Modern.az

Avtomobili olan jurnalistlər yol polisini görəndə hansı hissləri keçirirlər? (sorğu)

Avtomobili olan jurnalistlər yol polisini görəndə hansı hissləri keçirirlər? (sorğu)

19 Noyabr 2010, 10:27

Bir neçə ölkədə aparılan sorğu nəticəsində məlum olub ki, sürücülərin çoxu yol polisini görəndə nəinki həyacan keçirirlər, əksinə sevinirlər ki, yol polisi yolda yaranacaq problemlərin aradan qaldırılmasında onlara kömək edəcək.
Bəs, Azərbaycanda necə, sürücülər yol polisini görəndə sevinirlər, yoxsa narahat olurlar? Yəqin ki, bu sualın cavabını avtomobili olan jurnalistlərdən eşitmək oxucular üçün də maraqlı olar.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli:

“Oğru elə bilir hamı oğrudur, doğru elə bilir hamı doğrudur. Kimin səhvi varsa o, nəinki yol polisini, digərlərin də görəndə qorxur. Mən həmişə çalışıram ki, bütün qaydalara riayət edim, ona görə polisi görəndə narahatçılıq keçirmirəm. Sadəcə, iki dəfə yüksək sürətə görə radara düşmüşəm. Onda da cərimə  ödəmişəm. Bir şikayətim var ki, bəzi ali təhsili olmayan sürüçülər “reket” qəzetlərdən müəyyən məbləğ qarşılığında yalançı jurnalist vəsiqəsi alırlar. Son vaxtlar belələrinin sayı artdığından polislərə jurnalist olduğumuzu dedikdə bizə inanmırlar. “Reket” jurnalistlər kimi bizlə də kobud rəftar edirlər. Belə “jurnalistlərə” qarşı mübarizə aparılsa, yaxşı olar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu:

“Əgər sürücü qayda pozuntusuna yol vermirsə, o polisi görəndə heç bir narahatçılıq keçirməməlidir. Sürücülük təcrübəm az olsa  da, hələ yol polisi məni saxlamayıb. Heç bir səhvim olmadığına görə yolda polisləri görəndə sərbəst oluram”.

“525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov:

“Yol polislərinin başlıca vəzifəsi yol hərəkəti qaydalarını tənzimləməkdir. Bundan irəli gələrək, qaydaları pozan nəqliyyat sahiblərini məsuliyyətə cəlb edirlər. Bütün bunları bildiyimdən, inanın səmimiyyətimə, yol polislərini görən zaman hər hansı qeyri-adi bir hiss keçirmirəm. Amma təbii olaraq, hər kəs kimi mən də avtomobil idarə edərkən, bəzən hər hansı kiçik qayda pozuntusu edirəm. Təhlükəsizlik kəmərini taxmamaq, işıqforun qırmızı işığının tələbinə uyğun olaraq avtomobili saxlayan zaman stop xəttini, piyada zolağını tapdalamağı buna misal göstərə bilərəm. Bu zaman həmin ərazidə yol polisi olanda mən də azacıq da olsa həyəcan keçirir və düşünürəm ki, etdiyim qayda pozuntusuna görə məni saxlayacaqlar və əksər hallarda saxlayırlar da. Hətta bir dəfə təhlükəsizlik kəmərini taxmadığıma görə, protokol tərtib edilib və cəriməni ödəyəndən sonra sürücülük vəsiqəmə “qovuşmuşam”. Onu da deməliyəm ki, çox vaxt mətbuat işçisi olmağımı nəzərə alıb mənə güzəştə gedir və bir daha belə etməməyi tövsiyə edirlər”.

 “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı:

“Sükan arxasında olarkən yol polisləri ilə qarşılaşanda heç də həyəcanlanmıram. Bunu normal hal kimi qəbul edirəm. Çünki yol polisi hər yerdə qarşımıza çıxa bilər. Ümumiyyətlə, yol polisi ilə qarşılaşmağı heç bir sürücüyə arzu etmirəm. Elə polislər var ki, sürücünü başa düşür və hər xırda məsələni böyütmür, elə yol polisləri də var ki, saxlayanda jurnalist olduğumu bilən kimi başlayır ki, “mən də filan nazirin, filan generalın qohumuyam, filankəs mənim dayımdı”. Belə yol polislərinə gülməyim gəlir. Çox vaxt belələri filankəsin qohumu olduğunu sübut etmək üçün adama heç nədən protokol yazırlar. Belə yol polisinin birinin ucbatından mənim sürücülük vəsiqəm əlimdən alındı. Tanınmış bir məmurun bacısı oğlu olduğunu deyib, mənə 3 ballıq cərimə əvəzinə 4 ballıq cərimə yazdı. Sonra yenə imtahan verib vəsiqəmi aldım. Ümumilikdə, yol polisləri ilə münasibətim yaxşıdı, çoxlu dostlarım var. Qəribə də olsa, əksər yol polisləri ilə mübahisə edə-edə dostlaşmışam. Onlar da bizim kimi yazandır, hərdən onların yazdıqları, hərdən də bizim yazdıqlarımız güclü olur. Məncə, polislər jurnalistləri başa düşməlidir, hər xırda işdən ötrü cərimə yazmaq olmaz”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev:

“3 ildir ki, sürücü kimi yol polisləri ilə təmasdayam. Yolum şəhərin «Neftçilər» prospektindən keçdiyindən hər gün yol polislərinin tıxacların aradan qaldırılması üçün gördükləri işin şahidi oluram. Bu baxımdan onları görərkən yaxşı hisslərlə xatırlayıram. Amma bəzən də yol polislərinin sanki pusquda durub, sürücülərin qayda pozuntusuna yol vermələrini gözlədiklərini görəndə bu hisslərim yoxa çıxır. Sirr deyil ki, bu gün ikinci hallar daha çoxdur. Qeyd edim ki, əvəllər - sürücülüyə yeni başlayanda yol polislərini görən zaman sanki diksinirdim. Amma son vaxtlar belə deyil. Əgər sürücü yol hərəkət qaydalarını bilirsə, onlara əməl etməyə çalışırsa, yol polisini göründə diksinməməlidir. Çünki sürücü yol hərəkəti qaydalarını bilirsə, onlara əməl edirsə, haqsız yerə saxlanılanda da hüquqlarını müdafiə edə bilər. Allaha şükür biz jurnalistlərin də bu barədə problemi olmamalıdır. Amma yaxşı olardı ki, bütün peşə sahibi olan sürücülər bunu edə bilsinlər”. 

“Qafqazinfo” xəbər portalının əməkdaşı Elbrus Seyfullayev:

“Bizdə nəinki jurnalistlər, bütün sürücülər yol polisini görəndə diksinirlər, qorxurlar. Bunun da təbii səbəbləri var. Polislər yersiz olmasa da, kiçik qanun pozuntularına görə də sürücüləri saxlayırlar. Nəticədə ya rüşvət alırlar, ya da  sürücülük vəsiqəsini, bir sözlə cəriməliyirlər. Bundan qurtulmaq üçün bəzi sürücülər, hətta öz təcrübəmdən bildiyim qədər, yol polislərini görəndə o tərəfə baxmırlar, tez sürüb gedirlər. Bu dünya təcrübəsində anormal olsa da, bizdə normal qarşılanır”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Niyaz Niftiyev:

 “Yol polislərini görəndə qorxmuruq, sadəcə bir az ehtiyat edirik. Çünki saxlayıb insanı narahat edirlər. Ümumiyyətlə, qayda-qanunlara əməl etməyə çalışıram ki, yol polisləri məni saxlamasın.  Bu gün Bakı şəhərində avtomobil idarə eləmək həm çətindir, həm də asan. Qaydanı pozmasan, heç kim səni saxlamaz. Yol polisləri sürücüləri ən çox kəmərlə bağlı qayda pozuntusu olduqda, maşının texniki baxışının vaxtı ötdükdə saxlayırlar. Son bir ildə kəmərsiz maşın sürmürəm və çalışıram maşını texniki baxışdan vaxtında keçirim ki, heç bir narahatçılıq olmasın. Amma hər halda azərbaycanlıyıq, ölümdən, təhlükəsizlikdən qorxmuruq , polisi görəndə narahat oluruq və etiraf edim ki, bu məndə də var. Bütövlükdə ildə bir və ya iki dəfə yol polisi məni saxlayır, bu da ya kəmərlə bağlı olur, ya da maşının texniki baxışı ilə. Sənədlər qaydasında olanda isə heç bir narahatçılıq olmur”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli:

“Yol polislərini görəndə heç bir narhatçılıq keçirmirəm. Ümumiyyətlə, Azərbaycanda yol polisləri sürücüləri yersiz saxlayırlar, bu səbəbdən onları görəndə deyirəm ki, bunlar hardan qabağıma çıxdı?”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir