Modern.az

“Hamı parlamentdə oturub bəy tərifi söyləməməlidir”

“Hamı parlamentdə oturub bəy tərifi söyləməməlidir”

30 Dekabr 2015, 15:38

Fazil Mustafa: “Mən təkcə iqtidara deyil, cəmiyyətə də müxalifətdəyəm”

Bu il 1 noyabr seçkilərində Milli Məclisin iclaslarında sərt danışıqları ilə fərqlənən müxalifətçilərin bəziləri deputat seçilmədilər. Milli Məclisin yeni tərkibdə keçirilən iclaslarında isə yalnız Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa sərt və tənqidi çıxışları ilə diqqəti çəkib. Bu səbəbdən sosial şəbəkələrdəki müzakirələrdə onu hətta parlamentdəki ana müxalifət hesab edənlər də var.  

Fazil Mustafa Modern.az-a bildirib ki, bu gün müxalifətçilik və iqtidarçılıq bir vəzifə kimi müəyyənləşdirilir və kimsə özü üçün status müəyyən edir ki, müxalifət və ya iqtidardır:

“Mahiyyət isə tamamilə fərqlidir. Biz düşüncə və görünüşcə təkcə Azərbaycan iqtidarına deyil, Azərbaycan cəmiyyətinin dəyərlərinə də müxalifətdəyik. Bir çox məsələlər siyasətçi kimi marağıma uyğun deyil. Haradasa, kiminsə qınağı ilə də qarşılaşıram. Amma elə işlər ki, xalqın gələcəyi üçün təhlükədir, narahatlıq yaradır, düzgün istiqamətdə getmir. Onda mövqe bildirirsən. Ona görə mənim üçün o status heç bir əhəmiyyət daşımır. İstəsələr, mənə iqtidara işləyən, iqtidaryönlü desinlər, əsas olan fikirdir. Ağıllı insanlar fikirlərə baxırlar. Görürlər ki, iqtidar üçün də faydalı olanı, həmçinin müxalifətin də demək istədiyini tamam fərqli üslübda, hamının qəbul edəcəyi şəkildə deyirik. Fikirlərimizi obyektiv, qərəzsiz şəkildə Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirik ki, nələr doğrudur və onlara istiqamətlənməliyik”.

Deputat qeyd edib ki, onun bu yöndə çıxışlarından kiminsə hansısa nəticə çıxarması özündən asılı məsələdir: “Çünki mən bilirəm ki, parlamentdəyəm, deputatam, bir bölgəni, insanları təmsil edirəm. Ən azı vicdan problemi var, maaş alırsan, insanların azacıq etibarı var. Problemlərə göz yuma bilməzsən, dilə gətirməlisən. Bu, həm prezidentin, həm iqtidarın, həm də cəmiyyətin bütövlükdə faydasınadır, çünki hamı oturub bəytərifi söyləməyəcək ki! Kimlərsə problemləri söyləməlidir ki, ölkənin yanlış, yaxud neqativ məslələri gündəmə gətirilsin, müzakirə edilsin, ortadan qaldırılsın. Çünki Azərbaycan adlı gəmidə amansız mübarizənin yeri yoxdur. Bu gəmi batsa, hamı batacaq, yaxud sahilə çıxacaqsa, hamımız çıxacayıq”.

Fazil Mustafanın sözlərinə görə, bu gün çox adam passivliyə üstünlük verir, bildirir ki, “nəyimə lazımdır, başımı girləyib yaşayıram”: “Biz bu dünyaya baş girləməyə gəlməmişik. İstəyirik ki, ölkəmizə, cəmiyyətimizə fayda verək. Əsas odur ki, fayda verə bilək”.

Deputat bu çıxışlarına görə, ona hədə-qorxu edildiyini də vurğulayıb:

“Ümumiyyətlə, heç bir mənada mənə təziyq göstərilə bilməz. Müxtəlif məsələlərlə bağlı sosial şəbəkələrdə ayrı-ayrı ölkələrin agenturası tərəfindən hədələr olur. Amma bunlar olan şeylərdir. Sən hansısa şəkildə hansısa prinsipi müdafiə edirsənsə, mütləq onun əksinə çıxan olacaq. Amma iqtidar və ya müxalifətdə olan sağlam düşüncəli insan bizim çıxışlara normal yanaşır. Hətta iqtidarı dəstəkləyən insanların da çoxu bizim çıxışlarımızın obyektivliyini vurğulayırlar. Kimsə bizdən hansısa məddahlıq, problemlərə göz yummaq gözləyirsə, yanılır. Hansı platformada olursa-olsun öz fikrimi, müstəqil baxışımı, ölkənin gələcəyi üçün faydalı fikirlərimizi deməkdən çəkinməmişəm və bundan sonra da davam edəcəyəm”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?