Modern.az

Dədəm - İbrahim Göyçaylı - 74

Dədəm - İbrahim Göyçaylı - 74

Mədəni̇yyət

12 Noyabr 2010, 15:11

“Bir az Rəsul Rzadı, bir az da Əli Kərim”- bu fikir Nizami Saraclının İbrahim Göyçaylıya həsr etdiyi “Tikansız Adam” poemasındandır. Bəli, şair dostları, həmyaşıdları belə xatırlayırdılar İbrahim Göyçaylını. Onun əsərlərinə bələd olanlar bilir ki, şeirləri yığcam, dili aydın, sadə və mənalıdır. Amma mən bu haqda o qədər də geniş danışmayacam, çünki zaman-zaman böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər və jurnalistlər mənim ağlıma belə gəlməyən xoş sözləri, tərifləri şairin və şeirlərinin ünvanına səsləndiriblər. Artıq növbə mənimdir.
Mən də dədəm İbrahim Göyçaylının  74 yaşı münasibətilə bir neçə söz demək istəyirəm.

İbrahim Göyçaylı şair idi

Göyçayda döğulan, çinarlarından ilham alan, sevdikcə sevən, sevildikcə sevilən, bu sevgini qələmə alan, sözə çevirən və o sözü yadigar qoyan bir şair. Şairliyi qədər də səmimi, təvazökar. Və bu təvazökarlığının nəticəsi idi ki, şair yalnız “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdü, o da ömrünün 69-cu ilində. Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar müəllim İbrahim Göyçaylının “Fikrimin sabahı” adlı kitabına ön sözdə bunu belə qeyd edib: “O, yaşıdlarına da, gənclərə də nümunə olacaq bir şairdir, amma yaşıdlarının da, ədəbi nəslinin də əldə etdiyi hər cür adlara da, nailiyyətlərə də layiqdir. Sadəcə olaraq gözə görünmədiyindən görüş bucağından bir az kənarda qalıb”.

                      Yazıq bu günlərin şairlərinə,
                      Yazıq kök üstündə köklü qələmə.
                      Yalanlar içində şerimiz heç nə,
                      Harayı düşsə də bütün aləmə... 

                                                           (“Yazıq Bu Günlərin Şairlərinə”)

Mən hələ orta məktəbi bitirənə qədər dədəmin şeirlərini oxusam da, başa düşmürdüm. Amma nə biləydim ki, bir zamanlar hamının çox sevdiyi,təriflədiyi, lakin mənim mahiyyətini anlamadan oxuduğum “Əzab Verməsəm” şeirini, vaxt gələcək göz yaşlarımla alqışlayacam və əlimdən yalnız “dədə”mə Allahdan rəhmət diləmək gələcək. Bir şeyə heyfsilənirəm, bu şeirə görə sağlığında onun əllərindən öpə bilmədim.

                      İllərlə, aylarla kim bilməyir, kim,
                      Qəm əkir, dərd əkir, heyrət əkirəm.
                      Bir zaman sevmirdim, əzab çəkirdim,
                      İndisə sevgidən əzab çəkirəm.

                                                             (“Əzab Verməsəm”)

İbrahim Göyçaylı həyat yoldaşı idi

Xanımına sadiq, sözün əsl mənasında gerçək bir yol yoldaşı, həyat yoldaşı. Adilə xanıma-nənəmə çox bağlı idi o. Şairlərin bir az ərköyün və şıltaq olduqlarını nəzərə alsaq, nənəmin üzərindəki böyük məsuliyyəti və ağır yükü təsəvvür etmək çətin deyil. Bəlkə də İbrahim Göyçaylının bu cür  ərköyün olmağı Adilə xanımın “nailiyyəti” idi. Ömür-gün yoldaşının sevgisi-məhəbbəti, diqqəti-nəvazişi İbrahim Göyçaylını daima yazmağa-yaratmağa səsləyən ilhamverici bir qüvvə idi. Onun yoxluğu dədəm üçün böyük itki oldu. O, sanki özünü bütün cəmiyyətdən təcrid etmişdi, nənəm rəhmətə gedəndə.

                      Sən yoxsan ömrümdə, günümdə indi,
                      Mən ki, həsrətində min yol bişmişəm.
                      Çətindi mənimçün, hər şey çətindi,
                      Mən vaxtdan, məkandan uzaq düşmüşəm.

                                                                              (“Uzaq Düşmüşəm”)

İbrahim Göyçaylı ata idi

Qayğıkeş, səmimi, ağıryana – ata kimi bir ata. İbrahim Göyçaylının iki qızı var-Rəna və Sevinc, və bir də oğul övladı Elçin. Qızlarına mülayim, kövrək ata, oğluna isə bir qardaş idi. Xoşbəxtlikdən övladlarının xeyir  işini öz əllərilə etdi, gözü arxada qalmadı. Bir gün, həmişə olduğu kimi hamımız: xalamgil, dayımgil və biz ailəlikcə Naxçıvani küçəsində yerləşən “Yazıçılar Binası”nın dördüncü mərtəbəsində, İbrahim Göyçaylının həmişə qonaqlı-qaralı süfrəsinin ətrafında toplaşmışdıq. Birdən dədəm üzünü atama tutaraq “bu gün yaman sevinirəm” dedi, atam isə gülümsəyərək “bəs, siz sevinməlisiz də, İbrahim müəllim” deyərək dədəmin sözünə qarşılıq verdi. Həqiqətən də o, həmin gün çox sevinirdi. Onun məclis boyu dolub-boşalan gözlərinə baxmaqla da bunu hiss etmək olardı. Niyə də sevinməsin?!  Ailəsi xoşbəxt idi və o xəşbəxt ailənin atası o idi.

İbrahim Göyçaylı “dədə” idi

Mən gözümü açandan bəri ona “dədə” deyirəm. Tək mən yox. İbrahim Göyçaylının 7 nəvəsi var. Nəvələrin hamısı ona “dədə” deyirdi. Bu, dədəmizin istəyi idi. Bunun qısa və qəhərli tarixçəsi var. İbrahim Göyçaylının, hələ iki yaşında olarkən vəfat edən oğlu Orxan ona “dədə” deyərmiş. Orxanın yoxluğu onu yaman sarsıdır. İlk nəvəsi Mehri dünyaya gəlir və İbrahim Göyçaylı nəvəsinin ona “dədə” deyərək müraciət etməsini istəyir. Ondan sonra İbrahim Göyçaylının 5 nəvəsi dünyaya gəldi və beşi də ona “dədə” deyərək xitab etdilər. Ötən ilin sentyabr ayında İbrahim Göyçaylının oğlu Elçinin bir oğul balası dünyaya gəldi. İbrahim adını verdilər ona. Amma İbrahim Göyçaylı öz adını daşıyan nəvəsini, balaca İbrahimi görə bilmədi, balaca İbrahim də ona “dədə” deyə bilmədi. Allah o körpəyə “dədə”si kimi şərəfli və xoşbəxt ömür sürməyi nəsib etsin!

                      Dünyaya, insana deyib sözünü,
                      Xeyirxah, yenilməz. İpək duyğulu
                      Bir ata dünyadan köçürdü o gün.
                      Son dəfə həsrətlə açıb gözünü,
                      Başının üstündə gördü oğlunu.
                      Qocanın qəlbinə təsəlli gəldi,
                      Nə yaxşı həyatda kök var, əvəz var.
                      Dünyada əvəzsiz, canlı heykəldi
                      Yaxşı atalara yaxşı oğullar.

                                                      (“Canlı Heykəl”)

İbrahim Göyçaylı insan idi

Yarıkövrək, yarıciddi, səmimi, həm sadə, həm də ali bir insan. Sözü kəsərli, təsirli- dövrünün ürək şairi idi. Şirin söhbətli, şən zarafatlı İbrahim Göyçaylı həm də eşq-məhəbbət vurğunu idi. Allahın ona bəxş etdiyi yaraşıq da xanımların dədəmin yanından əskik olmamağına bir əsas ola bilər:

                      Sən getsən, yolunda donar heyrətim,
                      Bulud yaylığını asar üfüqdən.
                      Dayan, ürək sözüm,
                      Ürək taqətim,
                      Dayan, gözlərində gecələyim mən.

                                                                      (“Ürək Sözüm”)

Bu gün – noyabrın 12-si İbrahim Göyçaylının 74 yaşı tamam olur. Bir zamanlar bir çox şairlər, yazıçılar, tanınmış və tanınmamış insanlar ilin bu günüdə dədəmin ad gününə yığışardılar. Sağlıqlar, şeirlər, xoş sözlər havada uçuşardı. İndi İbrahim Göyçaylı ruhən bizimlə olsa da, qəlbimizdə yaşasa da cismən həyatda yoxdu. Böyüyüb boya-başa çatdığı, adi bir gərdişindən kədərləndiyi, sevdikcə sevdiyi, hirslənib dalaşdığı, küsüb sonra barışdığı, bu dünyada, bu həyatda yeri görünür İbrahim Göyçaylının.

Məmməd Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?