Modern.az

“Camaat əvvəlki havasında deyil” - Devalvasiya dövrünün dərzi, pinəçi, taksi sürücüsü ilə SÖHBƏT

“Camaat əvvəlki havasında deyil” - Devalvasiya dövrünün dərzi, pinəçi, taksi sürücüsü ilə SÖHBƏT

6 Yanvar 2016, 10:55

Geridə qoyduğumuz 2015-ci ilin sonlarında baş verən devalvasiyadan sonra demək olar ki, hər bir sahədə bahalaşma, qiymət artımı özünü açıq-aşkar göstərir. Rəsmi səviyyədə nə qədər inkar etsələr belə, bahalaşma davam etməkdədir. Qiymət artımı özünü ilk vaxtlar xaricdən dollarla alınan mallarda göstərsə də, sonradan işbazların səyi nəticəsində yerli istehsal olan məhsullar da bahalaşdırıldı. Elə buna görə də insanlar mümkün qədər qənaət etməyə, israfçılıqdan maksimum çəkinməyə çalışırlar.

Modern.az  saytının əməkdaşı devalvasiyadan sonra paytaxtdakı bəzi sənət və peşə sahibləri ilə söhbət edib, 2016-cı ildəki çətin iqtisadi vəziyyətin onların işlərinə, qazanclarına necə təsir etdiyini soruşub.

“Kasıbı kasıb anlayar...”


“Düzdür, bizim məhsulların çoxu İrandan, Türkiyədən gətirilir. Məsələn, devalvasiyadan qabaq ayaqqabı üçün olan kleyin 1 litri 6 manat idisə, indi 8-9 manat olub. Dəri-gönlər, ayaqqabı altlıqları də Türkiyədən gətirilir. Amma biz qiymətləri qaldırmamışıq”.  Bu sözləri 16 ildir pinəçilik edən və hazırda paytaxtın Nizami küçəsində ayaqqabı təmiri ilə məşğul olan usta Kamil dedi.

Usta Kamil devalvasiyadan sonra ayaqqabı təmiri üçün müraciət edən insanların gündən-günə artdığını bildirdi: “Əlbəttə ki, ayaqqabı yamatdıran adamların sayında artım hiss olunur. Bu, həm qış mövsümü ilə, həm də ki qiymətlərin kəllə-çarxa çıxması ilə bağlıdır. Keçən illərdə 1-2 dəfə geyinilib evə atılan ayaqqabıları gətirib təmir etdirirlər, çoxları buna məcburdur. Çünki indi ən önəmli olan məsələ qida, yaşam məsrəflərini qarşılamaq, komunal və gündəlik xərcləri ödəməkdir. Şəxsən mən materialların bahalaşmasına baxmayaraq, qiymətləri artırmamışam. Belə bir fikrim də yoxdur. 16 ildir ki, qucağımda ayaqqabı halal çörəkpulumu qazanıram. Kiminsə cibinə girmirəm... Üzüm ağ, başım da ucadır. Milyonları oğurlayanların axırlarını da görürük. İnsanın ürəyi gərək Allahla döyünə. Mən bu gün vəziyyətdən istifadə edib qiyməti qaldırım,  kiminsə də balası, anası-bacısı cırıq ayaqqabıda gəzsin? Axı onlar da mənim millətimdəndir. Həm də biz sadə insanlar bir-birimizi dolandırmalyıq axı... Mən kimisə başa düşüb, ayaqqabını ucuz tikərəm, kimsə də hardasa mənə güzəşt edər”. Pinəçi Kamil ayaqqabıları əvvəlki, köhnə qiymətlərlə təmir etdiyini bildirdi: “Mən əvvəl də bir cüt ayaqqabını dairəvi tikmək üçün 2-3, bəzən də 4 manat alırdım, indi də. İnsandır da, bəzən pulu az olur, az alıram. Başa düşmək lazımdır hamını. Amma bəzən də elə olur ki, müştəriyə stabil qiymət deyirəm. İşi bitirəndən sonra işə baxır və xoşuna gəlir, bir neçə manat da artıq verir”.

“Camaat əvvəlki bəzənib-düzənmək havasında deyil”



Növbəti həmsöhbətlərimiz paytaxtın  Dilarə Əliyeva küçəsində yerləşən atelyenin müdiri Mənsurə xanım və işçisi Qala oldular. Atelyedə işləyən dərzilərin müdiri Mənsurə xanım dedi ki, hələ ötən ilin əvvəlindən, yəni 1-ci devalvasiyadan sonra xanımlar və kişilərin paltar tikdirmək sifarişləri azalmışdı: “Onsuz da Çin malları Azərbaycana ayaq açandan demək olar ki, bizim bazarımız bağlanıb. Üstəlik devalvasiyadan sonra da paltar tikdirənlər, sifariş verənlər sanki yoxa çıxıblar. İşimiz çox zəif gedir. Gündəlik bir-iki şalvar ayağı düzəltdirən, paltar kəsdirənlər də olmasa,  buranı bağlayarıq. Belə getsə, onsuz da atelyeni bağlayacağıq. Əgər yenə devalvasiya olsa, atelyeni bağlamasaq da, məcburuq qiymətləri artıraq. Qiymətləri də qaldırsaq, müştərilər də qaçacaq. İnsanları da qınamaq olmur. Çünki bu gün işsizlik, bahalaşma artıq hamını pis duruma salıb. Artıq camaat əvvəlki kimi geyinib-keçinmək, bəzənib-düzənmək havasında deyil. Yəqin ki, dövlət bu barədə bir şey fikirləşər. Yoxsa belə davam etsə, durum heç də yaxşı olmayacaq. Artıq biz də sapı, parçaları, başqa malları baha alırıq. Ona görə də elə qiymət qoymalıyıq ki kirayəni, komunnal xərcləri ödəyə bilək. Həm də 1-2 manat çörəkpulu da qazanmaqlıyıq ki, ailəmizə aparaq. İndiki vəziyyətdə isə bu, getdikcə mümkünsüz olur”.

“Müştərilərimi itirmək istəmirəm”



Yaşı 60-ı haqlamış peşəkar saatsaz Hacı Fətəlizdə növbəti həmsöhbət oldu. Uzun illərin saatsazı olan Hacı kişi devalvasiyanın onun da işinə təsir etdiyini deyir: “Bəli, saat düzətdirmək üçün müraciət edənlərin sayında azalma müşahidə olunur. Bu, təkcə mənim sahəmdə yox, ümumən ölkədəki bütün sahələrdə belədir. Saatlarını düzəltdirmək üçün mənim yanıma gələnlər daha çox 30-50 yaş arasında olanlardı. Saat üçün vacib və lazım olan materialları, detalları neçə illər bundan qabaq alıb yığmışam. Ona görə də hələ də istifadə etməyə yetərincə materialım var. Amma ki, əvvəldən aldığım materiallar qurtardıqdan sonra göstərdiyim xidmətin qiymətləri arta bilər. Ancaq neçə illərdir ki, mənim öz müştərilərim var. İndiki vəziyyətdə qiyməti artırmamışam, artırmaq da fikrim yoxdur. Çünki müştərilərimi itirmək istəmirəm. Həm də ki, mənim müştərilərimin çoxu tanınmış, məhşur insanlardır”.

“Yatmazdan qabaq Allaha dua edirəm ki, bircə benzin bahalaşmasın”



Neçə illər bundan qabaq ölkənin cənubundan - Masallı rayonundan gəlib paytaxtın “28 May” metrostansiyasının qarşısında taksi sürücüsü işləyən Nazim son vaxtlar gündəlik çörəkpulunu güc-bəla ilə çıxartdığını deyir: “Paytaxta təzə gələndə bankdan kredit götürüb maşın aldım. Allaha min şükür ki, artıq maşının kreditini ödəyib qurtarmışam. Kredit indiyə qalsaydı batardım. 37 yaşım var. İki uşaq atasıyam. İşsizlik ucbatından rayondan gəlib Bakıda taksi sürücüsü işləyirəm. Uşaqlarım və yoldaşımla kirayədə qalırıq. Əvvəllər heç olmasa normal qazanmaq olurdu. Kirayəni də verə bilirdim, normal yemək də yeyirdik. Amma ki, bu devalvasiyadan sonra ancaq kirayəyə işləyirəm. Uşaqlar dərsə gedirlər. Dəftəri var, yeməyi, əyni-başı var. Amma ki, indiki vəziyyətdə günə 1-2 müştəri olanda uşaq kimi sevinirik ki, axşam uşaqlar heç olmasa kartof qızartması yeyə biləcək. Vəziyyət acınacaqlıdır. İnsanlardan da ummaq olmur ki, gəlib taksiyə minsinlər. Çünki işləməyən, az qazanan çoxdur. 20 qəpiyə işləyən avtobusu qoyub, bizim taksiyə kim əyləşər ki?.. Hər gecə yatmazdan qabaq Allaha dua edirəm ki, bircə benzin bahalaşmasın. Benzinin də qiyməti qalxsa, acından ölərik. Onsuz da taksi müştəriləri azalıb. Benzin də qalxsa, gün ərzində heç 1 müştəri də olmayacaq”.

Sonda bizə bunu yazmaq qalır ki, inanaq və ümid edək ki, bizim həmsöhbətlərimiz kimi çörəyi “daşdan çıxanlar”ın güzəran-dolanışığı yaxın aylarda pisləşməyəcək...

Ağa  AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir