Modern.az

“Sərdar Cəlaloğlu ədəbazlıq, Mirzə Sakit isə kafirlik edir” - MÜSAHİBƏ

“Sərdar Cəlaloğlu ədəbazlıq, Mirzə Sakit isə kafirlik edir” - MÜSAHİBƏ

Müsahibə

10 Noyabr 2015, 11:20

Eldəniz Quliyev: “Arvad nə qədər dindar olsa, o qədər yaxşıdır”

“Ac qalmamaq üçün məcbur olub at ətini yedim”

Modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti müsahibi Milli Şuranın üzvü Eldəniz Quliyevdir. Onunla söhbəti təqdim edirik:

- Eldəniz bəy, bəzən belə fikirlər səslənir ki, din barəsində ancaq ilahiyyatçılar və din xadimləri danışa bilərlər. Bəzi dindar kəsimlərdə streotipə çevrilmiş bu düşüncə doğrudurmu?

- Din elə bir sahə və mövzudur ki, hər bir insan bu geniş mövzu ətrafında ən aşağısı düşünməlidir. İnsanlar dinin nə olduğu barədə fikirləşməlidir. Obrazlı götürsək, mənim aləmimdə insan heykəltaraşın yonacağı bir daşdır. Bu mənada dinin ən ali məqsədlərindən biri daşa bənzəyən insanları yonub onu insaniyyətə gətirməkdir. Yəni ki, insan xeyirxah olmalı, özünü başqalarının istədiyi qədər istəməli, pislik, mərdiməzarlıq etməməli, kimisə öldürməməlidir.

Səmavi dinlərdə də öldürmək qadağan olunur. İnsan isə hələ tam yonulmamış canlıdır. Din Adəm övladını yonub insaniyyətə gətirir. Ona görə də din aləmindəki proseslər hamını düşündürməlidir. O cümlədən də məni.

- Sizi bu qədər düşündürdüyünə görə, yəqin ki, səmavi kitablarla maraqlanmısınız.

- Bəli. Mən “Quran”ı da, “İncil”i də, “Tövrat”ı da oxumuşam. Ancaq öz səviyyəmdə mütaliə eləmişəm.

- Bu, mütaliələr Eldəniz Quliyevi ibadətə sövq edibmi?

- Mən öz daxilimdə həmişə ibadət edirəm. İbadət Allahla öz daxilimdə olan məsələdir. Mənim öz dualarım var. Heç vaxt onları bərkdən, ya da pıçıltı ilə deməmişəm. Mən hər gün bu duaları edirəm. Bu, mənim Allahla ünsiyyətimdir.

- Özünəməxsus dualarınız olduğuna görə, yəqin ki, onlar ritual xarakterli deyil.

- Elədir. Mənim dualarım “Quran”da yazılan, hədislərdə buyurulan dualardan fərqlidir. Amma söz və forma etibarı ilə fərqli olsa da, mahiyyət etibarı ilə eynidir.

- Ehtimal ki, o duaların nədən ibarət olduğunu deməyəcəksiniz.

- Mən Allaha həmişə minnətdar olmuşam. Allahın göndərdiyi nemətlərə şükür edirəm. Övladlarımın, nəvələrimin, azad, xoşbəxt, ləyaqətlə yaşamağını arzulayıram. Azərbaycanın firəvan olmasını arzulayıram. Təxminən, bu mövzularda dualar edirəm. Mənə elə gəlir ki, niyyət elədiyim bir çox şeylər Allahın köməkliyi ilə yerinə yetirilib, arzularım gerçəkləşib.

- Hər bir insanın dinə dair müxtəlif fikirləri var. Maraqlıdır, Eldəniz Quliyev dinin müqəddəsliyinə inanır?

- Bəli. Mən bayaq dediyiniz səmavi kitabların hamısının müqəddəs olduğuna inanıram. İndi bəziləri dinə küfrlə yanaşır. Elə məsələlər var ki, onu bizim şüurumuz dərk etmir. İnsan Allahın mövcudluğunu qəbul etməyə məhkumdur. İnsan hər addımda möcüzə gözləyir, amma möcüzələrin içərisində yaşadığını görmür. Necə olur ki, bu qədər şeylər, bütün kainat nizamlı şəkildə yaranıb?! Bunlar hamısı, elə insanın özünün də dünyaya gəlməsi ən böyük möcüzədir. Allahın var olmasını inkar etmək olmaz. İnkar edə bilmiriksə, onun göndərdiyi peyğəmbərləri, müqəddəs kəlamları qəbul etməliyik.

- Müəyyən dini ayinlər var ki, onlar birmənalı qarşılanmır, hətta böyük mübahisələrə də yol açır. Onlardan biri də Aşurada zəncir vurmaq, baş yarmaqdır. Sizin dini adət-ənənələrə münasibətiniz necədir?

- Mən ritualların hamısını dini adət-ənənəyə aid etməzdim. Dini adət-ənənələr mental dəyərlədir. Zəncir vurmaq, baş yarmaq isə dinə parodiyadır. Kimsə özünə əzab verib nəyisə sübut etməyə çalışırsa, bu, əlbəttə ki, mübahisələrə yol açacaq. Baş yarmaqdansa, gedib hansısa kimsəsizə kömək etmək qat-qat savabdır. Bu gün imam Hüseynin xatirinə zəncir vurub, baş yarıb, sabah hansısa haqsızlığa göz yumursa, demək ki, onun etdikləri parodiyadır. Baş yarmaq, özünə əzab verməkdə səmimi bir şey yoxdur. Bu, yalnız yamsılamadır.

- Sovet dövründə təhsil almısınız. Elmi ateizm sizin fikirlərinizə təsir edirdimi?

- Mən həmişə elmi ateizmə ironiya ilə baxmışam. Düzdür, ateizmin özündə bir məntiq var. Amma bu məntiq özünün daha böyük məntiqsizliyini inkar etmək üçündür. Mən elmi ateizmin doğru olduğuna inanmamışam. 

Dərslərdə həmin fənnə qulaq asırdım, amma eşitməyə çalışmırdım. Çünki mən lap uşaqlıqdan Allahla ünsiyyətdə olmuşam. Mən uşaqlıqda da, gəncliyimdə də oruc tuturdum. Amma özünəməxsus formada.

- Bu özünəməxsusluq nədən ibarət idi?

- Oruc təkcə ac qalmaq demək deyil. Onun duası, namazı, müxtəlif vacib olan ritualları var. Amma mən səmimi deyirəm ki, bəzi mütləqliklərdən qaçmışam. Əsas insanın niyyətinin, ürəyinin təmiz olmasıdır. Amma namaz, oruc insanın pis əməllərdən təmizləmək cəhdidir. Amma etiraf edirəm ki, heç bir zaman namaz qılmamışam.

-Hamı sizi dindar kimi tanıyır, şəxsən mən elə bilirdim ki, Həccə də getmisiniz.

-Yox, Həcc ziyarətində olmamışam. Mənim maddi cəhətdən buna imkanım olmayıb. Bundan başqa özümü bu müqəddəs ziyarətə hazır görmürəm.

- Niyə?

- Bu, çox məsuliyyətli işdir. Təyyarəyə, ya da avtobusa minib gedib oranı ziyarət etmək kifayət deyil. Bunun dərinliyini, məsuliyyətini dərk etmək lazımdır. Həcc ziyarəti o qədər ləyaqətli, şərəfli bir işdir ki, bunu ora gedənlərin 90 faizi anlamır. Bir insan həqiqətən özünü tam təmiz hesab eləməmiş Həcc ziyarətinə getməli deyil. Sözün doğrusu,  Həcc ziyarətinə getmək üçün özümü hazır saymamışam.

- İndinin özündə də?

- Bəli. Mən hesab edirəm ki, insan yaxşı yaşamaqdan daha çox düz yaşamalıdır. Həcc ziyarətinə gedib-gələnlərin çoxunun pis əməlləri göz qabağındadır. Mən eyni zamanda bütə sitayişə də qarşıyam. İslam dininin özü də ilk vaxtlar bütpərəstliyə qarşı mübarizə aparıb. Bəzi hacılar isə Həcc ziyarətini bütə çevirib. Həccə getmək üçün insan ləyaqət zirvəsinin ən yüksək mərtəbəsində olmalıdır.

- Atanız, ananız dindar idilərmi?

- İndi hər ikisi rəhmətə gedib. Anam namaz qılan idi. Atam isə ibadət etmirdi. Atam həmişə bizim üçün dini kitablar mütaliə edərdi. O deyərdi ki, din insana əxlaq verir.

- Bayaq da dedim. Siz cəmiyyətdə daha çox dindar bir siyasətçi kimi tanınırsınız. Üzünüz həmişə dindar kimi saqqallı, əlinizdə də dini simvollu bir üzük.

- Bu, mənim formamdır. Mən belə formaya üstünlük verirəm. Amma dindar deyiləm. Mən həmişə dəyərlərin qorunması uğrunda mübarizə aparmışam. Qoy dostlarımız məni elə dindar kimi tanısınlar.

- O biri dünya anlayışı sizdə hansı təəssüratı yaradır?

- Şəxsən mən cənnət və cəhənnəmin mövcud olduğuna inanıram. Mən inanıram ki, insan metafizik enerjidir. Bu enerji isə ölümlə bitmir. Paralel dünyanın olduğunu qəbul edirəm.

- İslam dinində ierarxikliyə əsaslanan statusların olması düzgündürmü?

- Dinin idarə olunması üçün hər hansı bir ierarxik nərdivan lazımdır. Amma mənim üçün ən böyük şeyx yetimin başına sığal çəkəndir. Mənim üçün ən böyük molla, axund köməksiz adama əl uzadandır. Heç kimə ixtiyar verilmir ki, digərinə yuxarıdan aşağı baxsın. Mənə elə gəlir ki, dini ierarxik pilləkən xristianlıqda daha düzgün qurulub.

- Sizin xanımınız, tanınmış aktrisa Xalidə Quliyeva İranda bir neçə dini motivli filmə çəkilib. Bu, sizdə narazılıq yaratmadı ki?

- Qətiyyən. Mənim həyat yoldaşım namaz qılandır. Özü də Məşhəd ziyarətində olub. Arvad nə qədər dindar olsa, o qədər yaxşıdır.

- Sizi də namaz qılıb, ibadət etməyə dəvət edirmi?

- Bizim artıq formalaşmış həyat tərzimiz var. O din yolunu, mən isə dindarlara, dinə hörmət yolunu seçmişəm.

- Belə bir sual verim: Həyat yoldaşınız sizinlə evlənəndə dindar idi, yoxsa sonradan dindar oldu?

- O, sonradan dindar oldu. Xanımım hər gün namazını qılır və elementar dini ayinləri icra edir.

- Donuz əti ilə bağlı fikirlər müxtəlifdir. İslam dini bu heyvanın ətini haram buyursa da, müsəlman dünyasında onun ətini yeyənlər də az deyil. Siz donuz əti yeməyə necə baxırsınız?

- Mən yaxşı baxmıram. Elm də sübut edir ki, donuz ətində bakteriyalar çoxdur və bu insan orqanizmi üçün çox zərərlidir.

- Nə vaxtsa, donuz ətini yemisinizmi?

- Mən donuz ətini heç vaxt sevməmişəm Özü də sırf dinin haram buyurduğuna görə yox. Ona görə ki, sadəcə olaraq xoşlamamışam. Mən Ukraynada hərbi xidmətdə olmuşam. Orada at əti verirdilər. Əvvəllər yemədim. Lakin sonradan ac qalmamaq üçün məcbur olub at ətini yedim Gördüm ki, o qədər də pis deyil. Əsgərlikdə donuz əti də verirdilər, amma mən heç vaxt onu yemədim.

Kolbasalara donuz əti vurulur. Etiraf edim ki, donuz əti olan kolbasaları isə yeyirəm. Yəqin ki, Allah bu günahımdan keçər.

- Sərdar Cəlaloğlu dinlə məşğul olur.  Sərdar Cəlaloğlu “Quran”a elmi izah yazdığını deyir. Sizcə, o siyasətlə məşğul olmalıdırlar, yoxsa din barədə də nəsə deməyə haqqı var?

- Bu adam haqqında danışmaq istəməzdim. Amma bir-iki kəlmə deməyim yerinə düşər. Əvvəla, hörmətli Sərdar Cəlaloğlunun son bir neçə ildə verdiyi açıqlamalar adama təəccüblü və qəribə gəlir. Onun həm siyasət, həm də şairlərlə bağlı dedikləri birmənalı qarşılanmır. İndi isə dinlə bağlı açıqlamalar verir. Ona bir qardaş məsləhəti verirəm. Yaxşı oları ki, o gedib nəvələri ilə məşğul olsun. Getsin, evində, bağında ağaclara qulluq eləsin.

- Amma nəhayətdə, o dini təbliğ edir. Burda qəbul eləmədiyiniz nədir?

- Mən onun dindar olduğuma inanmıram. Dindardırsa, bu, formal xarakter daşıyır. Onun dedikləri ədəbazlıqdır. Ədəbazlıq nə siyasətçi, nə də dindara yaraşır. Yaxşı olardı ki, Sərdar Cəlaloğlu pensioner kimi gedib Bakı bulvarında həmyaşıdları ilə şahmat, nərd oynasın.

- Satirik şair Mirzə Sakit isə dini təbliğ etmir, daha çox dinə qarşı sərt açıqlamalar verir. Onun mövqeyini necə şərh edərdiniz?

- Mirzə Sakit nəyin bahasına olursa-olsun gündəmdə qalmaq istəyir. Onun təbiəti, xasiyyəti budur. Şairlər nəsə yaza bilməyəndə, onda kompleks yaranır. Mirzə Sakit də bu qabiliyyəti itirdiyinə görə, dinə sataşır. Mirzə Sakit sadəcə kafirlik edir. O, dini, Allahı təhqir edir. Bununla gündəmdə qalmaq istəyir. Mirzə Sakit artıq tərbiyəsizlik edir. Mən nə zamansa, onun yaxşı şeir yazdığını danmıram. Amma istedadı bitəndən sonra, bu cür tərbiyəsizlik etməyi çox mənfi bir haldır. Mirzə Sakit inanclı adamları təhqir edir.

- Sizin onunla Facebook-da konfliktiniz də olmuşdu...

-Birinci, o başladı hər şeyi. Lakin mən yenə də susurdum. Amma onun Allah təhqir etməyi artıq məni əsəbiləşdirdi. İkinci bir tərəfdən, hakimiyyətə yarınan yaltaq qrupların mənafeyindən çıxış edirdi. Mən yenə də bunu dava həddinə çatdırmadım. Sonra başladı mənə təhqirlər yağdırmağa. Bununla da aramızda problem yaşandı.

- Çox sağ olun Eldəniz bəy. Təşəkkür edirik.

-Siz də sağ olun.

Aqşin KƏRİMOV

***
Həmçinin oxu:

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
//modern.az/articles/81291/1/

““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” - MÜSAHİBƏ
//modern.az/articles/81123/1/

Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” - MÜSAHİBƏ
//modern.az/articles/80501/1/

Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - MÜSAHİBƏ
//modern.az/articles/80918/1/

“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” – MÜSAHİBƏ
//modern.az/articles/82623/1/

“Dediklərim Allaha xoş getmirsə, qoy vurub məni öldürsün” - MÜSAHİBƏ
//modern.az/articles/83027/1/

“Darvinin nəzəriyyəsinə ciddi cavab verə biləcək bir elmi nəzəriyyə yoxdur” - MÜSAHİBƏ
//modern.az/articles/83913/1/

Sərdar Cəlaloğludan qalmaqallı MÜSAHİBƏ: “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”
//modern.az/articles/88433/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir