Modern.az

Rasim Musabəyov: “Səssiz deputat olmayacağam…”

Rasim Musabəyov: “Səssiz deputat olmayacağam…”

10 Noyabr 2010, 17:01

Rəqibləri 18 saylı Nərimanov-Nizami seçki dairəsindən səs çoxluğu ilə qalib gələn Rasim Musabəyovun xeyrinə saxtakarlıq olunduğunu bildirirlər. Bəs Rasim Musabəyovun özü rəqiblərinə nə cavab verir? Seçkidə qələbə qazanan R.Musabəyov Modern.az saytına seçki təəssüratlarını danışıb, rəqiblərinə cavab verib:
“Seçkiləri bütün dairələrdə müşahidə etməmişəm. Ancaq seçildiyim dairə ilə bağlı fikir söyləyə bilərəm. Tam məsuliyyətlə deyə bilərəm ki, rəqiblərimin heç biri 18 saylı dairədə seçki kampaniyası qura bilmədi. Mən isə onlardan fərqli olaraq seçicilərlə ciddi işlədim. İndi Cəmil Həsənli söyləyir ki, saxtakarlıq olub, nə bilim daha nələr... Deyir qapalı yerlərdə ona görüş üçün imkan verilməyib. Sual olunur, sən heç açıq yerlərdə görüş keçirdinmi?

Bilmirəm, bu adamlar niyə uduzduqlarını etiraf etmək istəmirlər. Bu, mənimüçün də təəcüblüdür”.

R.Musabəyov parlamentari kimi görəcəyi işlərdən danışmağın tez olduğunu da dilə gətirib: “Mən Milli Məclisin yeni üzvüyəm. Ona görə də bəribaşdan desəm ki, nə bilim filan şeyi belə edəcəm, bu, düzgün olmaz. Öncə Milli Məclisdəki ab-havanı özüm üçün müəyyənləşdirəcəm. Bunadan sonra fəaliyyətimlə bağlı düşünəcəm. Hər halda mənim indiyə qədərki fəaliyyətim elədir ki, ya Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsində, ya da Təhlükəsizlik və Müdafiə Komitəsində faliyyət göstərməyə çalışacam.

Təbii ki, müəyyən təklifləri gündəmə gətirəcəm.

Amma mən heç zaman bu təklifləri irəli sürmək üçün kobudluq etməyəcəm. Çünki Milli Məclisdə çoxluq hakim Yeni Azərbaycan Partiyasınındır. Birini deyib, beşini alacağını düşünməlisən. Ona görə də qaldırdığım məsələlərin zəruriliyini həmin partiyanın üzvlərinə inandırmağa çalışacam. Nə dərəcədə fəal olacam, bunu bəribaşdan söyləyə bilmərəm. Onu deyə bilərəm ki, parlamentin səssiz deputatı olmayacağam”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır