Modern.az

Qurban kəsən Azərbaycan xristianları - udinlər... (REPORTAJ)

Qurban kəsən Azərbaycan xristianları - udinlər... (REPORTAJ)

Reportaj

24 Noyabr 2010, 14:57

Modern.az saytının əməkdaşı qədim alban məskəni Nic kəndində olub

Udin İcmasının rəhbəri: “Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər...”

Qəbələ rayonun Nic kəndi özundə təbiətin gözəlliyini əks etdirməklə yanaşı, olduqca maraqlı və qədim  tarixə malikdir. Azərbaycan miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada təkcə udinlər yaşamır. Bu kənddə qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır. 7285 hektar ərazisi olan Nic kəndinin əhalisinin 50 %-i udinlər, 40 %-i azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir. Ayrı-ayrılıqda 14 məhəllədən ibarət olan Nic kəndinin ərazisinin 2053 hektarı bələdiyyənin nəzarətindədir. Kənddə 2 məscid, 3 kilsə, 1 mədəniyyət evi, 1 kitabxana, 1 otel, 3-ü rüs dilində və 2-si Azərbaycan dilində olmaqla 5 orta məktəb, 4 kinoklub, 1 xəstəxana və 1 uşaq bağçası var. Kilsələrdən 2-si, kinokulubların isə heç biri fəaliyyət göstərmir.
Digər 2 kilsənin təmir olunaraq yenidən istifadə verilməsi üçün tədbirlər həyata keçirilir.

Nic kəndi və udinlər...


Qədim tarixə malik olan Nic kəndində xeyli abidə aşkarlanıb. Nicin Abdallı adlanan ərazisində 1926 –cı ildə Yalolutəpə adlanan torpaq qəbirlər var,  Ağdəlləhli adlanan ərazidə tapılan qəbir daşlarının üzərində 1228 –ci il tarixi qeyd edilib. Kənddə olan Alban kilsəsi, “Daş bulaq” adlı tarixi çeşmə bu abidələrə marağı xeyli artırır. Eləcə də orjinal üslubda tikilən bir sıra yaşayış evləri Nicə gələn turistlərin diqqətini cəlb edir.
Burada olarkən öyrəndik ki, Nicə il ərzində təxminən 2000- 3000 turist gəlir.

Udin İcmasının rəhbəri Danaqari Alek Yegeşeviç bizimlə söhbət əsnasında tarixə olan biganəlikdən gileyləndi: “Yolulutəpə indi dövlət tərəfindən qorunmur. Qəbələdə fəaliyyət göstərən Gilan kərpic zavoduna həmin ərazidən torpaq daşınır. Azərbaycanın tarixini korlamaq olmaz, bu işin gələcəyini heç kim fikirləşmir”.

A.Yegeşeviçin sözlərinə görə, bir müddət əvvəl  sözügedən ərazinin muzey kimi nəzarətə alınacağı deyilsə də, indi bu məsələyə  fikir verən yoxdu. Kəndin əvvəlki icra nümayəndələri məsələ ilə bağlı aidiayyatı qurumlara müraciət ediblərmiş. Hazırkı icra nümayəndəsi Vidadi müəllimin isə məsələ ilə bağlı hər hansı bir müraciəti olmayıb.
Təəsüf ki, icra nümayəndəsi bizimlə söhbətə də razılaşmadı. Mətbuatdan olduğumuzu bilib
çəkindi, hətta ən adi informasiyanı belə verməkdən yayındı.


Azərbaycanda yaşayan 26 tayfadan 1-i olan udin (ya da udi-S.S.) xalqının tarixi olduqca qədimdir. Hazırda  kompakt şəkildə udinlər Azərbaycanda Qəbələnin bu kəndində - Nicdə  yaşayırlar. Sayları təxminən 4500 nəfərə yaxındı. Nicdən əlavə, 78 nəfər udin də Oğuz rayonunda yaşayır.

Bu xalqla bağlı XIX əsrdən etibarən  tətqiqatlar aparılıb, məlum olub ki, udinlər Azərbaycanın Qafqazdilli aborigen etnoslarındandır. Tarixən və elə bu günümüzdə də dünyanın etnik xəritəsində udinlər yalnız Azərbaycanda mövcud olub. Azərbaycanın qədim etnoslarından olan udinlərin öyrənilməsi ilə alimlər uzun illərdir ki, məşğul olurlar.  

Udinlər Azərbaycandan başqa, bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Ukraynada, Qazaxıstanda, Belarusda  yaşayır. Aparılan araşdırmalar sübut edib ki, digər ölkələrdə yaşayan udinlərin hamısı Azərbaycandan köçüb gedənlərdi.
Məsələn qonşu Gürcüstana Azərbaycanın keçmiş Vartaşen (indiki Oğuz-S.S.) rayonundan XVII  əsrdə  köçüb gediblər. Hazırda Gürcüstanda yaşayan udinlərin sayı axırıncı məlumata görə, 500 nəfərdir.
Danaqari Alek Yegeşeviç bizimlə söhbət zamanı bildirdi ki, Gürcüstanda  yaşayan udinlər demək olar ki, 50- 60 % gürcüləşib. Onların əksəriyyəti öz ana diılini bilmir, sadəcə yaşlı nəslin nümayəndələri öz dillərində daşımağı bacarır. Yegeşeviç bunun əsas səbəbini  orada məktəblərin yalnız  gürcü  dilində olması ilə əlaqələdirir. Öz  ana dilini yaşatmaq üçün dövlət də udin xalqına imkan yaratmır.

A.Yegeşeviç maraqlı bir məqama da toxundu, onun sözlərinə görə, digər yerlərdəki udinlər intellektual potensiala görə, Oğuz udinlərindən çox geridədir. Hal-hazırda Oğuzdan çıxan xeyli udin var ki, Rusiyada, Amerkada bizneslə, elmlə məşğuldurlar. Əslən Oğuzdan olan bir neçə udin zabit var ki, Rusiyada general rütbəsinədək yüksəliblər. Udinlər içərisində alimlər də çoxdur. 

Alban kilsəsi


Udilərin yaşadığı Nic kəndi ərazisinə görə Qəbələdə birinci, əhali sayına görə isə ikinci böyük kənddir. Bu kənddə yerləşən tarixi baxımdan əhəmiyyətli olan Alban – udin kilsəsi Albaniyada xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə opostol Yeliseyə həsr olunub. İri yaşıllıq bağça ilə əhatə olunan məbədin 4 boyük çinar ağacı mühafizə olunur.

Kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir.

Kilsənin tikintisində Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Alek Yegeşeviç  bildirdi ki, təkcə Qəbələ rayonunda yerləşən Alban kilsəsində deyil, eləcə də digər ərazilərdə (Qax, Şəki rayonu-SS.) olan Alban  kilsələrinin tikintisindədə bu dağların daşlarından istifadə olunub. Çox yumşaq olan həmin daşları asanlıqla istənilən şəklə salmaq mümkündü.

2003-cü ildə dövlət tərəfindən qeydiyatına alınan kilsədə hazırda təmir işləri aparılır.
Alek Yegeşeviş:
“Bu kilsənin fəaliyyət göstərməsi Azərbaycanın taxixi üçün olduqca əhəmiyyətlidir. Ermənilərin sözlərini kəsmək üşün Alban kilsələri təmir olunmalı və onların fəaliyət göstəmələri üçün imkan yaradılmalıdır. Əks halda, başqa sahələrdə olduğu kimi, ermənilər bu mədəniyyət nümunələrinə də sahib çıxa bilərlər”.

Nic kəndində hazırda fəaliyyət göstərən Alban kilsəsindən əlavə, 2 kilsə də mövcuddur. Ancaq onlar indi fəaliyyət göstərmirlər.

Fəaliyyətdə olan Alban kilsəsinin 3 keşişi təhsillərinin artırmaq üçün 2009-cu ildə Yerusəlimə göndərilib. Hazırda  kilsədə keşişləri əvəz edənlər var.
Udin İcmasının rəhbəri bildirdi ki, bir qrup gənci dini təhsil almaq üçün İstanbuldakı Konustantinopul patriarxlığına göndərməyə qərar veriblər.
Alek Yegeşeviş deyir ki, gəncləri dini təhsil almaq üçün özləri Rusiyaya göndərmirlər. Çünki Rusiya dini rəhbərliyi keçmişdə Alban kilsəsinin bağlanmasına səbəb olub.

Udin dilində danışır, rus dilində təhsil alırlar


Udinlər hazırda Nic kəndində fəaliyət göstərən 5 orta məktəbdən 3-də rus dilində təhsil alırlar. Dərsliklər Kirill qrafikasında çap olunub. İndi bir qrup udin ziyalı dərsliklərin latın qrafikası ilə çap olunmasına çalışır.
A.Yegeşeviç bildirdi ki, latın qrafikası ilə udi dilində yazı yazmaq üçün 42 hərfdən ibarət yeni əlifba hazırlanıb. Lakin hazırlanan əlifba ancaq 3-cü sinifə kimi nəzərdə tutulub. Əlifba uşaqlara elm öyrətmək üçün yox, sadəcə dili unutmamaq üçün nəzərdə tutulub. Artıq 1-ci  sinif üçün dərsiklər uşaqlara paylanıb. Təhsil şöbəsinin icazəsindən sonra digər siniflər üçün də kitablar paylanacaq.
A.Yegeşeviç: ”Bizdə elə hərflər var ki, müxtəlif, hətta 6 məna daşıyır. Ona görə də biz əlifba yaradarkən çox çətinlik çəkdik. Uşaqlar da bu əlifbanı öyrənməkdə çox çətinlik çəkəçək. Ancaq dilimizi untmamaq üçün bu vacibdi”.
Qeyd edək ki, udin dili ləzgi dil qurupuna aiddir.

Udin xalqının soyad sonluqları – “...yan”

Aparılan tədqiqatlar da sübut edib ki, udinlərin ermənilərlə heç bir bağlılığı yoxdur. Baxmayaraq ki, hər iki xalqın nümayəndələrinin soyad sonluğu “...yan”dır.
Nicdəki Udin İcmasının rəhbəri bildirdi ki, onların emənilərlə eyni olub-olmaması ilə bağlı ona çox sual verilib: “Bizim dilimizdə heç bir dənə də olsun erməni sözü yoxdur. Yenə Azərbaycan sözlərinə oxşar bəzi sözlərimiz var. Sadəcə, bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa sitayiş etməyimizdir. Amma ermənilər xristianlığın Qriqorian, biz isə katolik qoluna məxsusuq”.    

A.Yegeşeviçin sözlərinə görə, Alban kilsəsinin hələ 1836 –cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub. VII əsrin əvvəllərində ərəblər Azərbaycanı işğal edərkən İslamı qəbul etdirmək üşün xristianları çox sıxışdırmayıblar, əsasən bütpərəstlərə qarşı mübarizə aparıblar. Düzdü VII əsrə qədər udinlər arasında da bütpərəstlər çox olub, indidə qalır. Amma udinlər o vaxt öz dinlərini qoruyub saxlaya bilib.
”Digər tərəfdən ermənilər də bizə təziqlər göstərirdilər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər, ancaq bu hadisənin hansı ildə baş verdiyini heç kim dəqiq bilmir. Bu günə artıq hec nəyimiz qalmayıb”.

Ermənilər Azərbaycanda yaranmış vəziyyətlərdən hər zaman öz xeyirlərinə istifadə etməyə çalışıblar. Təbii ki, udin xalqı da bundan ziyan çəkib.
İcma rəhbəri deyir ki, udin xalqının soyad sonluqları dəyişdirilib “...yan” edilib. Elə bu səbəbdən də Azərbaycanın müstəqilliyinin ilk illərində udin xalqının oğlanları hərbi xidmətdən azad edilmişdi.
A.Yegeşeviç deyir ki, o  vaxtlar bəziləri udinlər də ermənilərin sırasına aid edirmiş. “Ancaq sonra yavaş- yavaş aparılan təbliğat işə yaradı. İndi artiq hamı tanıyır ki, udin xalqı kimdir”. Alek Yegeşeviç bildirdi ki, indi onların soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı problemləri yoxdur: “Artıq soyadları istədiyimiz kimi dəyişə bilirik. Hazırda udinlərin əksəriyyətinin soyad sonluqlarını “...rı” ilə qurtarır. “...ov”la bitən soyadlar da azlıq təşkil etmir. Udinlər də hazırda azərbaycanlılar kimi hərbi xidmətə gedir. Ancaq şəhid olanımız yoxdu”.

Udinlərin məşğulliyyəti...


Çox millətli Nic kəndinin əhalisinin məşğuliyyət sahəsi də müxtəlifdir. Geniş əraziyə malik olan Nicin xeyli hissəsi meyvə bağları, əkin sahələri ilə əhatəlidir. Burada yaşayan insanlar əsasən əkinçilik, bağçılıq, tərəvəzçilik, heyvandarlıqla məşğuldurlar. Nicin əhalisnin 50%-ni təşkil edən udinlər lərin digər məşğulliyyət sahəsi də var. Onlar arasında şərabçılıq xüsusi yer tutur. Udinlər şərabı “Şalo” və “Vigombol” adlanan üzüm sortlarından, arağı isə kənddə yetişən cır meyvələrdən çəkirlər. 

Bir müddət əvvəl heyvandarlıq sahəsində donuzçuluq xüsusilə geniş yayılmışdı. Ancaq donuzlar arasında xəstəliyin –“donuz qripi ” virusunun yayılması kənddə bu heyvanların kökünün kəsilməsinə səbəb oldu. Ancaq indi yenidən bu təsərrüfat sahəsinin inkişaf etdirilməsi üçün bir sira tədbirlər həyata keçirilir. Donuzçuluqla yanaşı, maldarlıq və quşçuluq da udin əhalisinin məşğuliyyət sahələrindəndir. Udin xalqı xeyir və şər məclislərində ancaq özlərinin hazırladığı spirtli içkilərdən istifadə edir.

Azərbaycanın movcud problemi olan işsizlik problemi Nic kəndində də özünü göstərir. Elə bu səbəbdəndir ki, udin gənclərin əksəriyyəti işləmək üçün Rusiyaya üz tutub. A.Yegeşevic bildirdi ki, sovet dövründə kənddə Konserv zavodu, Barama qəbul edən məntəqə, müxtəkif istehsal sexləri fəaliyyət göstərdiyindən işsizlik olmayıb. Ancaq həmin müəssisələr çoxdan bağlanıb, ona görə də gənclər iş üçün xaricə getmək istəyirlər.

1 may bayramı hələ də qeyd olunur

Kilsə təmir olunub istifadəyə verildikdən sonra udinlər dini bayramları olan pasxa və qara bayramı orada qeyd edirlər. Məhsul bayramı da udinlərin təntənə ilə qeyd etdiyi bayramlardandır. Bu bayram məhsul yığımı başa çatdıqdan sonra kecirilir. Yığılan məhsulun bütün növlərindən kilsəyə gətirilir və orada stolun üstünə düzülür. Sonra kilsəyə yığışan udinlər təntənə ilə məhsul bayramını qeyd edirlər.
Yaşlı udinlər deyirlər ki, sovet dövründə qeyd olunan “1 may” bayramını onlar da möhtəşəmliklə keçirirmiş. Maraqlıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamız “1 may” ləğv olunub, amma udinlər hələ də bu bayramı xüsüsi coşqu ilə qeyd edirlər... 

Nic kəndində “Cotari” kilsəsinin ərazisində udin xalqı hər il “Kala Axsibay” bayramını qeyd edir. “Kala Axsibay” udin dilində böyük bayram deməkdir. 1836-cı ildə bir sıra səbəblərə görə, Alban kilsəsinin bağlanmasından sonra bu bayram rəsmi olaraq qeyd edilməmiş, udin xalqı kilsəyə getməkdən imtina edərək ibadətlərini evlərində etmişlər.
Müstəqillikdən sonra “Cotari” kilsəsinin bərpa olnukması udin xalqına ana dillərində ibadət etməyə şərait yaradıb.
 
Udinlər də qurban kəsirlərmiş...

Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək geniş yayılıb. Təbii ki, bu qurbanlar insanlar üçün müqəddəs sayılan pirlərdə, ocaqlarda  kəsilir. Nicin hər bir məhəlləsində, hər bir küçəsində ocaqlar var. Niyyət tutub bura gələn insanlar şam yandırıb, qurban kəsirlər. Xiristianlar arasında qurban kəsmək ənənəsinin olmadığını bildrən icma rəhbəri A.Yegeşeviçin sözlərinə görə, udin xalqında qurban kəsmək qədimdə də olub, indidə də bu adət qalır. Bu hadisə kəndə gələn xristian türistlərin də təəccübünədə səbəb olur.
“Qurban kəsdiyimizə görə bizə irad da tuturlar. Biz insanları öz inanclarından dönməyə məcbur edə bilmərik”. 

Adət - ənənələr...


Udin xalqı bir cox sahələrdə olduğu kimi, ailə- məişət məsələlərində, nişan və toy mərasimlərinin keçirilməsində bəzi qədim adətlərini bu günə kimi qoruyub saxlayıblar. Udinlərdə toy adətləri, “Xüyər zombaksın” , “Xozamandluğ ”, “Baliga” adlanan mərhələlərdən ibarətdir. Toy “Taraxmoy” havasının çalınması ilə başlayır və bir qayda olaraq iki gün- bazar və bazar ertəsi davam edir. Musiqi səsi ilk olaraq oğlan həyətindən eşidilməlidir, əks halda bu yaxşı hal hesab olunmur. Toy hər iki tərəfdə eyni vaxta başlanır, toyun başa catmasına 1- 2 saat qalmış oğlan evi qız evinə gedir.
 
Udi xalqı arasında bizlərdən fərqli olaraq qohumlara qız vermək və almaq qadağandır. Bu tələbin əsası hələ 488 –ci ildə keçirilmiş “Aluen ” məclisində qoyulub və günümüzə qədəq udin xalqı ona əməl edir. El arasında olan inanca görə, gəlin və qayınana eyni bulağın suyundan içə bilməzi. Udin toylarında qızın alınıb-verilməsində dayı ən vacib sima hesab olunur.

Udin xalqının bir sıra maraqlı adətləri var: qıza ad etmək məqsədi ilə qız evinə gedən oğlan tərəfi xurcunda 1 bardaq çaxır, 1 qırmızı alma, 1 soyutma tuyuq aparır. Burada alma simvolik xarakter daşıyır. Yəni qız almanın yarısını yeyib, yarısını oğlana göndərərsə, bu, razılıq əlaməti kimi başa düşülür. Əks halda, qızın bu işə razı olmadığı bilinir.

Gəlini ata evindən çıxarıb oğlan evinə gətirən zaman yol boyu oğlanın qohumları bəylə gəlini öz evlərinə dəvət edə bilərlər. Sakinlər deyirlər ki, toy zamanı bəylə gəlini qonaq dəvət edənlər o qədər çox olur ki, onların evə gəlib çıxması axşama çəkir.

Bəy qızın dalınca gedəndə ağaca nişan atırlar. Toyda iştirak edənlərdən və ya bəyin dostlarından bir nəfər bu nişanı salmalıdır. Nişanı salana bəyin anası hədiyyə verir.

Udin toylarında “loşqoyin levet ” adlı iri mis qazanlarda bişirilən milli yemək olan sıyıq verilir. Düyü və mal ətindən hazırlanan bu yeməyi yeməmiş toy iştirakçıları mərasim tərk edə bilməz. A.Yegeşeviç  bildirdi ki, azərbaycanlılarla olan sıx münasibətlərin nəticəsidir ki, udin toylarında artıq Azərbaycanın milli yeməyi olan aş da verilir.

Kənddə azərbaycanlılarla sıx münasibətdə yaşamalarına baxmayaraq udinlər və azərbaycanlılar arasında qız almaq-qız vermək çox da yayılmayıb. Bu hala çox nadir hallarda rast gəlmək mümkündü. A.Yegeşvic isə hesab edir ki, ailə quran zaman sevgi vacibdi.

“Əgər kimsə bir –birini bəyənsə, biz buna etiraz etmirik. Azərbaycanlılar, ləzgilər və udinlər arasında münasibətlər normal şəkildədir, insanlar bir – birlərinin xeyir şər işlərində yaxından iştirak edirlər”-deyən A.Yegeşeviç bildirdi ki, onun dostlarının yarıdan çoxunu azərbaycanlılar təşkil edir. 

Udin xalqının olduqca ləzzətli mətbəxti var. Qoz dolması, kətə, firrama, sıyıq bu yeməklər bu mətbəxin əsas nümunələrindəndir.

Nic ləzgiləri...

Qeyd etdiyimiz kimi, Nicdə udinlərlə yanaşı, ləzgilər də yaşayır. Kənd əhalisinin 10 %-ni təşkil edən bu etnoslar azərbaycanlılarla sıx ünsiyyətdə yaşayırlar. Əsasən heyvandarlıq, dəmirçilik, bağçılıq, tərəvəzçiliklə məşğuldurlar. Heyvandarlığın əsasən qoyunçuluq növü ilə məşğul olan ləzgilərin istehsal etdikləri məhsullar ətraf kəndlərin də bu məhsullara olan təlabatını ödəyir.

Ləzgilər milli yeməkləri arasında xəngəl növləri üstünlük təşkil edir. “Ləzgi xəngəli” adı ilə məşhur olan bu yemək növləri ətraf kəndlərdə də məşhurdur. Çörəyin lavaş növunə üstünlük verilir. Adət ənənələrə gəlincə isə onlar azəbaycanlılarla eynidir, fərqli hec nə yoxdur.

Sədaqət Süleymanova
Bakı-Nic-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər