Modern.az

Kəlbəcərin 80 kilometrliyindəki kənddən REPORTAJ

Kəlbəcərin 80 kilometrliyindəki kənddən REPORTAJ

Reportaj

13 Noyabr 2015, 18:23

Kənd sakini: “Əsgərlərimizə arxayınıq, ona görə də burada, Kəpəzin döşündə rahatıq”; Toğana kəndinin sakinləri yol və qaz çəkilişi ilə bağlı müraciət etdilər

Göygöl rayonundan üzü Kəlbəcərə aparan mərkəzi yol Toğana kəndinin düz ortasından keçir. Bu kənddən 22 ildən çoxdur erməni işğalı altında olan Kəlbəcərin mərkəzinə qədər olan məsafə cəmi 80 km-dir. Toğananın, ümumən ətraf yaşayış məntəqələrinin Azərbaycan üçün nə dərəcədə mühüm strateji əhəmiyyət kəsb etdiyini əsaslandırmaq üçün bircə faktı xatırlamaq kifayət edər:

1991-ci ilin məşhur Çaykənd əməliyyatı da bu ərazilərin mənfur ermənilərdən təmizlənməsinə hesablanmışdı və uğurla başa çatdırıldı. Bu gün də Toğana camaatı həmin əməliyyatın qəhrəmanlarını sayğı ilə anır.  

Düzdür, Toğana kəndi qoşunların təmas xəttindən xeyli uzaqdadır. Kəndi ön cəbhədəki mövqelərimizdən 35-40- kilometrlik məsafə ayırır.  Ancaq Toğana bu istiqamətdə mülki əhalinin yaşadığı sonuncu yaşayış məntəqəmizdir. Murov dağının o biri üzü erməni işğalında olduğundan Toğana elə ön cəbhə sayılır. Kənd əhalisi ordumuza arxayın olduğundan hər hansı təhlükə hiss etmir. “Allah əsgərlərimizin, zabitlərimizin canını sağ eləsin, bizi gecə-gündüz qoruyurlar, tam rahatıq. Özü də dövlətimiz əsgərimizin hər problemini həll edib, hətta dağda hamamlarına kimi tikiblər, müdafiə nazirimiz də bu yaxınlarda gəldi, yoxladı, getdi”. Bunları söyləyən 63 yaşlı Qurban Məhərrəmov əlavə edir ki, iki oğlu yanında, biri isə Gəncədədir: “Bir oğlum Göygöl qoruğunda işləyir, o birisi də işlətdiyim kafedə mənimlə birgədir. Şükür, dolanırıq”.   

Paytaxtın təqribən 400 km-liyindəki Toğana camaatının ölkə rəhbərliyindən xahişləri də var. Q.Məhərrəmov: “Bizim əsas istəyimiz, xahişimiz budur ki, imkan olsa, bizim  kəndin qazla təchiz olunmasına göstəriş versin. Bir də yollarımız pis gündədir, çox yaxşı olar ki, bu yollar bərpa edilsin. Allah erməniləri yer üzündən yox eləsin, yaxşı yolumuz vardı, müharibə vaxtı tanklar, zirehli maşınlar bu yolla daşındı, yolumuz dağıldı. Ayrı istəyimiz yoxdur, hamımız dolanırıq, heç bir şikayətimiz yoxdur”. Q.Məhərrəmov bildirdi ki, bura dövlət ehtiyacları üçün qaz xətti çəkilib və müvafiq ünvanlar 15-20 gün əvvəl mavi yanacaqla təmin olunub. Ancaq evlər qazlaşdırılmayıb. Qonşuluqda Çaykənd, Kamo, “Yeni Zod”, Hacıkənd kəndləri yerləşir.   

Qaz xətti isə Toğananın aşağı tərəfində yerləşən Çaykənddən çəkilib: “Ora kimi ana xətt var idi. Çaykəndin bəzi yerində qaz var, bəzi yerlərində də bərpa işləri gedir”. Kənd sakini yaxınlıqdakı evinin həyətinə yığılmış odun parçalarını göstərir: “Görürsünüz, yalnız yıxılmış, qurumuş ağacları gətirməyə icazə verirlər. Camaat üçün də çətindir. Çox adam odunu atla gətirir. Qaz olsa, rahatlıq taparıq”.  

Kəndin iş qabiliyyətli adamları Göygöl qoruğunda, qızıl balıq artırma  zavodunda işləyir, həmçinin kənd təsərrüfatı ilə məşğul olur, mal-qara saxlayır. Rusiyada işləyənlər, burdakı doğmalarına dəstək olanlar da var. Kəndin münbit torpaqlarında hər cür meyvə yetişdirmək mümkündür. Toğananın ortasından keçən, mənbəyini Murovdan götürən gur və saf sulu Kürəkçay isə gözəllik bəxş etməklə yanaşı, əhalinin suya tələbatında da mühüm rol oynayır. Bu çayın suyundan Göygöl əhalisinin su ilə təmin olunması üçün də istifadə olunur.

Hazırda isə Kürəkçaydan Toğana camaatının sudan əziyyət çəkən təsərrüfatlarına su çəkilir, anbar tikilib, yaxın günlərdə iş başa çatacaq. Qeyd edək ki, bu ilin yayında Göygöl Rayon İcra Hakimiyyətinin binasında Yaponiya hökuməti ilə Toğana kəndi üçün su təchizatı sisteminin inşası layihəsinin imzalama mərasimi keçirilib.  

Vaxtilə kənddən gedənlər olsa da, son zamanlar kənd əhalisi evlərini tərk etmir, Toğanada yeni evlərin sayı artır.  


Hazırda burada 400-ə yaxın ev var. Hətta burada ev tikib turistlərə kirayə təklif edənlər də var. Kirayə haqqı isə baha deyil, 100-150 AZN-ə bir aylıq ev tutmaq olar. Sakinlər deyir ki, Göygöl qoruğu vətəndaşların və xarici qonaqların üzünə təzə açıldığı üçün gələnlər seyrəkdir. Ancaq getdikcə turistlərin sayının artması gələcəkdə bura axının çoxalacağına inamı artırır.    Toğananın qonşuluğunda yerləşən Göygöl qoruğunun gözətçisi Natiq Verdiyev turist azlığından şikayətçi deyil: “Əvvəlki 7-8 il ərzində bura qapalı idi, ona görə də gələnlər az idi. İndi isə artıq xalqın  üzünə açıqdır, təbii ki, getdikdə gələnlərimiz çox olacaq. Ancaq xahişimiz odur ki, bura gələnlər ərazinin təmizliyini qorusunlar, ətrafı zibilləməsinlər. Addımbaşı zibilqabıları qoyulub, hətta cərimələnir, ancaq təəssüf ki, yenə də bəziləri qaydalara əməl eləmir”.   

Göygöl istirahət parkının 56 işçisi var. Maaş elə də çox deyil, orta hesabla cəmi 160 manat. Amma işsizliyin olmasını nəzərə aldıqları üçün burada çalışanlar aza da qane olub. Həm də növbəli qaydada işləyirlər deyə, vəziyyətdən gileyli deyillər.   

Başı qarlı Kəpəzin ətəyində Göygöllə yanaşı, Maralgöl, Zəligöl, Qaragöl, Ördəkgöl, Güzgügöl kimi göllər də öz gözəllikləri ilə gələnləri  ovsunlayır. Ancaq hələlik gələnlərin üzünə yalnız Göygöl açıqdır. Burada tikilən mehmanxanada isə işlər başa çatmaq üzrədir. Bir azdan turistlər gecələri də burada qala biləcəklər. Dövlətin ixtiyarında olan tikililər də mehmanxana kimi istifadəyə veriləcək. Burada söhbət etdiyimiz işçilər də ordumuza güvəndiklərini dedilər:

“Əsgərlərimizə arxayınıq, ona görə də burada, Kəpəzin döşündə rahatıq. Onlar olmasa, təbii ki, biz burda rahat yaşaya bilmərik”.   

Qoruqda olarkən azsaylı turistlər içərisində xaricilərə də rast gəldik. İki həftədir Naftalanda müalicə olunduğunu deyən İlya Rusiyanın Nijni-Novqorod şəhərindəndir. İlya danışır: “Biz ilk dəfədir burdayıq. Təbiəti çox gözəldir, adamı heyran edir. Eşitmişdik ki, Göygöl Azərbaycanın gözəl istirahət zonalarından biridir, ona görə də Naftalana gəlmişkən buranı da görmək istədik. Çox xoşumuza gəldi, əla yerdi. İmkan düşən kimi bura gəlmək istərdim. Rusiyada da gözəlliklər var. Azərbaycan isə özünəməxsus gözəlliklərə malikdir, təbiəti gözəl, insanları mehribandır”.   

Taksi sürücüsü kimi çalışan 45 yaşlı Nəbi Allahverdiyev isə işsizlikdən gileyləndi. Gündəlik gəlirini soruşuram, “olanda 10-15 manat olur, bəzən də boş dayanıram”- deyir. 3 uşaq atası olan N.Allahverdiyev Qarabağ müharibəsi veteranıdır, 1990-94-cü illərdə Kəlbəcər, Laçın, Ağdərədə döyüşüb. Savaşda leytenant rütbəsi almış müharibə veteranı cəmi 45 manat təqaüd alır. Vaxtilə ANAMA-da çalışıb, ancaq ixtisarlardan sonra işsiz qalıb. N.Allahverdiyev deyir ki, əvvəlki ilə müqayisədə ordumuz xeyli dəyişib: “Mən özüm bütün Daşlkəsən, Gədəbəy, Tovuz istiqamətindəki postlarımızda olmuşam, şükür Allaha, vəziyyət çox yaxşıdır. Ali Baş Komandan əmr versə, erməni özünü ölmüş bilsin.

Nəinki ordumuz, hətta camaatımız düşməni qısa müddətdə məhv edəcək”. Keçmiş döyüşçü deyir ki, yaşı keçməsəydi, o da məmnuniyyətlə orduya qayıdardı: “Ən azı işsiz qalmazdım, xidmət edib maaş da alardım. Mən döyüşəndə əsasən yaşlılar idi, elə ən az yaşı olan mən idim. İndi isə cavan uşaqlarımız postda durur. İstərdim ki, bizim də imkanlarımızdan istifadə olunsun”.  

Toğana sakini Məmmədov Bakir də “Yeni Müsavat” vasitəsilə  Bakıya çağırış etdi: “Biz möhtərəm prezidentimizin siyasətini müdafiə edirik. Ancaq bizim dövlət başçımızdan istədiyimiz budur ki, kəndimizin qazla təmin olunması barədə qərar versin. Hər şeyə dözmək olar, amma qaz borusu kəndin içindən keçir, biz ondan istifadə edə bilmirik. Ətraf kəndlərin hamısında qaz var, bir bizdən başqa. Kəndimizdə 1000 nəfərdən artıq adam yaşayır. Allaha qurban olum, biz Azərbaycanımızın fəxri olan Göygöl guşəsində yerləşmişik, bura hər yerdən turistlər gəlir.

Buraya qaz çəkilsə, həyatımız qat-qat dəyişər”. B.Məmmədov  dedi ki, Toğana camaatı döyüşkən camaatdır: “Vaxtilə qonşuluqdakı kəndlərdə ermənilər yaşayanda bizim kəndin qadını, kişisi hamılıqla döyüşüb. Biz qocalı-cavanlı əlimizə silah  alıb gecə-gündüz postlarda dururduq.

Allah şəhid olanlara rəhmət eləsin, qalanların canı sağ olsun, nə yaxşı ki, o vaxt ətraf kəndləri ermənidən  təmizlədilər, yoxsa burada rahatlığımız  yox idi. Hazırda da döyüş bölgəsindəyik”. 
Kənd sakini Muxtar Rzayev isə Göygöl qoruğunun mühafizəçisidir. Deyir kəndin abadlığına diqqət artsa, yolu bərpa olunsa, qoruğa gələnlərin sayı artar, bu isə nəticədə əhalinin dolanışığına da müsbət təsir edər.  

Seymur Həsənov da kənd yolundan şikayətçidir: “Düzdür, işsizlik də problemdir, birtəhər başımızı dolandırırıq. Ancaq ən ciddi problemimiz yolumuzun bərbad olmasıdır. Bu yol Kəlbəcərə aparır. Vaxtilə asfalt yol olub. Ancaq son illərdə tam  dağılıb, məhv olub. Prezidentimizdən çox-çox xahiş edirik, bizim yolumuzun bərpa olunması barədə tapşırıq versin. İnanırıq ki, cəbhə bölgəsində yaşayan əhalinin çağırışına müsbət reaksiya olacaq, odur ki,  əvvəlcədən təşəkkürümüzü bildiririk”.   





Elşad Paşasoy

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir