Modern.az

“Məmur sayı azaldılmalıdır” - MTN-in ardınca daha bir neçə qurumun ləğvi TƏKLİF EDİLDİ

“Məmur sayı azaldılmalıdır” - MTN-in ardınca daha bir neçə qurumun ləğvi TƏKLİF EDİLDİ

17 Dekabr 2015, 09:46

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəyə lazımdır?..”


“Azərbaycanda 2016-cı ildə optimal hökumət qurulmalıdır”

Qloballaşan iqtisadi böhran şəraitində eyni funksiyanı yerinə yetirən dövlət qurumları və nazirliklərin optimallaşdırılması məsələsi yenidən gündəmə gəlib. 2015-ci ilin əvvəlində prezident İlham Əliyevin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin ləğvi, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilərək bazasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması haqqında verdiyi sərəncamlar hökumət nümayəndələri, eləcə də cəmiyyətdə  müsbət addım olaraq dəyərləndirildi. Büdcə ehtiyatlarının sürətlə azaldığı bir dönəmdə eyni funksiyalı hansısa qurumlar birləşdirilə bilərmi? Bu məsələ parlamentdə yenidən gündəmə gətirəcəkmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.z saytına deyib ki, yeni tərkibli parlamentdən belə təkliflərin gəlməsinə ehtiyac böyükdür, amma reaksiyanın olmaması təəssüf doğurur:

“Yeni fikirlərə, yaxşı planlara ehtiyac var. Çünki istənilən ölkə təbii sərvətlərlə ayaqda durmur. İndiki neft bumunun söndüyü və xarici ölkələrdə siyasi, iqtisadi xaosun baş verməsi fonunda əsl hökumətlərin peşəkarlıq potensialı sınağa çəkilir.

Prezident İlham Əliyev də bu halı “stress test”i kimi qeyd etmişdi. Bir dönəm başlanır ki, orada peşəkarlıq, intellektuallıq, Qərb iş və idarəetmə təcrübəsini bilmək kimi məsələlər öndə olur”.

Parlament rəsmisi hesab edir ki, optimallaşdırmada peşəkarlıq göz önundə olamlıdır: “Ona görə də hər bir hökumət strukturu bilməlidir ki, burada Milli Təhlükəsizlik Nazirliyindəki kimi nəinki müxtəlif cinayətkar mexanizmləri quracaqsa, qohum-əqrəbasını ora yerləşdirəcəksə qurum onun ailə təsərrüfatına çevriləcək və heç bir ideya ilə dövlət quruculuğuna töhfə verə bilməyəcək. Ona görə də islahatlar zamanın çağırışıdır. Zorla, büdcə gəlirləri azalıb deyə, ona uyğun hökumət saxlamaq fikrindən daşınmaq lazımdır”.

Zahid Oruc qeyd edir ki, müxtəlif qurumlar öz xərclərini minimuma endirməyə çalışsa da, qənaət rejimi bütün problemlərdən çıxış yolu olmayacaq: “Hökumət qarşısında qaldıracağım bir neçə məsələ var. Bu dövr ərzində əsaslandırılmamış layihələri gündəmə gətirmək, onları bölgələrə paylamaqla çıxış edənlər bilmirdi ki, onların bir çoxu qeyri-rentabellidir, onun Azərbaycan insanına heç bir faydası olmayacaq?!

Məsələn, yanvar ayının 1-dən 20 milyon manat vəsaiti hansısa mədəniyyət obyektinə qoymaq istəyirik. Hər bir ölkənin mədəniyyəti, incəsənəti, teatrı inkişaf etməlidir. Amma bu özünün sıralanma dərəcəsində 2-ci, 3-cü yerdədir. İnsanlar üçün iş yerlərinin açılması, istehsalın bərqərar olması və digər məsələlərə nail olmadan teatrlar kimə xidmət edəcək?”.

Deputatın fikrincə, öncə qarşılıqlı nəzarət və əhalinin hər 100 min nəfərinə düşən məmur sayı nəzərə alınmalıdır: “Bu halda şişmiş büdcələrdən, böyüdülmüş aparatlardan xilas olacağıq. Sevindirici haldır ki, MTN kimi abreviaturadan bütövlükdə xilas olduq. Onun bütün əməlləri ilə yanaşı, yüzlərlə yeni ştatların meydana gəlməsi ortada idi. Nə qədər ki, o vəzifələrə adamları qara dövriyyədə olan pullarla təyin edirdilər, bu halda sadə insanları şantaj yolu ilə narahat etmələri də “normal” idi. Etiraf etmək lazımdır ki, dövlət qurumları içərisində bir-birini təkrarlayanlar mövcuddur.

Məsələn, kənd təsərrüfatı sferasında mühüm bir nazirliyin fəaliyyət göstərdiyini nəzərə alaraq, neft iqtisadiyyatının alternativi kimi aqrar sektorda uzun illər böyük təcrübə qazanan bir ölkənin imkanlarına göz yetirərək, əhalinin əmək qabiliyyətli hissəsinin 40-45 faizinin kəndlərdə məskunlaşdığını nəzərə alaraq, o sferada xeyli birləşdirmələrə ehtiyac var. Vətəndaşlara aqrar sektorda verilən kreditlərlə bağlı ciddi problemlərlə tanış olduqda, adamı gerçəkdən dəhşət bürüyür. Bura nə qədər barmaqlar uzanır?..

Dövlətin bu layihələrlə başlıca məqsədi xaricdən ixracın azaldılmasına nail olmaqdır. Hesab edirəm ki, digər başqa qurumlar Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməlidir. İrriqasiya, su təsərrüfatı ilə bağlı sistemlər məhz bu qurumda olmalıdır. Kreditlərin verilməsi də məhz nazirliyə tapşırılmalıdır. Aqrar adı altında müxtəlif kredit bankları yaradılıb. Bunlar nəyə lazımdır? Bunların əksəriyyəti pul tələsidir”.



Deputat bildirir ki, dünyanın çox yerində bu funksiyaları nazirlik özü yerinə yetirir: “O cümlədən, digər sahələrdə də birləşdirilməyə ehtiyac var. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəyə lazımdır? Əlbəttə, Azərbaycanda bütün məhsulların real dövlət standartlarına uyğun olması tələb ediləndir. Amma bunun üçün ayrıca komitələrə, mühüm ştatlara, böyük kadr personalına lüzum görmürəm.

O boyda Çində 1 milyard 300 milyon insanı idarə etmək üçün nazirliklərin sayı 22-23-dən artıq deyil. Bizdə də təxminən o saydadır. Bu vəziyyətdə şişmiş aparatlar, büdcə vəsaitləri üzərində heç nəyi istehsal etməyən, sadəcə, ona sərəncam verən qurumlar meydana çıxır. Bizə də bəlli olur ki, bunların əksəriyyəti fəaliyyətinə görə şəffaflıq yaratmır, əksinə vətəndaşlar üçün nəzərdə tutulmuş büdcə pullarının müxtəlif layihələr üzərindən silirlər”.

Zahid Oruc hesab edir ki, 2016-cı il optimal hökumət modeli qurmaq üçün fürsətdir: “Burada niyyət kimlərinsə işsizliyinə nail olmaqdan ibarət deyil. Son aylar ərzində dövlət qulluğunda çalışanların əvvəlki qanunvericiliklə pensiyaya çıxarkən aldığı məvacibin 80 faizinin saxlanması şərtinin dəyişəcəyi xəbərləri geniş yayılır. Bu haqda dövlət qurumlarının aydınlıq gətirməsinə baxmayaraq, müxtəlif hökumət orqanlarında həmin yaş həndəvərində olan insanlar ərizələrini yazaraq işdən çıxıb gedirlər. Çünki əvvəlki qanunun tələbləri ilə pensiyaya çıxmaq istəyirlər”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır