Modern.az

Kameraları ilə döyüşən ANS...

Kameraları ilə döyüşən ANS...

26 Noyabr 2010, 18:25

Bu gün keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 19 yaşını qeyd edir


Bu gün nəinki müstəqil Azərbaycanda, eləcə də, keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 19 yaşını qeyd edir. Təbii ki, 19 il bundan əvvəl müstəqil Azərbaycan yaranmasaydı, ANS də olmayacaqdı. Ancaq ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb.

Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin ab-havası hələ də hiss olunurdu. Məhz o  dövrdə, 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı. Onlar Bakı şəhərində dərc olunan "Azərbaycan" qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən bu mətbu orqan ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrup yaratmaq idi.

Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan-Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.

Vaxtilə yalnız “Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir Media Holdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi, “BakıFilm” Kinostudiyası da daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub