Modern.az

Bayram Səfərov Şuşanın 185 yaşlı məktəbindən yazdı

Bayram Səfərov Şuşanın 185 yaşlı məktəbindən yazdı

Təhsil

15 Dekabr 2015, 09:44

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq inkişaf yönümlü bir sıra dövlət proqramları təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafında, onun maddi-texniki bazasının zənginləşdirilməsində, paytaxtda və bölgələrdə xeyli sayda yeni təhsil müəssisələrinin inşası və ya yenidən qurulmasında, məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin lazımi avadanlıqlar, mebel və müasir İKT vasitələri ilə təmin edilməsində xidmətləri əvəzsizdir.
Bizi sevindirən cəhətlərdən biri də bu gün dövlətin qayğısı ilə əhatə olunmuş məktəblərin siyahısında Şuşa şəhər 1 nömrəli tam orta məktəbin də olmasıdır. Şuşa rayonunda zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikanın elm, təhsil, iqtisadiyyat sahələrinə layiqli töhfələr verən bir çox təhsil ocaqları var. Belələrindən biri də 185 yaşlı 1 nömrəli orta məktəbdir. Qocaman təhsil ocağı uzun və şərəfli inkişaf yolu keçərək birsinifli məktəbdən möhtəşəm tədris müəssisəsinə çevrilmişdir. 
Həmin məktəb təbiətin füsunkar guşəsi olan Şuşada həyata vəsiqə almışdır. Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini açmazdan əvvəl xüsusi nizamnamə hazırlayaraq 1829-cu il avqustun 2-də təsdiq etmişdir. Nizamnamədə nəzərdə tutulmuş şəhərlərdən birinci olaraq Şuşada qəza məktəbi təsis edilmişdir. Yerli əhalinin dünyəvi təhsil verən məktəb açmaq səyi və Şuşanın iqtisadi tərəqqisi ona bu sahədə birincilik qazandırmışdı.

Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada olmuşdu. Açılışda məktəbin müdiri N.Mixaylovski Zaqafqaziyada tədris müəssisələri təsis etmək üçün 1829-cu il nizamnaməsindən çıxarışı oxumuş və qəza məktəbinin təsisini elan etmişdi. Həmin gün I sinif açılmış və 19 şagirdlə təlimə başlanılmışdı. Bununla da Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulmuşdu. 


Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedirdi. O dövrdə açılan qəza məktəbləri az keçməmiş təhsilin zəifliyinə görə geridə qalmışdı. Hökumət yeni nizamnamə ilə maarif sahəsində təkmilləşdirmə işi aparmağı lazım bilmişdi. Beləliklə, 1835-ci il may ayının 12-də Zaqafqaziya məktəblərinin ikinci nizamnaməsi təsdiq edilmişdi. Bu nizamnamədə Şuşa qəza məktəbini də təkmilləşdirmək nəzərdə tutulmuşdu. Yeni nizamnamə ilə işləməyə başlamış təhsil ocağının II və III siniflərində rus dilinin qramatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxət, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün də məcburi fənn kimi həftədə 6 saat keçilirdi. 


1848-ci ilin dekabr ayının 18-də Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Qarşıya yeni məqsədlər qoyuldu. Belə ki əvvəlki fənlərdən əlavə dəftərxana qaydalarına aid qısa məlumat da tədris planına daxil edilmişdi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verilirdi.

Şagirdlərin bədii zövqünü təmin etmək və sinifdənxaric oxunu təşkil etmək üçün Şuşa qəza məktəbində kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi.


1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilmişdi. Şuşa qəza məktəbində fransız dilinin tədrisi tətbiq olunmağa başlamışdı. Azərbaycanda qəza məktəblərindən bir neçəsini şəhər məktəbinə çevirmək fikri meydana çıxmışdı. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Zaqafqaziyada şəhər məktəblərinin ilk qaranquşu oldu və Şuşa şəhər məktəbinə çevrildi. Beləliklə, Şuşa şəhər məktəbi xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa qəza məktəbinin bazasında 1874-cü ildə fəaliyyətə başladı. Yeni məktəb daha yüksək tipli idi. Pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Onlar xalq içərisində hörmət və nüfuz sahibi kimi tanınırdılar. Şuşa şəhər məktəbinin ana dili müəllimləri Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov məhz belələrindən idilər. 

Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. Şuşa şəhəri XIX əsrin 70-80-ci illərində yüksək iqtisadi inkişafı ilə yanaşı ədəbiyyat və incəsənət, elm və maarifin tərəqqisi ilə də seçilirdi. 1870-ci ildən başlayaraq Şuşada teatr tamaşaları göstərilməyə başlanmışdı. 1880-ci ildən isə məktəbin nəzdində xüsusi musiqi sinifləri açılmışdı. Şuşa şəhər məktəbi müəllim hazırlığında da müstəsna rol oynayırdı. Məktəbi daha yaxşı qiymətlərlə qurtaranlar imtahan verərək ibtidai məktəb müəllimi adını ala bilirdilər. Onlardan biri də yüksək pedaqoji təcrübəyə malik Əbdüləli Muxtarov idi. Ə.Muxtarovun yüksək hazırlığını nəzərə alaraq onu 1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan ibtidai məktəbinə müdir təyin etmişdilər.

Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdu. Onların arasında tanınmış pedaqoq Əliş bəy Tahirov, Azərbaycan elmi-pedaqoji fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində almışdılar. 


Məktəbin fəaliyyəti 1920-ci ilədək davam etmiş, xeyli məzunu olmuşdur. Bir faktı da qeyd edək ki, çox hallarda “rus-tatar” və ya digər ibtidai məktəbi bitirən gənclər şəhər məktəbində hazırlıq keçir və burada ibtidai məktəb müəllimliyinə imtahan verirdilər. Belələrindən biri də Şuşada ibtidai təhsilin təşkilatçılarından olmuş, tanınmış pedaqoq Mirzə Xosrov Axundzadə idi. Deməli, Şuşa şəhər məktəbi ehtiyaca görə müəllim kadrları hazırlamaq missiyasını da axıra qədər yerinə yetirmişdir. Ötən əsrin 20-ci illərindən sonra isə məktəb çiçəklənmə dövrünə qədəm qoymuşdur. Belə ki Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilindən yeddiillik məktəbə çevrilmişdi. Məktəb ümumi təhsil verməklə yanaşı, şagirdləri orta ixtisas məktəblərinə daxil olmağa hazırlayırdı. Şuşa yeddiillik məktəbi respublikanın ən yaxşı təhsil ocaqlarından hesab edilirdi. 1933-cü ildən təhsil ocağı Şuşa yeddiillik nümunəvi məktəbi adını aldı. 1933-1934-cü dərs ilində Azərbaycanın görkəmli şairləri Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm bu təhsil ocağında olmuşlar. Şuşa yeddiillik nümunə məktəbinin bütün məzunları həyatda layiqli iz qoymuşlar.

Süleyman Ələsgərov, Əşrəf Abbasov, Aftab Kazımova və başqaları həmin təhsil ocağının yetirmələri idilər.1937-1938-ci dərs ilindən isə bura 1 nömrəli şəhər orta məktəbinə çevrildi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olmuşdu. 1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəb yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçürüldü və burada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adını daşıyaraq fəaliyyətini davam etdirdi. Həmin dövrdə Şuşada yaşayıb pedaqoji fəaliyyət göstərmiş müəllimlərin əksəriyyəti bu məktəbin yetirmələri olmuşlar. Əməkdar müəllimlər Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə Şəfiyeva, Gülarə Məmmədova məktəbin həm məzunları olmuş, həm də uzun müddət doğma məktəbdə qalıb işləmişlər. Sovet dövründə məktəbin yetirmələri içərisində akademiklər Lətif İmanov, Səttar Əsədov, Paşa Rüstəmov, Cəlal Allahverdiyev, elmlər doktorları Validə Yusifzadə, Sabir Rüstəmov, Əbülfət Rüstəmov, Cəlal Şükürov, Sayalı Tağıyeva, Əkbər Ağayev, Kamran Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov və başqalarının adlarını iftixarla çəkmək olar. Təhsil ocağı öz məzunları ilə həqiqətən, fəxr etməyə layiqdir.

Yubilyar məktəbin məzunlarının fəaliyyət dairəsi çox genişdir. Onlar Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərin elmi laboratoriyalarında çalışırlar. Onlardan biri də Ukrayna Milli Elmlər Akademiyasında şöbə müdiri işləyən texnika elmləri doktoru, professor Nadir Əlişovdur. Elm sahəsində əldə etdiyi nailiyyətlərə görə onun adı akademik B.Y.Patonla, J.K.Paxodiya ilə yanaşı çəkilir. Sovet dövründə məktəbin direktorları olmuş Hacı Zalov, Zülfüqar Abdullayev, Səttar Kərimov, Murtuza Allahverdiyev, Mütəllim Abbasov, Tovuz Abbasova, Mərdan Əliyev, Çərkəz Səfixanov, Ərkinaz Səfərova, Dadaş Dadaşov zaman-zaman güclü pedaqoji kollektivlər təşkil edərək təhsilin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə inadla səy göstərmişlər. 


1 nömrəli orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman, akt zalı, yeməkxana və s.

fəaliyyət göstərirdi. Ümummilli lider Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalamış və bu qərar əsasında təhsil ocağının yubileyi təntənəli şəkildə keçirilmişdi. Ötən əsrin 80-ci illərində Şuşa 1 nömrəli orta məktəbini bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülmüşdür. 


Şəhərin ermənilər tərəfindən işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşsalar da, bu və digər məktəblərimizin şagirdləri və müəllimləri cəlb olunmaqla yenidən təşkil edilmiş və 1992-ci ildən 2015-2016-cı tədris ilinə qədər Bakı şəhəri, Yasamal rayonu, 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərmişdir. Bakı şəhərində fəaliyyət göstərdiyi müddətdə bu məktəbin direktorları Sevil Babayeva, Naimə Əliyeva olmuşlar. Hazırda Elçin Dadaşovdur.


2010-cu ilin dekabr ayında məktəbin 180 illik yubileyinin dövlət səviyyəsində təntənəli surətdə keçirilməsi, yubileydə Prezident İlham Əliyevin sərəncamı ilə Sevil Həsən qızı Babayevaya “Əməkdar müəllim” fəxri adının, Gülşən Qafar qızı Allahverdiyevaya və Bahar Hüseyn qızı Kərimovaya “Tərəqqi” medalının verilməsi və kollektivə ünvanlanan təbrik məktubu bütün şuşalılar, o cümlədən rayonun çoxsaylı təhsil işçiləri tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılanmışdır.


Təhsil sahəsində ən diqqət çəkən nəticələr həm də məktəb binalarının tikintisinin geniş vüsət alması ilə bağlıdır. Ölkədə təhsilə dövlət qayğısı 1 nömrəli tam orta məktəbin yenidən qurulmasında əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il sentyabrın 14-də imzaladığı sərəncama uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2 yaşayış massivi, Ə.Əhmədov “15H” ünvanında inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəbi 2015-2016-cı tədris ilində bütün təhsil infrastrukturu ilə həmin ərazidə yaşayan məcburi köçkün və yerli ailələrin övladlarının istifadəsinə verilmişdir.


Şuşalılar, məktəbin müəllim və şagird kollektivi bu cür şəraitin yaradılması üçün ilk növbədə dövlət başçısı cənab İlham Əliyevə minnətdardırlar. Yüksək səviyyədə bütün lazımi avadanlıqlarla təmin olunmuş sinif otaqları, laboratoriya kabinələri, idman və akt zalları, İKT ilə təchizat məktəbdə təhsilin keyfiyyətinin artmasına səbəb olmuşdur. Son 15 ildə məktəbin 50-dən çox məzunu respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar. 


Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətini dəstəkləyən bütün şuşalılar kimi, Şuşa şəhər 1 nömrəli orta məktəbin pedaqoji kollektivi də gələcəyə böyük inamla baxır. Onlar məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyütmək, doğma Şuşaya qayıdacağımız günə hazırlamaq kimi şərəfli bir işlə məşğuldurlar. Burada yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Onların milli-mənəvi ruhda böyüməsi, yad təsirlərdən və zərərli təbliğatdan qorunması üçün müxtəlif proqramlar reallaşdırılır. 2013-2014-cü tədris ilindən başlayaraq ölkənin bütün məktəblərində ilk dərslər vətənpərvərlik mövzusuna həsr edilmişdir. 2015-2016-cı tədris ilində isə birinci dərslər ilk Avropa Oyunları haqqında geniş məlumatlarla başlamışdır. Bu Oyunlarda qazanılan tarixi qələbələr, Azərbaycan idmançılarının nailiyyətləri uşaq və gənclərdə iftixar hissinin güclənməsində mühüm rol oynamışdır.


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni qərargahının açılış mərasimində çıxış edərək demişdir: “Mən şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, biz Dağlıq Qarabağa qayıdacağıq və o bölgəni yenidən quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar”. 


Bütün Dağlıq Qarabağın sakinləri, ölkənin əhalisi inanırlar və belə bir sönməz ümidlə yaşayırlar ki, tezliklə ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində tarixi yurdumuz olan doğma Şuşamıza qayıdacaq, müəllimlərimiz isə Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaşlar yetişdirmək kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəklər. 

2015-ci ilin dekabr ayında təhsil sahəsində həmişə öz ənənəsi ilə seçilən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 185 yaşı tamam olur. (Azərbaycan qəzeti)

Bayram SƏFƏROV,
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, 
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı