Modern.az

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdi

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdi

4 Yanvar 2016, 10:28



Şiə ruhani liderinin edamına görə Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra rəsmi Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsdiyini elan edib.

Modern.az saytı "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə bəyanatı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir verib.

Səudiyyədə məşhur şiə ruhanisi Nimr al-Nimrin edamına etiraz edən qəzəbli kütlə bu ölkənin Tehrandakı səfirliyinə od vurmuş və talan etmişdi.

Bu hadisənin ardınca çıxış edən İranın ali rəhbəri Ayətullah Əli Xamneyi Səudiyyə Ərəbistanına “Allahın qəzəbini” vəd edib.

Ayətullah Xamneyi şeyx Nimr al-Nimr-i “dinc mübarizə aparan şəhid” adlandırıb.

İrandan alınan xəbərlərə görə, hazırda Səudiyyə səfirliyinin qarşısında yüzlərlə etirazçı var. Tehran bələdiyyəsi səfirlik yerləşən küçənin adını təcili qaydada dəyişib. İndi bu, Nimr küçəsidir.

Səudiyyə Ərəbistanı Nimr-lə eyni gündə daha 46 nəfəri edam etmişdi. Hökumət onlardan 43-nün sünni cihadçılar və yalnız dördünün şiə olduğunu bəyan edib.

Xamneyi Səud ailəsinə qarğış etdi

Lakin Ayətullah Xamneyi deyib ki, Nimr Səudiyyənin sünni hakimiyyətinə etiraz etdiyi üçün qətlə yetirilib.

“Bu təqib olunan alim nə camaatı silahlı hərəkata çağırırdı, nə də gizli qəsdləri vardı” – deyə Xamneyi Tvitter-də yazıb.

Ayətullah deyib ki, bu qətlə görə Səudiyyə siyasətçiləri Allahın qəzəbinə gələcəklər.

Şərhçilər bildirirlər ki, Nimr al-Nimr 2012-ci ildə həbs olunanadək antihökumət etirazlarının lideri idi.

İran Xarici İşlər Nazirliyinin bəyantında deyilir ki, Səudiyyənin hərəkətləri ona baha oturacaq.

Şeyx Nimr-in edamı başqa ölkələrdə də şiə müsəlmanların qəzəbli etirazlarına səbəb olub.

İraqda böyük ayətullah Ali al-Sistani edamı “ədalətsiz təcavüz” adlandırıb.

Livan Hizbullah təşkilatının lideri Hassan Nasrallah bəyan edib ki, Səudiyyənin hakim ailəsi bütün dünyada sünni-şiə vətəndaş müharibəsini qızışdırır.

O deyib ki, “Nimr-in qanı əs-Səud ailəsini Qiyamət gününədək tutacaq”.

ABŞ və BMT tərəfləri təmkinə çağrıblar.

Şeyx Nimr kimdir?

50 yaşlarında olan ruhani, Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi.

Son on il ərzində o dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.

Wikileaks saytının 2008-ci ildə açıqlanmış materiallarında deyilirdi ki, Nimr anti-ABŞ bəyanatlarından və İranla yaxın əlaqədə görünməkdən çəkinir.

Şeyxin gənc şiələr arasında xüsusilə böyük nüfuza malik olduğu deyilir.

Xarici əlaqələrdə ehtiyatlılığına baxmayaraq, Nimr-ə qarşı ittihamların arasında “xariciləri ölkənin daxili işlərinə qarışdırmaq” ittihamı da var.

Səudiyyə hökuməti şiələrə qarşı diskriminasiya və zorakılıq iddialarını rədd edir və bildirir ki, İran regionda məzhəb münaqişələrini qızışdırır.

Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır