Modern.az

ABŞ-dakı vəziyyətə dair sənəd hazırlayan deputat danışdı: “Sübut etməyə hazıram”

ABŞ-dakı vəziyyətə dair sənəd hazırlayan deputat danışdı: “Sübut etməyə hazıram”

Parlament

24 Dekabr 2015, 10:09

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib. Qanun layihəsi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlanır.

Xatırladaq ki, ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Azərbaycanın yüksək vəzifəli məmurlarına sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayaraq, Konqresə təqdim edib. “Azərbaycan Demokratiya aktı” adlı sənəd Milli Məclisin son iclasında sərt şəkiləd tənqid edilib. 

Məsələ ilə bağlı Modern.az saytı Rövşən Rzayevdən müsahibə alıb.

- Rövşən müəllim, hazırladığınız sənəd hansı zərurətdən irəli gəldi? Bu sənəd nəyəsə təsir edəcəkmi?

- Mən əvvəlcə diqqəti Amerika Birləşmiş Ştatlarının konqresmeni Kris Smitin Azərbaycanla bağlı hazırladığı sənədə çəkmək istəyirəm. Hesab edirəm ki, birmənalı şəkildə bu sənəd erməni lobbisinə həmin konqresmenin çox böyük bir hədiyyəsidir. Bu gün Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu dünyaya qəbul etdirdiyimiz bir vaxtda belə bir sənədin ortaya çıxması heç də təsadüfi deyil. Konqresmen bu sənədlə bütün dünyaya car çəkmək istəyir ki, Azərbaycanda insan haqları pozulur, Azərbaycanda insanlar daim pressinq altındadır və s. Bilirsiniz, eyni fikirləri Sarkisyan, Köçəryan da zaman-zaman dilə gətirir. Və onlar bəyan edirlər ki, belə olduğuna görə, Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər. İndi isə ABŞ konqresmeni Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı birdəfəlik Azərbaycandan qoparmaq üçün erməni lobbisinə dəstək verir. Bununla dünya səviyyəsində belə bir təəssürat yaratmaq istəyir ki, işğal olunmuş Azərbaycan ərazilərində yaşayan və sonradan süni şəkildə həmin yerlərdə məskunlaşdırılan ermənilər heç cür Azərbaycanın tərkibində yaşaya bilməzlər. “Qarabağın Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvüyəm, ona görə də bunu hiss edirəm. Bütün fəaliyyətimi torpaqlarımızın işğaldan azad edilməsinə yönəltmişəm. Bunu özümə borc bilirəm. Bu məsələdə Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin və xalqımızın yanındayam. Bir daha qeyd etmək istəyirəm ki, ABŞ konqresmeninin hazırladığı sənədin pərdəarxası məqamlarını gördüyümdən belə bir sənəd hazırladım.

- Bu təşəbbüsünüz Azərbaycan-Amerika münasibətlərinə mənfi təsir göstərməyəcək ki?

-
Birinci onu deyim ki, bu, bir deputat olaraq mənim mövqeyimdir. Hesab edirəm ki, tam doğru addım atmışam. İknci tərəfdən, ilk addımı ABŞ-ın konqresmeni atdı. O, Azərbaycanı insan hüquqları pozulan bir ölkə kimi təqdim etdi. Təbii ki, mən ona cavab verməliydim. Bir daha qeyd etməliyəm ki, onun hazırladığı sənədin arxasında Azərbaycana qarşı çox məkrli məqamlar yer alır. Sadəcə, pərdəarxasında olduğu üçün insanlarımız onu dəqiqliyi ilə kəsdirə bilmirlər. Digər tərəfdən, demək istəyirəm ki, mənim bu mövqeyimin Azərbaycan-ABŞ münasibətlərinə heç bir dəxli yoxdur. Bu gün hökumətlərarası münasibətlər var. İnanıram ki, bu münasibətlər daha da inkişaf edəcək. Ancaq bir daha qeyd edirəm ki, bu, mənim mövqeyimdir. Heç bir siyasi partiyanın üzvü deyiləm. Müstəqil deputat kimi mövqeyimi ifadə etmişəm. Sənədi özüm hazırlamışam. Atdığım addımın məsuliyyətini hiss edirəm. Xalqımız üçün, Qarabağ üçün hər bir addımı atmağa hazıram. Biz suveren, müstəqil Azərbaycanın qorunması üçün hər zaman, hər vaxt mübarizə aparacağıq.

- Hazırladığınız sənəddə bu gün demokratiyanın beşiyi hesab edilən ABŞ-a qarşı ciddi ittihamlar var...

-
Hazırladığım sənəddə yer alan hər bir məsələnin izahını verməyə hazıram. Bilirsiniz, indi elə bir dövrdə yaşayırıq ki, nəyisə gizlətmək mümkün deyil. Mən düşünürəm ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etməlidirlər. Əgər müstəqil dövlətlərdən söhbət gedirsə, burada “böyük dövlət”, “kiçik dövlət” kimi yanaşmalar olmamalıdır. Elə Smitə də tövsiyyə edərdim ki, Azərbaycanda insan hüquqlarına diqqət çəkməkdənsə, gedib ölkəsindəki gizli həbsxanalara baş çəksin, insanlara verilən işgəncələrlə bağlı öz ölkəsindəki həkimlərin fkirlərini dinləsin. Ölkəsindəki dini, milli, irqi ayrıseçkiliyi bütün dünya görür. Biz bunu deməliyik. Əgər Smiti doğrudan da insan haqları maraqlandırırsa, zəhmət çəkib öz seçicilərini də dinləsin. Öncə onların hüquqlarını qorusun. Bundan sonra digər ölkələrdə insan hüquqları ilə bağlı məsələyə toxunsun.

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar