Modern.az

Qənirə Paşayeva seçicilərlə görüşləri davam etdirir ®

Qənirə Paşayeva seçicilərlə görüşləri davam etdirir  ®

Mədəni̇yyət

4 Noyabr 2010, 23:53


105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Girzan kəndinin sakinləri ilə görüşüb.

O, ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. “Bu 5 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım” - deyən Qənirə Paşayeva, bu illər ərzində seçicilərinin ona etimadının daha da artdığını nəzərə alaraq yenidən namizədliyini 105-ci dairədən irəli sürdüyünü deyib.

Ermənistan dövlətinin apardığını etnik təmizləmə, işğalçılıq siyasətinə toxunan Qənirə Paşayeva Ermənistanda yaşayan bacı-qardaşlarımızın 1988-ci ildə zorla öz torpağından, öz ev-eşiyindən qovulmasına da toxunub və bildirib ki, bu məsələnin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması istiqamətində görülən işlərdə o da bir millət vəkili kimi daim aktiv iştirak etməyə çalışıb. “Həmin illərdə Tovuzlular da qaçqın düşən qardaş-bacılarımıza qucaq açdılar, onlara dəstək oldular” - deyən millət vəkili, Ermənistandan qaçqın düşmüş xeyli sayda insanımızın bu gün Girzan kəndində yaşadığını və bir millət vəkili kimi onların problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığını deyib.

Son 5 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin öz həllini tapdığını deyən Qənirə Paşayeva bildirib ki, bu illər ərzində Girzanı narahat edən problemlərin xeyli hissəsi də öz həllini tapıb. “Girzan elektrik enerjisi ilə tam təmin olunur, kəndə qaz verilməsi ilə bağlı işlər gedir. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü olan Qənirə Paşayeva bildirib ki, Yaponiya səfirliyinin dəstəyi və maliyyəsi ilə kənddə yüksək səviyyəli tibb məntəqəsi tikilib ki, bu da Girzanın bu istiqamətdə probleminin həlli demək idi. Siz mənimlə görüşlərdə qaldırdığınız məsələlərdən biri iş yerlərinin açılması ilə bağlı idi. Rayonumuzda hər il açılan iş yerlərinin sayı daha da artır deyən Qənirə Paşayeva bildirib ki, bu məsələ dövlətin əsas prioritetləri arasındadır. Girzan kəndi daxil olmaqla bütün Tovuzlular üçün tarixi bir layihə, Girzan kəndi yaxınlığında su elektrik stansiyasının tikintisinə başlanılıb” deyən Qənirə Paşayeva vurğulayıb ki, rayon üçün tarixi əhəmiyyət daşıyan bu layihənin həyata keçirilməsi yüzlərlə rayon sakini, o cümlədən Girzanlının işlə təmin olunması deməkdir. Eyni zamanda su elektrik stansiyası istifadəyə veriləndən sonra yüzlərlə Tovuzlu daimi işlə təmin olunacaq və bu layihə rayonun inkişafına böyük dəstək deməkdir. “Bununla paralel olaraq Girzan kəndi və bütün Tovuzlular üçün vacib olan Tovuz-Girzan yolu da yüksək səviyyədə təmir olunacaq, Girzana yeni məktəb tikiləcək” deyən Qənirə Paşayeva bildirib ki, prezident İlham Əliyevin Tovuza böyük diqqət və qayğısı nəticəsində rayonun son 30 illik tarixində görülməyən işlər 5 il ərzində həyata keçirilib və rayon üçün tarixi əhəmiyyət daşıyan layihələr reallaşıb və reallaşmaqda davam edir.

Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə Girzan sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, qəsəbə sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə Girzan da daxil olmaqla Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki, Tovuz Televiziyası ilə birgə həm humanitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də Xatınlı kəndi də daxil olmaqla Tovuz rayonunda gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Liseyə daxil olan gənclərin sayının hər il surətlə artdığını bildirib: “Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb.

Qənirə Paşayeva Girzan kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub. Qənirə Paşayeva deyib ki, düz 25 illik fasilədən sonra Dövlət Filarmoniyasında Tovuz Aşıqlarının Konsertinin çox yüksək səviyyədə təşkil edə bilib ki, bu onun 5 illik fəaliyyətində ən çox zövq aldığı işlərdən biri olub. Tovuz Azərbaycan xalqının köklərinin bağlı olduğu aşıq musiqisinin mərkəzlərindən biridir, bu torpaq Azərbaycana və dünyaya böyük ustad aşıqlar bəxş edib deyən Qənirə Paşayeva gənclərin bu məktəbi yüksək səviyyədə davam etdirməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Birinci Xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinə dəstəyinin müsbət nəticələrindən danışan Qənirə Paşayeva deyib ki, gənc aşıqlarımızın üzərinə bu sənəti bütün dünyada yüksək səviyyədə təqdim etmək missiyası düşür və biz onlara dəstək üçün əlimizdən gələni etməliyik. Millət vəkili 5 illik fəaliyyəti dövründə Azərbaycanın qədim bölgələrindən biri olan Tovuzun tarixinin, abidələrinin, toponimlərinin araşdırılaraq yazılan kitabın çapına və çəkilən sənədli filmə də böyük məmnuniyyətlə dəstək verdiyini vurğulayıb və gələcəkdə də bu cür kitabların yazılmasına və sənədli filmlərin çəkilməsinə ehtiyac olduğunu deyib.

Qənirə Paşayeva 5 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib.

O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nikahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərərlərsə gələcək fəaliyyətində də bu məsələlər onun üçün vacib mövzulardan olacaq.

Görüşdə çıxış edən onlarla Girzan sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.





Seçki qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi