Modern.az

“Qızıl Məryam” və onun qatil qızı da “Fəryad" filminin prototipləriymiş - VİDEO

“Qızıl Məryam” və onun qatil qızı da “Fəryad" filminin prototipləriymiş - VİDEO

10 Yanvar 2016, 14:08

Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi, məşhur qızıl alverçisi Məryam Nametzadənin doğmaca qızı Günel Hüseynova tərəfindən bıçaqlanaraq öldürülməsi gündəmin əsas mövzularından olaraq qalmaqdadır.

Hadisənin neçə gündür müzakilərə səbəb olması isə təkcə dəhşətli qətlin qurbanı olan ananın məşhurluğu və qatilinin onun öz qızının olması deyil, həm də ailədən ayrı yaşayan atanın kimliyidir.

Çünki yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında amansızlıqla öldürülən Məryam Nametzadənin keçmiş həyat yoldaşı, Qarabağ qazisi Mehman Hüseynov da sıradan biri olmayıb. O, Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın – İsmayılın prototipi olub.

Keçmiş döyüşçü Mehman Hüseynov “Qızıl Məryam”dən ayrıldıqdan sonra Bakıxanov qəsəbəsində tənha yaşayıb və 2015-ci ilin mayında ürək çatışmazlığından dünyasını dəyişib.

Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyətdə düşmənə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Modern.az saytının məlumatına görə, rejissor Ceyhum Mirzəyev bu ekran əsərində təkcə Mehmanın keçdiyi döyüş yolunu və əsirlik həyatını canlandırmayıb, o, "Fəryad" filminə həm də mərhum komandirin ailəsini – arvadı və övladını da daxil edib.
Diqqətli tamaşaçı "Fəryad" filminin kadrlarını göz önünə gətirsə, yadına düşər ki, əsirlikdə olan qəhrəman bir neçə dəfə arvadı və uşağını göz önünə gətirir.

Məsələn, bombardman zamanı İsmayıl ermənilərin qaçıb zirzəmiyə doluşduğu evi yandırmaq istəyir. O, evə od vurandan sonra qonşu otaqdakı tənha erməni uşağının ağlamağını eşidəndə özünün azyaşlı uşağı yadına düşür və alovu söndürməklə balaca ermənini xilas edir.

Filmdə bir neçə epizodda baş qəhrəmanın arvad-uşağı ekranda göstərilir. Belə epizodlardan biri İsmayılın müharibəyə yola salınma səhnəsidir. Burada qəhrəmanı arvadı və azyaşlı övladı yola salır.

Beləliklə, hamının indi tanıdığı “Qızıl Məryam” və onu öldürən qızı Günelin də Mehman Hüseynov kimi "Fəryad" filminin prototipləri olmasından indiyə kimi xəbərsiz olmuşuq. Bunu vaxilə filmin yaradıcı heyətində olmuş kini xadimləri də Modern.az-a təsdiqləyiblər. Doğrudur, filmdə baş qəhrəman İsmayılın uşağı oğlan olub, onun gerçək həyatdakı prototipinin övladı isə qız..

Qeyd edək ki, Mehman Hüseynov 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində əsir düşəndə onun 1988-ci il təvəllüdlü qızı Günel 3 yaşındaymış..

Xatırladaq ki, Məryam Nametzadənin ölümünə görə, Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Onu öldürən qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Modern.az saytı “Fəryad” filmində baş qəhrəman İsmayılın (prototipi Mehman Hüseynov) müharibəyə yolasalınma mərasimini əks etdirən kadrları təqdim edir:


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır