Modern.az

Məşhur “Time” və “Forbes” jurnalları Azərbaycan şirkətindən yazıb

Məşhur “Time” və “Forbes” jurnalları Azərbaycan şirkətindən yazıb

22 Noyabr 2010, 16:23


Dünya mətbuatının aparıcı nəşrləri hesab edilən ABŞ-ın “Forbes” və “Time” jurnalları özünün oktyabr nömrələrində Azərbaycan Metanol Şirkəti (AzMeCo) haqda material dərc edib.

“Time” jurnalında nəşr edilən məqalədə Azərbaycanda son illər ərzində yer alan iqtisadi inkişafdan söz açılır və bir zaman dünya neftinin yarısını təmin edən ölkəmizin makroiqtisadi islahatlar nəticəsində sabit inkişaf proqramı ilə irəlilədiyi bildirilir. Bununla yanaşı, Azərbaycanın MDB dövlətləri arasında nəzərəçarpan iqtisadi nailiyyətlərə imza atdığı və bu gün dünyanın neft hasil olunan mühüm ərazilərindən biri olduğu vurğulanır.

Məqalədə AzMeCo şirkətinin Azərbaycanda iri miqyaslı layihələri maliyyələşdirib həyata keçirdiyi diqqət önünə çəkilir. 2007-ci ilin noyabrında əsası qoyulan AzMeCo şirkəti dinamik inkişaf siyasəti yürüdərək Xəzər Dənizi hövzəsində beynəlxalq karbohidrogen investisiyaları ilə iki böyük zavodun - metanol zavodu və ammonyak, karbomid və falmaldehid zavodunun tikintisinə investisiya yönəldir.

Şirkətin icraçı direktoru Nəsib Piriyev məqalədə bu zavodların ilk növbədə ölkəmizin iqtisadiyyatına və qeyri neft sektorunun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Cənab Piriyev bu haqda deyib: “Müəyyən ilkin araşdırmalardan sonra biz bu qənaətə gəldik ki, metanol istehsalı müxtəlif sənaye sahələrini əhatə edir və bu sahədə layihənin inkişafı bizə bütün metanolu ölkədə saxlamağa və digər regionları da buraya cəlb etməyə imkan verəcəkdir.” Zavodların tikintisi ümumilikdə regionun da inkişafına öz töhfəsini verəcək.

Məqalədə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə AzMeCo şirkətinin əməkdaşlığının şirkətin güclü korporativ mədəniyyətini formalaşdırdığı və onun biznes modelinin ölkə üçün bir nümunə olduğu da qeyd olunur.

Elitar biznes dünyasının ünlü “Forbes” jurnalında isə AzMeCo şirkətinin uğurundan və bu şirkətə daxil olan Ecologic Petroleum Group müəssisəsinin yığcam və daşına bilən kiçik ölçülü neftayırma zavodlarından söhbət açılır. Ənənəvi böyük ölçülü neftayırma zavodlarından fərqli olaraq bu mini zavodlar cəmi dörd vaqon ölçüsündədir və onun quraşdırılması altı ay vaxt tələb edir. Dizel yanacağı ilə çalışan zavodun istismarı üçün 30 nəfər işçi lazımdır. Jurnal ətraf mühit üçün zərərsiz olan belə zavodların gələcəyinin böyük potensialı olduğunu qeyd edir və müəssisənin Özbəkistan, Qırğızıstan və Əfqanıstanda uğurla fəaliyyət göstərdiyini vurğulayır.

Bundan əlavə, “Forbes” jurnalındakı məqalədə AzMeCo şirkətinin Azərbaycan mədəniyyətini və incəsənətini dünyada təbliğ etmək məqsədilə yaradılan incəsənət fondundan (Buta İncəsənət Mərkəzindən) söz açılır. Azərbaycan şirkəti haqda dünyanın aparıcı nəşrlərində belə materialların dərc edilməsi ölkəmizin dünyada müsbət imicinin formalaşması üçün çox mühüm və təqdirəlayiqdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi