Modern.az

260 min uşaq QİÇS-dən vəfat edib

260 min uşaq QİÇS-dən vəfat edib

Dünya

25 Noyabr 2010, 17:02

BMT-nin İİV/QİÇS (insanın immunçatışmazlığı virusu/qazanılmış immunçatışmazlığı sindromu) üzrə birgə proqramı (UNAIDS) UNAIDS 2010-cu il Qlobal QİÇS epidemiyası haqqında hesabatını təqdim edib. Bu hesabat qlobal və regional səviyyədə, həmçinin ölkələr üzrə İİV-lə bağlı ən son qiymətləndirmələri və epidemiyanın inkişafında yeni tendensiyaları əks etdirir.

UNAIDS-in 2010-cu il Qlobal hesabatına əsasən, 2009-cu ilin axırına yer kürəsində İİV/QİÇS-lə yaşayan insanların sayı 33,3 milyon olub ki, onlardan 52 faizi qadındır. Təkcə 2009-cu il ərzində dünya üzrə virusa yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,8 milyon olub. Bu müddətdə 370 000 uşaq İİV-ə yoluxub, 260 000 uşaq isə QİÇS-dən vəfat edib.

Qeyd edək ki, UNAIDS Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Səhiyyə Nazirliyini təmsil edən Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə İİV-lə yaşayan insanlara sosial müdafiə və dəstək verilməsində irəliləyişlərə nail olmaq üçün 26 noyabrda “Bridge Plaza”da seminar keçirəcək. Bu tədbir hər kəsə İİV/QİÇS-in qarşısının alınması və müalicəsi, qayğı və dəstək imkanı yaratmaq işində daha yaxşı nəticələr əldə etmək üçün UNİADS-in tərəfdaşları ilə apardığı açıq dialoqun bir hissəsidir.

Xatırladaq ki, 1 dekabr Ümumdünya QİÇS Günüdür. QİÇS pandemiyası hələ də dünya səhiyyəsinin ən ciddi problemlərindən biridir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!