Modern.az

Sabir Rüstəmxanlı: “ VHP ana müxalifət kimi bizi ittiham edənlərin mövqeyini parlamentdə səsləndirəcək"

Sabir Rüstəmxanlı: “ VHP ana müxalifət kimi bizi ittiham edənlərin mövqeyini parlamentdə səsləndirəcək"

Parlament

26 Noyabr 2010, 11:55

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticəyə əsasən, 2010-cu il parlament seçkilərində Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlamentdə Yeni Azərbaycan Partiyasından sonra ən çox mandat (3 mandat) qazanan partiya oldu. Beləliklə, parlamentdə bu partiya ana müxalifət rolunu oynayacaq.

Bəs VHP ana müxalifət kimi parlamentdə özünü necə aparacaq?

Məsələylə bağlı Modern.az-a açıqlama verən Sabir Rüstəmxanlının münasibəti belə olub: “Mən əslində ana müxalifət və nə bilim, ata müxalifət terminlərindən asılı olmayaraq illər uzunu parlamentdə həmişə öz sözümü demişəm. Vicdanımın səsi ilə millətimin durumuna, vəziyyətinə və mənim seçicilərimin mövqeyinə uyğun olaraq həmişə müxalifətçilik mövqeyimdə dayanmışam. Eyni zamanda bu müxalifətçilik həm də Azərbaycanın  taleyi məsələləri ilə sıx bağlı olub. Bundan sonra da həmin işimizi davam etdirəcəyik”.

Partiya sədri deyib ki, indi iş elə gətirib ki, VHP parlamentdə müxalifət düşərgəsində ən çox mandat alan partiyadır: “Bu məsələ dəfələrlə hallanır, biz hətta öz həmkarlarımızla söhbət etdik. Çalışacağıq ki, digər müxalifət partiyalarından olanlarla da müəyyən bir əməkdaşlıq quraq və parlamentdə doğuradan da Azərbaycan müxalifətinin səsi eşidilsin. Hətta bu gün bizim parlamentə getməyimizdən narazı olan və bizi ittiham edən müxalifət partiyaları var- bu onların öz fikirləridir - onların cəmiyyətlə bağlı tələblərini, onların mövqelərini də parlamentdə əks elətdirməyə çalışacağıq. Bu, çox vacibdir. Azərbaycan parlamenti bu cəmiyyətin bütün tələblərini, səsini əks elətdirən bir tribunaya çevrilməlidir. Bu təkcə qanunvericilik işi ilə bağlı deyil. Çox təəssüf ki, qanunlar bəzən icra olunmur, qanunlar işləmir. Təkcə qanunvericilik deyil, cəmiyyətimizin bütün problemləri  bizim parlamentdə  səsələnməlidir”.

Ana müxalifət partiası olaraq parlamentdə hər hansi fraksiya yaradacaqlarına gəlincə, deputat bildirib ki, onların “Demokratik blok”u var və parlamentdə bu blokda dörd nəfər təmsil olunur: “Ola bilsin ki, yenidən hər hansı bir blok yaradılsın. Bu, elə olmalıdır ki,  digər partiyaların mənafeyinə toxunmasın, onların xətrinə dəyməsin”.

S.Rüstəmxanlı onu da bildirib ki, azlığından, çoxluğundan asılı olmayaraq parlamentdə təmil olunan müxalifət partiyaları indikindən daha artıq diqqət görməlidirlər: “Milli Məclisin sədrinin bir müavini müxalifət düşərgəsindən olmalıdır və komitələrdən birinin və ikisinin sədrliyi müxalifətçilərə verilməlidir. Bu, cəmiyyətin bütün fikirlərinin Milli Məclisdə ciddi şəkildə səslənməsinə şərait yaradar və cəmiyyətdə əsl bir dialoq atmosferi formalaşdırar”.

Anar  RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir