində leytenant rütbəsində tağım komandiri vəzifəsində xidmət edib, ehtiyata buraxıldım. Xidmətdən qayıtdıqdan sonra Mingəçevir şəhərində yerləşən “Araz” kurslarında tərbiyəçi müəllim vəzifəsində çalışdım. Kursların bağlanması ilə əlaqədar olaraq rayonumuza qayıtdım. Bu il müəllimlərin işə qəbulu üzrə Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim və öz istəyimlə Kürdəmir rayon Mollakənd kənd orta məktəbində pedaqoji fəaliyyətimə başladım.

-Gənc müəllimlər ucqar kənd məktəblərində işləməyə həvəsli deyillər, buna səbəb nədir? 

-Səbəb hər kəsdə fərqli ola bilər. Məsələn, qadın müəllimlər üçün evdən uzaqda işləmək daha çətin olur, nəinki kişi müəllimlərdə. Düşünürəm ki, buna səbəb yeni mühit, fərqli şərait və insanlara uyğunlaşa bilməməkdir. Kişi müəllimlər isə maaşın az olmasını əsas səbəb kimi göstərirlər. Nəzərə alsaq ki, ailəni saxlamaq vəzifəsi kişilərin öhdəsinə düşür, o zaman deyə bilərik ki, onlar öz düşüncələrində haqlıdırlar.
Ucqar kənd məktəblərində maaşların müəllimləri qane etməyəcək səviyyədə olduğu məlum məsələdir. Bu baxımdan da müəllimlər dərs saatı və əlavə müavinəti çox olan vakansiyaları seçməyə çalışırlar.



-Kənd məktəblərini şəhər məktəblərindən fərqləndirən başlıca amil nədir? İstər təhsil prosesində, istərsə də şərait baxımından.
 

-Kənd məktəblərində şərait şəhər məktəbləri ilə müqayisədə o qədər də ürəkaçan deyil. Hər bir müəllim istəyər ki, işlədiyi təhsil müəssisəsi bütün standartlara cavab versin. Kənd məktəblərində çalışan müəllimlər şəhər müəllimlərinə nisbətən daha fədakar olur. Şəhər müəllimləri bütün gücünü daha çox repetitorluğa sərf edirlər. Qaldı kənd məktəblərinin şəhər məktəblərindən başlıca fərqinə, deyə bilərəm ki, dərs dediyim Kürdəmir rayon Mollakənd kənd orta məktəbində ilk növbədə istilik sistemi yoxdur, bu da qış aylarında uşaqların sinif otaqlarında dərslə məşğul olmasında çox böyük çətinlik yaradır. Eyni zamanda, sinif otaqlarının yüksək səviyyədə olmamağı, məktəbdə internet resurslarının və internetə çıxışın yoxluğu deyərdim ki, uşaqların bir növ müasir cəmiyyətdən təcrid olunmasına şərait yaradır. Doğrudur, bunları bütün kənd məktəblərinə şamil etmək olmaz, elə yeni kənd məktəbləri var ki, oradakı şərait şəhər məktəblərindən heç də geri qalmır. Amma reallıqdır ki, kənd məktəblərinin böyük əksəriyyətində dərs şəraiti, maddi-texniki baza şəhər məktəblərindən qat-qat aşağı səviyyədədir.

-İlk dərs gününü necə xatırlayırsınız?

-İlk dərs gününün sentyabrın 15-də başlamasına baxmayaraq, bizim əmrimiz sentyabrın 1-dən artıq təyin olunduğumuz məktəbə göndərilmişdi. Buna görə də həmin kəndə daha tez getmişdim. Dərs günü başlayana qədər artıq Mollakəndin mühitinə uyğunlaşmışdım. İlk dərs günü həyəcanlı idim, düşünürəm ki, bu da təbiidir. 5-11-ci sinif şagirdlərinə dərs deyəcəkdim. Hərbidən ehtiyata buraxllan bir hərbçi olduğumu nəzərə alsaq, bəzi dəcəl şagirdləri idarə etmək mənə vahiməli gəlmirdi. Hər bir müəllimin digərlərindən daha çox sevdiyi şagirdləri olur, bu baxımdan, mən də yaxşı oxuyan şagirdləri daha çox sevirəm, bunu da gizlətmirəm.



-Dərsdən əlavə hansı işlə məşğul olursunuz?

-Vaxtımın böyük əksəriyyəti dərsdə keçir, sonra sabahkı günün dərslərinə hazırlaşıram. Qalan vaxtımda da məişət işləri ilə məşğul oluram. Dərsdən əlavə boş vaxtlarımda Kür çayına balıq ovuna gedirəm. Hər axşam isə məktəbin idman meydançasında idmanla məşğul oluram.

-“Gələcək, müəllimin əsəridir” bu fikirlə razısınız?

-Bəli razıyam. Çünki hər bir insan gələcəkdə uğur qazanmaq, cəmiyyətdə öz yerini tutmaq üçün ilk olaraq ailəsinə, daha sonra isə müəlliminə borcludur. Bu baxımdan müəllim gələcəyin yaradıcısıdır desək, heç də yanılmarıq. Uşaq beyni ağ kağız kimidir, nə öyrətsən onu da götürəcək. Ona görə də mən də öz növbəmdə çalışıram ki, şagirdlərə elmin sirlərini dərindən öyrədim.

-İndi isə şagirdlərin tədrisə münasibətindən danışaq. Kənd məktəblərində oxuyan bəzi şagirdlər məhz ali təhsil almaq üçün deyil, kənd mühitindən uzaqlaşmaq, özünə yeni şərait yaratmaq üçün təhsilini davam etdirməyə can atır. Siz necə düşünürsünüz, bu yanaşma doğrudurmu?

- Məktəbdə 100-dən artıq şagird təhsil alır, 25 müəllim isə dərs deyir. Məktəb köhnədir. Ancaq buna baxmayaraq, müəllimlər dərsdən kənar universitetə hazırlaşan şagirdlər üçün pulsuz məşğələlər keçirlər. Onların da əksəriyyəti valideynlərinə təsərrüfat işlərində kömək etdiklərindən elmdən, təhsildən uzaq düşüblər. Şagirdlər arasında 1-ci qrupa hazırlaşanlar daha çox üstünlük təşkil edir. Bəzi şagirdlər ixtisas qazanmaqla yanaşı, həm də şəhər mühitini görmək, həyatının müəyyən bir mərhələsini dəyişmək arzusu ilə ali təhsil almaq arzusunda olur, belə düşünənlər də deyərdim ki, əsasən qızlardır.



-Bəs, yaxşı aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz? Orada yəqin kirayədə qalırsınız...
 

- Dərs saatım çox olduğundan maaşım qənaətbəxşdir, müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra düşünürəm ki, məktəbdəki digər müəllimlərin də məvacibləri artacaq.

-Dərs dediyiniz məktəbdə valideynlər övladlarının təhsil almalarında nə qədər maraqlıdırlar?

-Dərs ili başlayandan cəmi bir dəfə şahidi olmuşam ki, hansısa bir valideyn öz övladı barədə yaxınlaşıb müəllimdən nəsə soruşsun.  

-Məktəbin və kəndin ehtiyacları əsasən nələrdir? 

-Məktəbin yenidən təmirə ehtiyacı var. Kənddə indiyəcən qaz olmadığından sinif otaqlarını odunla isidirik. Kəndin işıq dirəkləri köhnə olduğundan yağış, külək işıqları tez- tez söndürür. Qazlaşma prosesi isə hal-hazırda getmək üzrədir. Kəndə yağış yağanda müəllimlər məktəbə çətinliklə gəlir, sonra isə ayaqqabılarını dəyişirlər.

-Gənc müəllim kimi kənddə sizə münasibət necədir? 

-Kəndə gəldiyim ilk gün məni məktəb direktoru Təranə xanım qarşıladı. O, məni kəndlə və dərs deyəcəyim məktəblə tanış etdi. Mütəmadi olaraq da mənimlə maraqlanır və nə problemim olsa, imkan daxilində kömək etməyə çalışır. Kənddən özümə qarşı hansısa bir mənfi münasibət görməmişəm. Hətta qonşularım nədəsə çətinliyim olsa əllərindən gələn köməyi əsirgəmirlər.

Vüsalə Qəzənfərqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!