Modern.az

Tibb işçilərinin sertifikasiyasına başlanılıb

Tibb işçilərinin sertifikasiyasına başlanılıb

Təhsil

25 Noyabr 2010, 19:24

Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini həyata keçirilməsi işinə başlayıb. Bununla əlaqədar Səhiyyə Nazirliyində Sertifikasiya şurasının ilk iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Sertifikasiya şurasına sədr, sədr müavini və katibin seçilməsi məsələsinə də baxılıb.  Toplantıda sertifikasiya prosesinin qaydaları müzakirə olunub.

Sertifikasiya prosesi Prezidentinin 2009-cu il 21 dekabr tarixli fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na uyğun həyata keçirilir.

“Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər”-deyə nazirlikdən bildirilib.

Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (həmçinin uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər.

Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

Digərlərinin - tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılır. Test imtahanı 100 sualdan ibarətdir və 3 saat ərzində fasiləsiz davam edir. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən məlumatlandırılır. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi verilir və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər