Modern.az

Deputatlara əlavə səlahiyyətlər verildi - “Bu məsələdə dərəbəylik ola bilməz”

Deputatlara əlavə səlahiyyətlər verildi - “Bu məsələdə dərəbəylik ola bilməz”

18 Dekabr 2015, 17:16


Komitə sədrləri və deputatlara parlamentin plenar iclaslarında növbədənkənar çıxış etmək hüququ veriləcək. Modern.az saytı xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Hazırkı nizamnaməyə əsasən, Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

Amma Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Daxili Nizamnamnaməsinə edilən dəyişikliklər nəticəsində komitə sədrləri və deputatlara iclaslarda növbədənkənar çıxış etmək hüququ verilib, deputatlar eyni anda iki komitənin üzvü də ola biləcəklər.

Dəyişikliklərə əsasən, komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz Milli Məclisin sədri tərəfindən verilə bilər.

Deputat Siyavuş Novruzov isə çıxışında deputatlara növbədənkənar çıxış imkanı verilməsi ilə bağlı dəyişikliyə etiraz edib. 

O  deyib ki, qanun layihəsindəki köhnə variant qalmalıdır:

“Etirazımın səbəbi odur ki, bu məsələ necə tənzimlənəcək. Çünki komitə sədrlərini başa düşmək olar. Hansısa məsələ olanda onlara söz verilməsi başadüşüləndir. Burada 20 nəfər çıxışa yazılır. Söz verməyəndə deyirlər ki, daxili nizamnaməni pozursunuz. Veriləndə isə kənar çıxışlar olur”.

Spiker Oqtay Əsədov S.Novruzova cavab verərək qeyd edib ki, söz vermək səlahiyyəti ona məxsusdur:

“Hansısa deputat ezamiyyətə göndərilə bilər və o gələndə çıxış etmək istəyə bilər. Belə olan halda ona növbədənkənar çıxış imkanı verilməlidir və bu məsələ də mənim səlahiyyətimdədir. Bu məsələdə dərəbəylik yarana bilməz.

Həm də  komitə iclasında məsələ qaldırıldı ki, niyə Milli Məclis sədrinin müavinlərindən biri müxalifət, azlıqda qalan partiyaların nümayəndələrindən olmur? Düzdür, o məsələyə cavab verilmədi. Sonra mən bəzi yoldaşlarla söhbət edərək dedim ki, nə vaxt azlıqda qalan ən az 25 nəfərlik qrup yaradar, o zaman bu təkliflə çıxış edərlər. Onların hər hansı fikirləri olarsa, o zaman mənə müraciət edə bilərlər”.

Nizamnaməyə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu