Modern.az

Dünyanın ən güclü kəşfiyyatlarının UĞURSUZLUQLARI - FOTOLAR

Dünyanın ən güclü kəşfiyyatlarının UĞURSUZLUQLARI - FOTOLAR

18 Noyabr 2015, 15:59

Noyabrın 13-də Parisdə baş verən terror aktları İkinci Dünya Müharibəsindən sonra Fransaya qarşı təşkil edilən ən genişmiqyaslı hücum idi. Beynəlxalq ekspertlər isə ilk növbədə Fransa xüsusi xidmət orqanlarının uğursuzluğu haqda danışırlar. Bir ildə ölkədə “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edildi, yəhudi dükanında girovlar götürüldü, Air Products zavodunun menecerinin başı kəsildi, nəhayət, 8 terrorçu Parisi qan içində boğdu.

Forbes” jurnalının rus versiyası bu faktları nəzərə alaraq dünyanın ən güclü kəşfiyyat xidmətlərinin tarix boyu qarşılaşdıqları ən böyük uğursuzluqlara nəzər salıb. Modern.az həmin strukturları və onların keçirdikləri əməliyyatlar barədə informasiyanı təqdim edir    

ABŞ kəşfiyyatı


Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) - ölkənin əsas xarici kəşfiyyat və əks-kəşfiyyat idarəsidir. Struktur 1947-ci ildə “Milli Təhlükəsizlik haqqında” qanunun qəbul olunması çərçivəsində yaradılıb. MKİ-ni işgəncə tətbiq etməkdə, korrupsiyada, sübutların məhv edilməsində, gizli həbsxanaların yaradılmasında (2009-cu ildə bağlanıb) ittiham edirdilər.  

2013-cü ildən MKİ-nin direktoru vəzifəsini Con Ouen Brennan icra edir. O, buna qədər Barak Obamanın terrorizmlə mübarizə məsələləri üzrə baş məsləhətçisi olub.

Dünyanın keçmiş 1 nömrəli terrorçusu Üsəma ben Ladeinin məhv edildiyi əməliyyatın planı da məhz Brennan tərəfindən hazırlanmışdı.  

Mərkəzi Kəşfiyyat İdarəsinin ilk əməliyyatı “PBSUCCESS” adı altında keçirilib və 1954-cü ildə Qvatemalanın prezidenti Hakobo Arbensin devrilməsi ilə nəticələnib. Bundan başqa, Vyetnam, Əfqanıstan, Nikaraqua və digər ölkələrdə də ABŞ-ın əsas kəşfiyyat strukturu fərqlənə bilib.

Amma MKİ-nin ən böyük uğursuzluğu Kuba ilə bağlıdır. 1961-ci ildə “azadlıq adası”da Fidel Kastronun yaratdığı kommunist rejimini devirmək üçün “Zapata” şərti adı altında keçirilən əməliyyat tam iflasa uğramışdı. Amerikada təlim keçən mühacir kubalılar paytaxt Havana doğru irəliləmək istəsələr də, kommunist qüvvələri tərəfindən darmadağın ediliblər. Nəticədə Fidel Kastroya müxalif olan 114 nəfər öldürülüb, 1202 nəfər isə əsir götürülmüşdü.    

Federal Təhqiqatlar Bürosu (FTB) - ABŞ-ın daxili kəşfiyyatına və milli təhlükəsizliyinin təmin olunmasına cavabdeh orqandır. Büro Ədliyyə və Kəşfiyyat Nazirliyinin tərkibinə daxildir.

FTB 1908-ci ildə yaradılsa da, 1935-ci ildən quruma rəhbərlik edən Edqar Quverin vaxtında ciddi nüfuz sahibinə çevrilmişdi. Büronu tez-tez uğursuz əməliyyatlarda, sübutların saxtalaşdırılmasında, terrorizmlə mübarizədə effektiv olmamasında, telefon danışıqlarının qanunsuz dinlənilməsində və elektron poçtlara müdaxilələrdə ittiham edirlər.    


2013-cü ildə Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsində ABŞ-ın keçmiş baş prokuroru Ceyms Komi təyin olunub.   Qurum 1940-cı ildən casusluq hallarının araşdırılması ilə məşğul olur. FTB-ni 1996-cı il Atlanta Yay Olimpiya Oyunları zamanı baş verən partlayışların araşdırılmamasına və xüsusən 11 sentyabr hadisələrindəki fəaliyyətinə görə tənqid edirlər.  

Ən böyük rezonans isə büronun əsas agentlərindən sayılan Robert Hanssenin uzun illər SSRİ-i, sonradan isə Rusiya kəşfiyyatına gizli məlumat ötürməsi ilə bağlıdır. Hanssen 2011-ci ildə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilib.  

İsrail kəşfiyyatı


MOSSAD İsrailin xüsusi tapşırıqlar və kəşfiyyat qurumudur. Əsasən xarici kəşfiyyatla məşğul olan struktur terror fəaliyyətinin qarşısının alınmasında, xaricdə gizli məlumatların ,strateji, siyasi, operativ informasiyaların toplanmasında ixtisaslaşıb. 

MOSSAD dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri sayılır. 1960-cı ildə faşist cinayətkarı Adolf  Eyxmanın Argentinadan qaçırılmasında, 1969-cu ildə Fransadan 5 raket katerinin oğurlanmasında MOSSAD əsas funksiyaları icra edib. Qurumun ən məşhur əməliyyatları  sırasında -  “Tanrı qəzəbi” çərçivəsində 1972-ci il Müenhen Olimpiadasında israilli idmançılara qarşı törədilən terror aktının təşkilatçılarının məhv edilməsi və “Moisey” əməliyyatı çərçivəsində Afrikadan 18 min efiopiyalı yəhudinin İsrailə qaçırılması olub.    2010-cu il yanvarın 19-da “HƏMAS” təşkilatının hərbi qanadının yaradıcılarından olan Mahmud əl-Mahbuk Dubayda öldürülmüşdü. Çoxlarının fikrincə, qatı açılmayan cinayət MOSSAD tərəfindən törədilib.   2011-ci ildən MOSSAD-a Tamir Pardo rəhbərlik edir. Qurumun yeni rəhbəri kimi o, əksər şöbə rəhbərlərini işdən çıxararaq geniş islahatlar gerçəkləşdirmişdi.  

“Şabak”, yaxud Şin-Bet - İsrailin ümumi təhlükəsizlik xidmətidir. Ölkə daxilində terror aktlarının qarşısının alınmasında yüksək effektliliyə malik olsa da, “Şabak” tarixi boyu bir neçə uğursuz əməliyyatda ittiham olunur.


Xüsusən, 1995-ci ilin noyabrında İsrail baş naziri İshak Rabinin Təl-Əvivdə mitinq zamanı ultramillətçi İqal Amir tərəfindən öldürülməsi “Şabak”ın qınağa tuş gəlməsinə səbəb oldu. Digər bir epizod isə nüvə proqramı ilə bağlı olub.

Belə ki, İsrail nüvə mərkəzinin işçisi Mordehay Vanunu 1986-cı ildə ölkədə nüvə silahının olduğunu sübut edən fotoları xaricə gizli çıxararaq dərc edib. “Şabak” 2011-ci ildən Yoram Koen tərəfindən idarə olunur.    

Böyük Britaniya Kəşfiyyatı

 

 

MI5 - Böyük Britaniyanın təhlükəsizlik xidməti. Qurumun vəzifəsi Krallığı terror aktlarından, casusluqdan və kütləvi qırğın silahlarının yayılmasından qorumaqdır. MI5 İkinci Dünya Müharibəsi zamanı alman, “Soyuq müharibə” dövründə isə sovet casusları ilə müvəffəqiyyətlə mübarizə aparıb. 1970-ci illərdən sonra isə təşkilat anarxist və irland terrorçuları ilə mübarizə aparıb.


Britaniya kəşfiyyatının ən böyük uğursuzluğu 2005-ci il iyulun 7-də Londonda baş verən silsilə terror aktları ilə bağlıdır. Həmin gün 4 terrorçu koordinə olunan hücumlar keçirərək qatar və avtobuslarda özünü partlatmışdı. Hadisələr 52 nəfərin ölümü, 700-dən artıq insanın isə xəsarət alması ilə nəticələnmişdi. MI5 2013-cü ilin aprelindən ser Endryu Parker tərəfindən idarə olunur.  

MI6 - xarici kəşfiyyatla məşğuldur. Onun mövcudluğu yalnız 1994-cü ildə Britaniya hökuməti tərəfindən təsdiqlənib. MI6-nın ən böyük uğursuzluğu isə 1939-cu ildə Hollandiyanın Verno şəhərində alman kəşfiyyatı tərəfindən onların bir neçə üzvünün öldürülməsidir. İnsident Hitlerin Hollandiyaya hərbi müdaxilə etməsinə səbəb olub.


Aleksandr Yanger 2014-cü ildən Britaniya xarici kəşfiyyat xidmətinin direktorudur.   

Fransa kəşfiyyatı 

Fransa Müdafiə Nazirliyinin xarici təhlükəsizlik üzrə Baş Direktoratlığı - 1982-ci ildə yaradılıb.


Qurum Fransanın əsas xarici kəşfiyyat qurumu sayılır. Amma qurumda əsasən mülki vətəndaş xüsusən diplomatların olması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.   2013-cü ilin aprelində Fransanın xarici kəşfiyyat strukturuna rəhbər olaraq diplomat Bernar Bajole təyin olunub.   

Daxili Təhlükəsizlik üzrə Baş Direktoriya - Fransanın milli əks-kəşfiyyat orqanıdır. Struktur 2014-cü ildə Frsan Daxili İşlər Nazirliyinin Daxili Kəşfiyyat Baş İdarəsinin ləğv olunmasından sonra yaradılıb. Bu il Fransanı sarsıdan silsilə terror aktları Daxili Təhlükəsizlik üzrə Baş Direktoriyanın effektivliyini şübhə altına salıb.


Patrik Klavar 2012-ci ilin mayından struktura başçılıq edir.        

Almaniya kəşfiyyatı

Federal Kəşfiyyat Xidməti  Almaniyanın həm mülki, həm də hərbi xarici kəşfiyyatının tabe olduğu strukturdur. Qurum 1946-cı ildə yaradılan “Helena Təşkilatı”nın varisi sayılır. O ilk vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsinə tabe idi və yalnız 1956-cı ildə Qərbi Almaniya hökumətinə tabe edilmişdi. Federal Kəşfiyyat Xidmətinin uğurları sırasında Sovet komandanlığının 1962-ci ildə Kubada nüvə raketləri yerləşdirməsini aşkar çıxarmalarını və 1967-ci ildə Yaxın Şərqdə başlanan “Altı günlük müharibə”nin vaxtını dəqiqliklə müəyyən etməsini demək olar. 60-70-ci illərdə daha çox Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) və SSRİ kəşfiyyatına qarşı mübarizə aparan struktur 1972-ci ildə Münhendə 11 israilli idmançının fələstinlilər tərəfindən öldürülməsinə mane ola bilmirlər. Bundan sonra, kəşfiyyat xidməti əsas diqqətini məhz Şərq ölkələrindən qaynaqlanan təhlükələrə yönəldir.  


Federal Təhlükəsizlik Xidmətinin ən böyük uğursuzluğu 1986-cı ilin aprelində Berlin diskotekalarından birində partlayıcının işə düşməsini göstərirlər. Liviyanın təşkil etdiyi iddia olunan terror hadisəsi zamanı 3 nəfər həlak olub, 230 nəfər isə xəsarət alıb. 1990-cı ildən sonra Almaniyada heç bir ciddi terror aktı qeydə alınmayıb. 2012-ci ildən Federal Təhlükəsizlik Xidmətinə Herhard Şindler rəhbərlik edir.

Rusiya kəşfiyyatı  

Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti Rusiyanın əsas təhlükəsizlik orqanları sayılır. Hər iki struktur 1991-ci il avqust qiyamı zamanı ləğv olunan Kollektiv Təhlükəsizlik Komitəsinin (KQB) bazasında yaradılıb.

Xarici Kəşfiyyat Xidməti özünü “KQB”nin 1-ci Baş İdarəsinin varisi, Federal Təhlükəsizlik Xidməti isə Rusiya Təhlükəsizlik Nazirliyinin varisi elan edib. 1991-ci ildən başlayaraq Rusiya tarixində terror aktları olmayan il olmayıb.1991-1995-ci illərdə belə faktlar Şimali Qafqazdakı cinayətkar dəstələrin adı ilə bağlı idisə, 1995-2004-cü ildə hadisələr Çeçenistandakı müharibəyə görə baş verirdi.  

Kəşfiyyatın uğursuzluqları 1995-ci ilin iyununda Budyonovskda girovların götürülməsinə (147 ölü, 415 yaralı), 1996-cı ilin noyabrında Kaspiysk şəhərində çoxmərtəbəli binanın partladılmasında (67 ölü, 39 yaralı), 1999-cu ilin noyabrında Vladikavkaz şəhərinin mərkəzi bazarının partladılmasında (52 ölü, 300 yaralı), 1999-cu ilin sentyabrında Buynaks şəhərində yaşayış binasının partladılmasında (64 ölü, 164 yaralı), həmən vaxtlarda Moskvanın Quryanov küçəsində binanın partladılmasında (106 ölü, 690-dan artıq yaralı), Kaşir şossesində binanın partladılmasında (124 ölü, 7 yaralı), Volqadonsk şəhərindəki partlayışda (19 ölü, 89 yaralı), 2002-ci ilin oktyabrında Nord-Ost teatrının terrorçular tərəfindən tutulmasında (130 ölü, 700 yaralı), 2004-cü ilin fevralında Moskva metropolitenindəki partlayış zamanı(42 ölü, 250 yaralı), 2004-cü ilin avqustunda “Moskva-Soçi” və Moskva-Volqoqrad” təyyarələrinin partladılması vaxtı (ümumilikdə 89 ölü) və 2004-cü ilin sentyabrında Beslan şəhərində orta məktəbə hücumda (333 ölü, 783 yaralı) özünü büruzə vermişdi.

Son illər Rusiyada terror aktlarının sayı kəskin şəkildə azalıb. 2015-ci ildə qeydə alınan ən böyük terror aktı Misirdə Rusiyaya məxsus A321 təyyarəsinin partladılması ilə bağlıdır.  

Rusiya Xarici Kəşfiyyat Xidmətinə 2007-ci ildən bəri Mixail Fradkov rəhbərlik edir. Federal Təhlükəsizlik Xidmətinin direktoru isə Aleksandr Bortnikovdur. O 2007-ci ildə bu postda sələfi Nikolay Patruşevi əvəz edib.

    

Vüqar İsmayılov                         

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir