Modern.az

Qəhrəmanlar ölmür, bəs yaşaya bilirmi..?

Qəhrəmanlar ölmür, bəs yaşaya bilirmi..?

4 Noyabr 2010, 17:00

Sağ qalmış Milli qəhrəmanlarımız: onlar rəsmi tədbirlərə çağırılmır, aralarında “podvalda” yaşayan, içsiz, mühacirətdə olanlar da var


Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Gəray Əsədov, Mehdi Hüseynzadə…Bu adları xatırlayırsınızmı? Əlbəttə xatırlayırsınız.
Sovet İttifaqı Qəhrəmanı olan bu şəxslər ikinci dünya müharibəsində alman-faşistlərinə qarşı misilsiz qəhrəmanlıqlar göstəriblər. Azərbaycanın indi 25 yaşından yuxarı bütün vətəndaşları onları yadda saxlayıb…

Maşallah Abdullayev, Məhəmməd Həsənov, Mədəd Quliyev, Vahid Quliyev, Şahin Tağıyev… Bəs bu adlar sizə nə deyir? Xatırlaya bilmirsiniz? Çox pis…
…Azərbaycanın Qarabağ müharibəsi zamanı düşmənlə döyüşən igid oğulları kifayət qədər olub.  Könüllü batalyonlarda azğın ermənilərin cavabını layiqincə verən igidlərimiz qəhrəmanlıqlarını xalqın yaddaşına həkk edə biliblər. 10-15 il  bundan əvvəl hərbi əməliyyatlara köklənmiş ölkə hər gün cəbhədən yeni döyüş məlumatları alırdı. Qalibiyyətə sevinir, məğlubiyyətə kədərlənirdik. Döyüş isə “geniş ekranlı” filmlərdə getmirdi. Döyüşü aparan real insanlar idi… Deyirlər qızılın qiyməti onun ağırlığı ilə ölçülür. Müharibənin ağırlığı bizə kədər və əzab gətirməklə yanaşı, qəhrəmanlar da yetişdirib. Onların içindən düşmənlə döyüşdə göstərdiyi şücaətə görə 211 nəfərə Azərbaycan Respublikasının ən yüksək fəxri adı olan Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onlardan 193 nəfəri döyüşdə həlak olub. 18 nəfəri isə sağdır.

Müharibədən sağ qalan 18 qəhrəman barədə nədənsə çox az yazılır, az danışılır, az göstərilir. Sovet dövründə Sovet İttifaqı Qəhrəmanları az qala yarımallah kimi gəzirdilər. Onlara qoyulan hörmət, ehtiram az qala siyasi rəhbərliyə uyğun olurdu. Orta məktəb uşaqlarını dəstə-dəstə gətirib bu qəhrəmanlarla görüşdürür, qırmızı qalstuklu balaca pionerlər, bığ yeri yenicə tərləyən komsomolçular onlara heyranlıqla baxır, diqqətlə dinləyərdilər.. Evə qayıdan zaman isə tələsə-tələsə, nəsə son dərəcə mühüm bir hadisə kimi “ata, məktəbimizə Sovet İttifaqı Qəhrəmanı gəlmişdi” deyib təəsüratlarını həvəslə bölüşürdülər…

Hələ onların statusu… Sovet İttifaqı qəhrəmanları ən yaxşı kurortlarda dincəlir, ən yaxşı mükafatlar alır, onlar haqqında filmlər çəkilir, mahnılar bəstələnir, kitablar yazılırdı.
Bəs, bizim Milli qəhrəmanlarımız, onlar necə yaşayırlar?
Modern.az Azərbaycanın həyatda olan Milli qəhrəmanların vəziyyəti və yaşam tərzi ilə maraqlanıb. Mənzərə o qədər də ürəkaçan deyil.

“Məni heç bir rəsmi tədbirə dəvət etmirlər...”

İlk olaraq Milli Qəhrəman Maşllah Abdullayevi tapdıq. 1950-ci ildə anadan olan M.Abdullayev Goranboy uğrunda gedən döyüşlərdə fərqlənib.

Arayış üçün: 27 may 1950 -ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olan Abdullayev Neft Daşlarında işləyib. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, oranı bitirdikdən sonra 1975-ci ildə təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilib. Düşmənlərə qarşı mübarizə başlayanda M.Abdullayev də erməni quldurlarına qarşı mübarizəyə qoşulan ilk könüllülərdən olub. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərib. 1992-ci ildə respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilib. Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edib. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy rayon İcra Hakimiyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci tarixli fərmanı ilə Milli Qəhrəman adı verilib.
Hazırda bu rayonda yaşayan Milli Qəhrəman həyatından o qədər də razı görünmür. Dediyinə görə, rəmzi də olsa, Goranboy rayonunda  müharibə veteranlarının rəhbəridir. Milli Qəhrəman deyir ki, SSRİ vaxtındakı Sovet İttifaqı qəhrəmanlarına olan münasibətlə indiki Azərbaycan Milli qəhrəmanlarına göstərilən diqqət arasında böyük fərq var.

Mən təəssüf edirəm ki, bu yanaşmalarda belə böyük fərqlər var. SSRİ vaxtında qəhrəmanları elə təqdim edirdilər ki, hər bir məktəbli, gənc özünü onlara oxşatmaq, bu qəhrəmanların yolunu getmək istəyirdi. Çox təəssüflər olsun ki, bu  gün Azərbaycan cəmiyyətində Milli qəhrəmanların təbliği məsələsi çox zəifdir. Ümumiyyətlə arxa planda qalıb”-deyə M.Abdullayev vurğulayıb.  Onun sözlərinə görə, cəmiyyətdə vətənpərvərlik ruhunun artırılması üçün qəhrəmanların təbliği işi ciddi şəkildə dəyişməlidir. Belə laqeydlik həmçinin insanlar arasında vətənpərvərlik hissinin zəifliyni də ortaya qoyur.

Bizim təəccübümüzə rəğmən M.Abdullayev bildirib ki, yaşadığı rayonda onu nə rəsmi tədbirlərə, nə görüşlərə dəvət edirlər. Heç orta məktəblərə də çağırmırlar.
“Mən indiyə kimi heç bir rəsmi tədbirlərə dəvət almamışam. Xasiyyətim də belədir ki, çağrılmayan yeri dar eləmək istəmərəm. Dəvət almadığıma görə, tədbirlərdə iştrak etməmişəm”-deyə Milli Qəhrəman bir qədər ağrılı şəkildə danışır.

“Vetranların qayğısına qalmaq lazımdır, veteranın, döyüş adamın qayğısına qalınca, insanlar arasında ruh, torpaqlarımızı işğaldan azad etmək əzmi də yüksək olar” - deyə o vurğulayıb.

M.Abdullayevin qəhrəmanlığını əks etdirən heç bir kitab yazılmayıb, sənədli film çəkilməyib. Yalnız 1994-cü ildə çıxan “Goranboy qartalları” adlı kitabda onun barəsində yazı gedib.  Müxtəlif vaxtlarda isə qəzetlərdə xırda yazılar dərc edilib.

Qəhrəman sadə Goranboy camaatından narazı deyil. Onun sözlərinə görə, Goranboyda veteranlarla bağlı qarşıya çıxan problemlərin həllində həmişə öndə olub və bir çox problemləri həll edə bilib.
“İcra başçısı Goranboyludu. İşim düşəndə o məni həmişə eşidir” - deyə Milli Qəhrəman asta səslə danışır...

M.Abdullayev məmur özbaşınalığından şikayətçidi. Onun sözlərinə görə, yerlərdə məmurlar insanları, vətəndaşları çox incidirlər: “Mən səmimi demək istəyirəm. Bunun qarşısını almaq lazımdı. Bu məsələ çox qorxulu bir məsələdir, bu cür işlərə yol vermək olmaz”.

M.Abdullayev deyir ki, Mill qəhrəmanların bir istəyi var: Torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan dövləti bütövləşsin: “Biz vətənimizi, torpağımızı, insanlarımızı sevirik, biz bu ruhda köklənmişik”.
O, Milli qəhrəmanlardan yalnız döyüş yoldaşı olmuş digər goranboylu Məhəmməd Həsənovla tez-tez görüşür. Bundan başqa Mingəçevirdə yaşayan digər Milli Qəhrəmanla tez-tez zəngləşir.  

“Necə ola bilər ki, orta məktəblərimizdə gənclərimizə silah tutmağın qaydaları öyrədilməsin?”

Söhbət etdiyimiz digər Milli Qəhrəman Məhəmməd Həsənov da diqqətsizlikdən narazıdır.

Arayış üçün: 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olan M.Həsənov Kiyev Radio Elektronika Texnikumunu bitirib. "Kommunist" zavodunda işləyib.

1989-cu ildə Axundov adına Pedaqoji Dillər İnstitutuna daxil olub. 1991-ci ildən könüllü olaraq vətənin müdafiəsinə gedib. Mənəşli, Erkəc, Rus Borisi, Qaraçinar, Talış kəndlərində düşmənə qarşı mübarizə aparıb və rəşadət nümayiş etdirib. 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirib, 1994-2000-ci illərdə Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında baş müəllim işləyib. Polkovnik-leytenant rütbəsindədir. 2002-ci ildən Goranboy rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. İndi rayon 3 saylı orta məktəbin direktorudur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Həsənov  Məhəmməd Ələsgər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. 

M.Abdullayev kimi M.Həsənovu da rəsmi tərdbirlərə, görüşlərə dəvət etmirlər. “Sözun düzu mən indiyə kimi heç bir rəsmi tədbirə dəvət almamışam”-deyən Milli Qəhrəman gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksəldilməsi işinin orta məktəblərdə gəncələrə öyrətməyin vacib olduğu fikrindədir.

Milli Qəhrəman orta məktəblərdə hərbi hazırlıq dərslərinin mahiyyətinin dəyişdirilməsinin əleyhinədir.
“Mən əvvəllər Azərbaycanın ən böyük ali təhsil ocaqlarından birində hərbi kafedraya rəhbərlik etmişəm. O vaxtlar ali məktəblərə qəbul olunan gənclərin kifayət qədər hərbi hazırlıq bilikləri var idi. İndi isə orta məktəblərdə hərbi hazırlıq bilikləri deyil, bunun əvəzinə fövqəladə hallarla bağlı biliklər öyrədilir. Mən tərəfdarıyam ki, fövqəladə hal baş verəndə onun qarşısını almaq üçün biliklər öyrədilsin, amma hərbi hazırlıq dərsləri yüksək səviyyədə öyrənilməlidi. Bu gün Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Azərbaycanda müharibə hələ ki bitməyib. Necə ola bilər ki, orta məktəblərimizdə gənclərimizə silah tutmağın qaydaları öyrədilməsin?  Mən bunların əleyhinəyəm. Bu məsələlərin qarşısı alınmalıdı”-deyə M.Həsənov vurğulayıb.  
Vətənpərvərlik tərbiyəsinin vacib olduğunu deyən M.Həsənov bunun təməlinin qoyulması üçün ciddi işlərin aparılamsını zəruri sayır.

“Evsiz, işsiziəm.. “Podvalda” yaşayıram...”

Milli Qəhrəman Vahid Quliyev də özünün həyatından razı deyil..

Arayış üçün:1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olan V.Quliyev Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Bakıda "Ozon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində çalışıb. 1992-ci ildə isə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Ağdam istiqamətində gedən döyüşdə qəhrəmanlıq nümayiş etdirir, bir müddət orada döyüşdükdən sonra onu Qubadlıya göndərirlər. 1994-cü ildə  yenidən Ağdam bölgəsinə yollanır. V.Quliyev xidmətə başladığı gündən atəşkəs elan olunana qədər, düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Ali Hərbi Məktəbdə baş müəllim işləyib. 2002-ci ildə ordudan tərxis olunub.
Vahid Quliyevlə bağlı prezident fərmanında “öz muqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsində misilsiz xidmətlərinə görə” sözləri xüsusi diqqəti çəkir. Mərhum prezident Heydər Əliyevin 9 oktyabr 1994-cü ildə imzaladığı fərmanda belə qeyd olunub: “Kapitan Quliyev Vahid Həbibulla oğluna Azərbaycan Respublikası süverenliyinin və ərazi bütövlüyünün qorunmasında, vətənimizin torpaqlarının erməni işğalcılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsində misilsiz xidmətlərinə görə Milli Qəhrəman adı verilsin”.

Bizimlə söhbətdə Vahid müəllim özünün evsiz və işsiz olduğunu deyib. Şoka düşdüyümüzü görərək bildirib ki, vəziyyəti heç də ideal deyil. Canlı qəhrəman atəşkəsdən sonra unudulub. V.Quliyev deyir ki, heç bir rəsmi tədbirə, görüşə-filana çağırılmır. Onu yaşadığı həyətdə qonşularından başqa heç kim tanımır.
“Evsiz və işsizəm. Xidməti mənzil kimi verilmiş “podvalda” yaşayıram. İstəyirdim ki, “podvalı” özəlləşdirib satım ki, bir ev alım. Məlum oldu ki, xidməti mənzillər özəlləşdirilə bilməz”-deyə bir qədər əsəbi və çəkinə-çəkinə qəhrəman bildirib...

Milli Qəhrəman deyir ki, rəsmi idarələrdə onlara qarşı laqeyd münasibət bəsləyirlər.
“Rəsmi idarələrdə laqeydlik var bizə qarşı. Məmurlar bizə, problemlərimizə ögey münasibət göstərirlər. Yalnız Prezident bizə təqaüd ayırıb. Prezidentdən başqa bütün məmurlar Mili qəhrəmanlara isti münasibt sərgiləmirlər. İdarələrdə get-gələ salırlar”-deyə V.Quliyev narazı şəkildə danışıb.  
Onun barəsində də nə bir kitab yazılıb, nə də film çəkilib. “Vəziyyətimiz göz qabağındadır” - deyə bir qədər istehzalı tonda danışıb.

“Milli Qəhrəmanlara müəyyən statuslar, imtiyazlar verilməlidir”

Milli Qəhrəman Mədət Quliyev isə 1994-cü ildə Gəncə hadisələri zamanı əməkdaşları ilə birlikdə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəallığına görə Milli Qəhrəman adını alıb.

Qısa arayış: 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində anadan olan M.Quliyev 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində regional şöbənin rəisi vəzifəsində çalışıb. M.Quliyev 1994-cü ildə Gəncə hadisələri zamanı əməkdaşları ilə birlikdə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəallıq göstərib. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə Quliyev Mədət Qəzənfər  oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. 

1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2001-ci ildə həmin idarənin rəisi vəzifəsində çalışıb. 2002-ci ildə DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində işləyib. 2004-cü ildən İnterpolun Azərbaycan üzrə Milli Mərkəzi Bürosunun rəisi təyin edilib. Hazırda general - mayor rütbəsi ilə DİN-nin Baş Mühafizə İdarəsinin rəisidir.

Bizimlə söhbətdə M.Quliyev bildirib ki, bu gün cəmiyyətimizdə Milli qəhrəmanlara müəyyən statuslar, imtiyazlar verilməlidir: “Bunu maddi məsələlərlə əlaqələndirməyin əleyhinəyəm. Bu gün Milli Məclisin deputatı təyyarəyə minəndə VİP-dən keçir. Ancaq Milli qəhrəmanlara belə bir imtiyaz  şamil olunmur. Belə bir imtiyaz Milli qəhrəmanlara da şamil olunmalıdı. Kənardan baxan “keçən filan deputatdır” deyirsə, həm də deməlidir ki o biri də Milli Qəhrəmanımızdır”.

Milli Qəhrəmanın sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətində Mili qəhrəmanlara böyük etimad, inam, hörmət var.  “Dövlətimizin qayğısı, cənab Prezident İlham Əliyevin Milli qəhrəmanlara həmişə böyük qayğısı var və bunu biz Milli qəhrəmanlar hiss edirik”.

M.Quliyev hətta bizi bir qədər ümidləndirdi də... Onun sözlərinə görə həyatda olmayan Milli qəhrəmanlarin ailələri ilə bağlı xüsusi işlər aparılıb: “Yaxın zamanlarda onların statusu ilə bağlı ciddi məsələlərin olacağına ümidliyəm”.

M.Quliyev onu da bildirib ki, Milli Qəhrəmanların təbliğ olunması, cəmiyyətə tanıdılması daha çox Təhsil Nazirliyinin işidir. “Çünki bu məsələ orta məktəblərdən başlanacaq bir işdir. Müstəqil Azərbaycan dövlətinin yaşı, digər dövlətlərin yaşından çox azdır. Bu məsələ zaman-zaman öz həllini tapacaq. Ancaq bunların hamısına baxmayaraq, sürətlənmək lazımdır”-deyə Milli Qəhrəman söyləyib.

Milli Qəhrəman kimi bir çox tədbirlərə dəvət olunduğunu deyən M.Quliyev qeyd edib ki, onun barəsində konkret olaraq heç bir kitab çap olunmayıb və hər hansı bir filim çəkilməyib.

M.Quliyevin fikrincə, Milli qəhrəmanların təbliği mütləq orta məktəblərdəki dərsliklərdən başlamalıdı. “Orta məktəblərdə hər bir şagird bilməlidir ki, bizim Milli qəhrəmanlarımız var, onların keçdiyi tarix, yol örnək sayılmalıdır”-deyən general bu yöndə televiziyaların üzərinə də böyük yük düşdüyünü vurğulayıb.

“Şəhidlərlə, Milli qəhrəmanlarla bağlı ciddi fikirləşmək, tədbirlər həyata keçirmək  lazımdır. Bəzən efirdə hər hansı bir ölkənin 200 il bundan əvvəl anadan olmuş şəxsiyyəti, tanınmış adamları barədə məlumat verilir. Azərbaycanda Milli qəhrəmanların sayı o qədər də çox deyil. Olmazmı, bizim Milli qəhrəmanları da belə təqdim etsinlər?”

Mühacirətdə yaşayan Milli Qəhrəmanımız!

Xoşbəxtliyi qurbətdə axtaran Milli Qəhrəmanımız da var.. Bu Şahin Tağıyevdir.  

Arayış üçün: 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olan Ş.Tağıyev Bakı Energetika Texnikumunu bitirib. 1992-ci ildə yenicə yaradılmış "Qurtuluş" batalyonunun tərkibinə qatılıb. Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edir. 1992-ci ilin mart ayında "Qurtuluş" batalyonuna komandir təyin edilib. Polkovnik - leytenant Ş.Tağıyev torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərənlərdən biri olub.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Tağıyev Şahin Talıb oğluna "Azərbaycanın Milli  Qəhrəmanı" fəxri adı verilib.
Hazırda Norveçdə mühacirətdədir…
Onunla ancaq internet  vasitəsilə əlaqə saxlamaq olur…  

Belə, əziz oxucular. Biz sağ qalmış 18 Milli Qəhrəmanlardan bir neçəsi  haqqında danışdıq. Mənzərə o qədər də xoşagələn deyil. Qarabağ cəbhəsinin səngərlərində çoxdan atəş kəsilib, amma müharibənin soyuq küləyi hələ də əsməkdədir. Müharibə şəraitində olan Azərbaycan üçün vətənpərvərlik tərbiyəsinin təsir gücü onun praktik nəticələrindən asılıdır.

Cəmiyyət öz qəhrəmanlarına sahib çıxmalıdır. Sabah yenidən döyüşmək üçün…

Qısa xatırtlatma: “Azərbaycanın Milli Qəhrəmanı” statusu haqqında Azərbaycan Respublikasının Qanunu, 25 mart 1992-ci ildə qəbul edilib. Bu titulu daşıyan şəxslərin sosial durumlarına dair bir sıra fərmanlar olub. Bunlardan biri “Azərbaycanın Milli Qəhrəmanı” adı verilimiş şəxslərin və onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1995-ci il-də imzaladığı sərəncamdır. Bundan düz 10 il sonra isə daha bir fərman imzalanıb. “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaudunun təsis edilməsi haqqında” olan bu fərman prezidentinin 14 iyul 2005-ci ildə imzalanıb.

Xaqani SƏFƏROĞLU

P.S. Yazı “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz Ibrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusundaki bədii əsər ve publisitik yazi müsabiqəsinə təqdim olunur

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir