Modern.az

“Xaricdə dini təhsil alanlar bizə xurafat gətirirlər” - MÜSAHİBƏ

“Xaricdə dini təhsil alanlar bizə xurafat gətirirlər” - MÜSAHİBƏ

4 Dekabr 2015, 12:09

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Bakı kəndlərinin ən tanınmış nümayəndələrindən olan Ziyad Səmədzadə Modern.az saytına müsahibə verib. O, müsahibədə Nardaran hadisələrinə toxunub. Deputatla söhbəti təqdim edirik. 

- Ziyad müəllim, Bakı kəndlərinin tanınmış nümayəndəsi kimi Nardaran qəsəbəsind baş verən son hadisələrə sizin prizmanızdan necə baxmaq olar? 

- Nardaran Abşeronun ən qədim və zəngin tarixə mailk olan kəndlərindən biridir. Mən  uşaqlıqdan Abşeron kəndlərini qarış-qarış gəzmişəm və deyərdim ki, hərəsinin öz təravəti var. Uşaqlıq illərimdən Nardaranı şeir, muğam məkanı kimi tanımışam. Bu kəndlərdə həmişə müdrik ağasaqqalar görmüşəm, hansıki onlar arasında çox yaxşı münasibətlər vardı. O zamanlar da bu kəndlər arasında intensiv gediş-gəliş vardı. Yeri gəlmişkən onu da deyim ki, Nardaranda muğamın incəliklərini dərindən bilir, xanəndəni ifaçılıq məharətindən asılı olaraq qiymətləndirirlər. Bu mənada xalqımızın qədim kökünə, ənənələrinə sadiq qalan qədim Nardaran kəndində keçirilən toy məclislərində oxumaq əvvəla, cəsarət istəyir, ikincisi həmin toylar xanəndə üçün böyük məktəbə çevrilir ondan məsuliyyət və ustalıq tələb edir. Məsələn, Hacı Tələt, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Əlibaba Məmmədov və Məmmədbağır Bağırzadə kimi çox dəyərli sənətkarlar bu kəndin toy məclislərində böyük həvəs və məsuliyyətlə çıxış ediblər. Çünki burada klassik ədəbiyyatı, Nizami, Füzuli, Seyyid Əzim Şirvanini, Əliağa Vahidi, Haşım bəy Saqibi bilən insanlar çox idi. Biz hamımız fəxr edirik ki, Hacı Mail kimi şairimiz, Füzulişünas alimimiz olub.

Çoxları kimi mən də düşünməzdim ki, din pərdəsi altında burda belə hadisələr baş verə bilər. Baxmayaraq ki, Nardarnda islam dini dəyərlərini qoruyan insanlar çox olub, mən xatırlamıram ötən əsrin 60-70-ci illərinə kimi orada hansısa bir xoşagəlməz hadisə baş versin. Hətta o vaxt muğam ustadları bu kəndə toya gələndə çox məsuliyyət hiss edərdilər.

Nardaranda baş verən son hadislərdə yerli cammatdan çox kənar qüvvələr daha çox rol oynadı. Taleh Bağırzadə və tərəfdarları müxtəlif yollarla insanların dini baxışlarını dəyişdirərək dövlətimizə qarşı yönəltmək iddiasında oldular. Təbii ki, hadisələrin kökündə  onların Azərbaycanın ərazi bütövlüyünə qarşı addımları dururdu. 

Bu gün bizim bütün din xadimləri Taleh Bağırzadə kimilərinə aramızda yer olmadığını bildirirlər. Çünki onların bu hərəkəti Azərbaycançılığa qarşıdır. Onların niyə məhz bölgə olaraq Nardaranı seçməsi yalınız onunla bağlıdır ki, müəyyən qüvvələr orada yaranmış boşluğu hiss etdilər və bundan yararlanaraq, insanları dövlətimizə qarşı yönəltməyə çalışdılar. Deyərdim ki, bir növ bu insanlardan istifadə edildi. Bu məqamda sabitliklə əlaqədar dövlətimizin  atdığı addımları çox yüksək qiymətləndirirəm və müdafiə edirəm.

Azərbaycan cəmi 25 ildir ki, müstəqillik qazanıb. Buna baxmayaraq, dünyadakı 57 islam ölkəsi içərisində ən yüksək inkişaf edən dövlət kimi tanınır. Bunu son illər apardığım təhlillərə əsasən deyirəm. Bir çox islam ölkələrində yaşayan azərbaycanlı müsəlmanlar var və orda icmalar fəaliyyat göstərir.

Bu dövlətlər içərisində yoxsulluğa qarşı proqram həyata keçirən və yüksək nəticələr edən əldə məhz Azərbycandır. Ərazisinin bir hissəsinin erməni tapdağı altında olmasına baxmayraq, Azərbaycanda sabitlik hər zaman qorunub saxlanılır. Azərbaycanın öz inkişaf modeli var. 57 müsəlman ölkəsi içərəsində inkişaf sürəti, strateji proqramların həyata keçirilməsi, yoxsulluğun aradan qaldırılmasına görə Azərbaycan liderdir. Bu gün Azərbaycan televiziyası ilə dövlətin tarixi abidələrinə, islamın maddi abidələrinə münasibəti əks etdirən film verilir. Çox qürur hissi keçirdim ki, heç bir müsəlman ölkəsində son 10-15 ildə bu qədər böyük həvəslə, inkişafla, yüksək zövqlə tikilib istifadəyə verilən məscidlər yoxdur. Heydər Əliyev məscidi, Təzəpir məscidi, Bibiheybət məscidi, Gəncədə İmamzadə məscidi...

Bir necə tədbirdə şeyx həzrətləri ilə birlikdə iştirak etmişəm. Qafqaz Müsəlamanları İdarəsi yanında Elmi-dini şuranın sədri Vasim Məmmədəliyev, qurumun üzvləri ilə birlikdə Bibiheybət məscidində, Gəncə olduq, sonra Şamaxıya qayıtdıq. Şamaxıda tikilən məscidə baxdıq. Görülən işlərdən özün sevinirsən ki, vaxtilə ulu öndər Heydər Əliyev bu məsələlərə nə qədər böyük diqqət yetirib. Azərbaycanın hər bir bölgəsində islami dəyərlərə çox böyük diqqət veririlir.
Cənab prezident İlham Əliyevin ailəsi ilə Məkkə ziyarətini əks etdirən kadrlara həyəcansız baxmaq olmur. Bu kadrlardan bütün dünya görür ki, Azərbaycanda islam dininə nə qədər böyük diqqət var. Bu din, mədəniyyət qorunur. Dini xadimlər də Azərbaycanda sabitliyin olması, inkişafı üçün böyük işlər görürlər. 

İndi Azərbaycanın uğurla inkişaf etdiyi bir şəraitdə bəzi insanlar Nardaranda nə etmək istəyirlər? Azərbaycan bayrağını çıxarıblar, Azərbaycan dövlətçiliyini təmsil edən insanları öz yanlarına buraxmırlar, uşaqları məktəbə qoymurlar. Bunu bütövlükdə Nardaran camaatına aid etmək olmaz. Bu gün də biz islam ölkələrində nə baş verir, görürük. İslam ölkələrində etnik toqquşmaların baş verdiyi şəraitdə Azərbaycanda sabitlik var. Azərbaycanın dini əsaslarla heç bir problemi yoxdur. Azərbaycan artıq tolerantlıq mərkəzinə çevrilir. Cənab prezident bunu xüsusi qeyd edərək, öz yanında vacib bir məsələ ilə bağlı –  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dəyərli alimimiz akademik Kamal Abdullanı Dövlət müşaviri təyin etdi.

Azərbaycan müstəqil siyasət yeridir və bunu görmək istəməyən qüvvələr var. Amma tədbirdə çıxış edən bütün ziyalılar, din xadimləri deyirlər ki, Nardaran hadisələrinin islam dini ilə əlaqəsi yoxdur.

Azərbaycanın artıq dünyanın bir çox görkəmli siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilən inkişaf modeli var. Bu modelin daha da dərindən araşdırılmasını prezidetimiz elmimiz qarşısında vəzifə qoyub. Orada çıxışımda qeyd etdim ki, inkişafın Azərbaycan modelinin təmin edilməsinin bir amili də ölkədə olan islami-mənəvi dəyərlərin qorunmasıdır. Azərbyacan dövləti beynəlxalq aləmdə öz imicini artırır, ərəb ölkələri ilə, islam ölkələri ilə əməkdaşlıq edir. Bütün bunları gözü götürməyən qüvvələr var.

İnsanlarla söhbət edilir, fikir mübadiləsi aparılır. Amma əgər insanlar mübadiləsi aparıldıqdan sonra da dövlətin ərazi bütövlüyünə qarşı, müstəqilliyinə qaşrı zor tətbiq etməyə davam edirlərsə, təbi ki, bu, bağışlanmaz haldır və qanunla tədbirlər görülməlidir.

Vacib məsələdən biri də ondan ibarətdir ki, hər bir dövlətin özünəməxsus ideologiyası var. Azərbaycançılıq ideologiyası ölkəmizin, xalqımızın inkişafı üçün güclü amildir. Hər bir xarici dövlətin özünün təbliğ metodologiyası var. Biz dindən millətin birləşməsi naminə istifadə etməliyik. Ümumi rəy naminə birləşməliyik. Əgər islami-mənəvi dəyərlərə zidd fikirlər irəli sürülürsə, biz buna qarşı etiraz mövqeyimizi bildirməliyik.

Bizim xaricdə təhsil almış çoxsaylı insanlarımız var. Lakin onlardan bəziləri təhsil alandan sonra yad ideologiyanı Azərbaycana gətirmək istəyirlər. Lakin xalq bunu qəbul etmir. Ona görə biz çalışmalıyıq ki, məscidlərimizdə də yalnız Quranda yazılan və Məhəmməd peyğəmbərin qeyd etdiyi islami dəyərlər təbliğ olunsun. Həmin islami dəyərlərdə kin, ədavət yoxdur. Orada silah gücünə nəyisə dəyişdirmək ənənəsi yoxdur. Balaca kəndin nə gücü var ki, Azərbaycan dövlətinə qarşı çıxsın. Bu, o kəndin əhalisinin fikri deyil, orada yer tapmış, artıq hamıya məlum olan  müəyyən qüvvələrinin təxribatıdır. 

Qafqaz Müsəlamanları İdarəsi islami dəyərlərin təbliği və qorunmasında Şeyx həzrətləri böyük işlər görür. Neçə illərdir müşahidə edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan dövlətinin siyasətini dəstəkləməyə, din faktorundan sabitlik üçün istifadə etməyi ön plana çəkir. Heydər Əliyev, İlham Əliyev də müqəddəs bayramlar ərəfəsində dindarla görüşüb, iftar süfrələri açılıb. İnsanlar Həcc ziyarətinə gedir, bunlara dövlət dəstəyi var. İslam Universiteti fəaliyyət göstərir və bu gün Gəncə, Quba, Bibiheybət, Maştağa, Buzovna, Naxçıvanın axundunun çıxışlarını eşitdim və qürur duydum ki, yüksək səviyyədə danışırlar, islamdakı mənəvi dəyərlərin mahiyyətini açıqlayırlar.

- Bu gün demək olarmı ki, bizim axundların bilik səviyyəsi mollalıqdan yuxarı qalxıb?

- Nadanlıqdan, savadsız mollalıqdan yuxarı qalxıb. Bu gün bizim axundlarımızın Cəlil Məmmədquluzadənin əsərlərindəki axunlarla eyniliyi yoxdur. Onlar hər hansı dünyəvi,  dini xadimlə fikir mübadiləsi apara bilər.
 Taleh Bağırzadəyə gəldikdə, onun fikirlərinin islam dininə heç bir aidiyyatı yoxdur. Siz yeni qaydalar yaratmaq istəyirsiniz? Sizin irəli sürdüyünüz fikirlər islamda yoxdur. Siz dövlətin çevrilməsini istəyirsiniz, dövlətə qəsd edirsiniz... 
25 ildə keçilən yola baxaq. Bu illər ərzində nə qədər məscidlər tikilib, səliqə-səhman yaradılıb, Həccə nə qədər insanımız gedib. İslam Universiteti yaratmışıq, Quran tərcümə olunub. Yad ünsürlər, o cümlədən Qərbin müəyyən dairələrinin məqsədi də var ki, sürətli inkişaf edən Azərbaycanda qarşıdurma yaratsınlar, aranı qarışdırsınlar ki, bizim inkişafı ləngitsinlər. Cənab prezident də deyib ki, biz heç vaxt onların sözü ilə oturub-durmayacayıq, Azərbaycan müstəqil siyasət yeridir. 
Cənab prezidentin Macarıstanın baş naziri ilə görüşündən bir fraqmenti xatırladım. Dünyada çox böyük ölkələr var və onların əksəriyyəti bohran içərisində yaşayır. Hər yanda savaş, etnik toqquşmalar var. Bunların kökündə səriştəsiz rəhbərlik durur. O ölkələrdə ki güclü liderlər var, belə proseslərin qaşrısı alınır. Azərbaycan prezidentini də həmin liderlərdən biri hesab edir. 

Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini şuranın üzvüsünüz. Artıq dini qanunlara dəyişiklik olunur. Dəyişikliyə görə, xaricdə dini təhsil almış şəxslər Azərbaycanda hüzr mərasimləri idarə edə bilməzlər. Bu məsləyə münasibət necədir?

- Qanun layihəsi bu gün Milli Məclisdə müzakirə olunacaq. Hesab edirəm ki, düzgün addımdır. Hər şeyin bir sərhədi olmalıdır, çox da təəssüf ki, xaricdə dini təhsil alanlar orada yiyələndikləri zərərli bilikləri burada tətbiq etmək istəyirlər. Bu isə artıq bizim baxışlarla uyğun gəlmir. Zəncir vurmaq, qan çıxarmaq məsələsi... bəzən bunun kadrlarını da çəkirlər və insan baxanda çox həyəcan keçirir ki, niyə belə olsun? Ona görə hesab edirəm ki, qanuna ediləcək bu dəyişiklik düzgün addımdır.

- Yəni xaricdə dini təhsil alanlar bizə xurafat gətirirlər?

- Bəli, 100 faiz belədir. Ola bilər, içərilərində kimsə özünü saxlayıb, yad əqidəni, ideologiyanı götürməyib. Amma təcrübə göstərir ki, orada çoxları dəyişir. Ona görə,  qanun layihəsində təklif olunur ki, bu məsələlərlə bağlı qaydalar yaransın. Azərbaycanın kifayət qədər dini xadimləri var ki, təcrübə görmüş, xalqın xüsusiyyətlərini dərindən bilən şəxslərdir. İslam Universiteti var. Bu ali təhsil ocağında dərs aldıqdan sonra ağsaqqaların rəhbərliyi ilə bu işləri davam etdirmək olar.

Azərbaycanda belə bir tendensiya hiss olunur: islam dininin müxtəlif sektaları ilə bağlı mübarizə gedir ki, bunlar bizim dövlətçiliyimizə təhlükə törətməsin. Amma digər dinlər var ki, onların təriqətləri, sektaları ciddi şəkildə fəaliyyət göstərir. Onların da təhlükə məqamları var. Bilmək istərdik ki, onlara qarşı mübarizə hansı səviyyədədir? 

- Hesab edirəm ki, Azərbaycanda xaricdən maliyyələşən qeyri-hökukmət təşkilatları var idi, onların bəziləri bəlkə indi də qalıb. Amma onların arzuları Azərbaycan xalqının milli maraqlarına uyğun gəlmir. Vaxtilə aşkarlanmışdı ki, harada tədbirlər, dərs keçirlər, kimlərisə başqa dini cərəyanlara qoşmaq istəyirlər, kimlərsə buna gedirdi.. Yavaş-yavaş Azərbaycan xalqı bu məsələlərə öz münasibətini bildirir. Dini mövhumatçılığın, radikal dinçiliyin təsiri altına düşməmək üçün cəmiyyət bununla barışmamalıdır. Cəmiyyət hazırlanmalıdır, tərbiyəvi proseslər getməlidir. Dini savadlılığın səviyyəsi yüksəlməlidir. Millətin taleyi ilə bağlı xoşagəlməz məsələləri din pərdəsi altında camaata öyrətməyə ehtiyac yoxdur. 

Xaricdə dini təhsil alanların Azərbaycanda fəaliyyətinə qarşısınız və bunu dəstəkləyirsiniz. Amma bizim gənclər xaricdə təkcə dini təhsil almırlar, axı həm də digər sahələr üzrə ixtisaslara yiyələnənlər daha çoxdur. Onların da gələcəkdə Azərbaycana hansısa mənfi təsiri ola bilərmi?

Yox, bunlar fərqli məsələlərdir. Xaricdə əgər nanotexnologiyalar sahəsində dərs alırsa, bu, bizim üçün vacibdir. Gənclərimiz dünyanın aparıcı ölkələrinin qabaqcıl universitetlərində təhsil alıb vətənə qayıdırsa, heç şübhəsiz bu, milli sərvətimizin inkişafı baxımından çox vacibdir. Zərərli ideologiyanın təsiri altında düşmək isə başqa məsələdir.
- Bunlardan çıxış edərək demək olarmı ki, xaricdə dini təhsil verənlər ancaq öz maraqlarına xidmət edirlər.

-  Bəli, başqa cür də ola bilməz. Başqa ölkələrdə dini təhsil verənlərin proqramlarında azərbaycançılıq ideologiyası yoxdur. O məfkurə yoxdur. Onu təbliğ etmirlər. Din mütəxəssisi deyiləm, cərəyanlar bizə uyğun deyil və dövlətin maraqlarına ziddir.
 Ona görə hesab eidrəm ki, burada diqqətli olmalıyıq. 25 il bundan qabaq azadlıq eyforiyasına qovuşan zaman bu fikirlər mövcud idi. Amma biz bu illər ərzində nə qədər böyük nailiyyətlər əldə etmişik. Məscidlərimiz elə vəziyyətdə idi ki, 1 manat taplılmırdı onlar bərpa olsunsun. Amma bu gün məscidlərə baxın. Bütün bunların arxasında Azərbaycan dövlətinin siyasi-iqtisadi qüdrətinin artması dayanır. 

Bakı kəndlərinin ən üzdə olan nümayəndələrindən birisiniz. Bu məsələlərlə bağlı həmin  kəndlərdə görüşləriniz olub, sizə müraciətlər edənlər varmı?

- Buzovanda anadan olmuşam, Bakının bütün kəndlərindəki xoşməramlı tədbirlərə dəvət olunanda iştirak edirəm və insanlarla söhbətdən aldığım nəticə ondan ibarətdir ki, onlar bizim mətbuatımızın bu proseslərə düzgün reaksiya verməyini arzulayırlarr.
İstəyirlər ki, mətbuatda dinlə bağlı qızışdırıcı yazılar getməsin. Jurnalistlər xalq qarşısında məsuliyyəti dərk etsinlər. Xalqın müqəddəsliyinə xidmət edən abidələrimizə laqeyd olmasınlar. 

Bütün Azərbaycanda olduğu kimi, Bakı kəndlərində də heç kim bu hadisəni bəyənmir, əksinə təəssüf edir ki, niyə belə hal baş verdi. Hadisəni törədənlərin cəzalandırılmasını istəyirlər.

Hər məktəbə getməyən uşağın taleyi insanları narahat etməlidir, nə üçün, buna səbəb nədir? Axı indi cahillik dövrü deyil. Cahil mollaları heç kim qəbul etmək istəmir. Bu gün biz proseslərə biganə qalmamalıyıq.

Biz Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq Zati-alilərinə müraciət etdik. Müraciətdə qeyd olunur ki, Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain əməl layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazimi nəticə çıxararaq öz məkirli niyyətlərinə son qoymalıdırlar.

QMİ Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri olaraq, öz vəzifəmizi gənc nəslin milli-mənəvi dəyərlər, mötədil İslam ruhunda tərbiyəsi işini daha da gücləndirməkdə, maarifçilikdə, dinlər və məzhəblərarası tolerantlıq, multikulturalizm ənənələrinin təbliğində görürük. Dövlətimizin dəstəyinə arxalanaraq bu işi daha ardıcıl surətdə həyata keçirmək amalımızdır.

Azərbaycan dindarları dövlətçiliyimizə sadiqdirlər, milli mənafelərimiz, dini-mənəvi dəyərlərimizin qorunması istiqamətində Zati-alilərinizin siyasətini, müstəqilliyimiz əleyhinə təxribatların qarşısının qətiyyətlə alınması yönündə səylərini dəstəkləyirlər. Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz.

Aytən Zəhra 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu