Modern.az

Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR

Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR

Reportaj

8 Noyabr 2015, 09:28

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə layihəni davam etdirir. 

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin təəssüratları təqim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə hər kəsin “Dəmir ledi” kimi tanıdığı Böyük Britaniya tarixində yeganə qadın baş nazir olmuş Marqaret Tetçerin Bakı səfəri haqqında danışacağıq.

Marqaret Tetçerin qızlıq adı Hilda Robertsdir. Tetçer 1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olub. Varlı ailəsi olmayan uşaqlar atalarına baqqal dükanında kömək ediblər. Beləliklə, Marqaret lap uşaq yaşlarından əməyə alışıb. Məktəbi əla qiymətlərlə bitirən Marqaret Oksford Universitetinə qəbul olunub. Eyni zamanda fəal siyasətə qoşulub. 1959-cu ildə parlamentə üzv seçilən Marqaret 1975-ci ildə Mühafizəkarlar Partiyasına rəhbərlik etməyə başlayıb. 1979-cu ildə seçkilərdə qələbə qazanaraq, 1990-cı ilə kimi Britaniya hökümətinə rəhbərlik edib.

“Dəmir ledi” 2013-cü il aprelin 8-də insult səbəbindən vəfat edib.

Böyük Britaniyanın sayca 71-ci baş naziri olmuş “Dəmir ledi” 1992-ci il sentyabrın 7-8-də Bakıda qeyri-rəsmi səfərdə olub. Marqaret Tetçer həmin vaxt baş nazir deyildi, amma Böyük Britaniyanın bütün dünyada qəbul edilən dövlət adamı, siyasi xadimi idi.

Tetçer sentyabrın 7-də Bakıya səfəri zamanı o zamanki prezident Əbülfəz Elçibəylə görüşüb, sonra "Çıraq" yatağında və perspektivli "Şahdəniz" sahəsində ehtiyatların dəqiqləşdirilməsi və hazırlıq işlərinin aparılması haqqında Azərbaycan hökuməti ilə İngiltərənin "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri arasında sazişin imzalanması mərasimində iştirak edib.

Tetçerin o zaman yenicə müstəqillik qazanmış  Azərbaycana səfəri rəsmi Bakı üçün unudulmaz hadisə olub.

O zaman SSRİ-nin dağılmasından cəmi il yarım keçirdi və müstəqil Azərbaycan Respublikası Sovet İttifaqının ən barışmaz əleyhdarlarından biri hesab olunan siyasətçini qəbul edirdi.



İlk dəfə Bakıya gələn Marqaret Tetçeri hava limanında o vaxtkı parlamentin spikeri İsa Qəmbər qarşılayıb. Pilləkəndən enən Tetçer təmkinli bir şəkildə hökumət üzvləri ilə salamlaşdıqdan və qısa söhbətdən sonra paytaxta yola düşüb.

Keçmiş baş nazirin Azərbaycana səfəri ərəfəsində onun ətrafında olmuş əcnəbi jurnalist Jemin təəssrüatlarını belə ifadə edib:

“Mənə Tetçeri qarşılayıb yola salan, onu yaxından müşahidə edən və maraqlı detalların şahidi olan jurnalistlər arasında olmaq xoşbəxtliyi nəsib oldu.

Bakı aeroportundakı təlaşı və yüksək vəzifəli qonağa sual vermək imkanlarını, həmçinin ona necə müraciət etmək lazım olduğunu uzun-uzun müzakirə etdiyimizi xatırlayıram.

Ledi Tetçeri (onu belə adlandırmaq qəbul olunmuşdu) parlamentin spikeri İsa Qəmbərin rəhbərliyi ilə AXC hökuməti qarşılayırdı”. 

Jurnalist xatırlayır Tetçerin səfəri BP-nin hamiliyi ilə keçirilən biznes forumuna həsr olunmuşdu və “Dəmir ledi” Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirilən bu forumda çıxış edib.

“Onun nitqi Qərbdə Azərbaycana verilən əhəmiyyətə və beynəlxalq siyasətdə neftin roluna həsr olunmuşdu.
Lakin Tetçerin müstəqil Azərbaycanda və Xalq Cəbhəsi hökumətinin dəvəti ilə çıxış etməsi faktı sıçrayış, gələcək neft layihələrinin imzalanması istiqamətində mühüm addım kimi qəbul edilirdi. Mübaliğəsiz demək olar ki, məhz həmin vaxt Elçibəy hökuməti iki il sonra imzalanacaq “Əsrin müqaviləsi”nə imkan verən həlledici addımlar atdı”.

“Dəmir ledi”nin şərəfinə Bakıdakı “Gülüstan” sarayında ziyafət təşkil edilib.



““Gülüstan” sarayında təntənəli qəbul zamanı prezident Elçibəy Tetçerlə ilk dəfə görüşürdü. Azərbaycan prezidentinin necə həyəcan keçirdiyi yaxşı yadımdadır. Yaxın keçmişdə dissident olmuş bu şəxs Marqaret Tetçeri qarşılayarkən emosiyalarını gizlətmirdi. Hiss olunurdu ki, adətən təmkinli və ciddi olan “Dəmir ledi” özü də keçmiş SSRİ məkanında ilk qeyri-kommunist liderlə maraqla və simpatiya ilə görüşür.

“Gülüstan”da daha bir gözəl görüş baş tutmuşdu. Hökumət üzvlərindən biri (səhv etmirəmsə, Nəcəf Nəcəfov) təntənəli görüşə futbol üzrə 1966-cı il dünya çempionatı finalının hakimi Tofiq Bəhramovu dəvət etməyi və onu Marqaret Tetçerlə tanış etmək təklifi irəli sürdü. Təmkinli və gülümsəyən Bəhramov yüngül yerişlə Tetçerə tərəf yaxınlaşdı, İsa Qəmbər isə məmuniyyətini gizlətmədən və ona məxsus yumor hissi ilə qonağı təqdim etdi.

“Bax, bu insanın fiti olmasaydı, siz ingilislər 1966-cı ildə “Qızıl ilahə”ni görməzdiniz, madam Tetçer!”, - deyə İsa Qəmbər barmağı ilə Bəhramova işarə etdi. Bu sözlərin tərcüməsini dinləyən Tetçer də daha böyük emosionallıqla dedi: “Bəli! Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!”.

O zaman mən həmsöhbətlərdən təxminən iki metr məsafədə durmuşdum və Bəhramova başqa suallar verən və minnətdarlıqla onun əlini sıxan Tetçerin səmimi marağını gördüm”, - deyə jurnalist o məşhur hadisəni xatırlayıb.



Bakını tərk etməzdən əvvəl Tetçer Azərbaycan televiziyasına müsahibə də verib. Müsahibəsində o, ermənilərin Şuşa və Laçını işğal etməsini pisləyib, demokratiyanın və iqtisadi islahatların inkişaf etdirilməsi zərurətini, müstəqilliyin baha başa gəldiyini, amma buna dəydiyini qeyd edib.

Tetçerin Əbülfəz Elmçibəyə təşəkkürü isə belə olmuşdu: “Prezidentdən Bakıda ən yaxşı mövsümün nə vaxt olduğunu soruşdum, o isə sentyabr və may aylarının olduğunu dedi. Sentyabrda artıq sizə gəldim, mayda da gələcəyəm. Amma bundan əvvəl prezidentinizi Londonda salamlamaq istərdim”.

Lakin Elçibəyə Londona səfər etmək qismət olmadı. Neft müqavilələrinin imzalanması üzrə böyük işlər 1993-cü ilin iyununda - onun hakimiyyətdən getməsilə pozuldu.

O zaman parlament sədri olmuş İsa Qəmbər “Dəmir ledi”nin Azərbaycana gəlişini belə xatırlayır:

“Marqaret Tetçer çox böyük bir siyasət, dövlət adamı idi. XX əsrin ikinci yarısında dünya siyasətini müəyyənləşdirən şəxslərdən biri idi. Güclü iradə sahibi olan Marqaret Tetçerin “Dəmir ledi” adlandırılması da təsadüfi deyil. Tetçer nə istədiyini bilən, nə istədiyinə doğru qətiyyətlə irəliləyən bir dövlət xadimi idi.

Azərbaycana baxışlarına gəldikdə isə onun Elçibəy hakimiyyətinin ilk ilində - 1992-ci ilin sentyabrında Azərbaycan gəlməsi müstəqilliyini yeni bərpa edən bir ölkə üçün böyük dəyər idi. Təbii o, Bakıda İngiltərənin maraqlarını təmsil edirdi.

Ancaq mən açıq-aydın hiss edirdim ki, xanım Tetçer Azərbaycanın dövlət müstəqilliyinin, qanunların hamı üçün bərabər olmasını, Azərbaycanın çağdaş dünyanın bir hissəsinə çevrilməsini istəyir. Mən o zaman Milli Məclisin sədri kimi həm Marqaret Tetçerin qarşılanma və yola salınma mərasimlərində iştirak etmişdim, həm onunla təkbətək söhbətimiz olmuşdu. Çox fərqli bir insan idi”.



Qısa müddətlik səfər çərçivəsində Marqaret Tetçeri Bakı ilə tanış etmək də unudulmur. Protokolun bir hissəsi kimi madam Tetçer İçərişəhərə aparılır, Şəhidlər Xiyabanında olur, dənizi seyr edir.

Tetçerin prezident Əbülfəz Elçibəylə də görüşü çox yaddaqalan olub. Hətta Bakı səfərindən sonra mərhum prezidentin Tetçerlə çox yaxşı münasibətləri formalaşıb.

Mərhum eks-prezidenri Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin Bakıya səfərinin canlı müşaiyyət edənlərdən olub. O.Qasımovun Modern.az-a dediklərindən:

“Marqaret Tetçerin Bakıya səfəri indiki kimi yadımdadır. O Azərbaycanın dəvəti, həm də BP şirkətinin səyləri nəticəsində Bakıya gəlmişdi. Bildiyimiz kimi məqsəd İngiltərəyə məxsus şirkətlərin fəaliyyətini araşdırmaq, o cümlədən yeni müstəqillik qazanmış Azərbaycandakı vəziyyəti dəyərləndirmək idi.

Tetçer səfər zamanı Azərbaycanın dövlət rəsmiləri və o cümlədən prezident Əbülfəz Elçibəylə görüşmüşdü. Elçibəylə görüşündə Tetçer özünü çox səmimi aparırdı. Onun Elçibəylə görüşünü xatırlayıram. Görüş bizim üçün çox maraqlı və faydalı keçdi.
O danışığı, oturuşu, duruşu ilə fərqlənirdi. Tetçer görüşündən sonra Əbülfəz Elçibəyi sovet məkanında ən böyük demokrat kimi dəyərlənidirmişdi. Mən o zaman prezidentin köməkçisi kimi rəsmi görüşdə iştirak etməsəm də, Tetçer Bakıya gələndə qeyri-rəsmi olaraq onu görmüşdüm. Sözün əsl mənasında Tetçer “Dəmir ledi” idi”.

O.Qasımovun sözlərinə görə, Bakı görüşündən sonra Tetçerlə Elçibəyin yaxşı münasibətləri yaranıb.

“Elçibəy onun fəaliyyətinə yüksək qiymət verirdi. Onların xoş münasibətləri qarşılıqlı idi. Tetçeri unudulmaz siyasətçi, səmimi insan kimi xatırlayıram”.

O zamanki prezidentin mətbuat katibi Niyazi İbrahimov səfər sonrasında jurnalistlərə açıqlamasında Marqaret Tetçerin Azərbaycana dəvət olunmasının əsas səbəblərinin ölkədə gedən dəyişikliklərin beynəlxalq müstəviyə çıxarılması və xarici investorların Azərbaycana cəlb edilməsi olduğunu qeyd edib.

Marqaret Tetçer Bakıda olarkən fürsət tapıb Azərbaycan Tarixi Muzeyini də ziyarət edib və buradakı eksponatlar haqqında ona ətraflı məlumat verilib.

Tetçerə bu səfər zamanı Bakıdan xatirə kimi üzərində dahi şair Nizami Gəncəvinin portreti əks olunmuş kiçik bir xalça da hədiyyə edilib. “Dəmir ledi” məşhur şairin 850 illik yubileyi münasibətilə toxunmuş xalçanı özü ilə İngiltərəya apararaq şəxsi kolleksiyasına daxil edib.
 







Aytən ZƏHRA

***

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
//modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
//modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” – LAYİHƏ
//modern.az/articles/85561/1/

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ
//modern.az/articles/86485/1/

Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı? - LAYİHƏ
//modern.az/articles/87046/1/

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi – LAYİHƏ
//modern.az/articles/88189/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi