Modern.az

“Kim deputat seçilmirsə, deyir ki, məni səfir göndərin” - Deputatlar diplomatlardan DANIŞDILAR

“Kim deputat seçilmirsə, deyir ki, məni səfir göndərin” - Deputatlar diplomatlardan DANIŞDILAR

29 Dekabr 2015, 13:29

“Xarici İşlər Nazirliyi toxunmaz nazirliyə çevrilib”
 

Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirə edilir. Modern.az-ın verdiyi xəbərə görə, deputat Aytən Mustafayeva bildirib ki, diplomatlar haqqında məsələlər yenidən müzakirə edilməlidir:

“Xarici İşlər Nazirliyi toxunmaz nazirliyə çevrilib. Öncə orada işləyən mütəxəssislərin hüquqlarını qorumalıyıq və qayğısına qalmalıyıq. Xaricdə Azərbaycanı təmsil edən insan fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaq. Yüksək səviyyəli diplomat tanışlarım bura gələndən sonra  iş tapmaqla bağlı çətinliklə üzləşiblər. Onlar oturub nə zamansa növbəti ezamiyyətə göndəriləcəklərini gözləyirlər. Diplomatlara belə münasibət normal deyil. Diplomatların Azərbaycana qayıdandan sonra maaşları normal olmalıdır”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, parlamentin İctimai birliklər və dini məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, birinci növbədə diplomat adi insandır və ayrı-seçkilik qoymamalıdır:

“Kənd Təsərrüfatı Nazirliyində işləyən məmurla diplomat fəaliyyətindən qayıdan arasında fərq qoyulmamalıdır, maaşlarda fərq olmamalıdır. Diplomat evə qaydan kimi niyə tezliklə başqa yerə getməlidir? Diplomat 5 ildən sonra bir il heç olmazsa, öz ölkəsində çalışmalıdır və buradakı vəziyyəti öyrənməlidir. 20 il xaricdə Azərbaycanın pulu ilə yaşayan diplomatların orada xalqına, millətinə qarşı hansı işlər gördüyünü gördük. Çünki bura ilə əlaqəsi yox idi. Ona görə bu vacib məsələdir. Kim işdən çıxırsa deyir ki, məni səfir göndərin. O,  heç olmazsa gedəcəyi ölkə barədə ətraflı məlumat öyrənməlidir. Kim deputat seçilmirsə deyir ki, məni səfir göndərin, gedib işləyim. Belə hallar təkrarlanmamalıdır”.

Deputat Səməd Seyidov bildirib ki, diplomatları göndərərkən onların Azərbaycanın maraqlarını nə qədər müdafiə edə biləcəkləri öyrənilməlidir: “Bu gün Azərbaycan Diplomatik Akademiyasında kadrlar yetişdirilir və onlardan istifadə edilməlidir”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı