Modern.az 2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək sınaq və buraxılış imtahanlarının yeri və vaxtı barədə məlumat verib. Artıq imtahanlara hazırlıq məqsədi ilə ölkənin şəhər və rayonlarında şagird, valideyn, məktəb direktoru və fənn müəllimlərini əhatə edən təlimati işlərə başlanılıb.
Təhsil Nazirliyinin Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildirilib ki, hər iki təhsil kursu üzrə bu dərs ili ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub.
İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının bu dərs ilinin II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Monitorinq və qiymətləndirmə şöbəsindən bildirilib ki, IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə isə 3 saat davam edəcək. İmtahan müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI sinif şagirdləri 120 suala cavab verməli olacaqlar. 50 sualın 25-i ana dilinə, qalan 25-i isə riyaziyyat fənninə aid olacaq.
Orta təhsil kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanacaq: ana dili və ədəbiyyat 1-25, riyaziyyat 26-50, Azərbaycan tarixi 51-65, fizika 66-75, kimya 76-85, biologiya 86-95, coğrafiya 96-105 və xarici dil 106-120.
Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunacaq. Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq yekun qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir.
Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq yekun qiymət fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə veriləcək.
Təhsil Nazirliyindən daha bi yenilik. Belə ki, imtahanlarda mobil telefonda olmayan kalkulyatordan istifadə etməyə icazə veriləcək.
Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird “3”, 50%-dən 80%-nə qədər düz cavab verən şagird “4”, 80%-dən 100%-ə qədər düz cavab verən şagird “5” ilə qiymətləndiriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət etməlidirlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcək.
Adəm