Modern.az

Bakı küçələrində “dəhşət avtobusları”: yol polisi və jurnalistlərin ürəyi doluymuş...

Bakı küçələrində “dəhşət avtobusları”: yol polisi və jurnalistlərin ürəyi doluymuş...

25 Noyabr 2010, 17:43


Bakı şəhərində sərnişin daşıyan avtobusların sürücüləri yollarda əməlli –başlı təhlükə mənbəyidirlər. Yüksək sürətlə bir-birilərini qovan avtobuslarda əyləşən və ürəkəri qırıla-qırıla bu təqib səhnəsini seyr edən sərnişinlər yqəin ki, özlərini lap “Sürət” filminin qəhrəmanları kimi hiss edir.
Bu “dəhşət avtobusları”nın sürücüləri maşını harada gəldi saxlayır, lazım gələrsə yolun ortasında dayanıb sərnişin götürür, ya da düşürürlər. Qəfil dayanan avtobus arxadan gələn maşın sürənlər üçün də kabusa çevrilib. Nə qədər deyilsə də, bununla bağlı vəziyyət dəyişmir.  “Çörək dalınca” çıxdıqlarını deyən bu başabəla sürücülər dəhşət filmlərində olduğu sayaq yolda “trafik canavarına” çevriliblər. Belə avtobus sürücüləri ilə bağlı hər hansı intizam tədbiri görülürmü? 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a bildirib ki, yol hərəkəti qaydalarına riayət etməyən kifayət qədər avtobus sürücüsü məsüliyyətə cəlb olunub.
“Necə yəni saxlanmırlar? Avtobus sürücüləri yol hərəkəti qaydalarını pozanda saxlanılır və  məsuiyyətə də cəlb olunurlar”-deyə K.Əliyev bildirib.  

Avtomobili olan jurnalistlər bu “dəhşət avtobuslarından” ciddi şəkildə ehtiyat edirlər. Sorğuya çəkdiyimiz sürücü-jurnalistlər bunu bir daha vurğulayıblar:

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev: “Avtobus sürücüləri yol hərəkəti qaydalarına çox pis formada riayət edirlər. 20 qəpikdən ötrü bir-birini qırırlar. Bizim avtobus sürücülərimiz çox yaman gündədilər...”.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli: “Bakı şəhərində avtobus sürücüləri yol hərəkəti qaydalarına çox pis riayət edirlər. Əksər yol qəzalarının  səbəbkarları avtobus sürücüləridi. 10-20 qəpikdən ötəri dayanacağa birinci girmək üçün bir-biri ilə yarışa çıxırlar. “Formula” yarışları onların yanında heç nədi. Avtobus sürücüləri çox kobuddurlar və sərnişinlərlə də çox pis davranırlar”.

“525-ci qəzet”in əməkdaşı Rüfik ismayılov: “Mənim bildiyimə görə avtobuslar daimi olaraq yolun sağ tərəfini tutmalı və asta sürətlə hərəkət etməlidirlər, həm də   aralarındakı məsafəni saxlamaq şərti ilə. Naxçıvanda olanda mən gördüm ki, avtobuslar müəyyənləşdirilmiş sürət həddini keçmirlər. Yalnız yolun sağ tərəfi ilə hərəkət edirlər. Bu qayda-qanunu Bakı şəhərində də tətbiq etmək olar. Amma çox təəssüf ki, Bakı şəhərində sanki bunu heç kim görmür. İstər yol polisi əməkdaşları, istərsə də digər əlaqəli qurumlar. Avtobus sürücüləri istənilən yerdən dönürlər və yol hərəkəti qaydalarını da pozurlar. Buna görə onlara heç kim heç nə demir. Bəzən avtobus sürücüləri dayanacaqdan kənarda - harda gəldi saxlayıb- sərnişin düşürürlər. Bird də görürsən ki, avtobus yolun solu ilə gedir. Qəfildən, heç bir xəbərdarlıq nişanı göstərmədən bir sərnişini götürməkdən ötrü avtobusu yolun sağına çəkirlər. Bu artıq qəza şəraiti deməkdir”.

“Üç Nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu: “Bəli paytaxtda marşrt avtobuslarının sürüculəri yol hərəkəti qaydalarına riayət etmirlər. Əsasən də dayanacaqlardan kənarda, xəbərdarlıq nişanları göstərmədən istənilən yerdə avtobusu saxlıyırlar. Bununla bağlı dəfələrlə ölkə mətbuatında müxtəlif informasiyaların getməsinə baxmayaraq, hələ də aidiyyatı qurumlar bir nəticə çıxarmırlar. Deyilənə görə, yol polisi və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən tədbirlər görülür. Ancaq bu hələki müşahidə olunmur”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “Avtobus sürücülərinin əlindən şəhərdə rahat maşın sürmək mümkün deyil, harda gəldi saxlıyırlar. Onların manevr etmələri demək olar ki, heç bir yol hərəkəti qaydalarına uyğun deyil. Bunu təbii ki, hər bir avtobus sürücüsünə şamil etmək olmaz, amma elələri var, sözün əsl mənasında yolda canavarlıq edirlər. Dayanacaqlarda saxlamırlar, özləri istədiyi yerdə sərnişin düşürürlər. Bir ara avtobuslara nəzarət mexanizmi tətbiq olmuşdu, maarifləndirmə işi aparırdılar. Sonradan bunu  Nəqliyyat Nazirliyin müvafiq departamenti arxa plana çəkdi. Həmin sürücülərin nə dərəcədə sürücülük qabiliyyətinə malik olub – olmadıqlarını yoxlamaq lazımdır. Bir var fərdi, bir nəfərlik minik maşını idarə edəsən, bir də var sərnişin daşıyasan. Sərnişindaşımada məsuliyyət fərdi minik avtomobilini idarə eləməkdən qat-qat çətindir. Sərnişin daşıyan avtobus sürücüsu onlarla can daşıyır, buna xüsusi diqqət göstərməlidir. Bu gün Azərbaycanın nəqliyyat sistemində belə hallar diqqətə alınmır. Kim gəldi avtobusu idarə edir, paytaxtın nəqliyyat sisteminə daxil olur. Amma təbii ki, illərdir şəhər nəqliyyat sistemində işləyən sürücülərimiz var ki, onlar müəyyən mənada qayda-qanunlara əməl edirlər. Əksər avtobus sürüculəri cavan uşaqlardı, təcrübələri yoxdu. Bir çox yaşlı sürücülər isə rayonlardan gəliblər və şəhər nəqliyyat sisteminə yaxşı bələd deyillər. Qayda-qanunları yaxşı bilməyən adamların gəlib şəhər nəqliyyat sistemində işləməsi əlavə problemlər yaradır. Mən onların fəaliyyətindən ümümiyyətlə razı deyiləm və bunu hər gün öz təcrubəmdə görürəm”.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!