Modern.az

“Hökumətə əhalinin problemlərinin həlli üçün üç təklif vermişik”

“Hökumətə əhalinin problemlərinin həlli üçün üç təklif vermişik”

5 Yanvar 2016, 12:38


Milli Məclisin 2015-ci ildəki sonuncu iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov manatın ikinci dəfə devalvasiyaya uğramasının əhalinin narahatlığına səbəb olduğunu xatırladıb. Deputatın təkliflərini müsbət qarşılayan spiker Oqtay Əsədov bu istiqamətdə prezidentin hökumətə ciddi tapşırıqlarının olduğunu, tədbirlər planı hazırlandığını vurğulayıb.

Vahid Əhmədov Modern.az saytına deyib ki, hazırda təkliflər üzərində iş gedir:

“Əsas diqqət çəkdiyimiz üç məsələ var. Birincisi, kommersiya banklarına 10 min dollara qədər krediti olanların, borcu əvvəlki məzənnə ilə qaytarmasıdır. İkincisi, qorunan əmanətlərin məbləğinin 30 min manatdan 500 min manata qədər qaldırılması və ya limitsiz edilməsi, həmçinin əmanətlərə 3 ilik moratorium qoyulmasıdır. Bunun nəticəsində əhalinin banklara olan etibarı yenidən qaytarıla bilər.

Üçüncüsü, devalvasiyadan sonra çətin duruma düşən bankların birləşdirilməsi nəticəsində iri bankların yaradılmasıdır. Bu, baş verərsə, bankların kredit portfeli də böyüdülə bilər”.

Deputat Mərkəzi Bankın “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin dollarla borcu olanlara etdiyi güzəştin bütün banklarda tətbiq oluna biləcəyinin mümkünsüzlüyünü bəyan etməsinə də aydınlıq gətirib:

“Bu, təkcə Mərkəzi Bankın vəzifəsi deyil. Bizim təklifimizdə problemi Mərkəzi Bankın hökumətlə birgə  həll etməsi yer alıb. Birgə tədbirlər planı olmalıdır ki, məsələ öz həllini tapsın. Mərkəzi Bank, hökumət və əhali məsuliyyəti bölüşməlidirlər. Çünki bütün məsuliyyəti əhalinin üzərinə ata bilmərik”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir