Modern.az

Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?.. - LAYİHƏ

Bakının məşhur qonaqları - Çingiz Aytmatovu Azərbaycanla bağlı nə qorxutmuşdu?.. - LAYİHƏ

22 Noyabr 2015, 09:16

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlarla bağlı layihəni davam etdirir. 

“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə Qırğızıstanın böyük yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri haqqında danışacağıq.


O, 1928-ci ilin dekabrın 12-də türk-qırğız elinin Şəkər adlanan aulunda Torekul kişinin ailəsində dünyaya göz açıb. Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi olub, lakin 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi. 8 sinif bitirdikdən sonra Çingiz Aytmatov Cambul Zootexnikumuna daxil olub, həmin təhsil ocağını, eyni zamanda sonradan daxil olduğu Bişkək Kənd Təsərrüfatı Universitetini əla qiymətlərlə bitirib. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunub.  Aytmatovun Moskvadakı ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. 1990-1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belkçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Qırğız ədəbiyyatının klassiklərindən olan Aytmatov milyonlarla insan üçün ən tanınmış və sevimli yazıçılarından biri olub.  Yazıçının “Əlvida, “Gülsarə”, “Ağ paroxod”, “Dəniz kənarı ilə qaçan alabaş”, “Gün var əsrə bərabər”, “Edam kötüyü” povestləri və romanları həqiqi şöhrət gətirib.

Azərbaycanın dostu olan Çingiz Aytmatov vurğunu olduğu və çox sevdiyi Bakıya bir neçə dəfə səfər edib. İlk səfəri isə yazıçının istiqlal şairimiz Bəxtiyar Vahabzadənin 60 illik yubileyi ilə əlaqədar düzənlənən tədbir olmuşdu. 1985-ci ildə bu tədbirdə iştirak etmək üçün həyat yoldaşı Məryam xanımla Bakıya gəlmiş Çingiz Aytmatov öz çıxışında Bəxtiyar Vahabzadənin həyat və yardıcılığından ətraflı bəhs etməklə, onun türk dünyasının, türkdilli ədəbiyatın aparıcı simalarından olduğunu qürurla dilə gətirib.


Bəxtiyar Vahabzadənin qan və məslək qardaşı Çingiz Aytmatov dostunun yeni çıxan kitablarını həmişə izləyib, oxuyaraq səmimi duyğularını ifadə edib.

“...Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə gorursən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir necə kəlmə ilə "Həyat nədir" sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, duşuncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir…”,-deyə Ç.Aytmatov B.Vahabzadə haqqında xatirələrində yazıb.

Dünyaca məşhur yazıçının ölkəmizə ikinci səfəri isə illər sonraya təsadüf edir. Belə ki, Qırğızıstan keçmiş prezidenti Kurmanbek Bakiyevin fərmanı ilə 2008-ci ildə Çingiz Aytmatovun 80 illik yubiley tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılır, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov ili” elan edilir, bu fərmanla yazıçının yubileyinin Qırğızıstandan xaricdə qeyd edilməsi də nəzərdə tutulur.

Yazıçının yubileyi ilə bağlı vətənindən kənarda keçirilən ilk yubiley mərasimi Azərbaycanda baş tutub. Çingiz Aytmatovun sonuncu Bakı səfəri həmin il-2008-də fevralın 24-dən martın 1-dək sürüb.

Bu səfərin təşkilatçısı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondu və Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyi olub.

Səfərdə Ç.Aytmatovu Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Arif Ağayev, Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov və bir sıra Qırğızıstan jurnalistləri (Nəzirə Əhmədova, Siezbek Nurmanov, Aleksandr Tuzov, Jolbors Jorobekov) müşayiət ediblər. Səfər zamanı Aytmatov haqda sənədli film hazırlayan, Rusiyada yaşayan azərbaycanlı rejissor Rauf Məmmədovun rəhbərlik etdiyi qrup da bir sıra çəkilişlər aparıb.



Bakıda olartkən yazıçı bir sıra görüşlər keçirib, Azərbaycan Yazıçılar Birliyinin, Heydər Əliyev Fondunun, Bakı Şəhər İcra Hakimiyyətinin, Səbail bələdiyyəsinin, “Lider” telekanalının qonağı olub. 

O zaman Prezident İlham Əliyev tərəfindən də qəbul edilərək Azərbaycan və Qırğızıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Çingiz Aytmatov “Dostluq” ordeni ilə təltif olunub.

Eyni zamanda, yazışı Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə gedib və burada ona Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun qızıl medalı təqdim edilib. 

Xalq şairi Nəriman Həsənzadə dünyaca tanınan yazıçı ilə Xəzərdəki yaxtada görüşə bildiklərini qeyd edib.

“O görüşə məni Tağı Əhmədov dəvərt etmişdi, şəkil də çəkirdik.  Çüingiz Aytmatov dünyanın böyük yazıçılarından biridir. Anar, Çingiz Abdullayev də həmin görüşdə idi. Azərbaycan-qırğız əlaqələrindən, türk ədəbiyyatından, onun dünya miqyasına çıxmasından danışılırdı. Görüş gözəl təşkil olunmuşdu”.

Çingiz Aytmatolvun Azərbaycana sonuncu səfərini təşkil edən Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı isə onunla yalnız yarım gün görüşə bildiyini deyir.

“Onunla yarım gün görüşə bildim, başqa səfərim olduğu üçün getməli idim. Çingiz Aytmatov səfər çərçivəsində Şəhidlər Xiyabanı, Fəxri Xiyabanda oldu, rəhbərliklə görüşdü”.  

Çingiz Aytmatovu Azərbaycanda hər kəsin tanıdğını deyən S.Rüstəmxanlı bildirib ki, onun həmin səfəri böyük coşqu ilə qarşılanmışdı.

“Daha sonra DAK-ın qərargahına gedib, xeyli söhbət etdik. DAK-ın işindən ona danışdım, türk dünyasının diaspor təşkilatları necə yaxınlaşmalı, işlərimizi necə qurmalıyıq-bu barədə söhbətləşdik. Onun bu şəkildə Bakıya dəvət olunması özü üçün də çox xoş idi”.



Türk dünyasının, eləcə də Azərbaycanın böyük dostu və təəssübkeşi olan Çingiz Aytmatov, müsahibələrinin birində (5 fevral 2007) Qarabağ probleminin həllini süründürməçiliyə salan Qərb ölkələrinin işğalçı tərəfə kömək etdiklərini vurğulayaraq, problemin həll edilməsində Rusiyanın da maraqlı olmadığını dilə gətirmiş, həmin problemin yaradıcılarından birinin məhz Moskva olduğunu deməkdən çəkinməmişdi: "Məsələni qəsdən süründürmələri məni narahat edir. Mən qatarın getməsindən qorxuram"- demişdi.

Azərbaycanın Qırğızıstankı səfiri Hidayət Orucovun da türk dünyasının bu böyük yazarı ilə zəngin xatirələri var:

“Çingiz Aytmatov mənim uşaqlıq və gənclik dövrümün yazıçısıdır, ən çox sevdiyim qələm sahiblərindən biridir. Mən onu yalnız sevməmişəm, həm də onunla fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, qardaş qırğız xalqının və türk dünyasının belə bir fikir sahibi var. Mən demək olar ki, onun bütün əsərlərini oxumuşam. Onu da deyim ki, Qırğızıstandan və Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri (“Cəmilə”dən tutmuş “Edam kötüyü”nə və ondan sonrakı əsərlərinəcən) ən çox Azərbaycanda çap edilib.

Tale elə gətirdi ki, mən onunla 1982 və ya 1983-cü ildə İrəvanda tanış oldum, xeyli söhbət etdik. Yazıçılar İttifaqının akt zalında ictimaiyyətlə keçirilən görüşündə də iştirak etmişəm. Yazıçılar İttifaqının İrəvan yaxınlığında səfalı bir yerdə yaradıcılıq evi vardı, sonra Ç.Aytmatovu ora apardılar. Adını ermənicəyə dəyişib “Caxkacor” qoysalar da, çoxu qədim, əsl adını – elə “Dərəçiçək” deyirdi.

Çingiz Dərəçiçəkdə dincələndə elə oldu ki, mən təcili olaraq SSRİ Mədəniyyət Nazirliyinin kollegiya iclasına dəvət aldım, Moskvaya getdim və o müddətdə onunla yenə görüşə bilmədim. İrəvandakı söhbətlərimdə mən erməni millətçiliyindən danışdım və bu məlumatlar ona yeni idi, dediklərimi diqqətlə, səbirlə dinləyirdi. İllər keçəndən sonra biz Moskvada Yazıçılar Evində görüşdük. Dedi: “Səni tez-tez xatırlayıram”, onda artıq Bakıda “Gənclik” nəşriyyatının baş redaktoru işləyirdim.



Bakıya köçdükdən sonra onun povestlərindən ibarət iri həcmli kitabınıbizim nəşrlər evində çap etdirdim. Moskvaya telefon açdım, danışdıq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı.  Sonra o mənə zəng etdi.

Keçmiş SSRİ-nin dağılması ərəfəsində yenidən Moskvada görüşdük. Artıq Dağlıq Qarabağ problemi başlamışdı, biz erməni məsələlərindən danışdıq. O mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə bu haqda danışmışdınız və çox dərin bir fikrə getdi.
Mən çox təəssüf edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, o məni soruşmuşdu. Bişkekdə işə başlayandan bir az sonra Qırğızıstanın bir qrup görkəmli yazıçısı ilə “Ata Beyit”ə gedib Çingiz Aytmatovun məzarını ziyarət etdim.

Biz tez-tez görüşməsək də münasibətlərimiz səmimi idi. Yaşda məndən on altı il böyük olsa da ona sadəcə “Çingiz” deyə müraciət edirdim. İlk öncə nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: “Sizə Çingiz ağa, Çingiz mırza, ya Çingiz Terequloğlu – deyə müraciət etsəm nəhəngliyinizi, “statusunuzu” kiçiltmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziydi, Siz onun tarixdəki obrazını ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz”.

Gülə-gülə deyirdi: “Mənə elə belə də müraciət et, belə xoşuma gəlir”.

 2008-ci ilin may ayının 16-da yazıçı Kazan şəhərində, özünün «Əsrdən də çox davam edən gün» romanı əsasında gedən eyniadlı filmin çəkilişləri zamanı, «böyrək çatışmazlığı» diaqnozu ilə ilkin olaraq Tatarstan Respublikasının klinik xəstəxanasına yerləşdirilmiş, daha sonra isə Almaniyanın Nürnberq şəhərinəki klinikada müalicəsini davam etdirmiş və 10 iyun 2008-ci il tarixdə adı çəkilən klinikada dünyasını dəyişmişdi.

Çingiz Aytmatovun dəfni vətənində dövlət səviyyəsində təşkil edilmiş və o paytaxt Bişkek yaxınlığındakı “Ata-Beyit memorial qəbiristanlığı”nda - atasının yanında dəfn edilmişdir.



Aytən ZƏHRA

***

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ

//modern.az/articles/42791/1/

Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/

Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/

Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
//modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” – LAYİHƏ
//modern.az/articles/85561/1/

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ
//modern.az/articles/86485/1/

Bakının məşhur qonaqları - General Şarl de Qollun Azərbaycanda nə işi vardı? - LAYİHƏ
//modern.az/articles/87046/1/

Bakının məşhur qonaqları - Alparslan Türkeş “bozqurd salamı”nı Bakıda öyrəndi – LAYİHƏ
//modern.az/articles/88189/1/


Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR
//modern.az/articles/88791/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub