Modern.az

“Parlamentdə korrupsiyaya qarşı yeni qanunlar hazırlanacaq”

“Parlamentdə korrupsiyaya qarşı yeni qanunlar hazırlanacaq”

15 Dekabr 2015, 13:10

Noyabrın 1-də keçirilən seçkilərdən sonra Milli Məclis növbəti 5 illik fəaliyyətinə xeyli dəyişiklə başladı. Dörd yeni komitə yaradılmaqla onların sayı 11-dən 15-ə qaldırıldı. Bundan başqa, Milli Məclisin əvvəlki 11 komitəsinin adında zamanın tələblərinə uyğun olaraq, onların fəaliyyət dairələrini artırmaq üçün dəyişiklik edildi. Bunlardan biri də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsidir. Son vaxtlar ölkədə korrupsiya qarşı mübarizə istiqamətində xeyli işlər görülür. Amma buna baxmayaraq, yenə yeni faktlar ortaya çıxır və onların sayı azalmaq əvəzinə daha da artır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Modern.az-a bildirib ki, prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni Azərbaycanın görməli olduğu prioritet istiqamətlərdən biri hesab edir və ölkənin daxili siyasətində korrupsiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirir.

“Prezident bütün çıxışlarında da qeyd edib ki, korrupsiyaya qarşı mübarizə yalnız cəza vermə tədbirləri ilə məhdudlaşa bilməz. Öncədən korrupsiya hallarına yol verməyən şəraitin yaradılması, insanların, qurumların fəaliyyətində şəffaflığın artırılması vacibdir. Bütün bunları isə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə həyata keçirmək mümkündür. Korrupsiyanı qabaqlamaq üçün görülən işlər, şübhəsiz qanun əsasında baş verməlidir”.

Bəxtiyar Sadıqov bildirib ki, korrupsiyaya qarşı mübarizə qanunda da öz əksini tapmalıdır: “Azərbaycan hüquqi dövlət olduğu üçün işimizi bu istiqamətdə qurmalıyıq. Qanunvericiliyi sürətləndirmək, effektliliyini artırmaq üçün komitəmizin səlahiyyətləri genişləndirilərək bu zəruri funksiya da üzərinə qoyulub. Yəqin ki, korrupsiya qarşı mübarizənin gücləndirilməsi üçün yeni qanunlar hazırlanacaq. Prezident Administrasiyasından yeni layihələr də göndəriləcək”.

Deputat komitəyə hələ ki korrupsiya ilə bağlı qanun layihəsinin daxil olmadığını vurğulayıb: “Əgər belə bir layihə hazır olarsa, şübhəsiz ki, biz də bu vacib məsələyə dəstəyimizi verəcəyik. Çalışacağıq ki, korrupsiyaya qarşı mübarizə daha sürətli və effektli olsun”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir