Modern.az

Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru

Turan Sivilizasiyası: mifdən gerçəkliyə doğru

Dünya

6 Yanvar 2016, 14:58

I Yazı

“Turan” anlayışı özündə böyük bir sivilizasiyanı (Site), ya da uyğarlığı (Uyğur) gizlətmişdir. Bu elə bir sivilizasiyadır ki, onun  əsil mahiyyəti üzə çıxmadan dünya tarixi heç zaman yalan-palandan xilas ola bilməyəcək. Bu gün Turan Sivilizasiyası mifologiya, din, tarix və elm-fəlsəfə baxımından daha çox birinciylə məhdudlaşdırlır. Turan mifologiyası isə daha çox qeyri-Türk ənənə üzərində qurulmuşdur. Məsələn, yadelli Zərdüştün “Avesta”sında ya da, Firdovsinin “Şahnaməsi”ndə Turan və Turanlılar/Türklər xeyirə qarşı şərin, ədalətə qarşı zülmün, böyüklüyə qarşı kiçikliyi ifadə etmək üçün ortadadır. Bu indiki qərblilərin “Sivil Qərb” və “Vəhşi Şərq” dəsti-xəttiylə səsləşir.  İndiki Qərb alimlərini gördüyü bu işi o zaman Zərdüşt kimliləri Arian və Turanian, Firdovsi İran və Turan anlamında şüurlara yeritmişlər. Görünən odur ki, birilərinin zaman-zaman mədəni, uyğarlıq libasına bürünmək üçün digərilərini aşağılamaq kompleksi olmuşdur.  Bu kompleks aradan qaldırmaq isə hələ mümkün olmamışdır.


Bizi maraqlandıran məsələ, “Turan mifologiyası”nı çözərək, onun din, tarix və elm-fəlsəfə baxımından dəyərləndirməkdir. “Turan” əbədiyyətə qədər mif, ya da mifoloji bir anlam daşıya bilməz. Üstəlik, “Turan”ın mifdən uzağa getməməsi üçün çalışan yadelli mədəniyyətlərin, uyğarlıqların daşıyıcılarını təqlid etməkdən yan qaçmalıyıq. Bir şey aydındır ki, yadelli mədəniyyətlərin alimləri (Avropa, Rusiya, Çin, İran, Ərəb və b.) araşdırmalarında nə zaman “Turan” gerçəkliyini görmüşlər, o zaman mümkün qədər bunu ört-basdır etməyə çalışmışlar. Çünki “Turan”ın mifdən dinə, dindən isə elm-fəlsəfəyə yönəlməsi, artıq onu tarixə çevrir. Bu isə artıq mədəniyyətdən də ötə, bir sivilizasiya, Turan Sivilizasiyası deməkdir. Qərb alimlərinin bu gün elmi araşdırmalarla ortaya qoyduqları bir çox sivilizasiyalar (Şumer, Misir, Çin, İran, Yunan-Roma, Ərəb vəb.) ya Turan/Turqian sivilizasyasından qaynaqlanmış, ya da elə onun özü olmuşdur. Bu anlamda Turan sivilizasiyasının mövcudluğunu qəbul etmək çox şeyi dəyişdirə bilər. Özəlliklə, indiki “Qərb sivilizasiyası”nın demokratikliyini, əvəzsizliyini, mükəmməliyini sarsıda bilər. Eyni zamanda Turan Sivilizasiyasını öz içində əritməyə çalışan Qərb/Avropa, Rus, Çin, İran və Ərəb mədəniyyətlərinə qarşı yeni bir dünyagörüş, Türk-Turan dünyagörüşü ortaya çıxa bilər. Bunu, doğru analiz edən Tatarıstan aydını R.Muhametdinov yazır: “Bu, özəlliklə günümüzdə önəmlidir, çünki yaxın zamanlara qədər, Türk tarixinə Avropa-mərkəzçi baxış açısı, Türk xalqları gənc, barbar və özəlliklə köçəri bir qövm olaraq xəyal edirdi. Son zamanlarda bu görüş hər nə qədər sarsılmış da olsa tamamən çürüdülməsi üçün daha da çalışmamız lazım. Prototürkləri (Turanı, Turanlıları – F.Ə.), dünyadakı ilk uyğarlıq olaraq bilinən Şumer  uyğarlığından daha öncə oluşan bir uyğarlıq olaraq qəbul etmənin zamanı gəlmişdir”.

Şübhəsiz, Turan uyğarlığının “kəşf” olunması, yeni Türk dünyagörüşünün oluşdurulması bizim əsas hədəfimizdir. Əks təqdirdə Qərb, Rus, Çin, İran, Ərəb mədəniyyətləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bu anlamda Türk dünyagörüşü mədəniyyətdən də ötə olan bir uyğarlığa dayanmalıdır. Bütün Türk-Turan xalqları Turan uyğarlığında bütünləşməlidirlər. Çünki uyğarlıq həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Başqa sözlə, Türk-Turan uyğarlığında müxtəlif dinlərə tapınmış, müxtəlif mədəniyyətlər yaşamış Türk-Turan xalqları bir araya gəlmiş olurlar.

Bir məqama diqqət yetirək ki, son əsrlərdə Türk mədəniyyəti daha çox Türk-İslam mədəniyyəti kimi qələmə verilmişdir. Biz, bunu çox da doğru görmürük. Hətta, əksinə “Türk-İslam” anlayışı əsil Türk-Turan mədəniyyətini demək olar ki, kölgədə qoymuşdur. Yəni “Türk-İslam mədəniyyəti” anlayışının fonunda “Türk-Turan mədəniyyəti” anlayışı bütün anlamlarda özünü ortaya qoya bilməmiş, sadəcə İslam mədəniyyəti içində varlığını göstərmişdir. Ancaq biz türklər Orta Çağ mədəniyyətimizi bir qayda olaraq “Türk-İslam mədəniyyəti” dediyimiz halda, bununla yanaşı “İran-İslam”, ya da “Fars-İslam”, “Ərəb-İslam” mədəniyyətləri qavramını çox da görmədik. Bizcə, İslam dininə dayalı “Türk-İslam mədəniyyəti” qavramını daha çox türklər üstlənmişlər. Halbuki bir Hind mədəniyyəti Buddizm, İran mədəniyyəti Zərdüştizm, Anqlo-Sakson  mədəniyyəti Xristian mədəniyyəti olmadığı kimi, Türk mədəniyyəti də yalnız İslam mədəniyyəti anlamına gələ bilməz. Ancaq  o başqa məsələdir ki, Orta Çağda İslam dininə daxil olan Türk xalqları (Türk xalqlarından az bir qismi digər dinlərə tapınmışlar) müsəlman kimliyi ilə milli kimliyini bərabər tutmuş, bu anlamda Türk adına yapdıqlarını İslam mədəniyyətinə yazmışlar. Əslində bir millətin hər hansı dinə tapınması onun olmuş, olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir rəng, məna qatması anlamındadır. Bu anlamda Türk-Turan xalqlarının əksəriyyətinin İslam dininə tapınmasını uğurlu sayanlarla o anlamda razılaşırıq ki, Türk-Turan irqi din anlamda ideoloji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşdı. Ancaq sonralar İslam dinindən qaynaqlanan məzhəb qovğaları (şiəlik, sünnilik) “Türk-İslam mədəniyyəti”ni yenə də zədələmişdir.

Hər halda, Osmanlının (özəlliklə 16-ci əsrdən başlayaraq), Səfəvilərin və Qacarların (18-19-cu əsrlər) son dönəmlərində Türk mədəniyyəti az qala tamamilə yaddan çıxmış, bu ölkələr Türk dövlətləri də olsa əsas mədəniyyəti və ideolojisi İslamlıqla, İslam mədəniyyətiylə bağlı olmuşdur. Dogrusunu desək, son dönəmlərdə Osmanlı İslam mədəniyyəti adı altında yarıərəbləşmiş, Bizans mədəniyyəti altında yarıavropalaşmış, bir sözlə kosmopolitləşmiş, Qacarlar isə “şiəlik” adı altında İslamlığın, “zərdüştizm”ə dönüşlə isə Hind-Avropa mədəniyyətinin/ariliyin təsrinə məruz qalmışdır. Deməli, Qacarların və Osmanlının devrilməsində də onların Türk-Turan mədəniyyətindən uzaqlaşaraq əsasən İslam mədəniyyətinə, qismən də Hind-Avropa mədəniyyətinə üz tutması mühüm rol oynamışdır.

Ümumiyyətlə, Türklərin İslam dinini qəbul etdikdən bir neçə əsrdən sonra “Türk-İslam mədəniyyəti”nin daha çox İslam dini üzərində köklənməsi, bunun 20-ci əsrin əvvələrinə qədər davam etməsi, həmin dönəmdən sonra isə Türk-Turan mədəniyyətindən çox Qərb mədəniyyətinə aşırı meyil göstərməsi ciddi problemlərdənir. Bu azmış kimi son zamanlarda Türk-Turan xalqları aydınları arasında Qərb mədəniyyətinə alternativ kimi daha çox İslam mədəniyyəti irəli sürüıür. Doğrusu, Türk-Turan xalqlarının Qərb-Xristian mədəniyyətiylə Şərq-İslam mədəniyyəti arasında seçim etmə durumunda qalmasının doğru görmürük. Çox maraqlıdır ki, Qərb mədəniyyəti Türk-Turan xalqları üçün demokratiklik, sivillik, tolerantlıq, liberallıq anlamında cəlbedici göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaqlıq, mühafizəkarlıq, mənəviyyatlılıq baxımından ortaya qoyulur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının aydınları çıxış yolunu İslam mədəniyyətiylə Qərb mədəniyyətinin uzlaşmasında axtarırlar.

Təxminən bir əsr yarımdır ki, əsasən Türk xalqları aydınlarını və böyüklərini (Əli Suavi, Həsən bəy Zərdabi, Əli bəy Turani (Hüseynzadə), Ziya Gökalp, Əhməd bəy Ağaoğlu, Yusif Akçura, Atatürk, Məhəmməd Əmin Rəsulzadə və b.) əsas düşündürən problem də Qərb mədəniyyəti və dəyərləriylə, İslam mədəniyyəti və dəyərlərini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etidirilir. Şübhəsiz ki, “mədəniyyət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq müsəlman kimliyi, İslam mədəniyyəti içində Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını əridən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakıxanov, N.Kemal, M.A.Ersoy, Q.Qarabəyov, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslamdan qaynaqlanan xurafatda, cəhalətdə, avamlıqda, dini şarlatanlıqda axtararaq, onu yalnız İslam mədəniyyəti, İslam fəlsəfəsi içində aradan qaldırmağı düşündüyü halda, Türk aydınlarından ikinci qismi (M.F.Axundzadə, Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb mədəniyyətini mənimsəməkdə, qərbləşməkdə görmüşlər. Şübhəsiz, hər iki cərəyanın mahiyyətində Türk mədəniyyətini ya tamamilə önəmsəməmək, ya da çox az önəmsəmək olmuşdur.

Məhz bundan irəli gələrək, ötən 150 il ərzində Türk aydınları arasında zəif də olsa, İslamlıq və Qərbçilik cərəyanlarıyla yanaşı, Türk mədəniyyətini, yəni Türklüyü, Turançılığı irəli sürənlər də tapılmışdır. Ilk dövrlərdə Türklüyü, Türk mədəniyyətini irəli sürənlər məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın, ya Qərbçiliyin, ya da hər ikisinin köməkçi tərkib hissəsi kimi görmüşlər. Ötən bu dövrdə Türklük əsasən İslamlığı, bəzən də Qərbçilik cərəyanını  gücləndirmək, əsaslandırmaq üçün önəmli olmuşdur (Ə.Hüseynzadə, Ə. Ağaoğlu, Ziya Gökalp, M.Ə.Rəsulzadə və b.). Yəni Türküstanın, Osmanlının, Qacarların süqutundan sonra da Türk mədəniyyəti İslam mədəniyyəti və Hind-Avropa mədəniyyətinin (Qərb mədəniyyəti) önünə keçə bilməmişdir. Məsələn, Qacarların, Osmanlının yerində uyğun olaraq qurulan Pəhləvilər, Azərbaycan və Türkiyədə bu dəfə Qərb mədəniyyəti önə çıxmış, yalnız bunun fonunda Pəhləvilərdə əski İran-Fars mədəniyyətinə, Azərbaycan və Türkiyədə isə Türk-Turan mədəniyyətinə meylilik özünü göstərdi. Başqa sözlə, Osmanlılar və Qacarlar dönəmində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniyyətinə üz tutanlar, Pəhləvilər, Azərbaycan və Türkiyə dönəmində Qərb mədəniyyəti üzərindən milli mədəniyyətin təbliğinə başladılar. Hətta, bunu fransız milliyətçliyindən irəli gələn mədəniyyət kimi yozdular. Təbii ki, Pəhləvilər farsyönlü olduqları üçün Türk aydınları burada həm Qərb mədəniyyətinə, həm də İran mədəniyyətinə qarşı mücadilə vermək zorunda qaldılar. Üstəlik, İslam mədəniyyəti Qərb mədəniyyətiylə müqayisədə özünün əski gücünü bir qədər azaltsa da, amma “İran”, Azərbaycan  və  Türkiyədə öz nüfuzunu qoruyub saxlayırdı. Bunu, o zaman müxtəlif ölkələrdə yaşayan Türk xalqlarına da aid etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür