Modern.az

Azərbaycandakı ən böyük un dəyirmanlarının sahibi danışdı: “Bahalaşma bizdən asılı deyil”

Azərbaycandakı ən böyük un dəyirmanlarının sahibi danışdı: “Bahalaşma bizdən asılı deyil”

Parlament

26 Dekabr 2015, 17:47

Əsabil Qasımov: “Hazırda Azərbaycanda un Rusiya, Qazaxıstan və Gürcüstandan ucuzdur

Azərbaycanda manatın dəyərdən düşməsi bütün sahələrdə özünü göstərir. İnsanların gündəlik istifadə etdikləri un və un məmulatlarının qiymətində də nəzərə çarpacaq dərəcədə bahalaşma var. Bəzi çörəkbişirmə zavodları və sexləri isə çörəyin qiymətini qaldırmasalar da, çəkisini azaldıblar. Yaxın zamanlarda bu sahədə daha ciddi bahalaşmanın olacağı proqnozlaşdırılır.

Modern.az saytı un satışı bazarındakı bahalaşma ilə əlaqədar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, ölkədəki ən böyük un istehsal edən şirkətlərdən birinin sahibi - “Karat Holdinq” MMC-nin rəhbəri Əsabil Qasımovla əlaqə saxlayıb.

Deputat məsələ ilə bağlı saytımıza maraqlı açıqlama verib. O, qeyd edib ki, hazırda ay ərzində ölkədə 70 min ton una tələbat var: “Bu da təxminən ay ərzində 80 min ton çörəyə ehtiyac olduğu anlamını verir”.

Azərbaycanda yetişdirilən taxılın ölkə əhalisini təmin etməsinə gəlincə, deputat qeyd edib ki, bununla bağlı bəzən mətbuatda yanlış məlumatlar yer alır: “Onu deyə bilərəm ki, bu gün Azərbaycanda becərilən taxıl insanların tələbatının 20 faizini təşklil edir. Yerdə qalan 80 faiz xaricdən alınır. Azərbaycanda istehsal olunan taxılın böyük hissəsi daha çox mal-qara, quş yemi üçündür. Bunu mütləq nəzərə almaq lazımdır. Onu da deyə bilərəm ki, Azərbaycanda ən çox taxıl 2015-ci ildə istehsal olunub. Hesab edirəm ki, bu istehsalı artırmaq mümkündür. Sadəcə, insanlarda taxıl becərmə mədəniyyəti arzuolunann səviyyədə deyil. Bəzən insanlarımız “toxumu torpağa səpdim, vəssalam” deyib buğda əldə etmək istəyirlər. Bu, doğru yanaşma deyil. Sonadək bu bitkiyə qulluq etmək lazımdır”.

Azərbaycanda unun bundan sonra da bahalaşacağı məsələsinə toxunan deputat bildirib ki, hər şey onlardan asılı deyil: “Biz taxılı xaricdən alırıq. Dünya bazarında qiymətlər, dünyada baş verən böhran təbii ki, bu sahəyə də təsirsiz ötüşmür. Bizim Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan və Rusiyada da dəyirmanlarımız var. Adlarını çəkdiyim ölkələrdə taxılın qiyməti bizdəkindən bahadır”.

Ə.Qasımov “Karat Holdinq” MMC-yə məxsusu dəyirmanların istehsal etdiyi unun Ermənistanda satılması barədə iddiaları təkzib edib: “Bu mümkün olan iş deyil. Belə məlumatlar barəmizdə yayılan yanlış xəbərlər sırasındandır”.

Deputat ölkədə un bazarının “Karat Holdinq” MMC-nin nəzarətində olması barədə deyilənlərə də münasibət bildirib: “Azərbaycanda 30 böyük dəyirman var. Bu dəyirmanların təxminən 30 faizi bizə məxsusdur. Burada hansı monopoliyadan söhbət gedə bilər?.. Tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycana taxıl gətirmək istəyən hansısa şirkət gömrükdə heç bir maneə ilə üzləşmir”.

“Bəlkə sizə “yaşıl” işııq yandırılır”sualına deputat “elə bir şey yoxdur” cavabını verib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir