Modern.az

“Ya Hüseyn”... Dini yazılara tapınan sürücülər - Qanunu pozanları Allah necə qoruyur...

“Ya Hüseyn”... Dini yazılara tapınan sürücülər - Qanunu pozanları Allah necə qoruyur...

Reportaj

18 Noyabr 2015, 10:57


Yəqin ki, çoxları Bakı küçələrində hərəkət edən bəzi avtomobillərin arxa şüşələrində, ban hissələrində dini yazılara və ya dini atributlara rast gəlib. “Allah, Məhəmməd, ya Əli, “Ya Əli, ya Zəhra”, “Ya Mehdi”, “Ya Hüseyn”... Bu sözlər belə maşınların üzərində diqqət çəkir...

Kimiləri bunu Allaha, müqəddəslərə olan sevgisindən, hörmətindən dolayı edir, kimiləri bu yolla  özünü mövcud təhlükədən sığortalamaq məqsədi güdür, digərləri də sadəcə göstəri xətrinə buna əl atır.

34 yaşlı Elçin müsahibimiz avtomobilin arxa şüşəsinə dini yazı vuranlardandır. O, bunu Allaha olan sevgi və hörməti ilə əlaqələndirir.

“Mən özüm namaz qılan, Allaha bağlı bir insanam. İki dəfə Kərbəla ziyarətində olmuşam. İmamlarımıza, müqəddəslərimizə ehtiramım sonsuzdur. Vallah, nə deyim hərə öz sevgisini bir cür göstərir, mən də bu yolla sevgimi bildirirəm”.

Müsahibimiz onu da sözlərinə əlavə etdi ki, bəzən sükan arxasında sürət həddini aşmasına baxmayaraq, Allah hər zaman onu qoruyur.

“Vallah, nə yalan deyim, arada bir də görürsən təcili harasa getmək lazım olur. Məcburən sürəti artırırsan. Amma Allah həmişə məni qoruyub. Hələ ciddi bir problemlə qarşılaşmamışam”.

Maraqlıdır ki, görəsən mövzumuz haqda ekspertlər nə düşünür?

Modern.az saytı məsələnin həm dini, həm psixoloji, eyni zamanda da  qanuni tərəflərini araşadırıb. Daxili İşlər Naziriyi Respublika Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələylə bağlı qeyd edib ki, istənilən halda bu cür yazılar təbliğat xarakteri daşıyır və o yazıların avtomobillərə vurulması üçün müvafiq orqanlardan, o cümlədən Dövlət Yol Polisindən icazə alınmalıdır.

“İstər dini, istərsə də digər təbliğat xarakteri daşıyan yazılar əgər  avtomobillərdə görünən yerlərdə vurulursa, sözsüz ki,  bu yolverilməzdir və reklam xarakterli yazıların avtomobillərə vurulması üçün  mütləq müvafiq orqanlardan və o cümlədən, Dövlət Yol Polisindən icazə alınmalı, nəqliyyat vasitəsinin hansı hissəsində, hansı  formada yazılması ilə bağlı  razılaşdırılmalıdır. Əks halda, reklamın yayılması ilə bağlı  qanunvericilik tələblərinin pozulmasına görə  fiziki, hüquqi, vəzifəli şəxs olmasından asılı olmayaraq, sürücünün İnzibati Xətalar Məcəlləsində  məsuliyyəti nəzərdə tutulub. Kiminsə dini baxımdan hər hansı arzusu varsa, sürücü həmin yazını kənardan görünməyən, digər insanların diqqətini cəlb etməyən yerdən, maşının içərisindən də yaza, asa bilər.

Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki,  istənilən halda sürücülərimiz diqqətli olmalıdırlar. Sükan arxasında oturan sürücü  başa düşməlidir ki, yol hərəkətində istənilən bir söz, istənilən bir cümlə, maşın şüşələrindəki hər hansısa bir nişan son nəticədə gətirib yol qəzasına  çıxara bilər. Ona görə də belə məsələlərdə sürücülərdən xüsusilə diqqətlilik tələb olunur  və onlar  belə yazıların avtomobilin şüşələrində, ban hissələrində qanunsuz vurulmasına yol verməməlidirlər”.



Mövzunun dini tərəfini şərh edən ilahiyyatçı Hacı Şahin Həsənli isə düşünür ki, əgər yazılar hər hansı bir problem yaratmırsa, insan həyatını təhlükə altında qoymursa, normal qarşılana bilər. Digər bir tərəfdən hacı bu tip yazıların Allahı və müqəddəsləri aşağılamayacaq şəkildə yazılmamasını xüsusi qeyd edib.

“Bəzən deyirlər ki, bu məhəbbət qəlbdə qalmalıdır. Amma Qurani-Kərimdə  də  qeyd olunur ki, sevginizi hər hansı bir şəkildə ifadə edin. Bunun üçün ən əvvəl bir neçə prinsipə riayət olunmalıdır. Birinci növbədə, layiqli şəkildə ifadə olunmalıdır. Digər tərəfdən də başqalarına maneə yaratmamlıdır, kiminsə haqqını tapdalamamalıdır. Əgər bu şərtlərə riayət olunarsa, insanlar hər hansı şəkildə öz məhəbbətini ifadə edə bilərlər. Sadəcə olaraq, əgər bu hal avomobillərdə hər hansı bir problem yaratmırsa, insanın özünün həyatını təhlükəyə atmırsa, şüşələrdə görüntüyə maneə yaratmırsa, normal yanaşmaq olar. Bəzən  görürürsən ki, belə yazılar böyük yaşıl hərflərlə yazılır, bu da estetik baxımdan yaxşı görünmür. Əgər bu şəkildə yazılırsa, əleyhinəyəm. Daha yaxşı olardı ki,  məhəbbəti ifadə edərkən bu, müqəddəslərin şənini aşağılayacaq şəkildə olmasın”.

Maraqlıdır ki, bu tip dini yazılarda “Allah” kəlməsindən daha çox dini  müqəddəslərin adları maşın şüşələrinə həkk olunur. İlahhiyyatçı bunu belə şərh edir:

“Bu yazılar, düşünürəm ki, müqəddəslərə olan sevgidən, sayğıdan, hörmətdən irəli gəlir. Mənim öz şəxsi maşınımda o cür  dini yazılar, qeydlər yoxdur. Amma avtomobildə  güzgü olan hissədə, daxildə Allahın adı yazılan atribut asılıb”.



Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmovun da fikirlərini öyrəndik. Psixoloqun sözlərinə görə,  bu cür insanların çox vaxtı dinə münasibəti səmimi olmur. O bu cür yazıların insanların şüuruna və psixologiyasına ciddi təsir göstərdiyini bildirir.

“Bu cür dini yazıların yazılması  birinci növbədə  avtomobili idarə edən insanın özünün əqidəsi ilə, dünyagörüşü ilə, həyata baxış tərzi ilə bağlı ola bilər. Başa düşürük  ki, Allahını çox sevir, çox istəyir və bunu yazmaqla bildirir. Ancaq bu hal digər sükan arxasında əyləşən sürücülərin diqqətini yayındıra bilər. Və yaxud onların müəyyən psixoloji durumuna təsir göstərə bilər. Fikrimcə, bu cür şeylərin geniş formada dinlə heç bir anlamı, mənası yoxdur. Əgər sən Allahı sevirsənsə, Allah sənə kömək olsun. Sən Qurani-Kərimi oxuyursansa, Allah sənə kömək olsun.  Sən bunu maşına yazsan, guya nə olacaq ki? Əgər sən onu maşın şüşəsinə yazıb, sükan arxasında sürət həddini aşırsansa, Allah sənə necə kömək etsin? 

Digər bir tərəfdən sürücü  həmin yazını  avtomobilin arxa şüşəsinə yazır. Əgər öndə, gözünün gördüyü yerdə  yazsaydı, hardasa düşünmək olardı ki, sürücü bu yolla özünü çəkindirməyə çalışır. Amma arxa şüşədə yazılan yazını sürücü  görmr, arxadaki avtomobillər görür. Demək ki, burda məqsəd yalnız sənin özünü kimlərəsə göstərməyindir. Yəni sən nəyi bildirirsən? Göstərmək istəyirsən ki, bu maşını sürən mömin bir adamdır?  Onda bunu yazmağın bir anlamı qalmır. Tam açıq desəm, bu cür insanların dinə çox vaxtı münasibəti tam səmimi olmur. Çünki Allah sevgisi  bəndə ilə Allah arasında olan bir bağdır. Nə ehtiyac var ki, bunu qeyri bir bəndə bilsin?”.

Elnur Rüstəmov deyir ki, bəzi dini radikallar bu cür yazılardan istifadə etməklə insanlar arasında iğtişaş da yaradırlar:

“Ələlxüsus da, indiki situasiyada bundan radikallar digər insanlar arasında iğtişaş yaratmaq, onlara təsir etmək, günahkar sayılmağa təhrik etmık üçün istifadə edir. Biri bunu edir, digəri görüb fikirləşir ki, maşın kreditdədir, əgər o da bunu yazsa, kreditin pulunu verə biləcək. Və ya dini yazılar yazıb eyni zamanda da sürət hədini aşaraq düşünürlər ki, “Allah məni qoruyacaq”, bu təfəkkürlü insanlardan biz nə gözləyək? Bu cür yolla insanlar özləri özlərini aldadırlar. Aydın məsələdir ki, psixologiyası zəif insanlar belə yazılardan təsirə düşəcəklər. Təbiidir ki, bu özü bir təbliğat vasitəsidir. Belə təbliğat xarakterli  hallar narahatedici şeydir və üzərində düşünülməli məsələlərdəndir. Ona qarşı ən azı ictimai qınaq olmalıdır”.

İstənilən halda sükan arxasında əyləşən sürücülər, yaxşı olardı ki, gözünüz, diqqətiniz yolda olsun. Xüsusuilə də sürətlə ehiyatlı davranın.  Əks halda, ani diqqətsizlik sizi canınızdan, həyatınızdan edə bilər. Hələ başqalarını da həmçinin... Bu halda isə nə dini motivli yazılar xilas edə bilər, nə də ki sürət həddini aşdığınız situasiyada yol polisinin caynağından qurtula bilərsiniz. Sükanı möhkəm saxlayın!

Leyla Əfqan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu