Modern.az

İsveçrədə Azərbaycan Mədəniyyət Günləri keçirilir

İsveçrədə Azərbaycan Mədəniyyət Günləri keçirilir

20 Oktyabr 2009, 10:18

Oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.
Mərasimdən əvvəl konsertin iştirakçılarına iki ölkə haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim tarixə, gözəl təbiətə, zəngin mədəniyyətə malik ölkədir. Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycan özündə kifayət qədər milli və modern ənənələri birləşdirir. Azərbaycan dünyada məşhur olan muğamın, Şərqdə dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə yazılmış ilk operanın vətənidir.
İsveçrə Prezidenti Hans-Rudolf Merts çıxışında bildirib ki, ölkələrimiz arasında oxşarlıq çoxdur. Azərbaycan ilə İsveçrə həm mədəniyyət, həm coğrafi şərait, həm də sabit siyasi vəziyyət baxımından bir-birinə çox oxşayır. Azərbaycan ilə İsveçrə bütün sahələrdə yaxşı əməkdaşlıq qurub və bu əlaqələrdə mədəniyyət sahəsi xüsusi əhəmiyyət kəsb edir. İsveçrə Prezidenti Berndə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini bu sahədə əməkdaşlığın yaxşı göstəricisi olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Dövlət başçısı qeyd edib ki, İsveçrədə Azərbaycan Mədəniyyət Günləri iki ölkənin daha da yaxınlaşmasına geniş imkan verəcək.
Sonra Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasiminin bədii hissəsi başlayıb.
Azərbaycanın tanınmış incəsənət xadimlərinin, musiqiçilərinin ifasında bir-birindən rəngarəng musiqi çələngindən ibarət kompozisiya alqışlarla qarşılanıb.
Azərbaycan musiqiçilərinin ifasında Avropa tamaşaçısına təqdim olunan Qərb ilə Şərqin sintezindən doğan rəngarəng musiqi nömrələri maraqla qarşılanıb.
Konsertdən sonra Azərbaycan Mədəniyyət Günlərinin açılışı münasibətilə qəbul təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı qəbulda olublar.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir